Müxəmməslər Xəstə Bayraməli (1899–1952) Ay ağalar, bu ilki qış Nə bekar adət elədi. Azar düşdü mal-qoyuna, Yaman qiyamət elədi. Soraq gəldi hər tərəfdən, Yetən şikayət elədi. Nə yaxşı ki, Şahi-Mərdan Bizə mərhəmət elədi. Dabaq olmuş bir öküzün Qıldım tədbirini yazdan. Söylədilər səd afərin, Gəlib-gedən bir ağızdan. Bircə cüt danam varıydı, Rəhmətə getdi payızdan. Nə məndən ələf istədi, Nə də ki zəhmət elədi. Kasıb, varlı, hər ocaqda Ət qazanı aşdı, daşdı; Olan qonşu olmayana Ucuz qiymətə yollaşdı. Kimi də səbrini basıb, Quran-kitaba sallaşdı; Yön çevirdi mollalara, Yalvardı, minnət elədi. Kimi başladı fəryada, Kimi bəxtindən küsməyə; Zülm elədi bu naxoşluq Gah öküzə, gah inəyə. Kimiyə tamah güc gəldi, Qıymadı payız kəsməyə; Arıq saldı, murdar oldu, Başına töhmət elədi. Nəbiynən Qalayçı Söyün Saldılar gönlərin bəhsin; Məhəmmədlə də köməkli Sürüdük birdən ikisin; ötürdü, qiymət elədi. El arandan dağa köçdü, Qış ötüşüb, yaz düşəndə; Yenə şənləndi obalar, Karvan çəkib, biz düşəndə. Hər yaylaqda, hər məclisdə, Bir mahalda söz düşəndə, Bayraməli bu əhvalı Danışdı, söhbət elədi. * * * Kitabxana.az · https://kitabxana.az/collections/xeste-bayrameli-muxemmesler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1952). Public domain (author died 1952). Original text only.