Gəraylılar Şah İsmayıl Xətai (1487–1524) Bir söz Sözünü bir söyləyənin Sözünü edər sağ bir söz. Pir nəfəsin dinləyənin Yüzünü edər ağ bir söz. Bir söz vardır xalq içində, Dəxi söz var xülq içində, Olmaya ki, dəlq içində Deyəsən çarqadağ bir söz. Söz vardır, kəsdirər başı, Söz vardır, kəsər savaşı, Söz vardır ağulu aşı, Bal ilən edər yağ bir söz. Sözünü yaxşı bişirgil, Yaxşı us ilə düşürgil, Yaramazını şaşırgil, Canına olur dağ bir söz. İstərəm görəyim yarı, Bu rəmzi anlagil barı, Hezaran əhli-iqrarı Elər qara toprağ bir söz. Şah Xətayi ayatından, Sözün söylə öz zatından, Olmaya kim, pir qatından Səni edə irağ bir söz. * * * Dedilər Qırxlar meydanına vardım, Gəl bəri, ey can, dedilər. İzzət ilə salam verdim, Gəl uş də meydan dedilər. Qırxlar bir yerdə durdular, Otur deyə yer verdilər, Önümə surba sərdilər, Əl loğmaya sun dedilər. Qırxların qəlbi durudur, Gələnin qəlbin arıdır, Gəlişin hardan bəridir, Söylə, sən kimsən? – dedilər. Gir simayə, belə oyna, Silinsin, açılsın ayna, Qırx il qazanda dur, qayna, Daha çiy bu tən dedilər. Gördüyünü gözün ilə Söyləmə sən sözün ilə, Ondan sonra bizim ilə Olasan mehman dedilər. Düşmə dünya möhnətinə, Talib ol haqq həzrətinə, Abi-Zəmzəm şərbətinə Barmağını bən dedilər. Şeyx Xətayi, nədir halın? Haqqa şükr et, qaldır əlin. Qeybətdən kəsə gör dilin, Hər qula yeysən dedilər. * * * İstərlər Sərsəri, girmə meydana, Aşiq, səndən yol istərlər. Qəllaş ilə oturmadan İman əhli pul istərlər. Bu yola girən oturmaz, Haqq sözə hiylə qatılmaz, Bunda heç hiylə satılmaz, Gövhərindən qul istərlər. Bir qılı min para edər, Bu yolu ixtiyar edər, Şahım bir yol qurmuş gedər, Yol içində yol istərlər. Şah Xətayi der: – Neylərsən? Hər müşkülü həll eylərsən. Arısan, çiçək iylərsən, Yarın səndən gül istərlər. * * * Kərəm eylə Gövhərin keçməyən yerdə, Satma, qardaş, kərəm eylə. Ləl daşını çay daşına Qatma, qardaş, kərəm eylə. Gördün bir yerdə aşina, Hər nə dersən öz başına, Yol daşını yol quşuna Atma, qardaş, kərəm eylə. Gördünsə bir yerdə rəqib, Neylərsən yüzünə baxıb, Münkiri qatara çəkib Getmə, qardaş, kərəm eylə. Xətayim çağırır, irə, Dünya belə gəlmiş zirə, Arif, oxun əbəs yerə, Atma, qardaş, kərəm eylə. * * * Nəzər eylə Aqil, gəl bəri, gəl bəri, Gir könülə nəzər eylə. Görür göz, eşidir qulaq, Söylər dilə nəzər eylə. Başdır gövdəyi götürən, Ayaq mənzilə yetirən, Dürlü məsləhət bitirən İki ələ nəzər eylə. Sufi isən, alıb satma, Halalına haram qatma, Yolun əyrisinə getmə, Doğru yola nəzər eylə. İki əlin qızıl qanda, Çox günahlar vardır məndə, Ya ilahi, kərəm səndə, Düşgün qula nəzər eylə. Xətayi aydır: – Ya ğəni, Verən mövla alır canı, Əvvəl kəndi-kəndin tanı, Sonra elə nəzər eylə. * * * Şah mənəm Allah-Allah, deyin, ğazilər, Ğazilər, deyin, şah mənəm. Qarşu gəlin, səcdə qılın. Ğazilər, deyin, şah mənəm. Uçmaqda tuti quşuyam, Ağır ləşkər ər başıyam, Mən sufilər yoldaşıyam, Ğazilər, deyin, şah mənəm. Nerdə əkərsən, bitərəm, Xanda çağırsan yetərəm, Sufilər əlin tutaram, Ğazilər, deyin, şah mənəm. Mənsur ilə darda idim, Xəlil ilə narda idim, Musa ilə Turda idim, Ğazilər, deyin, şah mənəm. Qırmızı taclı, boz atlı, Ağır ləşkər nisbətli, Yusif peyğəmbər sifətli, Ğazilər, deyin, şah mənəm. Xətaiyəm, ağ atlıyam, Sözü şəkərdən datlıyam, Murtəza Əli zatlıyam, Ğazilər, deyin, şah mənəm. * * * Yol əhlinin Dil ilə dərvişlik olmaz, Halı gərək yol əhlinin. Arıların hər çiçəkdən, Balı gərək yol əhlinin. Keçmək gərək dörd qapıdan, Qurtulasan mürəbbidən, Mürəbbidən, müsahibdən Əli gərək yol əhlinin. Mən gəzərəm dərdli-dərdli, Ötər firqətli-firqətli, Bülbül kimi ünü dadlı Dili gərək yol əhlinin. Mən gəzərəm ayıq-ayıq, Dəryalarda olur qayıq, Bülbülləri şaha layıq, Gülü gərək yol əhlinin. Xətayim der: – Quşaq quşan, Toz olur türaba düşən, Budur dərvişliyə nişan; Yolu gərək yol əhlinin. * * * Qamu Rum-u Çin-ü Xorasan-u Şam Qamu Rum-u Çin-ü Xorasan-u Şam, Açar bir bəy igid bunları tamam. Alıb Şam-u Rumı müsəxxər qılıb, Pəs ondan həva-yi Firəng eylərəm * * * Gəldim Bir nəfəscik söyləyəyim, Dinləməzsən, neyləyəyim? Eşq dəryasın boylayayım, Ümmana dalmağa gəldim. Eşq xərmənində sovruldum, Həm ələndim, həm yoğruldum, Qazana girdim, qovruldum, Meydana yenməgə gəldim. Mən haqqa oldum aşina, Qalmadı könlümdə nəsnə, Pərvanəyəm ataşına, Şəm’inə yanmağa gəldim. Şah Xətayidir özümdə, Heç xilaf yoxdur sözümdə, Əskiklik kəndi özümdə, Darına durmağa gəldim. * * * Kitabxana.az · https://kitabxana.az/collections/xetai-geraylilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1524). Public domain (author died 1524). Original text only.