Bayatılar Qasım bəy Zakir (1784–1857) Bir Tərtər, bir İncə var Bir Tərtər, bir İncə var, Camçapar bürünc ovar Aşiqin gizli dərdi Dağların birincə var. * * * Bağında birgəzən var Bağında birgəzən var, Bürünmüş bürqə zənvar. Xəyalım dağınıqdır, Könlümdə bir gəzən var. * * * Aşiq o yağiləndir Aşiq o yağiləndir, Piltə o yağ iləndir. "Vəhdəhu la şərik"in Lütfü oyağ iləndir. * * * Aşiqəm gör düğünü Aşiqəm gör düğünü, Ay doğdu, gördü günü, Cənnətdə görməz aşiq Qoynunda gördügünü. * * * Aşiq Minayə dəgər Aşiq Minayə dəgər, Xalın Minayə dəgər, İl var bir günə dəgməz, Gün var min ayə dəgər. * * * Gəldi bir baqi süvar Gəldi bir baqi süvar, Bağban, sən bağı suvar. Gül dəftərin bükübdür, Bülbülün baqisi var. * * * Gəldi bir yaxşı süvar Gəldi bir yaxşı süvar, Gir bağa yaxşı suvar: Aləmin malü mülkü, Aşiqin yaxşısı var. * * * Yorğanında birə var Yorğanında birə var, İki qumuq, bir avar. Rüstəmi-zal olasan, Fələk səni bir ovar. * * * Gətirdin abugərdən Gətirdin abugərdən, Ver mürğə a bekar, dən, Bilmədin yar qədrini, Sınasan, a bu gərdən. * * * Aşiq hərayə çatar Aşiq hərayə çatar, Oxur hər ayə çatar, Can çıxdı, canan gəlməz, Haray harayə çatar? * * * Dur atlan, yanına var Dur atlan, yanına var, Oxlanan yanın ovar, Dindirərəm dinməzsən, Arada yenə nə var? * * * Gözüm, səndə səda var Gözüm, səndə səda var, İskəndərvar səda var Deyirlər canan gəlir, Bir beləcə səda var. * * * Şuşa var, Dağdana var Şuşa var, Dağdana var, Mürğ üçün dağ dən ovar, Göz yaşım selə döndü Endidi dağda nə var. * * * Kitabxana.az · https://kitabxana.az/collections/zakir-bayatilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1857). Public domain (author died 1857). Original text only.