Qoşmalar Xəstə Qasım (1684–1760) Al indi Nə müddətdi həsrətini çəkirdim, Zənəxdanı etdin mənə al indi. Talan salmış Hində, Bəlxə, Həbəşə, O qaş indi, o göz indi, xal indi. Məclisində al şərablar içilir, Buxağından ətri-güllər saçılır, Dindirəndə dəhanından açılır, Şəkər indi, nabat indi, bal indi. Qurban olum ənisinə, elinə, Zəmişan şəddəsin çalmış belinə, Payəndazdı nazlı yarın yoluna, Bu baş indi, bu can indi, mal indi. Yar getdiyi atlas ilə xaradı, Məni qoyub özgələrə varadı, Ay ağalar, mənim baxtım qaradı, Kitab açdım, belə gəldi fal indi. Xəstə Qasım, dost kuyinə varanlar, Namus anlar, qeyrət anlar, ar anlar, Hərf içində əlif idim, yaranlar! Fələk əydi qəddim, oldum dal indi. * * * Ay ariflər Ay ariflər, bir tərlanım uçubdu, Sağ əlimdən sol əlimə alınca. Onu tutan xeyrü-bəhrin görməsin, Mən yazığın naləsi var dalınca. Gümüş kəmər bağlayıbdı belinə, Danışdıqca mail oldum dilinə, Gül uzatdım nazlı yarın əlinə, Canım aldı, gülü məndən alınca. Alimdən dərs aldım əlif-bey üçün. Sürahilər düzülübdü mey üçün, Dəli könül, qəm çəkirsən nə üçün? Qəmli günün şad günü var yanınca. Xəstə Qasım vədə verdi yüz ilə, Yaşılbaşlar göldən-gölə düzülə. Bir igid ki, qatarından üzülə, Ölüm yeydi, bu dünyada qalınca. * * * Aşnalığı Ay ağalar, gəlin sizə söyləyim, Əzəl yaxşı olar, yar aşnalığı. Sən sevəsən, yarın səni sevməyə. Olar bülbül ilə xar aşnalığı. Bağban odur zəhmət çəkə, əlləşə, Saldığı bağ çiçəkləşə, gülləşə. Əgər gücsüz güclü ilə güləşə, Olar tərlan ilə sar aşnalığı. Xəstə Qasım qəm əlindən məst ola, Əhli-dərviş xırxasında pust ola. Bir adam ki, loxma ilə dost ola, Olar yağış ilə qar aşnalığı. * * * Bir ola Dörd dəvriş istərəm Əhmədi Ləzgi, Bütün bu dünya ilə başı bir ola. Haqqın adın zikr eyliyə dilində, Dolana gərdişi işi bir ola. Bir otaq istərəm gümüşdən kanı, Onun kərpicini gətirən hanı? Bir heyvan istərəm qırx iki canı, Başı qoltuğunda, döşü bir ola. Mən bir nər istərəm götürə dağı, Əvsarını çəkə Əliyən Nağı. Cənnəti rizvanı behiştin bağı, Altmış min bostanın işi bir ola. Xəstə Qasım deyər neçə min neçə, Yetmiş min darvaza, səksən min küçə. Bir alim istərəm bu sirri seçə, Hər biri min kəlmə, başı bir ola. * * * Beşi nə Beş yaşımdan on beş yaşa yetişdim, Beşin atdım, beşin tutdum, beşi nə? Haqq tərəfdən doğru yola yetişdim, Bəlli oldum mən biyabar beşi nə? Ömür bənzər dağ başında dumana, Qəflətcə mən də yetdim ümmana, On beş şey vacib oldu islama, Beşi Sulidin, beşi Firudin, beşi nə? Xəstə Qasım qaldı həyat içində, Din bir, xuriman şərait içində, On beş şey də gəldi səlat içində, Beşi oruc, beşi namaz, beşi nə? * * * Gizlənər O necə quş idi yaz gələr bağa, Sinəmi çəkiblər düyünə, dağa. Bir şana, bir bafta, bir də bir cığa, Bu üçü bir olsa, teldə gizlənər. O necə quş idi qayada səkər, Qaynağı neştərdi, qanımı tökər. Bir noğul, bir nabat, bir də bir şəkər, Bu üçü bir olsa, dildə gizlənər. O necə quş idi, anasın əmər, Havada dövr edər şəms ilə qəmər. Bir qılınc, bir xəncər, bir də bir kəmər, Bu üçü bir olsa, beldə gizlənər. Aladı gözləri, şəhlayi nərgiz, Sənin tək bir gözəl bulunmaz hərgiz, Bir bulaq, bir hovuz, bir də bir kəhriz, Bu üçü bir olsa, kolda gizlənər. Xəstə Qasım deyər, ləbi ballı qız, Bir şirin gövtarlı, üzü xallı qız, Bir qələm, bir tavat, bir də bir kağız, Bu üçü bir olsa, əldə gizlənər. * * * Deyərlər Ay ağalar, gəlin sizə söyləyim, Yalqız daşdan olmaz, divar deyərlər. Bəzirgansan, aç mətahın, xırd eylə, Ararlar: yükündə nə var? — deyərlər. Ovçu olan bəslər alıcı quşu, Sərraflar tanıyar qiymətli daşı, Bir oğul atadan artırsa işi, El içində ona tavar deyərlər. Qızıl gülü dəstə-dəstə dərginən, Dəribən də yaylıq üstə sərginən. Hər nə versən öz əlinlə verginən, Yüz qadanı başdan sovar deyərlər. Neynirəm bir bağı, barı olmasa, Alması, heyvası, narı olmasa. Bir igidin dövlət-varı olmasa, Yeləksiz ox kimi çovar deyərlər. İsgəndər atlandı, çıxdı zülmətdən, Qasım, Xızr içdi abı-həyatdan. Bəhsə duşsə igiddən, qılıncdan, atdan; Süfrəni hamsınnan kübar deyərlər. * * * Dəli könül, məndən sənə əmanət Dəli könül, məndən sənə əmanət, Demə bu dünyada qalım yaxşıdı. Bir gün olar, qohum, qardaş yad olar Demə ulusum var, elim yaxşıdı. Bir məclisə varsan özünü öymə, Şeytana bac verib, kimsəyə söymə, Qüvvətli olsan da yoxsulu döymə, Demə ki, zorluyam, qolum yaxşıdı. Qoçaqdan olubsan, qoçaq olgunan, Qadadan, baladan qaçaq olgunan, Aşıq ol, comərd ol, alçaq olgunan, Demə; varım çoxdur, pulum yaxşıdı. Xəstə Qasım, kimə qılsın dadını? Canı çıxsın, özü çəksin odunu, Yaxşı igid yaman etməz adını, Çünki yaman addan ölüm yaxşıdı. * * * Divanəsidi Gecə-gündüz həsrətini çəkirəm, Xəyalım xəyalın divanəsidi. Məni səndən uzaq saldı seyraqub, Bu çərxi-gərdişin zəmanəsidi. Mina boylu, siyah telli sevdiyim, Uzaq durub yaxın sözün dediyim. Acı sözün şəkər kimi yediyim, Yarım gözəllərin vəfalısıdı. İnsaf eylə, ay beymürvət, ay zalım, Dolanım başına, dərdini alım. Ala gözlü, şux baxışlı tərlanım, Qasım da gözlərin sadağasıdı. * * * Eylər-eylər Bir elə kişinin tut ətəyindən, Bil sənə imdadı ol eylər-eylər. Zərrəcə üstündə olsa nəzəri Yerdən daş götürsən, ləl eylər-eylər, Böhtan demə, böhtan tutar adamı, Qul eylər, bazarda satar adamı Cəhənnəm odundan betər adamı Yoxsulluq yandırar, kül eylər-eylər. Aqil insan deməz hər gördüyünü, Daldalar düşməndən vay dərdiyini, Görməzsən nakəsin pay verdiyini, Versə də, töhmətin bol eylər-eylər. Xəstə Qasım deyər sözün bu başdan, Pay umma qohumdan, yaddan, qardaşdan, Özün əmək çəksən, su çıxar daşdan, Əridər dağları yol eylər-eylər. * * * Əli Ərşi zəmin nohu qələm yox ikən, Varlığa hamıdan tez gələn Əli. Ustadlar ustadı özü olubdur, Cəbrayil məqamın düz bilən Əli. Sənin hörmətinə quruldu varlıq, Həyatın zəmzəmi, o suyu dirlik. Səndən kəşf olundu, elm və birlik, Cəmi dillərnən söz bilən Əli. Xəstə Qasım üzərmi daməndən əli? Aləmi zərridə demişəm bəli. Bir ismin Əlidi, bir ismin Vəli, Cəmi pünhan dərdi tez bilən Əli. * * * Əlimdə Üç gündür çıxmışam o Tikmədaşdan, Qapına gəlmişəm canım əlimdə. Ayağın torpağı qibləgahımdı, Sızıldaram giribanım əlimdə. Şeyda bülbül kimi yaman ağlaram, Sinəm başın düyünlərəm, dağlaram. Ləzgi kimi yüz aşığı bağlaram, Əgər olsa süxəndanım əlimdə. Xəstə Qasım, kəsilibdir xitabım, Qızılgül tək çəkilibdir gülabım. Cədvəlkeş quranım, qızıl kitabım, Yoxdur zərli qələmdanım əlimdə. * * * Əhsənül xaliq Əzzəl bismillah nameyi heydər, Göydən yerə endi əhsənül xaliq. Doxsan min kəlməni bəyan eylədi, Onda nə buyurdu əhsənül xaliq. Sureyi Əlhəmdi quranı binnət, Ərrəhman, irrəhman pakizə sünnət. Yusə bismillah, mahı səmavət, Fatiə, bərəkətullah əhsənül xaliq. Xəstə Qasım deyər fəhm edə bilməm, Baratı, yasini fəhm edə bilməm. Bu dünyanın işin fəhm edə bilməm, Özün qismət eylə əhsənül xaliq. * * * Getdi Necə qəhrəmanlar gəldi dünyaya, Köç vaxtı yetişdi, tez oldu getdi. Rüstəmin zərbindən titrədi dağlar, Düşdü dastanlara söz oldu getdi. Hakimlik eylədi çox uzun vaxtı, Bütün kainata Süleyman baxdı. Tərsinə döndü şah Cəmşid taxtı, Firudinin dərdi yüz oldu getdi. Necoldu Keykavus, hanı Keyqubad, Hansı bu dünyadan almışdı murad? Allahlıq eylədi Fironla Şəddad, Nəmrudun qalası düz oldu, getdi. İskəndər Daranı taxtmdan saldı, Cahana şah gəldi, sonu nə aldı? Yarı yolda öldü, Misirdə qaldı, Qasım kimi yandı, köz oldu getdi. * * * Gəlirsən Səhralarda seyr eləyən xan oğlu, Bir xəbər ver görüm handan gəlirsən? Hüsn içində şövkət oğlu, şan oğlu, Məgər təxti Süleymandan gəlirsən. Oğlan qaşın məscidin, mehrabın tağı, Qara qaşın kəskin cəllad yarağı. Şux camalın nur eləmiş oylağı, Elə sanki İsfahandan gəlirsən. Saçların qıvrılıb olub çin-çini, Qara xalın çapdı Fəğfuri Çini. Gəncə ötəlgisi, Bərdə laçını, Ya Dərbənddən, ya Şirvandan gəlirsən. Başına döndüyüm xanların xanı, Gəncənin xanısan, Bərdə sultanı. Ya hurisən, ya Bağ- İrəm qılmanı, Ya mələksən asimandan gəlirsən. Bəlli, Laçın oylağından cidasan, Qara bağrım qaynağında didəsən. Xəstə Qasım, şah yolunda fədasan, Keçib aşıb dağdan, çəndən gəlirsən. * * * Gülü məndən alınca Ay ariflər, bir tərlanım uçubdur, Sağ əlimdən sol əlimə alınca. Onu tutan xeyrü-bəhrin görməsin, Mən yazığın naləsi var dalınca. Gümüş kəmər bağlayıbdır belinə, Danışdıqca mail oldum dilinə. Gül uzatdım nazlı yarın əlinə, Canım aldı, gülü məndən alınca. Alimdən dərs aldım əlif, bey üçün, Sürahilər düzülübdü mey üçün. Dəli könül, qəm çəkirsən nə üçün, Qəmli günün şad günü var yanınca. Xəstə Qasım və’də verdi yüz ilə, Yaşılbaşlar göldən-gölə düzülə. Bir igid ki, qatarından üzülə, Ölüm yeydir, bu dünyada qalınca. * * * Ha mayıl oldu Yatmışdım, üstümə gəldi bir pəri, Yenə yar sevdası ha mayıl oldu. Dərdi-qəmim cana əsər elədi, Qolların boynuma həmayil oldu. Təbib görsün yaralarım, sinəm aç, Öz əlinlə bu düyünüm, sənəm, aç. Demiş idin, hər gün verrəm sənə maç, Günüm aya döndü, həm ay il oldu. Vardım dost kuyinə, sək sana durdu, Dərdim tək bir ikən, səksənə durdu. Qasımı görəntək səksənə durdu, Gözəllər qəflətən həm ayıl oldu. * * * İndi Qəm əlindən şikəstəyəm, ovrağam, Dilim eylər nalə indi, zar indi. Xeyli vaxtdı camalına müştağam. Soruş indi, danış indi, yar, indi. Bizim yerdə naz çəkməyə tab olmaz, Vallah, hüsnün kimi mahitab olmaz, Şuxluğuyla məmələrə bab olmaz, Narınc indi, turunc indi, nar indi. Mənim yarım illərətən sağ ola. Dörd çövrəsi behişt ola, bağ ola, Nə həddi var sədrin kimi ağ ola, Kağız indi, bəyaz indi, qar indi. Bülbül olan hərgiz dönməz gülündən, Dindirərsən bal tökülər dilindən. Yeddi yerdən sarmaşıbdı belindən, Xəbərdar ol, səni çalar mar indi. Mən Qasımam, miskin-miskin baxaram, Ümman olub dəryalara axaram, Ah çəkəndə yandırıban yaxaram. Dolanmasın gül yanına xar indi. * * * İnsan Yaxşı fikir elə, qafil dolanma, Qəlbini şeytandan yad elə, insan! Halal yaşa, bir kimsədən utanma, Yıxma könülləri, şad elə, insan! Dünya dediyin bir fanidir, fani, Əzəl Nuh gəlmişdi, görünmür, hanı? Yola saldm İskəndər tək xaqanı, Bizə də əsəcək bad elə, insan! Xəstə Qasım, düşünməyin bihuşdu, Bənadam dediyin yuvasız quşdu. Səxasız dövlətin axırı puçdu, Ye malm, dəhanda dad elə, insan! * * * Kəkliklər Mən gedirəm sizi kimə tapşırım, Dam üstündə duran sona kəkliklər. Al-yaşıl geyinib tirmə bağlarsız, Nə giribsiz dondan-dona, kəkliklər. Gözəl kəklik dam üstündə səs eylər, Qaqqıldaşar bir-birilə bəhs eylər. Bilmirəm toy eylər, yoxsa yas eylər, Caynağınız batıb qana, kəkliklər. Gözəl kəklik dam üstündə durubdu, Gərdən çəkib necə boynun burubdu. Heç bilmirəm ovçusunmu görübdü, Üz çevirib biyabana kəkliklər. Kəkliyin oylağı qayalar başı, Qaqqıldaşıb tapar yoldaş yoldaşı. Bərəsi bərk olsa, ovçusu naşı, Uçub gedər asimana kəkliklər. Nə dərdiniz varsa mənə söyləyin, Şirin namə yazın, bəyan eyləyin. Siz Xəstə Qasımı halal eyləyin, Çünki gedir Dağıstana, kəkliklər. * * * Xəbər ver Hökumət məqamında əyləşən alim, Əvvəl mənə Yamən Hudan xəbər ver. Ərşin sütununda merac evində, Söz nə keşdi, Gövtu- Gudan xəbər ver. O kim idi yerə çaldı mayanı, O, kim idi bərkitdi səngi qayanı. O, nədir ki, kökdə altdan bəyanı, Bərri, bəhri sibi-dudan xəbər ver. O kim idi lohu məhbus oxudu, O kim idi peyğəmbərə kəfən toxudu. Adəmdən əvvəl siqa yox idi, Vəqən vəşdi ənnab dudan xəbər ver. O kim idi peyğəmbərə əsabə, O kim idi apardılar qəssabə. Xəstə Qasım yetik deyil hesaba, Həfti, həmdi sibi- dudan xəbər ver. * * * Qalıbdı Köhnə Şamaxının seyrin eylədim, Əl dəyməmiş təzə bağlar qalıbdı. Elə köçüb gedib ulusu, eli, İşlənməmiş ağ otaqlar qalıbdı. Fələk, şad könlümdən alma həvəsi, Ayırma yarımdan, tutaram yası, Necə oldu bu seyvanın yiyəsi? Dərd-qəmi var, tamam ağlar qalıbdı. Xəstə Qasım adım, şaha deyili, Çərxi-fələk, səndən mənəm gileyli, Elə köçüb gedib bivəfa Leyli, Bircə Məcnun, bir də dağlar qalıbdı. * * * Qal indi Obalarmız səf-səf olub yüklənir, Başı ala qarlı dağlar, qal indi. Biz içmədik abi-kövsər suyundan, Soyuq sular, tər bulaqlar, qal indi. Bivəfasan, heç görmədim vəfan, yar! Tifil ikən çox çəkmişəm cəfan, yar! Mən öləndə kimlər sürər səfan, yar?! Fərş döşənmiş ağ otaqlar, qal indi. Bivəfasan, vəfan yoxdu dünyada, Aşnanın sirrini verərsən yada. Şamamanı dərdirərsən xoryada, Səbzə-bostan, sarı tağlar, qal indi. Xəstə Qasım, tamam oldu sözlərim, Eşq ucundan kabab oldu közlərim, Qərib yerdə, yad ölkədə gözlərim, Vətən deyib ağla, ağlar qal indi. * * * Qurbanı Qəriblikdə mənə həmdəm olan yar, Bir bəri gəl, ayaqların qurbanı. Şikəstə könlümə məlhəm olan yar, Dilin, dişin, dodaqların qurbanı. Könlüm istər yara qurban olmağa, Dolanıb başına heyran olmağa. Ala gözlü yara mehman olmağa, Fərş döşənmiş otaqların qurbanı. Xəstə Qasım, sən yolundan azarsan, Məcnun kimi səhraları gəzərsən. Ala gözlü yara namə yazarsan, Qələmdanın, barmaqların qurbanı. * * * Mənə Qədir gecəsində mətləb dilədim, Tərəhim eylədi o mövlam mənə. İki kimsənədən nur bəyan oldu, Aşikar göründü afitab mənə. Xab içində qulağa gəldi səda, Əlində cam, ağam verdi bir bada. Nazlı yarı mənə verdi o buta, Ərşidən endi bir şirin xab mənə. Səksənib qalxdım mən o xabi məstdən, Hər mətləbim vardı dilədim haqqdan. Nagahanı bir səs gəldi Hatifdən, Xabdan durmağı etdi xitab mənə. Xəstə Qasımam dəsti-rəst oldum, Şahın üzün görüb kəmərbəst oldum. Ağamın payı eşqindən məst oldum, Orda bəyan oldu, dörd kitab mənə. * * * Məni Qəriblikdə qəmxarımsan, əzizim, Yetirəsən bir də dosta naməni. İkidilli yardan həzər eylərəm, Salar dildən-dilə, dastana məni. Qarşı durdum, Leyli dağı göründü, Boyun tək sürahi sağı göründü; Qoynunda şamama tağı göründü, Bəs niyə qoymursan, bostana məni? Ağzını oxşatdım zənbura, şana, Naşı bülbül uçub qonar gülşana. Yar, oxuna sinəm tutdum nişana, Bəs niyə vurmursan, qəsdən, a məni? Mən Qasımam, uzaq atdın daşımı, Didəmdən axıtdın qanlı yaşımı. Dost yolunda mən qoyaram başımı, Doğru qəbul etsə astana məni. * * * Naməni Qəriblikdə qəmxarımsan, əzizim, Yetirərsən bir də dosta naməni. İkidilli yardan həzər eylərəm, Salır dildən-dilə, dastana məni. Qarşı durdum Leyli dağı göründü, Boyun tək sürahi, sağı göründü, Qoynunda şamama tağı göründü, Bəs niyə qoymursan bostana məni? Ağzını oxşatdım zənbura, şana, Naşı bülbül uçub qonar gülşana, Yar, qəmzənə sinəm tutdum nişana, Bəs niyə vurmursan, qəsdən, a məni? Mən Qasımam, uzaq atdım daşımı, Didəmdən axıtdım qanlı yaşımı, Dost yolunda mən qoyaram başımı, Doğru qəbul etsə astana, məni. * * * Necola Ay ağalar, nakam getdim dünyadan, Yarəb, mənim xanımanım necola? Gövhərtək sözlərim, bayatılarım, Ləbi şirin süxəndanım necola? Anam yoxdu gözlərindən yaş tökə, Halalım yox, sinəm üstə saç tökə, Qardaşım yox, qəbrim üstə daş tökə, Yarəb, mənim ağlayanım necola? Hayıf ola, ağ biləklər, bazılar, Ahum otlar ceyran ilə yazılar. Qohumum yox, qardaşım yox, qazılar! Yarəb, mənim hal-əhvalım necola? Bu gen dünya üstümüzə dar ola, Biz köçərik, yurdumuzda kim qala? Əhmədimin gül əndamı sarala, Mənim sərvi-xuramanım necola? Mən Qasımam, daha qalmadı tabım, Qızılgüldən çəkilibdi gülabım, Cədvəlkeş Quranım, qırx cüz kitabım, Üstü zərli qələmdanım necola? * * * Nə seçsin müştəhid, nə bilsin alim İstərəm mən bir söz bünyad eyliyəm, Şahım, sana məlum olsun kamalım. İyirmi səkkiz hərf heca eyliyəm, Nə seçsin müştəhid, nə bilsin alim. Mən həriflərdən evlər yaradaram, Göyərəndə şir olsa da basaram. Boş gövtara haçan qulaq asaram? Dəryayi ümmana mən bir misalim. Leyliyə fərzəndəm, Məcnuna qardaş, Şirinə həmtayəm, Fərhada yoldaş. Adım Xəstə Qasım, yerim Tikmədaş, Əslində şahzadə, məlum məhalim. * * * Lam-ləng ola Mərifət bəhrində, ədəb-ərkanda, Bir igid istərəm lam-ləng ola. Atı Düldül ola, qılıncı düsər, Dayanmaz, qabaqda yüz pələng ola. Sərində görmüşəm cığalı çəngər, Üzündə duymuşam müşk ilə ənbər. Kənan şəhrində Yaqub peyğəmbər, Yusif tək camalı çox qəşəng ola. Fərhad qaya çapar, sənginə yetməz, Kimsə ərənlərin dənginə yetməz, Heç cəng o movlanın cənginə yetməz, Ya rum, Qeysər, ya Firəng ola. Xəstə Qasım əl götürməz daməndən, Sidqini bağlayıb Sahib-Zamandan, O gün çox qorxuram Şahi-Mərdandan, Çəkə Zülfüqarın xulqu təng ola. * * * Ola Bir gözəl sevəsən boyu tamaşa Görən kimi könül ona bənd ola. Gözəlliyi, gül camalı bir yana, Dil-dodağı şəkər ola, qənd ola. Bir gözəl sevəsən qaməti bəstə, Görəndə aşiqi eyləyə xəstə. Çoxdan axtarıram bir elə kəs də İşarə anlaya, dərdimənd ola. Mən Qasımam, əl götürməm canandan, Canan qarşı gəlsə, keçərəm candan. Rəngi artıq ola güldən, reyhandan, Zülfləri boynuma bir kəmənd ola. * * * Ola Usta, məni gözlərinə fəda qıl, Səndən saz istərəm, amma saz ola! Dindirəndə imran dillə danışa, Şeyda bülbüllər tək xoşavaz ola! Yamanı yamana, yaxşını mərdə, Tərifini edim hər düşən yerdə, Dolaşmaya simlər, vurmaya pərdə, Gözəllər tək onda işvə, naz ola. Xəstə Qasım sözüm söylərəm əyan, Elə car eylərəm bəyanbəbəyan, Qiymətin soruşsan, tamam min tümən, Nə ondan çox ola, nə də az ola! * * * Olmaz Dəli könül, nə divanə gəzirsən, Bivəfa dilbərdən sənə yar olmaz. Düz çıxmaz ilqarı, əhdi-peymanı, Hərcayıda namus, qeyrət, ar olmaz. Üz vermə nadana, sirr vermə pisə, Axır qəlbin ya inciyə, ya küsə, Ot bitər kök üstə, əsli nə isə, Yovşan bəsləməklə çəmənzar olmaz. Vəfalıya əmək çəksən itirməz, Bədəsil nəsihət, öyüd götürməz Qabaq tağı tər şamama bitirməz, Göy söyüddə heyva olmaz, nar olmaz. Təklif olunmamış bir yerə varma, Nər olmaz meydanda hər bığıburma, Seyraqıb adama sən yaxın durma, Xain çıxar, onda düz ilqar olmaz. Xəstə Qasım günü keçmiş qocadı, Gələn bəzirgandı, gedən xocadı, Sərv ağacı hər ağacdan ucadı, Əsli qıtdı, budağında bar olmaz. * * * Olsun Yeri, gözəl, yeri, sənə qarğaram. Ölənədək işin ahü-zar olsun. Siyah zülfün dal gərdəndə sərasər, Halqa-halqa, çinbəçindən mar olsun. Gözəllər içində giryan olasan, Yanasan odlara, büryan olasan, Vəfalı yarlara qurban olasan, Onlara baxanda sənə ar olsun. Mən qurbanam yaxşıların muyuna, Hündür qamətinə, gözəl boyuna, Sənin soyun dönsün sonsuz soyuna, Gül açmasm bağçanızda, xar olsun. Ay qız, bir kəs bilməz sənin sirrini, Qiyamətdə yandrrsmlar dərini, Yatan vaxtda şahmar vursun ərini, Naləsindən qulaqların kar olsun. Xəstə Qasım dost yolunda qalanda, Əl uzadıb qol boynuna salanda, Kefin durulanda, könlün olanda, Bizə gələn ayaqların var olsun. * * * Oxurdu Bir nazənin sevdim məktəbxanada, Haqq kəlamın dil əzbərdən oxurdu. Əlinə almışdı eşqin kitabın, Mənim dərsim dil əzbərdən oxurdu. Mən tanıram öz yarımı nəfəsdən, Ol səbəbdən könlüm düşməz həvəsdən. Tavuz kimi səda verər qəfəsdən, Bülbül kimi xoş dəftərdən oxurdu. Xəstə Qasım kömək dilər mövladan, Naz-qəmzəsi aşıqləri aldadan. Həya eylər,hicab eylər molladan, Gah yavaşdan, gah hündürdən oxurdu. * * * Saz ola Usta, məni gözlərinə fəda qıl, Səndən saz istərəm, amma saz ola. Dindirəndə imran dillə danışa, Şeyda bülbüllər tək xoşavaz ola. Yamanı yamana, yaxşını mərdi, Tərifini edim hər düşən yerdə. Dolaşmaya simlər, vurmaya pərdə, Gözəllər tək onda işvə, naz ola. Xəstə Qasım sözüm söylərəm əyan, Elə car eylərəm, bəyanbəbəyan. Qiymətin soruşsan, tamam on tümən, Nə ondan çox ola, nə də az ola. * * * Sevdiyim Qədəm basdın didələrim üstünə, Sən xoş gəldin, səfa gəldin, sevdiyim! Qurban olum siyah çeşmin məsdinə, Nə əcəb insafa gəldin, sevdiyim! Sabahadək didələrim uymazdı, Seyrağıblar qanımızdan doymazdı, O zalımlar səni mənə qıymazdı, Sən elədin vəfa, gəldin, sevdiyim! Əndəlib1 tək ayırdılar gülümdən, Ah çəkərəm ürəyimdən, dilimdən, Əğyar tənəsindən, mənim elimdən, Çəkdin cevri-cəfa, gəldin, sevdiyim! Yar yanmda yaslanaram mən yüz il, Sən təzə qönçəsən, mən şeyda bülbül, Bu dərd məni öldürərdi, yəqin bil, Sən dərdimə şəfa gəldin, sevdiyim! Mən Qasımam, sinəm haqqın kəlamı, Şükür haqqa, yar eşidib nalamı, Camalm şöləsi basmış alamı, Düşmüş qafdan, qafa gəldin, sevdiyim! * * * Sən nəsən Ləzgi Əhməd mənəm Füzuli nəsli, Bəhrlərdə mən ümmanam sən nəsən? Dərin kitabları məna eylərəm, Dərd bilənəm, söz qananam sən nəsən? Mən bilirəm, yoxdur sözüm əvəzi, Seçib, bəyənərlər sərraflar sözü. Dolanır, simruğun məndədir gözü, Yerim Qafdır, mən Sultanam, sən nəsən? İncil, Tövrat, Zənbur, sinəmdə Quran, Mərifətdə mənəm dəryayi ümman. Tikmədaşlı Qasım, İskəndər nişan, Şövkətdə mən Süleymanam, sən nəsən? * * * Sənəm, gəl Tərifli gözəllər gəlhagəl oldu, Yaşıllı, zərbaflı, allı Sənəm, gəl! Ovçunu görəndə maral baxışlı, Ay üzü birçəkli, xallı Sənəm, gəl! Aşıq odur bir söz desin özündən, Aləm bada gedər ala gözündən, Danışanda şəkər damar sözündən, Qaymaq dodaqları ballı Sənəm, gəl! Xəstə Qasım deyər: hənək hənəkli, Ağ üzündə qoşa xallar bənəkli, Ətlas nimtənəli, ipək köynəkli, Üstü-başı tirmə şallı Sənəm, gəl! * * * Şeyfullahını Qəzəb nak olanda, heydarı kərrar, Kafərə yetirdi seyfullahını. Cəbrayil şapərin salmasa yerə, Zülfüqar kəsərdi gavu mahını. O bəndi bağlayıb üstündə duran, Ayı mişak edib günə hayqıran. Şəhadət barmağıyla vurub sındırdı, Xeybərə yetirdi yadullahını. Əli Düldül mindi, Məhəmməd Buraq, Qulam astananda ya şahı çıraq. Abuzər Əlini eylədi qonaq, Qırx yerdə söylədi mehmangahını. Yığılıb bir yerə etdilər carı, Fatimə onları çox gördü karı. And içdi mən olum allaha sarı, Mövlam çölə qoymuyub qədəmgahını. Qəbul olsun Xəstə Qasmın duası, Ərənlər sərdarı Qəmbər ağası. Səs gəldi Fatmaya tutma bu bəhsi, Əli ərşdə vurur şeyfullahını. * * * Var Xiafət mülkünün şahənşahəni, Üç yüz altmış altı didabanı var. On iki sultanı, qırx səkkiz xanı, Dörd nəfər xoş xələt pasibanı var. Bir dəryadan baxır beş-on beş nəhəng, Həftdi, həşdi, hər birisi bir irəng. Beş kaman qurulmuş on yeddi xədəng, Hər birinin qeyri bir məqamı var. Bir qəsr görmüşəm Behişttək otaq, Altı min altı yüz altmış altı tağ. Otuz eyvanı var yüz on dörd çıraq, Hər birinin qeyri-bir nişanı var. Bir qəsr görmüşəm çin gözəlbəsər, Bir qəsrdə gördüm beş qönçeyi-tər. On iki yasəməndi, on dörd sənubər, Yüz iyirmi dörd min xiyabanı var. Könül həris deyil dünya malına, Yaşılına, tirməsinə, alına. Qara xan güvənsin öz mahalına, Xəstə Qasım kimi qəzəlxanı var. * * * Yaxşıdı Dəli könül, məndən sənə əmanət, Demə bu dünyada qalım yaxşıdı. Bir gün olar, qohum-qardaş yad olar, Demə ulusum var, elim yaxşıdı. Bir məclisə varsan, özünü öymə, Şeytana bac verib, kimsəyə söymə, Qüvvətli olsan da, yoxsulu döymə, Demə ki, zorluyam, qolum yaxşıdı. Qoçaqdan olubsan, qoçaq olgunan, Qadadan, baladan qaçaq olgunan, Aşıq ol, comərd ol, alçaq1 olgunan, Demə varım çoxdu, pulum yaxşıdı. Xəstə Qasım kimə qılsın dadını, Canı çıxsın, özü çəksin odunu, Yaxşı igid yaman etməz adını, Çünki yaman addan ölüm yaxşıdı. * * * Yaxşıdır Qüdrətən sən bir məclisə varanda, Yaxşı əyləş, yaxşı otur, yaxşı dur. Dindirəndə mərifətdən ver xəbər, Görən desin, bərəkallah yaxşıdır. İgidin mərfəti gərək dilində, Qocanın əsası gərək əlində, Biqeyrət oğulun ata yerində, Qaldığından qalmadığı yaxşıdır. Adam var ki, özgə bir işi bilməz, Qocalar da var ki, heç namaz qılmaz, Elə qohum var, bir məsrəfə gəlməz, Qeyri yadlar çox qohumdan yaxşıdır. Xəstə Qasım bir vaxt gəlir qonağın, Ona məsrəf olar düyilə yağın, O çox gülər, üzdən açıq qabağın, Bir şirin dil hamısından yaxşıdır. * * * Tər gülər Sənəm Tər getdim tər yarın tər xanəsinə, Tər mehman, tər eylər, tər gülər Sənəm, Tər xubdur, tər şuxdur, tər nazənindir, Tər deyər, tər söylər, tər gülər Sənəm. Tər zülfün tər burmuş tər buxağmda, Tər bəyaz, tər əhmər1, tər yanağmda, Tər şəkər, tər damar, tər dodağmda, Tər tutub, tər dişlər, tər gülər Sənəm. Tər qəmzən, tər xədəng, tər sinəsində, Tər atmış tər peykan tər sinəsində, Tər asmış, tər narm, tər sinəsində, Tər dəyməz, tər saxlar, tər gülər Sənəm. Tər çeşmi, tər cadu, tər fıtnəlidir, Tər lalə tər dərib tər tutmalıdır, Tər miyan, tər gərdən, tər sonalıdır, Tər durub, tər gəzər, tər gülər Sənəm. Tər bülbül tər qonar tər budağmda, Tər Məcnun tər gəzər, tər budağmda, Tər lalə tər bitər tər budağmda, Tər Qasım tər dərər, tər gülər, Sənəm! * * * Kitabxana.az · https://kitabxana.az/collections/xeste-qasim-qosmalar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1760). Public domain (author died 1760). Original text only.