Qoşmalar Xəstə Bayraməli (1899–1952) Ağlayıb Bir cavan ölübdü qürbət diyarda, Vətənin torpağı, daşı ağlayıb. Bir bağ saralıbdı bahar çağında, Aqil nalə çəkib, naşı ağlayıb. Nə ucuzmuş bu dünyanın vəfası, Bir ömrün yoxluğu, bir elin yası. Dumandan geyinib matəm libası, Qocaman dağların başı ağlayıb. Atalıq niyyəti yetməmiş sona, Üç körpə taleyi yaxılıb şama. Kişnəyib buludlar, tutulub səma, Tökülüb gözünün yaşı, ağlayıb. Bayraməli, sən də “igidəm”, – deyə, Çox da bel bağlama namərd fələyə, “Mənəm” – deyənləri salıb lərzəyə, Çoxlarının qələm qaşı ağlayıb. * * * Bağışlar Yaxşı adam yaxşılığı itirməz, Əlin hörmətini ələ bağışlar. Mərd adam göz diksə dünya malına, Namərd qeyrətini pula bağışlar. Qartalın duruşu vüqardı dağa, Pərvanə müştaqdı oda yanmağa. Sərçələr dən üçün tökülsə bağa, Bülbül öz qanını gülə bağışlar. Bayraməli dönüb qəm sirdaşına, Başı çox dəyibdi əhləd daşına. Adam var töhmətdi elin başına, Adam var ömrünü elə bağışlar. * * * Darıxdım Sən mənim pöhrəmsən ilk baharımda, Zövqünü yaşatdın arzularımda. Şimşəklər sayrışdı ümmanlarımda, Çıxışın yadıma düşdü, darıxdım. Ötən günlərimiz keçildi bir-bir, Vüsal çağlarımız seçildi bir-bir. Məhəbbət vərəqim açıldı bir-bir, Naxışın yadıma düşdü, darıxdım. Qayğılar gölündə yordum özümü, Sənin xəyalından sordum özümü, Yenə gözlərində gördüm özümü, Baxışın yadıma düşdü, darıxdım. Gecələr dayanıb yorğun, ahəstə, Doğma balamızın beşiyi üstə, Öz ana laylanı ilkin həvəsdə Oxuşun yadıma düşdü, darıxdım. Bayraməli gəzər Məcnunsayağı, Mətanətdir yaman günün dayağı. Sinəmdə qaynadı eşqin bulağı, Axışın yadıma düşdü, darıxdım. * * * Könül İşində sayıq ol, sözündə kamil, Ariflər içində söyülmə, könül! Qoy səni qananlar tərif eyləsin, Nadanlar dilində öyülmə, könül! Bəxş etsə təbibə neçə min barat, Gərək müxənnətə bulmasın nicat. Nə çox zalım olub kimsəni ağlat, Nə çox zəlil olub döyülmə, könül! Dünya arsızındı, hicranı tərgi, Ya şah ol, ya qul ol, tərg elə fərqi. Bayraməli bir qonaqdı gedərgi, Namərd qabağında əyilmə, könül! * * * Qəriblik Bir söz sərrafıydım bu zamanənin, Qəflətən qarşıma çıxdı qəriblik. Ana yurdu qucaqlamaq istədim, Qəlbimi pünhanca sıxdı qəriblik. O gündən ki, bir gözələ vuruldum, Xəzan vurdu, budağımdan qırıldım. Mən vüsalı haraylayıb yoruldum, Bu minvaldan çox uzaqdı qəriblik. Oyananda müxənnətin səsindən, Ürəyim bulandı qiyafəsindən. Küskün taleyimin pəncərəsindən Gizlicə boylanıb baxdı qəriblik. Xəyal məhvərində dumanlı sərim, Yüz dəfə atmışam, yek verib zərim. Çox da oxunmasın həyat dəftərim, Qəm sətirli bir varaqdı qəriblik. Bayraməli düşüb min qilu-qala, Payimaldı əl çatmayan vüsala. Boylandı, durnalar qayıdan yola, Həsrət dənizimdə axdı qəriblik. * * * Mən səni gördüm Əzəldən bağçasız bir bahar idim, Dünyaya sığmayan intizar idim, Məcnunlar evindən çox kənar idim, Uydum bu fəryada, mən səni gördüm. İnsana təsadüf gələr qəflətən, Ağlayar qəflətən, gülər qəflətən. Aldı yer üzünü sular qəflətən, Bu sonsuz dəryada mən səni gördüm. İndi keçməsə də ömür nəşəli, Eşqimizin qoy sönməsin məşəli. Bayraməli deyər, eşqə düşəli, Hər gecə röyada mən səni gördüm. * * * Nişanədi Hüsnün tamaşadı, ay mina gərdən, Camalın şövqünə ay nişanədi. Aşıqsız, çalğısız, meysiz, məzəsiz, Sən olan məclisə toy nişanədi. Mətləbim şirindi dillərin kimi, Təbim çox nazikdi əllərin kimi. Könlüm pərişandı tellərin kimi, Qaşların tağına yay nişanədi. Bayraməli dərdi pünhanda çəkər, Hökmünlə qapında işlərəm nökər. İnsafın, mürvətin yoxdumu məgər? Gözlərim yaşına çay nişanədi! * * * Oxumaqla bülbül olmaz sərçələr Oxumaqla bülbül olmaz sərçələr, Budaq kölgəsində daldalansa da. Aslanın öz adı, öz hünəri var, Tülkülər yekəlib lovğalansa da. Yüz də qürrələnsə, tox dura bilməz, Elə gərdən çəkib, şax dura bilməz, İtirər ağlını, çox dura bilməz, Qartal qayasına qarğa qonsa da. Bayraməli, batma qəm dəryasında, Gədanı görsən də bəy libasında. Hər kəsin adı var el arasında, Nadanlar arifi naşı sansa da. * * * Olmuşam Mən elə kimsəyəm aşiqə bənzər, Könlüm əhli-haldı, dilim dərdi-sər, Səndən ayrılalı, a nazlı dilbər, Sanki səmaları dansız olmuşam. Sədaqətin töhfəsidir bu halım, Can evində səninlədir vüsalım, Varlığınla tamamlanıb xəyalım, Ümmanlar içində sonsuz olmuşam. Bir nəğmədi ürəyimin hər simi, Ellər məclisində qurur kürsümü. Gəlsin deyim Məcnunlara dərsimi, Mən eşqimdə çox amansız olmuşam. Bayraməli yaranıbdı dözümlə, Surətini gəzdirirəm gözümlə. Məclisləri bəzəyərkən sözümlə, Həsrətindən pasibansız olmuşam. * * * Olur Adam var ki, özü qəpiyə dəyməz, Baxma ki, geydiyi simuzər olur. Adam var yaranıb xoş niyyət üçün, Adam var yerindən bədnəzər olur. Öyrən astarını al qumaşın da, Yoxla mayasını almaz daşın da, Adam var nadandı əlli yaşında, Adam var gənc ikən dərdi-sər olur. İnanma dünyada müxənnət kəsə, Qurandan don geyib, mələyəm desə, Qohum xaindisə, dost xaindisə, Beləsi düşməndən çox betər olur. Adam var saatda min yalan söylər, Sındırar könüllər, dağıdar öylər, Qanana bir kəlmə kifayət eylər, Qanmaza yüz desən söz hədər olur. Bayraməli, dünya kimsə qalası, Zalım fələk verdiyini alası, Namərd olmaz mərd atanın balası, Xərdən xər törəyir, nərdən nər olur. * * * Şirindir Eşit sözlərimi, əziz qardaşım: Çarəsiz xəstəyə dərman şirindir. Nə şöhrət istərəm, nə var, nə dövlət, Səadət nəğməli bir nan şirindir. Çoxdur mərd igidi, nazlı afəti, Baş tutar şairi, sevir sənəti. Tükənməz dastanı, sözü, söhbəti, Göyçənin ləhcəsi yaman şirindir. Xəyalım enməmiş asimanından, Doyunca içərəm namərd qanından, Xəstə Bayraməli keçər canından, Gəl bizim ellərə, mehman şirindir. * * * Yaxşı oğul, yaxşı ata yerində Min yaşasın qədir bilən övladı, Ana vüqarıdı, ata imdadı, Həyatı, varlığı, eşqi, büsatı, Yaxşı oğul, yaxşı ata yerində. Şirin-şəkər bir nübara bənzəyir, Bitib tükənməyən vara bənzəyir, Mərdin ocağında qora bənzəyir, Yaxşı oğul, yaxşı ata yerində. * * * Yaxşıdır Nadan söhbətindən, gəda sözündən, Bir qanan üzümə söysə yaxşıdır. Binamusun minnətini çəkincə, Cəlladlar dərimi soysa yaxşıdır. Əzəldən bağlıyam sədaqətə mən, Amansız düşmənəm xəyanətə mən, Əgər möhtac olsam müxxənətə mən, Əzrayıl qapımı döysə yaxşıdır. Bayraməli hər yetənə dost demə, İnsan oğlu gərək halal süd əmə. Namərd məlhəm eyləyincə sinəmə, Mərd əlindən güllə dəysə yaxşıdır. * * * Yaxşıdır Can qurban eyləsən, layiqdir, yenə O gözəl qədrini bilsə, yaxşıdır. Dodaqları qönçə, yanağı lala, Hər gün sənə qonaq gəlsə, yaxşıdır. Bir mərmər sinəli, bir mina gərdən, Sənlə ülfət qıla, otura hərdən, Küsüb-barışmaqdan, nazdan, qəmzədən, Şirin-şirin deyib-gülsə yaxşıdır. Bivəfa əlində tez qocalınca, Qədirbilməz ümidinə qalınca, Bədəsil gözələ urcah olunca, Xəstə Bayraməli ölsə, yaxşıdır. * * * Yenə sən oldun Əhsən qeyrətinə, anam gəlini, Dar gündə vəfalı yenə sən oldun! Son addımda mənim məğrur könlümün Məqsədi, amalı yenə sən oldun! Adını könlündə bəsləyən də mən, Hərdən inciyən də, səsləyən də mən. Bu eşqin yolunda büdrəyən də mən, Əhdimin kamalı yenə sən oldun! Sənin varlığında adi həyatam, Sonsuzluq içində bir kainatam. Yuxuma girmişdi müqəddəs atam, Onun ilk sualı yenə sən oldun! Həsrəti var səndən uzaq könlümün, Qayğılar evində qonaq könlümün, Zülfün zəncirinə dustaq könlümün Arzusu, xəyalı yenə sən oldun! Kim versə ömrünü bir təmiz ada, Məhəbbət yolunda qalmaz piyada. Dedin:-Bayraməli təkdi dünyada, Bəxtimin iqbalı yenə sən oldun! * * * Kitabxana.az · https://kitabxana.az/collections/xeste-bayrameli-qosmalar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1952). Public domain (author died 1952). Original text only.