Təcnislər Xəstə Qasım (1684–1760) Ahular məni Gecə-gündüz ağlaram mən dərində, Qocaltdı nalalar, ahular məni. Yarəbim, bu dərdü-nalam eşidib, Gəlibdi qapında, ahular məni. Həkkak istər həkk etməyə qaimdi, Həqiqətin qapısında qaimdi, Çox yaxşıdı öz dinində qaimdi, Cahil müsəlmanlar ahular məni. Xəstə Qasım, kim yaraşır əğyara, Bayqunu gör, məskən salmış ağ yara, Bilmənəm ki, neyləmişdim əğyara, Yatar, durar, hər dəm ahular məni. * * * Bilər Oyandı sünbüllər, səcər gətdi bar, Orda min bəşər var, yeddi sin bilər. Bu yazan ustanın nə xoş xətti var, Yazıbdı mim üstə, yeddi sin bilər. Sevdicəyim övliyalar vəlidi, Sərrafın dəstində dürdü, ləl idi. Mənim fikrim-zikrim gözəl Əlidi, Ər odur ki, mehdin yeddi sin bilər. Mən Xəstə Qasımam yeddi sin billəm, Bir aya oxuram, yeddi sin billəm. Bir qafı oxuyaram, yeddi sin billəm, Söz odur yeddinin yeddi sin bilər. * * * Bir incə Ey sevdiyim, naməhrəmə görünmə, Çək niqabın, gir laçına bir incə. Gecə-gündüz həsrətini çəkməkdən, Dərdim oldu o dağların birincə. Abı döndü, yaşıl qofta, qara bağ, Seyr eyləsən çox dağlarda qara bax. Üç cülyədə məskən salıb Qarabağ, Biri Xaçın, biri Tərtər, bir İncə. Xəstə Qasım qulluq eylər damağa, Qulluq eylə, ta yetəsən damağa. Ləbin şəhdi ləzzət verər damağa, Necə röğən16 ləzzət verər birincə. * * * Çaphaçap Bir gün iki sultan bir taxta çıxmış, Ox atarlar bir-birinə çaphaçap. Nazlı dilbər mənə sitəm eylədi, Könlümün şəhrinə saldı çaphaçap. Ağlaram, didəmdən yaş, irin gələr, Əmərəm, ləbindən ya şirin gələr, Deyərlər qəsrindən ya Şirin gələr, Fərhad kimi vur, dağları çaphaçap. Xəstə Qasım deyər: yar, dada1 gəlsin, Eşqin atəşindən yar dada gəlsin. Bir namə göndərim yar dada gəlsin, Qurban ollam sənə qasid, çaphaçap. * * * Həmayıl oldu Yatmışdım üstümə gəldi bir pəri, Yenə yar sevdası həmayıl oldu. Dərdi-qəmin cana əsər elədi, Qolların boynuma həmayil oldu. Təbib görsün yaralarım, sinəm aç. Öz əlinlə bu düyünüm, Sənəm, aç. Demiş idin, hər gün verrəm sənə maç, Günüm aya döndü, həm ay il oldu. Vardım dost kuyinə, səg sana durdu, Dərdim tək bir ikən, səksənə durdu. Dost bizi görəntək səksənə durdu, Gözəllər qəflətən həm ayıl oldu. Seyrana duruban ağladı gəldi, Gülməyə gəlməzdi, ağlada gəldi. Xeyrin, şərin bilib ağla da gəldi, Yarım cahil ikən, həm ayıl oldu. Qara bağrım o gözəllər içində, Əyilən sən, o gözəllər içində. Xəstə Qasım o gözəllər içində, Könlüm bir gözələ ha mayıl oldu. * * * Sənəm al Lal olur bülbüllər sovulanda gül, Lalə libas geyinmisən, Sənəm, al! Ləblərindir mənə abı-səlsəbil, “La” demərəm, bir canım var, Sənəm al! Lazım olur yoxsul üçün bircə mal, Leyli isən göstər, Məcnuna camal. Laf eyləmə, var, Saqidən bir cam al, Leysan seçmiş məni eylər sənə mal. Qasım, sən dur məclisində sini sal, Oxu dərsi, lami, mimdən sini sal. Bir o günü var, yadına sini sal, Laşərikdən yoldaş olmaz, Sənəm, al! * * * Yayınur Bir gözəlin camalına mayılam, Nə müddətdir gözəl məndən yayınur, Mən qurbanam ağ üzündə o xala, Zənəxdanın şöləgahı yayı nur. Xəstə könlüm yar bəsləmiş, həmdərdi, Dərdbilməzə demək olmaz həm dərdi, Bir igidin yaxşı olsa həmdərdi, Qışı nurdur, yazı nurdur, yayı nur. Xəstə Qasım bu ləzgini yaratar, Çətin gündə çətin səni yar atar, Üz çevirsə, müjgan oxun yar atar, Əli nurdur, oxu nurdur, yayı nur. * * * Yayılan məni Payız dərdim, qış möhnətim, yaz qənim, Hicran tapdaq etdi yayılan məni. Götür qələm, sərxəttimi yaz mənim, Qoyma dərgahından yayılan məni. Hüsn içində yar almısan, yar alım, Soruşmadın, halın nədir yar alım. Gəncin üstən götürmərəm yar əlim, Ya əqrəb dişləyə, ya ilan məni. Məhrum olmaz, şəcər qucub nar əmən, Sənsiz getməm, behiştə mən, narə mən. Təcüb qaldım, qoynundakı narə mən, Niyə atar sərxoş, yay ilan məni? Xəstə Qasım gördü, əmanə gəldi, Qəvvaslar dürr üçün əmanə gəldi. Sinəm ox zərbindən əmanə gəldi, Dəxi nə tapdarsan yayılan məni. * * * Tər gülər, Sənəm Tər getdim tər yarın tər xanəsinə, Tər mehman, tər eylər, tər gülər Sənəm. Tər xubdur, tər şuxdur, tər nazənindir, Tər deyər, tər söylər, tər gülər Sənəm. Tər zülfün, tər bulmuş tər buxağında, Tər bəyaz tər əhmər, tər yanağında. Tər şəkkər. tər damar, tər dodağında, Tər tutub, tər dişlər, tər gülər Sənəm. Tər qəmzən, tər xədəng, tər sinəsində, Tər atmış, tər peykan, tər sinəsində. Tər asmış, tər narın, tər sinəsində, Tər dəyməz, tər saxlar tər gülər Sənəm. Tər bülbül tər qonar tər budağında, Tər Məcnun tər gəzər, tər budağında, Tər lalə tər bitər tər budağında, Tər Qasım, tər dərər, tər gülər, Sənəm! * * * Kitabxana.az · https://kitabxana.az/collections/xeste-qasim-tecnisler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1760). Public domain (author died 1760). Original text only.