Qoşmalar Xəyyat Mirzə (1885–1922) Əzizim Hicran dustağıyam, dərdə giriftar, Bu dərdimi kimsə bilməz, əzizim! Hərcayıdan mənə bir ox dəyibdi, Ölənədək üzüm gülməz, əzizim! Pozulubdur mən Mirzənin əsası, Seyraqubla qurtarmayıb davası. Deyərlər ki: «qabaq qoçun qisası, Heç buynuzlu qoçda qalmaz», əzizim! * * * Gəlməsin Yaqutdan, yəməndən, ləldən, gövhərdən, Yük tutmayan bu bazara gəlməsin! Bir xeyir ummasın bizim diyardan, Gəlsə də düşəcək dara, gəlməsin! Əgər bu meydana gəlsə də hər kəs, Üz-üzə mənimlə çəkə bilməz bəhs, Deyişmə başlanıb ucalanda səs, Qərq olar atəşə, nara gəlməsin! Ustaddan dərs alıb sürməyən səfa, Arif məclisində çəkəcək cəfa, Əsəd, Nəcəf, Ələsgərdən məsafa Qeyri aşıq bu diyara gəlməsin! Ariflər əyləşib, el düzüləndə, Dərya dalğalanıb, göl düzüləndə, Sərraf seçiləndə, ləl düzüləndə, Olacaqdır bağrı para, gəlməsin! Alimlər əyləşib, biz yoxlananda, Xəyyat Mirzə qorxmaz yüz yoxlananda, Ustadlar seçəndə, söz yoxlananda, Düşəcəkdir, boran, qara, gəlməsin! * * * Gözəl qız Sallana-sallana gedən gözəl qız, Ay qız, bu güzarın bulağadırmı? Niyə gec gəlirsən, tez qayıdırsan, Tez gəlib, gec getmək qadağadırmı? Mən qurban sən təki aynaqabağa, Zibi-zənəxdana, gülgəz yanağa. O bəyaz bədənə, o ağ buxağa, Şəkkərin şərbəti dodağadırmı? Ölməyib tapaydın həyat, ay Mirzə, Olmaz sənin kimi xəyyat, ay Mirzə, Bərələri pusan səyyad, ay Mirzə, Canın yar yolunda sadağadırmı? * * * Dolanır Könül quşu yenə havalanıbdı, Qalxıb ərş üzünə tağı dolanır. Bilməm hansı vəfadara uyubdu, Əyər olsa həyat, bağı dolanır. Qüdrətdən çəkilib ağ nazik əllər, Rizvan şanəsində daranır tellər, Yarın oylağında gəzən gözəllər, Cümləsi canıma yağı dolanır. Mən oldum dünyada sənətə pərgar, Hayıf sözlərimə yoxdu xiridar, Mənə möhkəm ilqar verən nazlı yar, Əğyar məclisində saqi dolanır. Bilməm dostum hansı, düşmənim hansı, Üzümə kəm baxdı xubların xası, Dostun məzəmməti, düşmən tənəsi, Xəyyat Mirzə, qəm otağı dolanır. * * * Xoş xəbərdimi Ağrın alım, namə, söylə eşidim, Bizə gətirdiyin xoş xəbərdimi? Ağ nazik əllərlə, incə barmaqla, Səni yazan görüm o dilbərdimi? Görünmür çoxdandı, halım pərişan, Bu qədər cəfaya dözərmi insan?! Söylə, açıq söylə, sevdiyim canan Mənim bu dərdimdən xəbərdardımı? Nə vaxtdı gözlərəm sənin yolunu, Gəl, sevindir Mirzə kimi qulunu. Gizlətmə yarımın xoş əhvalını, Yoxsa gətirdiyin dərdi sərdimi? * * * Qalmışam Ay ariflər, nə bəlalı qul oldum, Gecə-gündüz ahu-zara qalmışam. Sahibsiz otaqda qəribə mehman, Meyvəsiz bağçaya, bara qalmışam. Yalan olmaz şairlərin dilində, Şivəsində, əməlində, felində. Leyli yarım qalıb Yəmən elində, Məcnun təki mən avara qalmışam. Qürbət eldə bağrı qan olan Mirzə, Əğyarnan cananı can olan Mirzə, Arif məclisində xan olan Mirzə – Nə olub, keçələ, kora qalmısan?! * * * Var Hicran xəstəsiyəm dərdə giriftar, Mənim bu dərdimin nə loğmanı var. Nə ömrüm tamamdır borcdan qurtaram, Nə cərrah əlacı, nə dərmanı var. Sərgərdan qalmışam əlacdan naçar, Namərd qaydasıdır arxadan qaçar, Qəlbin sandığına olaydım açar, Açaydım, görəydim nə gümanı var. Dərdimi demərəm nə qəhrəmana, Nə Sama, Rüstəm tək bir pəhləvana, Şikayət eylərəm adil divana, Nə mülkü, şəriki, nə məkanı var. * * * Yoxdur şıqlar çıxıbdı Kür qırağına, Heyif kənarında sonası yoxdur! Bahar fəsli yamyaşıla bürünər, Üç ay zimistanın havası yoxdur! Dərin-dərin dəryalarda yüz yaşa. Əldə qələm, davat tutub yaz, yaşa! İstər əlli yaşa, istər yüz yaşa, Axır bu dünyanın vəfası yoxdur! Olmuşam səhlənkar, düşmüşəm düzə, Məcnunun Leylisi görünmür gözə. Hicran xəstəsisən, Divanə Mirzə, Sənin bu dərdinin davası yoxdur! * * * Kitabxana.az · https://kitabxana.az/collections/xeyyat-mirze-qosmalar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1922). Public domain (author died 1922). Original text only.