Təcnislər Xəstə Bayraməli (1899–1952) Birisi nə Aşiqlərdə gərək üç şey cəm olsun, Birsi sazdı, birsi sözdü, birsi nə? Oğurluq etməsin şairəm deyən, Şeir yazsın sinəsindən birsinə. Bağban olub, bağça sən əgər əksən, Bəsləyəsən, becərəsən gərək sən. Yaxşı dosta yaman gündə gərəksən, Qiymət qoysan bu sözlərin birsinə. Bayraməli anlamazı nə danlar? Hərcayı nə eşidər, nə də anlar! Dinə bilməz meydanımda nadanlar, Yer axtarar hər görəndə bir sinə. * * * Sayasan Mərd igidlər nə nişanda bəllidi, Arifsənsə, gərək doğru sayasan. Səxavətdə, şücaətdə ad ala, Mən söyləyim, sən astaca say asan. Halalsansa, vermə ömrün nə bada, Nə şərab çək, al əlinə nə badə, Pis adama yön çevirmə nəbadə, Binamusu, nanəcibi sayasan. Bayraməli, əzbər eylə, oxu nan, Qəm ləşkəri dəldi bağrım oxunan. Ey taleyi ilahidən oxunan, Gedərgisən, günlərini sayasan. * * * Kitabxana.az · https://kitabxana.az/collections/xeste-bayrameli-tecnisler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1952). Public domain (author died 1952). Original text only.