Gəraylılar Xəyyat Mirzə (1885–1922) Ayırma Sənə qurban olum, fələk, Dağları qardan ayırma! Bülbüllər oxusun bağda, Heyvanı nardan ayırma! Göyçəkdi yarın gözləri, Şirindi lətif sözləri. Cəmi əhli-mərəzləri Sən xoş xəbərdən ayırma! Axır ciyərmin qanı, Çağırıram dərd loğmanı. Mirzə kimi növcavanı Zülfü şahmardan ayırma! * * * Deginən Ana, sənə bir söz deyim, Sən də o yara deginən. Çox çəkirəm intizarın, Sinəm sədparə, deginən. Öpmədim onun üzündən, Doymadım ala gözündən. Namərd, hərcayı sözündən Uymasın sara, deginən. Yazıq Mirzə mükərrəri, Yazıb doldurub dəftəri. Bülbülü güldən ötəri Çəkirlər dara, deginən. * * * Kitabxana.az · https://kitabxana.az/collections/xeyyat-mirze-geraylilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1922). Public domain (author died 1922). Original text only.