Divanilər Xəstə Hasan (1799–1859) Bax Bizi yoxdan var eləyən ol şahi-dildara bax, Abı,ataş,xaki, baddan xəlq olunan insana bax, İnsan üçün layiq bildi cənnəti rizvanını, Onun qəsdi-qərəzi olan ol məlun şeytana bax. Haqq-taladan nida gəldi "İncil" endi İsaya, "Zabur" Davuda verildi, "Abu Tövrat" Musaya. Məhəmməd durdu qıvlaya, Məryəm girdi kilsəyə, Məhəmmədin hümmətinə oxunan Qurana bax. Hasan deyər, qiyamətdə suru çalan kim oldu? Əzrayıl ki, can alandı, onun canın kim aldı? Gələndə ölüm bazarı, tarixlər tamam oldu, Xudam qismət eləsə, beş əşrə Qurana bax. * * * Bir Abı çeşmin göllərdə sona da bir, qaz da bir, Süsən sünbül, mor bənövşə, bülbül ötər yazda bir. Vaqif hər dərddən qanandır, o gövhərin qiyməti yox, Qul Qarani qərəz eylər, Aşıq Ömər sözdə bir. Qurbani haqq aşığıdır, daim haqdan sökər, Dəstinə alıf qələmi xəttinə bir xaz çəkər, Çöllü İsmayıl baş tacıdı, candan qəsəvət tökər, Kərəm ki yandı atəşə, od da birdi, köz də bir. Molla Xalis dəlalətdən içdi eşq badəsini, Güftadiyə vermişdilər ondan ziyadəsini, Ürfani haqq aşığıdı, görmüşüh ədasını, Usta Polad kamil usta, Dəli Temo sazda bir. İçmədim aşq badəsini, həm oxuyam, həm yazam, Böylə getməz bu ülüzgar, əlbət gəlir bir ayam, İli min iki yüz on dörd, hesabı yox ki, sayam, Çox aşıqlar gəldi keçdi, Xəstə Hasan yüzdə bir. * * * Birdi, bir Bizi yoxdan var eyləyən, Qəni Sübhan birdi,bir, Abu,atəş,xaki, baddan xəlq olan can birdi,bir. Bir qətrədən xəlq eləyib on səkkiz min aləmi, Canh-cansız hər nə varsa, küllü cahan birdi,bir. Bir budaqda beş alma var, birisi şikəstədi, Otuz hacı, yeddi dərviş, birisi güldəstədi. Üç yüz altmış beş rüzgarı on iki bürc üstədi, Gecə-gündüz gərdiş eylər, mahitaban birdi bir. Xəstə Hasan sözlərini yəqin alıb,verəcək, Bizi yoxdan var eləyən qılı qıldan seçəcək. Məğribdən məşriqə, hamı o divana köçəcək, Padişahlar padşahı hökmü-sultan birdi,bir * * * Gedər Ayaq kəsmə dost kuyindən, nazlı yar əldən gedər, Naşı bağban bağ bəsləyib heyva, nar əldən gedər. Aşnanın tərğini qılıb, meylini vermə yada, Yad gəlib aşna olunca, aşna yar əldən gedər. Gecə-gündüz gün dolanar, gərdiş eylər ayınan, Ağ üzündə qoşa xallar düzülübdü sayınan. Məğrurlanma dəli könül, hər gədaynan, Bir gün olar, dövran dönər,dövlət-var əldən gedər. İstə səni istəyəni, keçmə ondan heç necə, Nazlı yar qəzəbə gəlib, ələ gəlməz heç necə. Xəstə deyər, saxla məni, Haqq qonağı bir gecə, Ay dolanıb illər keçər, ixtiyar əldən gedər. * * * Kimdə var Ey fələk sənin əlindən bu sitarə kimdə var, Mənim təki sinə dağlı, bəxti qarə kim də var. İki səhvər, bir Məhəmməd Mustafanın eşqinə, Durum dolanım başına, dərdə çarə kimdə var. Hər kimsənin bir dərdi var, mənimki də beĢ betər, Birisi sinəmdə sızlar, birisi yanar, tütər. Hər tərəfdən vədələnmiş – biri min olmuş yatar, Təbib görməz, məlhəm sevməz, belə yarə kimdə var. Gəl biçarə Xəstə Hasan, danışma namərdinən, Çalışginən dost olasan bir əhli comərdinən, Çox aşıqlar gəldi-getdi, yandı Kərəm dərdinnən, İnnən belə belə atəş, belə nara kimdə var. * * * Mən Səyyad oldum, seyrə vardım, tor qurdum tərlana mən, Getdi qışım, gəldi yazım, dönmüşəm gülşənə mən. Çəkərəm gül minnətini bir qönçə gül eşqinə, Səhra gəzdim, dağ dolandım, sığınnam Sübhana mən. Üç ay yazdı, üç ay yaydı, üç ay payız, üç ay qış, Olmuşam leyli-nahar intizarı,sırxapiş. Əl götür fbli-fəsaddan, axirət üçün bir çalış, Ay ağalar, bənzərəm bu dünyada mehmana mən. Xəstə Hasan elə cövrə,söylə, necə dayansın, Böylə dönsün çərxi-gərdiş, dövran belə dolansın. İsrafil surunu çalsın, cəmü məxluq oyansın, Uyaram o məxluqata, gələrəm nizama mən. * * * Məndədi Əylən, oğlum, xəbər verim pərli pəkan məndədi, Yüz açar olsa açılmaz, bağlı dükan məndədi, Könül istər sevgisini, düşmüşəm ahu-zara, Ustadımdan öyüd aldım, ədəb-ərkan məndədi. Bir zamanlar çöx geyindim bəylərin xalatını, İxtiyar çağımda yenə mindim eşqin atını, Gizli mətahımı açsam kim bilir qıymatını, İnci mərcan, yaqut, zümrüd, gövhəri kan məndədi. Xəstə Hasan, al sazını, çağır qardaş gəl deyi, Süsən sünbül, mor bənövşə, bülbül ötür gül deyi, Çox aşıqlar gördüm satar qarğayı bülbül deyi, Şirlü şahin, bəhri laçın, tülək tərlan, məndədi. * * * Su ver Sallanıban bağdan gələn ay maralım, bir su ver. Malım-mülküm sənin olsun, küllü varım, bir su ver. Vücudumu atəş aldı,dumanım ərşə çıxar, Qurudu dilim-dodağım, dil fəraqım, bir su ver. Gözəllər xətri əzizdir, bir-birindən seçmərəm, Versələr də dünya malın, sevdiyimdən keçmərəm. Yad əlindən abi-həyat olursa da, içmərəm, Özün doldur, öz əlinlə ey məlalım, bir su ver. “Xəstə Həsən gəldi” deyə çağırarlar adımı, Eşq ucundan yandı cismim, eşidin fəryadımı. Neyləyirəm dünya malın, almasam muradımı? Qaşı hilal, abı zülal, ləbi ballım, bir su ver. * * * Üstündədir Bu dünya belə qurulmuş, dövlət-var üstündədir, Ərül-qərül mal qazanır, tarımar üstündədir. Adəm ata, Həvva ana atdılar ol cənnətə, Qorxuram ki, aldanalar, şeytan şər üstündədir. Bir anadan törəmişik, başqa-başqa dilimiz, Yarın haqqın divanında həp bir olur halımız. Göz görəmməz, ayaq tutmaz, nə çətindi yolumuz. Üstü körpü, altı qazan, o da nar üstündədir. Xəstə Hasan, sözlərimi dinləyənə nəsihət, Yatanda eylə salavat, qalxanda et vəsiyyət. Göydən yağmadı rəhəmət, yerdən qalxdı bərəkət, Keçdi günüm, doldu sinnim, ixtiyar üstündədir. * * * Kitabxana.az · https://kitabxana.az/collections/xeste-hasan-divaniler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1859). Public domain (author died 1859). Original text only.