Divanilər Xəstə Qasım (1684–1760) Bax İnsan oğlu qafil olma, aç gözün qəbristanə bax! Üz çevir haqqın yoluna, haqq ilə divanə bax. Bu dünya dediyin boş müsafirxanədir, Hər gələn köçər, hər gedən mehmanə bax. Gözləyin halal-haramı, şeytandan uzaq olaq, Yandırın xilas fənarın, behiştin bağın bulaq. Satın bu dünya malını axirətdən mülk alaq, Süleymana qalmayan dünya qalmaz heç insana, bax. Göydən bir balıq endi, itirmədi sayını, Hər gədələr sultan oldu, tapdı öz tayını. Qarışqalar aslan oldu, sökdü himin layını, Xəstə Qasım qıl tamaşa, boş qalan meydana bax. * * * Mən Səyyad oldum, səhra gəzdim, Tor qurdum tərlana mən. Keçdi qışım, gəldi yazım, Dönmüşəm gülşana mən. Lovğalanıb öz-özünə, Öymə kəndini qarşımda, Əgər düşsən qərq olarsan, Bənzərəm ümmana mən... Sözlərinə cavab verrəm, Mat qalarsan bu işə, Şahmar kimi elə vurram, Yanıb bədənin şişə, Çətindir ki, sar havada, Tərlan üstdə yürüşə, Əzəlindən qul olmuşam, Ol şahi mərdanə mən. Xəstə Qasım Tikmədaşlı, Bir tükənməz bazaram. Nə müddətdir Məcnun kimi, Səhraları gəzərəm. Ustadlardan dərs almışam, Nə istəsən yazaram. Müşkülləri həll etməkdə, Tay gəlləm Loğmana mən. * * * Mənim Adəmdən xatəmə, natiqi Quran mənim, Din mənim, məssəb mənim, yol mənim, ərkan mənim, Bağ mənim, bağban mənim, kövsəri-rizvan mənim, Gül mənim, bülbül mənim, sünbülü-reyhan mənim, Yerdə insan, göydə qılman, ərşdə aslan mənim. Yeddi eyvan, səkkiz seyvan, qırx sütunun bir ləngəri, Yeddi molla, yeddi dərviş, yeddi pust, yeddi dəri, Yeddi min qırxdan irəli, səkkiz yüz dörddən bəri, Bu mənanı isbat edənin sərinə əsər gəli, Pir mənim, ustad mənim, yol mənim, ərkan mənim. Abı-ataş, xaki-baddan yaratdı sübhan bizi, Altmış altının yanında isbat qıldı üç yüzü, Dörd mini arxa bağladı, dəryada qırx dörd dənizi, Altmış üçün mən biriyəm, yetmişin qırx səkkizi, Beş içində altı Məkkə, səkkiz yüz fərman mənim. Xəstə Qasım Tikmədaşlı sahibi cümlə xata, Ümidim var, Taci-mehracda bilirəm ki, eylər əta, Açılar dəftər, görünər məhşər, bir şahsuvar illa fata, Bir əzmi qaf günahım olsa əfv olunar rəhman mənim. * * * Üç Bir əcayib nəstə gördüm, kökü bir, budağı üç, Hər ağacdan altmış çiçək, yüz səksən yarpağı üç. Cəm idi on iki, on üç, altı otuz sərasər, Yeddi təbib açar, yumar bağçası bir, bağı üç. Bu bağın meyvəsinin hər birinin bir dadı var, Nə suyu, nə hasarı, nə göz görür, adı var. Hökm edər soltana, xana, fəryadı var, dadı var, Məhsi vardı, cismi yoxdu, bülbülü bir, zağı üç. Ağlı sərdə, fikri dərdə, dəm-dəmi divanadı, Biya-biya, güca-güca, məhsədə xoş mənadı, Xəstə Qasım hey deyibən cu gedər bilməyənə fənadı, Bağban oldum, ku becərdim, şamama bir, tağı üç. * * * Var İnsan oğlu yalan demə, yalan da var, Üzümə aydın görünmə, çiskinli duman da var. Özünü dərya sayma, eylərəm ada səni, Dəryaları zəbt eyləyən, dəryayi ümman da var. Hər kəs mətləb istəsə, mətləb verən müəllimdir, Oxuyub elmə çatanın, həmişə könlü zəlildir. Əlinə çərəkə alan, adını qoyur alimdir, Çərəkə açar olmaz, oxuyub qanan da var. Kim haça çaldı, dərya neçə bölündü, Kim süpürgə çəkdi, göyün üzü silindi. Adəmdən, xatəmə keçən neçə min ildi, Zülmnən bərbad eyləyib, Xeybəri alan da var. Xəstə Qasım çağırır, qul eyləyən bərbəri, Özü bir, adı min bir, lam şəriki qoş şiri. Yüz uruzbanda, qılınc çaldı, iki böldü Əntəri, Bu hünərnən, bu qeyrətnən, Qəşəm Şəm ağam da var. * * * Yavaş-yavaş Dəli könlüm xəyal etmə, gəlirəm yavaş-yavaş, Cismim hicranın bölürəm yavaş-yavaş. Hər nə var səndən keçər, elə bil candan keçər, Sən etdiyin xəyalları, bilirəm yavaş-yavaş. İnsan oğlu sən də gələcəyindən baş-ayaq, Necə oldu dəryadan qalmadı baci-xərac. Yüz il əmək çəksən bütün hamısı daş-qalaq, Axrın beş arşın ağdı, bükərlər yavaş-yavaş. Əzrayıl başda oturub, əcəl ayaqdan gələr, O xudam əmr eləsə, fərman bayaqdan gələr. Hər nə var haqdan gələr, görmə kimsədən gələr, Yetmiş iki damarını çəkərlər yavaş-yavaş. Qərib oğlu Aşıq Qasım, necə gəldin azara? Min bir loğman təbib gəlsə, dərman olmaz yarama. Ciyərimdən olmuşam hamısı gedir məzara, Uçubdur könlüm evi, gedirəm yavaş-yavaş. * * * Kitabxana.az · https://kitabxana.az/collections/xeste-qasim-divaniler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1760). Public domain (author died 1760). Original text only.