Deyişmələr Xəstə Qasım (1684–1760) Ləzgi Əhmədlə Xəstə Qasımın birinci deyişməsi Ləzgi Əhməd: Səndən xəbər alım, ay Dədə Qasım, O nədir ki, dürlü-dürlü halı var? Nədən xəlq olundu ərşin arğacı? O nədir ki, toxunmamış xalı var? Xəstə Qasım: Sənə cavab verim, ay Ləzgi Əhməd, Bahardır ki, dürlü-dürlü halı var. Nurdan xəlq olundu ərşin arğacı, O buluddur, toxunmamış xalı var. Ləzgi Əhməd: O nədir ki, dayanıbdır dayaqsız? O nədir ki, boyanıbdır boyaqsız? O nədir ki, doğar əlsiz-ayaqsız? Üç ay keçər, ayağı var, əli var? Xəstə Qasım: Göy bir çadır, dayanıbdır dayaqsız, Ayla gündür, boyanıbdır boyaqsız, Qurbağadır doğar, əlsiz-ayaqsız, Üç ay keçər, ayağı var, əli var. Ləzgi Əhməd: Ləzgi Əhməd deyər, gələr dalalar, Nə qumaşdır, satan olmaz alalar? O nədir ki, dimdiyindən balalar? O nədir ki, qanadında xalı var? Xəstə Qasım: Xəstə Qasım deyər, yaşdır dalalar, O ağıldır, satan olmaz alalar. O buğdadır, dimdiyindən balalar, Kəpənəkdir qanadında xalı var. * * * Ləzgi Əhmədlə Xəstə Qasımın ikinci deyişməsi Ləzgi Əhməd: Səndən xəbər alım, ay Dədə Qasım, O nədir ki, bu dünyanı gəzər hey? Nə kağızdır, mürəkkəbsiz yazılar? Nə qələmdir, bu dəftəri yazar hey? Xəstə Qasım: Al, cavabın deyim, ay Ləzgi Əhməd, Aydır, gündür, bu dünyanı gəzər hey! Könül kağız, mürəkkəbsiz yazılar, Dil qələmdir, bu dəftəri yazar hey! Ləzgi Əhməd: O nədir ki, heç gəlmədi imana? O kimdir ki, heç düşmədi gümana? O kimdir ki, qəsd elədi insana? O kimdir ki, oldu candan bezar hey? Xəstə Qasım: O şeytandır, heç gəlmədi imana, O münkirdir, heç düşmədi gümana, Əzrayildir, qəsd elədi insana, Əyyubdur ki, oldu candan bezar hey! Ləzgi Əhməd: O nədir ki, silinməzdir qarası? O nədir ki, heç tapılmaz çarası? Nə qədərdi yerlə göyün arası? Ləzgi Əhməd bu dəftəri yazar, hey! Xəstə Qasım: O ürəkdir, silinməzdir qarası, O ömürdür, heç tapılmaz çarası, Yüz doxsan min ildir, yerlə göyün arası, Xəstə Qasım, o dəftəri pozar hey! * * * Ləzgi Əhmədlə Xəstə Qasımın üçüncü deyişməsi Ləzgi Əhməd: Səndən xəbər alım, ay Dədə Qasım, Kim xəta eylədi, qaldı üstə suç? Kim kimə buyurub, kimdən gətirdi? Neçə yaşındaydı qurban gələn qoç? Xəstə Qasım: Sənə cavab verim, ay Ləzgi Əhməd, Qabil xəta etdi, qaldı üstə suç. Cəbrayıldı İsmayıla gətirdi, Yetmiş yaşındaydı qurban gələn qoç. Ləzgi Əhməd: Nə quşdu, ildə bir yumurta salar? Onun yumurtası qar üstə qalar? Hansı ölən zaman, hansı sağalar? Ona kimlər deyər, dur, buradan uç? Xəstə Qasım: Simurq quş ildə bir yumurta salar, Onun yumurtası qar üstə qalar. Ana ölən zaman bala sağalar, Cəbrayıl der: ona, dur, buradan uç. Ləzgi Əhməd: Ləzgi Əhməd, heç vəsfindən doymazlar, O nədir ki, götürərlər qoymazlar? Kimlərdir ki, məzarı yox, yumazlar? Bu nə qonhaqondur, bu nə köçhaköç? Xəstə Qasım: Xəstə Qasım, heç vəsfindən doymazlar, O ölüdür, götürərlər, qoymazlar. Atəşpərəstlərin məzarı yox, yumazlar, Dünya qonhaqondur, ölüm köçhaköç. * * * Ləzgi Əhmədlə Xəstə Qasımın dördüncü deyişməsi Xəstə Qasım: O kimdir ki, otuzunda cavandı? On beşində qocalanı uludu? O nədir ki, dili ayrı, sözü bir? O hansı dəryadı içi doludu? Ləzgi Əhməd: O aydı ki, otuzunda cavandı, On beşində qocalanı uludu. O qələmdi, dili ayrı, sözü bir, Elm dəryası hər dəryadan doludu. Xəstə Qasım: O nədir ki, qışda dağlar bürünür? O nədir ki, əl dəyməmiş hörülür? O nədir ki, insana fərz verilir? O nədir ki, o da onun gülüdü? Ləzgi Əhməd: O qardır ki, qışda dağlar bürünür, O könüldür, məhəbbətlə hörülür, Ölümdü ki, insana fərz verilir, O ilqardı, iman onun gülüdü. Xəstə Qasım: O nədir ki, haqq yanında nahaqdı? O nədir ki, yerə, göyə dayaqdı? O kimdir ki, yatmayıbdı oyaqdı? Xəstə Qasım hər elmdən halıdı? Ləzgi Əhməd: Böhtan sözdü, haqq yolunda nahaqdı, Haqq nəzəri yerə, göyə dayaqdı. Haqq özüdü yatmayıbdı, oyaqdı, Bu sirlərdən Ləzgi Əhməd halıdı. Xəstə Qasım: Mən qurbanam qaşı, gözü qaraya, Təbibimsən, dərman eylə yaraya, Bir səhrada meyid düşsə araya, Mollası olmasa, nə demək gərək? Ləzgi Əhməd: Bismillahı mən yanımca götürrəm, Yüz zikirnən özüm ona yetirrəm, Mollası yox, təəmimnən götürrəm, Tapşırıb haqqına qayıtmaq gərək. Xəstə Qasım: Bəlkə səğiri var, nə demək olar? Onun əməyini nə yemək olar? Məhşər günü ona nə kömək olar? Kim onun havadarı, bilmək gərək? Ləzgi Əhməd: Səğiri olana tutarlar qəyyum, Çörəyini halal eylər o alim, Məhşərin günündə onlara lazım, Axır kömək verən şahmərdan gərək. Xəstə Qasım: Xəstə Qasım deyər, kimdi qaytardı, Onda kim saxladı din Məhəmmədi? Kim söylədi müsəlmanlıq şərtini? Müsəlman olanda nə demək gərək. Ləzgi Əhməd: Ləzgi Əhmədəm mən, haqdan keçmərəm, Dediyin sözləri başa düşmərəm, Gər bilsəm də o sirləri açmaram, Müsəlman olanda nə demək gərək. * * * Kitabxana.az · https://kitabxana.az/collections/xeste-qasim-deyismeler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1760). Public domain (author died 1760). Original text only.