Mürəbbelər Şah İsmayıl Xətai (1487–1524) Xubların sultanısan aləmdə, var, xan ol, yürü Xubların sultanısan aləmdə, var, xan ol, yürü, Aşiqin canında cansan, var, acanan, ol, yürü, Sən rəqibin məclisində şəm kimi yan, ol, yürü, Könlümüzü bizə ver də, Misrə sultan ol, yürü. Yerdə qalmaz çün biləsən, ey mələk, ahım mənim, Yalqıza yardım edər: vardır Allahım mənim, Bivəfalıq rəsmini əldən gedər şahım mənim, Könlümüzü bizə ver də, Misrə sultan ol, yürü. Neçə kərrə demədimmi gözləri ahu sana, Bivəfalıq etməmək gərək idi canu sana, Yürü, var ömrüm haman şimdən gerü yahu sana, Könlümüzü bizə ver də, Misrə sultan ol, yürü. Ya ilahi, bilməzəm kim, nolisər halım mənim, Könlüm aldı, müslimanlar, şimdi bir zalım mənim, Sevdigim, ömrüm, əfəndim, hey gülüm, balım mənim, Könlümüzü bizə ver də, Misrə sultan ol, yürü. Ey Xətayi, bulmadım bir yarü həmdəm dünyada, Ahü vahi keçdi ömrüm, neyləyim, mən dünyada, Sərv kimi sərkəş olasan haman sən dünyada, Könlümüzü bizə ver də, Misrə sultan ol, yürü. * * * Və’deyi-vəsl edəli bir qılca qaldı canımız Və’deyi-vəsl edəli bir qılca qaldı canımız, Göglərə irsə, iribdir, naləvü əfğanımız, Yola baxmaqdan çıxıbdır dideyi-giryanımız, Xanı, a zalım, səninlə əhdimiz, peymanımız? Gülşəni-baği-cinansan, eşq ola didarına. Mən dəxi bir bülbüli-şuridəyəm gülzarına, Yürü, ey yari-vəfasız, durmadan iqrarına, Xanı, a zalım, səninlə əhdimiz, peymanımız? Hər xaçan cami-şərabi-şiveyi nuş eylədin, Etdigin qövlü qərarı həp fəramuş eylədin, Çeşmi-məxmurinlə mən miskini sərxoş eylədin, Xanı, a zalım, səninlə əhdimiz, peymanımız? Al səhabi-ruyini hüsnin tək olsun hər zaman, Mehr ilə dolsun, mənim mahim, əzminü asiman. Söylədin könlüm alınca mənə min dürlü yalan, Xanı, a zalım, səninlə əhdimiz, peymanımız? Əbri-baran kimi ağlarkən Xətayi zar-zar, Gözünün yaşı edərdi, durma, derdin aşikar, Dün gecə kuyində oldum sübh olunca intizar, Xanı, a zalım, səninlə əhdimiz, peymanımız? * * * Kitabxana.az · https://kitabxana.az/collections/xetai-murebbeler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1524). Public domain (author died 1524). Original text only.