Gəraylılar Qasım bəy Zakir (1784–1857) Bənzər meyxanədə sərxoş Bənzər meyxanədə sərxoş İki tərsayə gözlərin. Dəxi sürmə nə hacətdir, Can alır saye gözlərin. Kaman qaşın peyvəstdir, Oxları dilnişəstdir, Guya hinduyi-məstdir, Giribdi yayə gözlərin. Zülfün könüllər məskəni, Pabəst eylər hər görəni; Məcnun tək, aqibət, məni Salır səhrayə gözlərin. Neyləmişəm o xunxarə, Müttəsil baxar əğyarə, Bir dəm eyləməz nəzzarə, Məni-rüsvayə gözlərin. Bir tərəfdən artırar qəm, Bir tərəfdən edər mərhəm, Həm öldürür Zakiri, həm Qaçar hərayə gözlərin. * * * Bəhri-bəlayə qərq oldum Bəhri-bəlayə qərq oldum, Dişi durdanədən ayrı. Yanmaqda məni bilməyin Oda pərvanədən ayrı. Saqi, məni namuradə Dərdi-sər vermə ziyadə; Hərgiz içərəmmi badə Çeşmi məstanədən ayrı? Xəbər alsan mürği-canı, Tari-mudur aşiyanı; Bir-bir zülfü-pərişanı Dolanır şanədən ayrı. Sevdiyim məni dağ eylər, Qeyr ilə ittifaq eylər, Hər zaman seyri bağ eylər Məni-divanədən ayrı. Öləndə Zakiri-xəstə Növcavanlar dəstə-dəstə Gəlməsin qəbrimin üstə, Deyin, cananədən ayrı. * * * Bilməm neçin ölməyirəm Bilməm neçin ölməyirəm Bərkiyibdir üzüm sənsiz. Həg bilir ki, öz işimə Təəccübəm özüm sənsiz. Qəmi-eşqin varə-varə Əsər etdi dili-zarə. Çıxsın, səndən özgə yarə Əgər baxsa gözüm, sənsiz. Nəzər sallam solü sağa, Bir kimsə yox danışmağa, Bu qədər dərdi-fərağa Axır necə dözüm sənsiz. Gələ gör ki, növcəvanım, Qalmadı tabü təvanım; Lal olub nitqi-zəbanım, Tükənibdir sözüm sənsiz. Zakirəm, çəkirəm əfğan, Bülbül kimi şəbi-hicran, Əli qoynunda, sərgərdan Nə vəqtədən gəzim sənsiz?! * * * Bu növi qaşü göz olmaz Bu növi qaşü göz olmaz, Məgər bəxşi-xudadır bu? Hər atanda yüz qan eylər, Qiyamət oxu yadır bu. Dərində, ey padişahım, Əflakə yetişdi ahım; Bir demədin, qibləgahım, Görün necə gədadır bu. Bu qədər eylərəm şivən, Sanma vəslin dilərəm mən. Həmin bu yetər deyəsən Kim, bizim binəvadır bu. Məni-bidil, biqərarı Öldür, qurtar səni tarı! Kuyində görmək əğyarı – Əlhəq, mənə cəfadır bu. Yaya girib iki hindu, Ox atar Zakirə hər su; Çox görmüşəm çeşmü əbru, Göz deyil, bir bəladır bu. * * * Bu növi ki, çərxi-fələk Bu növi ki, çərxi-fələk Bizim ilən mədar eylər, Az çəkər ruzigarımı Zülfün tək tirə-tar eylər. Su oynağı olan mənzil Səbz olmaya, mümkün deyil, Göz yaşı tökdükcə könül Dəxi də çox qübar eylər. Yolunda keçmişəm sərdən, Əbəs yerə bəyaz gərdən Belə ki, saldı nəzərədən, Kim mənə etibar eylər. Zülfündü pəri-pərvazın, Kimdir ki, çəkəməyə nazın, Dəmbədəm çeşmi-şahbazın Dil mürğünü şikar cylər. Qəm ləşkəri dəstə-dəstə Hər tərəfdən gəlir üstə; Bilməzəm, Zakiri-xəstə Onsuz necə qərar eylər?! * * * Dedim dilbərə: ey zalım Dedim dilbərə: ey zalım Bu qədər də qan olurmu? Dedi: pərvanə yanmaqdan Şəmə bir nöqsan olurmu? Eşq əhlinə ol şəkərləb Hər görənədə eylər qəzəb. Öldürəndən sonra, yarəb, Görən, peşiman olurmu? Dil bağladım bir dilbərə, Yıxdı evimi göz görə; Əqli olan gözəllərə Valehü heyran olurmu? Sevdiyim, Allahı sevər, Ahımdan eyləmə həzər; Ta əsməsə badi-səhər Qönçələr xəndan olurmu? Təbibə götürüb pərdə, Dedim: bir od var cigərdə; Dedi: Zakir, elə dərdə Təbibdən dərman olurmu? * * * Keçdi növbəti zimistan Keçdi növbəti zimistan, Yenə fəsli-bahar oldu. Əndəlibi-binəvanın Sənəti ahü zar oldu. Yasəmənü gülü lalə Bir çəməndə qurub halə; Ərfüğan tutub piyalə, Nərgis içib xumar oldu. Əmr olundu, abi-niysan Cansızlara bəxş etdi can. Yenə təzələndi dövran, Nə gözəl ruzigar oldu! Səbzpuş olub çəmənlər, Qaldıdı hər şükufə sər. Oyan, ey bəxti-bixəbər, Yatan hamı bidar oldu. Əlac oldu hər bimarə, Tapıldı dərdinə çarə. Elə, həsrət qalan yarə Zakiri-dilfikar oldu. * * * Könül, uyma bivəfayə Könül, uyma bivəfayə, Axır səni xərab eylər; Salıb eşqin atəşinə, Cigərini kəbab eylər. Dil bağlama bir dilbərə, İstər yolunda can verə. Beş gün keçməz, əbəs yerə, Görərsən, inqilab eylər. O zaman ki, dönər üzü, Bəhanəli olar özü, Açar, çəkər, iki sözü Uzadıb bir kitab eylər. Onlarda olmaz, müxtəsər, Mehri məhəbbətdən əsər. Sənə biganədən betər Cəfa verib əzab eylər. Zakir, sevən kəs novcavan Gərək eyləyə imtəhan. Sonradan olur peşiman Hər kimsə ki, şitab eylər. * * * Gecə-gündüz gözüm, könlüm Gecə-gündüz gözüm, könlüm Qan-yaş tökər yar əlindən, Baş alıb gedim nə yana Bu iki xunbar əlindən. Müddətdi, can idi xəstə, Səngi-sitəmlə şikəstə; Tapşırdım nərgisi-məstə, Qurtardım bimar əlindən. Düşmüşdü dili-divanə, Dami-zülfi-pərişanə, Aldı bir şəkl ilə şanə Turreyi-tərrar əlindən. Məşhər günü pirü novrəs, Şikayət edəndə hər kəs, Bəlkə deyəm, ey dadrəs! Dad çeşmi-xumar əlindən! Boynu buruq kəsib yanın, Həmin ki, ola qurbanın, Gəlməz Zakiri-şeydanın Bundan qeyri kar əlindn. * * * Gözəl çox olur, sevdiyim Gözəl çox olur, sevdiyim, Sən nə ziyadə göyçəksən; Zikri-ləbin dəhanımı Gətirir dadə, göyçəksən. Söylədi behiştdən gələn; Sənin tək yoxdu müstəhsən. Əvvəl elə bilirdim mən Bizim aradə göyçəksən. Aşiq alıbdır dörd yanın, Atarsan növki-müjganın, Əsirgəməzsən peykanın, Əcəb üftadə göyçəksən. İxtilatındır məzəli, Sözündən canlar təzəli, Ellərdi bəzək gözəli, Vəli, sən sadə göyçəksən. Hədyan söylər öz-özünə, Qatışma onun sözünə; Giribsən Zakir gözünə, Bilməzəm yadə göyçəksən. * * * Günəş pərtövəfkənliyi Günəş pərtövəfkənliyi Ruxi-zibadən öyrənmiş, Tuti şəkkər-şikənliyi Ləbi-guyadən öyrənmiş. Zülfün könüllər pənahı, Qaşlarındı qibləgahı; Ahular tərzi-nagahı Çeşmi-şəhladən öyrənmiş. Sərkəşliyə olub mötad, Üftadəsin eyləməz yad; Bu şiveni sərvi-azad Qədi-rənadən öyrənmiş. Düşdükcə yadıma tellər, Sızıldaram uzun illər; Ahü əfğanı bülbüllər Dili-şeydadən öyrənmiş. Zakir tək mərdi-mərdanə, Can verir vəsli-cananə; Oda yanmağı pərvanə Məni-rüsvadən öyrənmiş. * * * Neyləmişəm, incimisən Neyləmişəm, incimisən Yenə ey gülbədən məndən? Zahirən, vardır təzədən Sənə bir söz deyən məndən Qəm evində zar olalı, Eşqə giriftar olalı, Yarımadıq yar olalı, Nə mən səndən, nə sən məndən. Mailəm çeşmi-qəzalə, Olmuşam dərdə həvalə, Əl götürməz ahü nalə Gecələr sübhədən məndən. Pərişan etdin halımı, Əyibsən qəddi-dalımı; Nə deyim, tanrı zalımı Xəbər alsa, görən, məndən? Yox olub Zakirin varı, Günbəgün artar azarı; Xəbrdar eyləyin yarı, Ey Allahı sevən, məndən. * * * Neçin ol səngdil, bu mən Neçin ol səngdil, bu mən Çəkən əfğanə bir baxmaz? Gözümdən seyl tək hərdəm Axan al qanə bir baxmaz? Götürüb qönçə sərpuşun, Cəm eyləib əqlü huşun, Veribdir bülbülə guşun, Gülü xəndanə bir baxmaz. Hanı Şirin, hanı Leyli, Var idi aşiqə meyli; Dəhrdən getdi gileyli, Keçən dövranə bir baxmaz. Çeşmi-xumarın görəndə Can çıxar durmaz bədəndə, Mey içib sərxoş gəzəndə Dönüb məstanə bir baxmaz. Səg rəqibi harda görcək, Görərsən deyib güləcək. Mürüvvətdirmi Zakir tək Münasib xanə bir baxmaz. * * * Nə müddətdir dost yolları Nə müddətdir dost yolları Bağlanıbdır, xəbər gəlməz. Nə bir namə, nə bir qasid, Heç biri, müxtəsər gəlməz. Yazaram, eylərəm minnət, Gah aşikar, gahi xəlvət. Yəqinimdir o bimürvət Həqdi, gəlləm deyər, gəlməz. Hərdəm artırır qəzəbin, Soruşan yoxdur səbəbin; Yad etməkdən ləlbi-ləbin Döndü qanə cigər, gəlməz. Xəbər aldım dönə-dönə, Yar qəhrin çəkən kimsənə, Əlhəqqi, çox dedi genə; Bivəfadan səmər gəlməz. Lütf eylə Zakiri-zarə, Baxma təneyi-əğyarə, Qiyamət qopsa, xublarə Aşiqindən zərər gəlməz. * * * Nə faidə, ildə bir yol Nə faidə, ildə bir yol Olur lazım sizə qurban. Mən istərəm sənə gündə Olam tazə-tazə qurban. Əqlü huşi, din imanı Etmişdim qaşın qurbanı; Dur öldür, sevdiyim, canı Gətirmişəm gözə qurban. Eşq əhli cüstü cuyində, Dolanır dövri-ruyində, Yatarlar səri-kuyində, Tökülübdür düzə qurban. Deyin sərvi-güləndama; Öldürsün, yetişim kama; Müşküldür gələn bayrama Acü susuz dözə qurban. Siyəh zülfün kəmənd eylə, Zakiri payibond eylə; Etibar yoxdu, bənd eylə, Qoyma açıq gəzə qurban. * * * Sənin günəş camalına Sənin günəş camalına Olsun şəmsü qəmər sədqə; Gözünə, rüxi alına Nərgisü güli-tər sədqə. Dur sallan,ey şahi-xuban, Düşsün əyağına yüz can. Yay qaşlara vəsmə qurban, İncə belə kəmər sədqə. A yanağa siyəh birçək, Təəccüb, yaraşır göyçək; Hər telinə yüz mənim tək Aşiqi-dərbədər sədqə. Mayiləm xülqü xuyuna, Valehəm göftiguyuna, Dəmbədəm səgi-kuyuna Parə-parə cigər sədqə. Zakirinəm, rəhm et mənə, Üz tutub gəlmişəm genə; Çıx xanədən, olsun sənə Neçə əhli-nəzər sədqə. * * * Uçur gören məzarımı Uçur gören məzarımı Sanır ki, onda xakəm mən. Heç deməz ki, yardan ayrı Ləhəd tək sinəçakəm mən. Şəhidi-eşqdir tənim, Nə hacət qüslü kəfənim, Göz yaşı yuyub bədənim, Dəfn eyləyin ki, pakəm mən. Üstümə gəlsə ol nigar, Qoymun nəbzim tuta zinhar; Barmaqları qabar atar, Ziyadə suznakəm mən. Qəsdin imtahandı əgər, Bunca cövrü cəfa yetər, Tut əlimi, nazlı dilbər, Dərd əlindən həlakəm mən. Zakirəm ləbi- meyguna, Cigərim dönübdür xunə, Nisbətim vermə Məcnunə, Bir aşiqi bibakəm mən. * * * Fələk, səndə nə adətdir Fələk, səndə nə adətdir Ayırmaq yarı yarından, Məgər həzər etməzmisən, Aşiqin ahü zarından? Giriftari-kəmənd oldum, Günbəgün dərdmənd oldum, Boynuma keçdi, bənd oldum, Bir muy zulfi-tarından. Hər kimsə ki, aşiq ola, Mənim kimi həsrət ölə, Bir əlin qoyun çölə, – Tanısınlar məzarından. Rəhi-eşqində öldüm mən, Gəlib görsə edər şivən; Götürün, Allahı sevən, Nəşim rəhgüzarından. Qalmayıb şövkətü şanı, Dəxi ol sən gören hanı, Sevdi bir qönçədəhanı, Zakir yox oldu varından. * * * Hər aşiqin bir yarı var Hər aşiqin bir yarı var, Əlamətdi mənim yarım. Başdan ayağa naz ilə Nəzakətdi mənim yarım. Gedəndə, getməyib mən də, Ayrılıb can qaldı səndə; Məhəbbət elə düşəndə, Əmanətdi mənim yarım. Çəkərsən ruyinə pərdə, Salarsan aşiqi dərdə; Üz gizləmək gözəllərdə Nə adətdi, mənim yarım?! Şikəstə Zakiri görcək Üstünə qəmzə tiğin çək. Aşiqə kuyində ölmək Səadətdi, mənim yarım! * * * Hüsnün sultanı gözlərə Hüsnün sultanı gözlərə Tamam xanü paşa qurban. Şəbnəm kimi gül üzündə Qətrə-qətrə yaşa qurban. Olmuşam dərdə həvalə, Çəkirəm sübhədən nalə; Əqlü huşum-zülfü xalə, Mən özüm-yay qaşa qurban. Götür tiğini dəstinə, Can sədəqədir şəstinə, İki nərgisi-məstinə Gətirmişəm qoşa qurban. Bir aşiq bəsdir qurbana, Batma munca nahaq qana; Yatar dərində yan-yana, Veribdir baş-başa qurban. Qətl eylə Zakiri-zari, Yoxdur özgə tələbkari, Ondan qeyri, səni tari, Kəsmə, həddən aşa qurban. * * * Cəfa çəkdim, bağ yetirdim Cəfa çəkdim, bağ yetirdim, Gülşəni xarə tapşırdım. Bunca fikrü xəyal etdim, Tapmadım çarə tapşırdım. Ölsəm qoyun, sizi tarı, Yönümü dilbərə sarı. Özüm öz əlimlə yarı Bu gün əğyarə tapşırdım. Nə qədər eylədim minnət, Vəslinə vermədi fürsət; Lailac olub, aqibət Gənci şəhmarə tapşırdım. Qaldım misali-pərvanə, Eşq oduna yanə-yanə; Canı göndərdim cananə, Dili dildarə tapşırdım. Xəstə Zakir kimi hanı Könlü olan qəm məkanı? Mən öldüm, ahü əfğanı Bülbüli-zarə tapşırdım. * * * Kitabxana.az · https://kitabxana.az/collections/zakir-gerayli İctimai mülkiyyət (müəllifin vəfat ili: 1857). Public domain (author died 1857). Original text only.