Gəraylılar Xəstə Qasım (1684–1760) Başına dolandığım Yaxşı olar qohum, qardaş, El, başına dolandığım. Harda körsən, yara yalvar, Dil, başına dolandığım. Budu gəldi bahar vaxtı, Siməm oldu yarın taxtı, Soyuldu bulbülün rəxti Gül, başına dolandığım. Qaşların qurar divanı, Taxtdan salar Süleymanı, Xəstə Qasımın cananı, Al, başına dolandığım. * * * Çıxarır İsfahanda bir dəllək var, Baş qırxanda zol çıxarır. Ətindən az-az götürür, Dərisini bol çıxarır. Ayağını qoyur qoşa, Ülkücünü çəkir daşa, Zərbi elə gəlir başa, Tikmədaşa yol çıxarır. Bir fətəsi vardır bezdən, Durub gəlir səhər tezdən, Yarı haqqın alıb bizdən, Yenə acı dil çıxarır. Ülkücünü çapışdırır, Suyu tasdan qapışdırır. Kəsir, pambıq yapışdırır, Başımızdan kol çıxarır. Bu usta necə ustadı, Həmişə gözü tasdadı. Xəstə Qasım can üstədi, Elə bilir pul çıxarır. * * * Dünya Gəl bir səndən xəbər alım, Süleymandan qalan dünya. Əzəli gül kimi açıb, Axırında solan dünya. De görüm nəyə talibsən? Dərsini kimdən alıbsan? Neçə min yol boşalıbsan? Neçə min yol dolan dünya. Bu dünya fanidir, fani, Bu dünyada qalan hanı? Davud oğlu Süleymanı, Öz taxtından salan dünya. Xəstə Qasım qalıb naçar, Bu sirri bəs kimlər açar? Gələn qonar, qonan köçər, Hey salarsan talan dünya. * * * Düşdü Ay həzarat, ay camaat, Dağa qar düşdü, qar düşdü. Özüm qaldım qürbət eldə, Yada yar düşdü, yar düşdü. Gedin deyin anasına, Sığal versin sonasına. Yar, sinənin arasına, Bir cür nar düşdü, nar düşdü. Xəstə Qasımı qəm basdı, Yar bizi zülfündən asdı. Şeyda bülbül güldən küsdü, Gülə xar düşdü, xar düşdü. * * * Eylərsən Gözəl, səndə nə qaydadı, Gedəni yoldan eylərsən. Salarsan eşqin oduna, Ulusdan, eldən eylərsən. Mən ha billəm sən əttarsan, Qənd ilə noğul satarsan. Dəryalara tor atarsan, Sonanı göldən eylərsən. Gözəl, nə bildin halımı, Əyibsən qəddü-dalımı. Mən Qasıma bu zülümü, Kim eylərdi, sən eylərsən. * * * Eylərlər Bu zamanda ilqar handa, Aşnaları yad eylərlər. Yeyərlər nanü-naməki, Beş gündə bərbad eylərlər, Yaram sızlar, təbib naşı, Didəmdən axıdır yaşı. Yar yolunda verrəm başı, Bilsəm ki, imdad eylərlər. Mənim yarım fitnə qaşlı, Cigərim tüğyan ataşlı, Dostu qoyub gözü yaşlı, Düşməmləri şad eylərlər. Məcnui kimi divanəni, Şəm yandırır pərvanəni. Xəstə Qasım biçarəni, Öldürübən ad eylərlər. * * * Əlindədi Bu gün bir molla görmüşəm, Kəlam ullah əlindədi. Oxur əzbərdən quranı, Kəlmeyi yusəbbeh dilindədi. Bilirəm vacib sünkəti, Heç kimə qılmam minnəti. Səkkiz rizvan cənnəti, Şahlar şahının əlindədi. Bir xudanın zikrin eylə, Bir Allahın şükrün eylə. Qasım getmək fikrin eylə, Gəlmək Allah əlindədi. * * * Gəldi Əvvəl, əvvəl bu dünyaya, Adəm ata, həva gəldi. Hökm olundu ilahidən, Yerə abır, həya gəldi. Kimlər idi qıldı sayə? Kimlər əl götürdü xudayə? Məhəmməd Əl Mustafayə, Kəlmə- kəlmə ayə gəldi. On iki dəstədi gülümüz, Kəlmə gətirdi dilimiz. Şahı mərdandı pirimiz, Salman ona dayə gəldi. Xəstə Qasım tutar yası, Silinsin könlümün pası. Behiştin bir dəst libası, Fatimeyi Zəhraya gəldi. * * * Gördüm İki əbrun arasında, Altı “qaf”, yeddi “lam” gördüm. “Lam”ı “qaf”ın mərkəzində, Otuz cüzvü quran gördüm. Yüz min xandı, yüz min yavər, Müntəzirəm açılmaz dər. Əl əl üstə min peyğəmbər, Üç yüz altmış ənam gördüm. Sevdim caharıda məsumu, Haqq bağlasın xilasımı, Bu yazıq Xəstə Qasımı, Mən bir kəmtər qulam gördüm. * * * Kimdi Ay ağalar, ay qazılar, Göy çadırda duran kimdi? Haqqa mizan tərəzini, Yol isratı quran kimdi? Məna qılın qul kafəni, Hardadı dörd mələyin mənanı? Dəryanın üstə kotanı, Pələng qoşub sürən kimdi? Xəstə Qasım bir deyilsən, Sən insana sir deyilsən. Hər sirləri bilən deyilsən, Sirri səndən soran kimdi? * * * Kimi Nə baxırsan oğrun-oğrun, Mənə biganələr kimi. Durum dolanım başına, Şama pərvanələr kimi. Bağbanlar bəslər meyini, Dönsün seyrağıb löyünü, Yıxıbsan könlüm öyünü, Top dəymiş qalalar kimi. Gəl gedək Çünə, Maçına, Qurbanam zülfün ucuna, Al məni qoynun içinə, İstəkli balalar kimi. Dost qapısında dustağam, Tellərinə çox müştaqam, Yar əlindən düyün-dağam, Dağdakı lalalar kimi. Xəstə Qasım Tikmədaşlı, Könlü qəmli, gözü yaşlı, Göldən uçdu yaşılbaşlı, Silkindi sonalar kimi. * * * Yoxdu Ay qəsrdə duran gözəl, Niyə təksən, elin yoxdu? Niyə pozğundu tellərin, Əl şanada, telin yoxdu? Mən gəlirdim dağdan-daşdan, Sinəm yanır qəm-ataşdan, Ayrılmısan yaşılbaşdan, Tək sonasan, gölün yoxdu? Gəl dərdin Qasıma söylə, Bağrımın başını teylə, Qonağa xoş gəldin eylə, Yoxsa, lalsai, dilin yoxdu? * * * Var Əzəl başdan bu dünyanın, Xalq eyləyən ətası var. Eşq əhlinə tənə olmaz, Çünki haxdan butası var. Aqil gözlər yol-ərkanı, Adil gözlər gövhər kanı. Zatı pakı yaxşı tanı, Mərd oğlun mərd atası var. Xəstə Qasım Tikmədaşlı, Könlü tarmar, gözü yaşlı. Söz danışma iki başlı, Yanlış sözün xətası var. * * * Kitabxana.az · https://kitabxana.az/collections/xeste-qasim-geraylilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1760). Public domain (author died 1760). Original text only.