«El şairləri»ndən Xəstə Qasım (1684–1760) Mürəbbə: Dəli könül, nə yanırsan oda sən Dəli könül, nə yanırsan oda sən, Billah bundan hərgiz sənə yar olmaz. Bivəfanın özü nədi, sözü nə, Bivəfada namus, qeyrət, ar olmaz. Nəzər ilə gör bu dünya nicədi, Kimi bazirgandı, kimi xocadı, Sərv ağacı hər ağacdan ucadı, Əsli yoxdu, budağında bar olmaz. Qoç igidlər özün həddən ötürməz, Mərd kimsələr haqq səyin itirməz, Qabaq tağı tər şəmamə götürməz, Boz sökütdə heyva olmaz, nar olmaz. Nəşədir aşiqin ancaq sərində, Gül bərgidi əndəlibin pərində, Nə yatırsan bivəfanın dərində, Başın al get, dünya sənə dar olmaz. Xəstə Qasım, nöldü yarın səfası, Səfasından artıq olur cəfası, Olsa əgər bülbülünə vəfası, Qızıl gülün çöhrəsində xar olmaz. * * * Kimi Nə baxırsan maral gözlüm, Mənə biganələr kimi, Dövrüm dolanım başına Şəmə pərvanələr kimi. Gəlmişəm qapına bu çağ, Sənin rəqiblər düşsün naçağ, Əlin ver əlimə, qaçaq Çölə biganələr kimi. Xəstə Qasım Tikmədaşlı, Əli qanlı, gözü yaşlı, Göldən çıxdı yaşıl başlı, Silkindi sunələr kimi. * * * Təcnis: Ərənlər sərvəri Şah Qulkəfi Ərənlər sərvəri Şah Qulkəfi, Şücaət yaraşır Həsən Mövlayə, Qədr günü namaz üstə sailə, Elədi xatəmin Həsən Mövlayə Münkirlər istəsə diyağı sənsən, Yüz on dörd surənin diyağı sənsən, Bilmərəm yerin göyün dayağı sənsən, Gəl məxluqata Həsən Mövlayə İbrahim din bəslər tabut içində, Muyi-ənbər zülflərin tabut içində, Ərəb sifətində tabut içində, Qalxdı, cavab verdi Həsən Mövlayə Xəstə Qasım yaxa yırtıb qələm dad, Xan deyiləm, qora yetim qələm dad, Tanrı üçün mən fəqirə qələm dad, Bax qullar içində Həsən Mövlayə * * * Qarı və Şah Sənəm — Qarı: Otağımdan durdum, gəldim yanına, Elçi bəylər gəldi, sənəm, nə dirsən? Yanar odları vurdum canına, Elçi bəylər gəldi, sənəm, nə dirsən? — Şah Sənəm: Otağından durdun, gəldin yanıma, Qarı, mən Luluni nə dindirirsən? Yanar odları vurdun canıma, Qarı, mən Luluni nə dindirirsən? — Qarı: Həyətiniz hasarlıdı, bağlıdı, Sinəm başı düyünlüdü, dağlıdı, Özgə deyil, doğma əmimin oğludu, Elçi bəylər gəldi, sənəm, nə dirsən? — Şah Sənəm: Atama diyin, mərdanə dursun, Gələn elçilərin boynunu vursun, Məni verir Aşıq Qəribə versin, Köpək, mən Luluni nə dindirirsən? — Qarı: Sən aşan yollar qarlı dağ olsun, Dörd tərəfin səbzə-çəmən bağ olsun, Sərvər oldu qızım, başın sağ olsun, Elçi bəylər gəldi, sənəm, nə dirsən? * * * Kitabxana.az · https://kitabxana.az/collections/xeste-qasim-el-sairleri İctimai mülkiyyət (müəllifin vəfat ili: 1760). Public domain (author died 1760). Original text only.