Cığalı təcnislər Xəstə Qasım (1684–1760) Ay hayıf-hayıf Səhər tezdən əzmi-gülşən eylədim, Qəm məni çulğadı, ay hayıf-hayıf. Aşıq deyər: ay hayıf! Kimlər oldu, ay hayıf! Səniynən mən sevişdim, Ayrı düşdüm ay, hayıf. Bağban oldum, bağ bəslədim, çifayda, Dərmədim gülünü, ay hayıf-hayıf! Sərrafın dəstində nə danə gördüm, Mürcü dəhanında nə danə gördüm. Aşıq, nə danə gördüm, Xalın nə danə gördüm, Tülək tərlan tuş oldu Axır nadənə, gördüm. Gövhəri verdilər nadanə gördüm, Bilmədi qiymətin, ay hayıf-hayıf. Oxudum dərsimi, çıxdım yasinə, İyid olan ixlas bağlar yasinə! Aşıq deyər yasına, Namərd boynu ya sına Nanəcibə söz demə, Ya inciyə, ya sına! Qasım ölər ellər gələr yasına, Eşidənlər deyər, ay hayıf-hayıf. * * * Görüncə Gözəllər gözəli, şahi-gülbədən, Didəm ağlar mən camalın görüncə. Aşıq deyər: görüncə, Siyah telin görüncə, Get bir mərdə qul ol sən, Namərd üzün görüncə. Mina gərdən, büllur buxaq, diş inci, Çəkilibdi hilal qaşlar gör incə. Kim yetikdi həqiqətin evinə, Həqiqətin, mərifətin evi nə? Aşıq deyər: evinə, Xanəsinə, evinə, Yağıb qəmlər yağışı, Viran könlüm evinə. Dolanmayın heç namərdin evinə, Gözü çıxar bir qonağı görüncə. Kim cahanda aşıq oldu avara, Dolandı dünyanı qaldı avara, Aşıq deyər: avara, Məcnun gəzər avara, Uyma namərd felinə, Səni qoyar avara. Xəstə Qasım, nə gəzirsən avara, Ölüm yeydi bu günləri görüncə. * * * Üzhaüz Həqiqət bəhrində qəvvasam deyən, Qəvvas isən, gir dəryaya üzhaüz. Aşıq deyər: üzhaüz, Sonam göldə üzhaüz, Qarı düşmən dost olmaz. Yalvararsan üzhaüz. Bir mərd ilə ilqarını vur başa, Namərd ilə kəs ülfəti üzhaüz. Parçalandı gəmim, qaldı dərində, Qərq oldu ümmana, qaldı dərində. Aşıq deyər: dərində, Dayazında, dərində, Sidqi, qəlbi düz olan, Hərgiz qalmaz dərində. Qismət olsa o mövlanım dərində, Üz döşəyək, səcdə qılaq üzhaüz. Xəstə Qasım cananına can deyə. Can danışa, can eşidə, can deyə. Aşıq deyər: can deyə. Vəfalıya can deyə, Görmədim hərcayılar, Cananına can deyə. Yox vəfalım, can deyənə can deyə, Bivəfasan, çək əlini üzhaüz. * * * Kitabxana.az · https://kitabxana.az/collections/xeste-qasim-cigali-tecnisler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1760). Public domain (author died 1760). Original text only.