Mənzum hekayələr Qasım bəy Zakir (1784–1857) Aşiq və məşuq haqqında Aşiqə dedilər: filan məşuqə Neçə gündür düşüb yorğan, yastuqə. Necə daşa dönüb canın, cigərin, Yoxdur binəvadən sənin xəbərin? O, yatar orada xəstəvü rəncur, Sən gəzərsən munda dilşadü məsrur”. Sərasimə yola düşüb biçarə, Varid oldu sərmənzili-dildarə; Gördü gül bədəni nasaz olubdur, Bərgi-xəzan kimi rəngi solubdur. Heyrət ilə baxıb o yan-bu yanə, Dolandı başına misli-pərvanə. Dedi: “sana nolmuş, ey arami-can, Olubsan ha beylə zarü natəvan?” Dedi ki: “üç gündü bilməzəm nəmdi, Mənzilü məkanım bəstəri-cəmdi. Yox yanıma hərgiz bir gəlib gedən, Nə ğiza bişirən, nə sual edən”. Hazır edib fəqir düyüdən, yağdan, Qazandan, sacaqdan, oddan, ocaqdan. Qoydu mərizinə şorba binası. Şöylə dağılmışdı fikri, həvası. Qəvamə gəlibən dik edəndə cuş, Biçarə eləyib özün fəramuş. Əlin salıb dikə manəndi kəfgir, Bivəhm bulardı hər yana fəqir. Məşuqi-natəvan görüb əhvalı, Söylədi: nə işdir, ey laübalı? Od tutub yanarsan misli-səməndər, Çək əlini, ey binəva, nə xəbər?!” Biçarə çıxartdı əlin bir zaman, Ət tökülüb qalmış idi üstüxan. Əyyami-vəsldə aşiqi-didar, Mütləqa özündən olmaz xəbərdar. Görmüşəm nüsxədə kəlami-fəsih, Nə kəlami-fəsih, hədisi-səhih. Ol şiri-bişeyi-xaliqi-əkbər, Sahibi-Zülfüqar, ağayi-Qəmbər Kim, sabiqa hadisati-qəzadən Yarə götürmüşdü tiri-ədadən. Mübarək payinə toxunub peykan Çubi-peykan sınıb, xüd özü haman Qalmış idi üstüxani-mövladə, Rəncü ələm yetirirdi ziyadə. Nə qədər cərrahi-kamil gəlirdi, Peykanı çəkməkdə aciz qalırdı. Buyurdu rəsuli-xətmi-ənbiya, Şafei-qiyamət, əmini-xuda: “Ol zaman ki, Əli səcdəyə gedər Mütləqa özündən olmaz müstəhzər. Dilü canı olur cananə vasil, Ənbur ilə çəkin peykani qafil”. Nə növ ki, buyurmuşdu ol sərvər, Birəncü bitəəb onu çəkdilər. Kim ki, zövqi-eşqi eyləyə inkar, Sən bil ki, zatında onun şübhə var. Eşq eylər adəmi daxili-səvab, Eşqsiz bəşərdən övladır dəvab. * * * Dəvəsi itən kəs Bir kişinin itmiş idi dəvəsi, Axtaran zamanda tutub həvəsi Könlü açıq, şadü xürrəm gəzərdi, Tərənümə gəlib, gahi süzərdi. Düçar oldu ona bir mərdi-aqil Dedi: “nə fərəhdir divanə, cahil? Dəvəsi güm olan gəzər mükəddər, Təriqi-əqldən bərisən məgər?” Dedi: “nə məcnunəm, nə də biarəm, Dağın ol üzünə ümmidvarəm. Əgər ki, tapılsa səadətimdi, Tapılmasa gəl gör, qiyamətimdi”. Dedi: “bildim hələ dəxi biarsan, Hərcayisən, biməzəsən, yassarsan”. Aqil gərək yeksan ola hər zaman, Qoymaya qəlbinə yol tapa şeytan. Nə öylə pərişan – şad ola düşmən, Nə öylə bəşaşət – tən edə görən. Çöllərdə bağırmaq xırs adətidi, Xanədə ağlamaq zən sənətidi. Hünərin əvvəli – səbrü təhəmmül, Taətin övlası – təkyə, təvəkkül. Tövsənin bədəsli oynar, dingildər, Yeriməz, yürüməz, ziyadə kişnər. Məgər bu məzmunu oxumamışsan Yazıblar şairi-təbi-müstəhsən: Zi rəncü rahəti-geyti mənal ey dil, məşov xürrəm, Ki ayini-cəhan gahi çinan, gahi çənin başəd. * * * Əmirzadeyi-məşuq və cavan aşiq Var idi bir lətif əmirzadə, Xanımanı nəzdik Şətti-Bəğdadə. Əhli-kərəm idi, sahib-nan idi, Öz boyuna sultan idi, xan idi. Sair sələtinin cahü cəlalı, Bunun həm cəlalı, həmi cəmalı. Gecə-gündüz göydə Müştəri, Zöhrə Söylərdi övsafın mahlə mehrə. Şəklü şəmailin görsə afitab, Çəkərdi üzünə pərdeyi-səhab. Ləblərindən edən dəmdə nuşxənd Tökülürdü bəzmə rizə-rizə qənd. Qəmzeyi-qəttalı, çeşmi qəzalı Salmışdı Bağdada yüz qilü qalı. Xüsusən işrətə meyli var idi, Elmi-musiqidən xəbərdar idi. Şairi-süxənvər, arifi-dövran, Saqiyi-gülçöhrə, mütribi-xoşxan; Hazır idi məclisində sübhü şam Ürəfa, zürəfa, nüdəma müdam. Olmuş idi ayinəbənd otağı Bədihəgu şairlərin yatağı. O cümlədən bir cavani-biqərin Müqərrəbi-bəzmi-xas idi həmin. Cəzbeyi-eşq onu öylə səbükpa Etmiş idi, daim hər sübhü məsa – Bivahimə Şətdən eyləyib übur, Yetişib vüsalə dilşadü məsrur, Məclisi-yarda söhbət edərdi, Axşam necə gəlmiş idi, gedərdi. Sairi-yaranü həmdəmü həmrah Bir sirrdən mütləq deyildi agah. Güman edərlərdi, çəkib dərdi-sər, Bu da onlar kimi cisrdən keçər. Hamana bilirdi əcibə karı, Bir xaliq, bir özü, bir də dildarı. Neçə müddət keçdi bu qərar ilə, Hüsni-xidmət ilə, etibar ilə. Bir gün əhli-hüzzar, xəvasü əvam, Be təriqi-sabiq cəm olub təmam, Eylədilər şirin ta vəqti-qürub Hekayəti-nikü rəvayəti-xub. Dağılıb mənzilə gedən zamanı Biçarə müxatəb edib oğlanı Dedi: “ey müşfiqü mehribani-mən, Bir ayinə tutub hüsnünə bax sən. Görünür gözümə manəndeyi-mah, Dövri-zənəxində ləkkeyi-siyah. Bilməzəm ləkkədir, ey bərgüzidə, Ya əks salıbdır mərdümi-didə”. Nimxənd eyləyib dedi: “ey cənab, Ehtiyat ilə get, – olursan qərq ab!” Anlamadı hərgiz sayir əhbab O nə sul idi, bu necə cəvab. Səhərdən Bağdada düşdü avazə, Əfsus ki, filankəs gedib güdazə. Dün keçərkən olub qərq abi-fəna, Tutuldu təziyə, başlandı əza. Xüsusən məşuqi-dəyanət-ayin, Giryanü dilbəstə, mükəddər, qəmgin. Yığılıb üstünə qeyri-həmkarı, Tutdular küllühüm yəsi-dildarı. Möhnətə mübəddəl oldu eyş, işrət, Keçdi macəradən bir neçə müddət. Bir gün yenə bəzm olmuşdu münəvvər, Üz tutub aldılar oğlandan xəbər. Dedilər ki, ey sərsəfi-əncümən! Hərçənd müdrikü fəhmməndəsən sən. Və lakin rəsulü xətmi-ənbiya Cəbrəili-əmin gəlməyincə ta Sirri-kainatdan deməzdi xəbər, Sən nə cəhət ilə olub müztəhzər Buyurdun: ehtiyat eylə, axarsan; Səhər göyə çıxdı naləvü şiyvən. Əsəri kəlamın verdi nəticə, Sirri-ayəndəni bilirsən necə? Dedi: nə rəsuləm, nə də danəyəm, Fəhmü fərasətdə sizdən ədnayəm. Nəhayət, var mündə bir əmri-nihan, Çünki belə düşdü, eyləyim bəyan. O biçarə mane olmuşdu nabənd, Sanırdınız keçir cisrdən hərçənd. Və lakin eşq olub elə səbukpər, Etmişdi, bilirdim, hər şamü səhər Eləməyib əsla əndişeyi-şətt, Yeriyə-yeriyə gəlirdi çün bət. O gün dedi zənəxində ləkkə var, Müşəxxəs eylədim aləm-aşikar; Dildadənin zövqü şövqi olub pəst, Bünyadi-eşqinə düşübdür şikəst. Bildim ki, olacaq qərq fənayə, Gün ki, qürub etdi, çəkilir sayə, Eşq əhlinin balü pəri eşqdir, Nükü bədi, xeyrü şəri eşqdir. Quş balü pərilə qalxar həvayə, Pər olmasa batar, təki-dəryayə”. Eşqdir, seyr etdi rəsuli-xaki Bir ani-vahiddə doqquz əflaki. Eşqdir, Məsihi-fəsihkəlam Ərşi-müəllani eylədi məqam. Odu, Əyyub içdi şərabi-səbur, Odu, kəlim oldu kamiyabi-Tur. Odu, atəş oldu Xəlilə gülşən, Davudu yandırmaz tüfteyi-ahən. Zövrəti-tufandır eşqi-məcazi, Gəl gör həqiqətin nədir ecazi. * * * Zövci-axər İsfəhanda bir pinəduz var idi, Ata, baba zəif sənətkar idi. Eyləyib dəxli-xərcə kifayət, İstədi ki, ola azimi-qürbət. Qoşulub karvana payü piyadə, Üz çevirdi vilayəti-Bəğdadə. Qalmış idi sərmənzilə beş ağac, Hərami eyləyib karvanı tarac, Vurdular fəqirə zəxmi-kargər, Qaldı rəhgüzərdə biyarü yavər. Ölən öldü, qaçan qaçdı biçarə Yox qüdrəti özün çəkə kənarə. İttifaq, keçirdi əzim qafilə, Ta inki gördülər əhvalı belə. Rəhm eləyib ona əmiri-tüccar, Buyurdu, yük üstə qoyub çarvadar, Aparıb evinə oldu çarəcu, Tanrı xatirinə taciri-xoşxu. Bir cərrahi-mahir qılıb mühəyya, Qərardad etdi ücrəti-üzma. Macəradan bir ay keçmiş, müxtəsər, Qalmadı cismində yaradan əsər. Tacir xəbər aldı bir gün oğlandan: Gedirdin nə yana, gəlirdin handan? İsmü rəsmin nədir, məkanın nədir? Səd şükür xudayə, sağaldın, bildir! Kizbdən savayı tapmayıb çarə, Səlahi vəqt üçün gəlib goftarə, Dedi: “Mən mərdümi-biladi-Misrəm, Məşhuri-zamanəm, mərufi-əsrəm. Xaco Əhməd mənim sülbi atamdır, Sərdəftəri-əyyam, sahibi namdır. Götürüb tənxahi-bihəd gedərkən, Seyrü tamaşayi-aləm edərkən Bu qəzavü qədər gəldi başıma, Düçar oldum o ki, gəlməz xaşıma. Xacə Əhməd bəs ki, mülki-Misrdə Tüccar ara bimisl idi əsrdə. Mədəni-kərəmü gəncü xəzinə. Yox idi aləmdə ona qərinə. Nə bilsin ki, yalan elər ifadə, Mehrü məhəbbəti olub ziyadə, Günbəgün artırdı qədrü qiymətin, Puşakin, xurakin, şənü şövkətin. Yedi, geydi, olub məsrurü dilşad, Bəlavü möhnətü qüssədən azad. Qəviheykəl cavan idi, zurmənd, Eləmişdi dövran əfsürdə, hərçənd. Əzizi-Misr oldu qədrü qiymətdə, Şiri-nərə döndü səhmü sövlətdə. Bir gün dedi: “ey əzizü mehriban, Var mənim könlümdə bir sirri-nihan. Yeri düşüb, gərək açam məhəsəl, Əgər eyləsən bu müşkülü həll. Bil ki, bəxş edərsən həyati-tazə; Bu qüssə veribdir məni güdazə. Əta qılıb xaliq mənə bir düxtər, Hüsnü vecahətdə çun mahi-ənvər. Mələksima, pəriliqa, xoşnişan, ləli-ləbi guya çeşmeyi-heyvan. Nə faidə, fələk eyləyib onu bədbəxt, Bir əmri müşkülə düçar olub səxt. Gərəkdir eyləyək onu zövc-axər, Çünki boş düşübdür ərindən düxtər. Təvəqqöm oldur, ey əzizi-mən, Onu öz əqdinə qəbul edəsən. Bir həftədən sonra verəsən təlaq, O gedə ərinə, sən olasan sağ”. Bir kərrə vurasan gər qurbağanı, Suya sarı iki dəfə tullanı. Ta elədi cavan sükut ixtiyar, Bildi ki, bu əmrə zövqü şövqü var. Qazini çağırıb xəlvətsərayə, Əqd edib xurşidi tapşırdı ayə. Oturmuşdu otağında pinəduz, Pərdəni götürüb mehri-diləfruz, Nazü əndaz ilə girdi içəri, Bürcü-Sədə düşdü Zöhrə, Müştəri. Gül üzə eləyib ləbi-ləli bənd, Aldı yanağından şəftaluyi-çənd. O gecə sübhədən etməyib direng Tulladı hədəfi-məqsudə xədəng. Bir saat ərusə olmadı məqdur Eyləsin ... dur. Ba vücudi in ki, şövhəri-qədim Əgərçi sahibi zər idi, həm sim. Həngami ... süstkar idi, ... ziyadə napərgar idi. Əgər verən olsa bir gövhəri-müft, Eyləyə bilməzdi yarım ayda ... Adətü qanundu əhli-zənanə Əqd edib verəsən sultanə, xanə. Otaqi-zərnişan, zürufi-fəğfur, Cariyəsi mələk, pasibani-hur. Təami gunagun, suyu səlsəbil, Onun üçün yenə asayiş deyil. Övrətlər yanında bəlkə nikbəxt Odur ki, həmsəri ola ... səxt. Qol salıb cavanın boyuna düxtər, And olsun Xudaya, – dedi, – ey pesər. Əgər rizə-rizə kəsələr məni, Mundan sonra əldən qoymazam səni. Oğlan iki dəstin edib həmail, Aldı ləblərindən buseyi-kamil. Əl basıb müshəfi-hüsni-dildarə, Eyləyələr məni, – dedi, – səd parə, Daməni-vəslindən ta ruzi-məhşər Əl çəkən deyiləm, vəfalı dilbər! Əhdü miysaq olub aradə möhkəm, Bir həftə otaqda dilşadü xürrəm. Apardılar ləzzət, sürdülər vəhdət, (Belə qız əkənin zatına rəhmət!) Ta ki, tamam oldu vədeyi-şürut, Ev-eşiyi xacə döşədib məzbut, İstədi hüzura tazə damadı, Təqrib ilə bəd mübarəkbadı. Dedi: “ey cani-mən, gər olsan razi, Təlaqı pəs etsin cənabi-qazi. Əqdi-tazə kəssin öz şövhərinə; Ərus getsin məkanına, yerinə. Boş qalıb müddətdi evi-məhləsi, Gəlməz sarayından bir adam səsi. Fəqir əri gecə dükkanda yatar, Əlləri qoynunda qalıbdı naçar”. Dərdmənd başını salıb aşağa, Durdu yavaş-yavaş yer qurtlamağa. Nə qədər nəfəsə tacir dəm verdi, Çıxmadı oğlandan bir nəfəs gördi. Durub gedən vəqtdə dedi: “Ey mövla! Buyurduğun gələ bəndədən, haşa! Yüz tənü təərrüz eyləyə bülbül! Heyhat, buyindən ayrı düşə gül! Yaranın üstündən alsan məlhəmi, Müayinə artar rəncü ələmi”. İlan kimi xacə olub piçü piç, Oğlanın özünə söz deməyib hiç. Elədi qızına izhari-hali: “Ev-eşiyin qalıb, ey laübali! Çölün bir yavası istəyir ki müf Eləsin özünə sən məhvəşi cüft. Peşiman olmadım, onu gətirdim, Ölən vəqti bu rütbəyə yetirdim. Həqqa nanu namək bilməz irani, Bişübhə əməyim tutacaq anı. Deyin, çadırşəbin salıb başına, Gəlsin, eşitməmiş dustü aşına”. Düxtərə dedilər bu macəranı, Axıdıb gözündən abi-nisyanı, Sifariş eylədi: “ey mütai-mən, Ənamını zaye gəl eyləmə sən. Əgər bu əmrdən çəkməyəsən əl, Edəsən qiylü qal, tutasan cədəl, Bil ki, bir çatıdı, mənim gərdənim, Qalsın gərdənində vəbalım mənim”. Xülasə, tacirə kar oldu müşkül, Gördü ki zor ilə müyəssər deyil. Oğlan ilə qoydu binayi-saziş, Dedi: “yaz atana, elə sifariş; Əgər gördüm xacə Əhməd oğlusan, Düxtarimi səndən boşatmazam mən. Və ya inki tapam sözündə yalan, Qızımın talağın vermədin asan, Bir gecə boğdurub səni nihanı, Bu üsrətdən xilas eylərəm anı. Sənətin yox, çörəyin yox, malın yox, Qohumun yox, qardaşın yox, dalın yox. Uşağımın əlin üzüb dövlətdən, Yeməkdən, geyməkdən, nazü nemətdən, Aldadıb edəsən özünə mail, Necə ola billəm bu əmrə qail?” Oğlan da lailac oluban razi, Şürutnaməni başladı qazi. Yazdı: “Qırx günədək Misirdən əgər Layiqi – ərusi gəldi simü zər, Qurtardın özünü, fəbihəl-mürad, Yoxsa ölümündü, hərçi bada-bad!” Ta ki, oldu vəqtü zaman müəyyən, Üz qoydu otağa cavani-pürfən, Öz-özünə dedi, ey badi-xuda! Yoxdu bir əlacım kizbdən siva! Hala qırx günədək dilaram ilə, Yataram qolboyun eyşü kam ilə. Ömri-dübaredir söhbəti dildar, Bəlkə yetə dadə Əhmədi-Muxtar. Sərməsti-badeyi-cami-məhəbbət, Biğəmü əndişə sürərdi vəhdət. Otuz doqquz ta ki, yetdi itmamə, Afitabi-iqbal üz qoydu şamə. O axşam ayılıb xabi-qəflətdən, Qurudu boğazı qəmü möhnətdən. Əndişeyi-fərda kəsib aramın, Gəlmədi iştəha ötürə şamın. Gəl yeyək, çox dedi yari-dilfirib, Hərdəm bir bəhanə gətirdi qərib: Gəh deyərdi ürəyimdə nəfq var, – Qorxuram ki, xörək artıra azar. Gəh deyərdi ğiza incidir məni, Meyl elə, mürəxxəs elədim səni. Gərçi dərdü sərdi uzun rəvayət, Bu qalsın burada, eşit hekayət: Xəlifeyi-zaman mərdi-nikəndiş, Gahi ovqat geyib libasi-dərviş, Müşəxxəs etməyə əhli-fəsadi, Gəzərdi gecələr şəhri-Bağdadi. Qəzara bir gecə düşüb güzarı, Baxıb pəncərədən gördü onları: Məhzunu mükəddər, qabaqda təar[?] Açıban qapını yetirdi səlam. Ərus nihan olub qəhvəxanədə, İki nəfər qaldı ol kaşanədə. Vəhm etdi ki, deyil bir işdən xali, Üz tutub oğlana sordu əhvali. Dedi: “nisfi-şəbdə nədir bu halət? Gizləmə, dürüstün elə hekayət! Aləm həmə gedib xabi-rahətə, Bais nədir belə dərdü möhnətə? Sahibnəfəs olur, sən bil ki, dərviş, Söylə əhvalını, bivəhmü təşviş”. Fəqir macəranı başdan-ayağa Şərh elədi tamam bir-bir qonağa. Eyləyib əfsusü təəccüb bihəd, Yola düşüb dedi: ya Əli, mədəd! Yetişdi mənzilü məvayə dər-dəm, Götürüb əlinə kağızü qələm, Əncami-səhəri eylədi ərqam, Xacəsəralərə bildirdi tamam. Özü rəxti-xabə girdi xatircəm, Görək necə oldu qəribi-pürğəm. Səhər olub, tulu, etdi afitab, Xacə dərgahına düşüb inqilab. Buyurdu bir neçə qulami-bibak, Əllərində çomaq, çapukü çalak – Kəsdilər qapını basani-cəllad, Çıxdı tamaşaya mərdümi-Bəğdad. Almağa əlindən qəribi-zarın Ala gözlü, günəş üzlü nigarın. Qız tökür gözündən sirişki-ali, Oğlanın deməli, deyil əhvali. Qız çəkir orada fəğanü nalə: “Mən necə tab edim rəddi-visalə?” Oğlanın əlində bir xəncəri-tiz, Fikri budur özün edə riz-riz. Gördülər ki, gəlir sədayi-cərəs, Çomağın kənara tulladı hər kəs. Bir dəstə süvari oldu nümayan, Əqəbincə qatar-qatar karivan. Qulamanü çakərani-qəba puş, Tökülüb eşiyə etdilər xürüş; “Qanı, çölə çıxsın, deyin ağamız, Eyləyək sərinə zər nisar biz”. Çıxan tək eşiyə bikəsü nakam, Döşəndilər yer-yer payinə tamam. Başına bir tabaq aqça saçdılar, Çökdürüb qatarı yükün açdılar. Neçə dəst libasi-zərbəftü diyba, Neçə mücri məmlüv simü zər, amma. Neçə yük əqmişə layiqi-sövqat, Neçə sənduq dolu qənd ilə nabat. Nöh fələkə çıxdı qəh-qəhi-ərus, Cavani-binəva hənuz məyus. Fikr edir ki, bunlar nə əsbabdır, Kimim var, göndərsin, yoxsa xabdır? Nə bilsin ki, xəlifeyi-tacidar, Bunun əhvalından olub xəbərdar. Əlqərəz, bir şəxsi-vəzirmanənd Zər nimçəyə qoyub daşü qaşü çənd. Diybayə bükülmüş bir də bir namə, Götürüb apardı darüssəlamə. Guya bunlar təarüfi-Misrdir, Pişkeşi-xəlifeyi-əsrdir. Xacə Əhməd bilib oğlundan xəbər, Göndərib bərayi-xatiri-pesər. Yetişdi hüzurə namə, hədaya, Rəsulə xələti-faxir, sərapa. Sərkari-valadən olub mərhəmət, Əlavə əmr oldu: oğlanın, əlbət, Gətirsinlər özün, qayınatasın, Ta bilsin xəlifə tərzi-sövdasın. Bu əmrə müqərrər oldu yasavıl, Sərayi-tacirə olan tək daxil, Betəriqi-rüşvət iki kisə zər, Ənam edib xacə dedi:”ey pesər, Əfv eylə cürmümü bərahi-xuda, Gərçi günahkaram, “məza ma məza”. Sahibsən bu gündən belə əmvalə, Tərəhhüm qıl, məni vermə zəvalə”. Əlqərəz, hüzurə olub müşərrəf, Gördülər düzülüb xəvanin səf-səf. Nəvaziş eyləyib bihədü hesab, Dedi: “mən xacəyə nə verim cavab? Deməzmi ki, oğlum neçə müddətdi Düşübdü Bağdadə nə mürüvvətdi? Sən onun halından deyilsən əyan, Nə üzr gətirim mən ona, oğlan! Hala ki, mən səndən oldum xəbərdar, Gəl, get, sədri-səfdə dəxi yerin var. Bir kəs əgər olub müzahim sənə, Verim cəzasını, şərh eylə mənə”. Nə desin, neyləsin qalıb məəttəl, O nə biz, o nə gön, bu nə gəlhagəl! Şam oldu, səf sındı, dağıldı əyan, Oğlanı xəlifə saxlayıb mehman, Yeyildi, içildi, bəd əz-ziyafət İstəyib hüzura mehmanı xəlvət, Savadi-Misirdən soruşdu əhval, Nə bilir, nə desin, qaldı dili lal. Təbəssüm elyib dedi: “ey pesər, Neçin şəhrinizdən verməzsən xəbər?” Dedi: “aç gözünü, eylə nəzarə, Diqqət elə mənə bir gəz dübarə”. Gördü ki, bilmədi namü nişanın, Gətirib göftarə möcüzbəyanın, Dedi: “o dərvişəm mən ki, dün gecə, Bildim əhvalıyın olduğun necə. Şol gəncü xəzinə lütfün əzəli, Nə qədər mən varam dalısı gəli”. Əhli-kərəm padşahlar keçibdi, Dadrəslər dilagahlar keçibdi. Hakimə, naibə, olmayıb qail, Gəzərdi gecələr bəsani-sail. Dərdməndi, dilşikəsti tapardı, Muradın verərdi, könlün yapardı. Cudü əltafilə əz bəhri-xuda, Pinəduzu eləyirdi əğniya. Yaxşılar eləyib tamam rehlət, Yaman gün olubdur Qasimə qismət. * * * Məlikzadə və Şahsənəm Sövdayi-eşqdən istəsən xəbər, Mən edim hekayət, sən ol müstəhzər. İqlimi-Əcəmdə bir məlikzadə, Gərdişi-qəzadan olub üftadə, Tab edə bilməyib təni-əğyarə, İstədi ki, özün çəkə kənarə. Süvar olub bir at, bir qamçı həmin, Əmlakü vətənin eyləyib tərkin, Mülki-Misrə gedib vahidü tənha, Karivansəradə eylədi məva. Oğlan idi, amma bir oğlan idi, Mülki-məlahətdə alişan idi. Gər atsa hər seydə tiri-kəmanı, Tozunmamış olur idi qurbanı. Pabənd idi çeşmi-qəzalan müdam, Dövreyi-hüsnündə bidanəvü dam. Görən tək ləbində abi-həyatı Suya dönüb axır Misir nəbatı. O bütlər ki, qət etmişdi barmağın, İndi saf doğradı əlin, ayağın. Xiridari-beyi-bazari-Yusif, Çaldı dizlərinə dəsti-təəssüf; Bilsəydi gələcək dürri-bibəha, Yarım şahı verməz idi Züleyxa. Feyzi qədəmindən abi-rudi-Nil Olmuşdu güvara misli-Səlsəbil. Düşdü şəhrə tazə şurişü qovğa. Guya Əzizi-Misr olubdu ehya. Batində aşiqi-dildadəsi çox, Nəhayət zahirdə bir munisi yox. Seyr edirdi bir gün səmti-bazarı, Dəri-gərmabəyə düşdü güzarı. İttifaq növgüli-gülzari-irəm, Nəvvadeyi-vali, adı Şahsənəm, Bürci-aban bipərdəvü bihicab, Üz qoydu dışraya, misli-afitab. Xaneyi-məğribə gedən zamanı Oğlan onu gördü, o da oğlanı. Sanasan od düşdü bir neyistanə, Apardılar şəmi, qaldı pərvanə. Pərvanənin pərü balı yanmışdı, Atəşin cigərin həsrət almışdı. Yara götürmüşdü ovçudan nəxcir, Nəxcir də vurmuşdu səyyadə səd tir. Geri-geri gedib bihissü mədhüş, Dəri-gərmabəyə veribəni duş, Yıxılıb, düzəlib bir dəmdə yüz dəm, Gah olurdu surət, gahi də adəm. Dizlərində qalmamışdı təvana, Çəkilibən, barı, getsin bir yana. Gün batdı döyüldü nəqarəvü kus, Darğanişinlərdə asıldı fanus. O qaldı sərməsti-cami-meyi-eşq, Bir kimsəsi yoxdur düşsün peyi-eşq. Qərin idi bir xanənin dərinə, Ev sahibi dedi öz şövhərinə: “Günortadan bəri bir tazə cavan Qalıbdır eşikdə zarü bəndvan. Xudayə xoş deyil, dur, evə salaq, Laəqəl bir gecə eyləyək qonaq. Ta görək nə olub o biçarəyə, Beş-altı saatdır çevrikir niyə? Gah yıxılır, gahi durur ayağa, Təəccüb qalmışam mən bu sayağa”. Əlqərəz, ər-övrət çölə çıxdılar, Gətirib mərizi evə yıxdılar. Gecə keçdi, sübh açıldı, gün doğdu, Kişi getmiş idi, zən qolun boğdu. Xabi-duşənədən çün oldu bidar, Danışdırıb gördü ağzı, dili var. Dedi: “ey binəva, sənə nə olmuş? Bərgi-xəzan kimi gül rəngin solmuş Dedi: “ey madəri-mehribani mən, Bu rəhgüzardən keçirdim dünən; Nagəhan bu sifət nazənin düxtər, Vurubdur sinəmə tiri çaharpər. Mən qəribi-zar nimbəsməl etdi, Heç bilmədim özü nə yanə getdi. Adətdir kim, nimbəsməl şikarə Ovçu yenə vurar tiri-dübarə. Bir deyən olaydı ol çeşmi-sərməst Kəmani-kərəmə ox edib peyvəst, Üqubəti-layəzalı yad edə, Məni-biçarəni tez azad edə”. Ağzını açan tək tanıdı övrət, Bildi ki, fəqirə kimdəndir afət. Söylədi: “biçarə, əfsus, səd, əfsus! Aşiqə müsavi gərək olsun dus. Sən bir qərib adam, o valizadə, İntizarın çəkən çoxdu dünyadə. Var üstündə hənuz yüz cəngü cədəl, Dəmani-vəslinə yetən deyil əl. Gəl vermə özünü əbəs fənayə, Yaxşı demək olmaz yaman sövdayə”. Dedi: “mənim halım sən deyən deyil, Tən ilə gülşəndən əl çəkməz bülbül. Mənim kəlamımdan incimə qərəz, Suhan ilə getməz cövhərdən ərəz. Ya gərək nuş edəm cami-vüsali, Ya can çıxa, qala cəsədim xali. Bəhanə gətirmə, dur, eylə kərəm, Get o mənzilə kim, ondadır Sənəm. Düş payinə, yalvar, şərh et halımı, Bəlkə, rəhmə gələ Tanrı zalımı”. Bir ovuc simü zər, basıb dəstinə, Dübarə yalvardı-yapışdı yenə. Ol pirəzən sancıb belinə ətək, Yetişdi dərgahə badi-sərsər tək. Vasil oldu paytəxti-Sənəmə, Gördü ki, düşübdür bəstəri-qəmə. Səyyadə dəyən ox seyidi yıxmışdır, Yaraları qalıb özü çıxmışdır. Zirək övrət idi, danavü pürfən, Rəsmi-rəhi-aşiq-məşuqu bilən. Fəhm etdi kimdəndir bu piçü tabı, Ahəstə-ahəstə açıb cavabı. Dedi: “ey cəmii-xubanə sərvər, Neçin eyləməzsən xudadən həzər? Bir qəribi bəhri-qəmə atıbsan, Gəlib özün sərmənzildə yatıbsan. Leyli köçüb, qalıb biçarə Məcnun, Məhrulərdə nə adətdir, nə qanun? Gendən atar, vurar, yıxar şikarı, Əhvalından olmaz bir agəh barı. Görə ölməlidir, eləyə məzbuh, Ya dirilməlidir ətə qıla ruh. Bizim xərabədə qalıb biçarə, Hər ləhzədə çəkər ahi-sədbarə. Mənim hiçim deyil, ey cəfapişə! Nahəq yerə bizi salıbsan işə. Müntəzirdir, xəbər alacaq məndən, Nə xəbər aparım mən ona səndən? Qız dedi ki: “səni dünəndən bəri Nə çox incidibdir bizim müştəri. Əvəzin yetirər mehman yüz kərən, Əz-zeyfə əkraməu və lov kafiron Qarı bildi bu da ona aşiqdir, İqrarı dürüstdür, sözü sadiqdir. Axiri-süxənə eyləyib şitab, İstədi ki, ala bir vazeh cavab. Belə ki, adətdi sinfi-xubanə, Hər dəfədə qılır qeyri bəhanə. İstiğnayi-təbi çəkər bir yerə, İstər aşiq qəmi götdükcə verə. Nə bilsin ki, yoxdur tabü təvanı, İntizardan yetib axıra canı. Bərayi-imtahan olub tündxu, Dedi: “övrət, nə gövtdür, nə şeno? O kuca, mən kuca, səndə nə cürət, Əcəlin yetişib məgər, ey övrət? Sən neçin bilməzsən, şahi-xubanəm, Məlahət təxtində yekkə sultanəm. Nə vəch ilə rəva gördün gədayə, Bumi-şumuq nə nsibəti hümayə? Get de ona keçsin bu mərhələdən, Çoxdu bu yollarda simü zər verən. Gədayə yaraşmaz padişah sözü, Onun kim olduğun bilməzmi özü?” Qəribə halətdir bugünkü halət, Olmasın, ey yaran, kafirə qismət! Aşiq onda çəkər ahi-suznak, Məşuq istər edə özünü həlak. Aşiq istər ola vüsalə vasil, Məşuqə ismətü həyası hail. Aşiqdə dərdü qəm xərvar-xərvar, Məşuqun əlində yox bir ixtiyar. Mahəsəl qasidi-dilsuz xəbər Qayıdıb məyusü zarü mükəddər, Bir zaman yetişdi ol binəvayə, Aşiqi-dil bəstə yatan sarayə, Dost yoluna heyran-heyran baxardı, Təlatümi-qəmə batıb çıxardı. Rəgi-nəbzi misli-şöleyi-atəş, Gah olurdu pürtab, gah edərdi qəş. Ehtiyat edərdi hər kim əl vura, Şəm nisbət barmaqların yandıra. Nəhyi-dilrübanı edən tək tamam, Müştaqi-dərdmənd, məhzunü nakam Çəkibən cigərdən ahi-cangüdaz, Mürği-ruhü etdi bəqayə pərvaz, Yığılıb xəlayiq dəfn elədilər, “Səd heyfü səd həzar əfsus” – dedilər. Biri köçüb tapdı qəmdən rəhayı, Aşiqi-nakamın qaldı bir tayı. Vurar kamandarı-dövri-zəmanə, Həmşə bir tirə iki nişanə. Görək nə şəbədə edəcək ağaz, Zalimü sitəmkar, xudadan qorxmaz. Bu möhnətdən keçmiş idi bişü kəm, Səs düşdü nazənin olubdu dərhəm. Durub yenə əcuzeyi-şum-əxbar Kuyi-dildadəyə elədi güzar. Görən tək filcümlə tapıb təqviyət, Dedi bir tövr ilə qadın: ey övrət! Elçidə etiqad, etibar olur, Dost yolunda çovğun olur qar olur! Gələn tək adama demezlər apar, Kami-dil axtaran, adətdir, tapar. Qız eşiyi, şah eşiyi, nənə can! Açmaq olmaz əqdi-girehi asan. Məşəqqəti-qəri-dərya şinavər Ta çəkməyə, keçməz çənginə gövhər. Səfalər gətirdin, ey qasidi-yar! Xaki-məqdəminə nəqdi-can nisar! Keçənə deyirlər: “məza-ma məza” Nə söyləsən, söylə, sənindi riza! Bu dövrdə vüfuru var azarın, De görək, necədir sənin bimarın? Aya gətiribsiz təbibi-haziq? Özü təcrübəkar, qövli müvafiq. Çağırdaq eyləsin mənə də çarə, Mərəzimiz birdir, bəlkə qurtarə”. Dedi: “ey bişərmü birəhmü bibak, Elədiyin yetməz bir canı həlak? Elərsən əlavə mənə istehza, Guya ki, deyilsən xəbərdar əsla. Bu əhval elədi yarı püraşüft, İstədi ki, ola dildar ilə cüft. Ta inki eşitdi vəfati-canan, Canan-canan deyib o da verdi can. Sanmayın afəti-eşq yalandı, Aləm aşikara bəlayi-candı. Çox evlər dağıdıb padşahi-eşq, Çox cisimlər yaxıb oda ahi-eşq. Əcuzeyi-eşqin çoxdur üsuli, Bu barədə həq deyibdir Füzuli: “Can vermə qəmü-eşqə ki, eşq afəti-candır, Eşq afəti-can olduğu məşhuri-cahandır”. * * * Tərlanlar və Elçilər Əyyami-sabiqdə hakimi-Herat, Göndərirdi Şahi-Yəmənə sovqat. O cümlədən üç-dörd bəhlə şahibaz, Müheyya eyləyib tərlani-mümtaz. Zərduz pəçənbəndü mina gərdənbənd, Hər birinin üstə mirvaridi-çənd. Miyanında şəffaf əlmasi-təraş, Çahar ətrafı yeksər daşü qaş. Bərq urarlar idi şəbçiraq tək, Eyləməyib pərva mürği-can görcək. Yaxardı atəşə özünü dərhal Biməksü təvəqqüf pərvanəmisal. Bəzəyib sərapa novərus tək, Verib dörd nəfərə biməksü direng. Buyurdu ki, olun azimi-Yəmən, Sübh nəmazına duran vəqt mən. Əmanət, əmanət, siz olun tarı, Yaxşı mühafizət edin onları. Məbada tük tökə, qanad sallıya, Ya oldur ki, qaçırasız dallıya. Eşitsəm ki, xələl tapıbdır əndək, Həqq özü şahiddir, bu şəhrə, gəlcək Buyurram, çəkərlər küllühüm darə, Övrət-uşağınız qalar avarə”. Xülayesi-kəlam, vida etdilər. Rahi-Yəmən tutub səhər getdilər. Günorta zamanı ətin ötürdi, Quşlar işi həlakətə yetirdi. Baxdılar döşünə, gördülər xalı, Elçilərin həddən aşdı məlalı. Fikr edib dedilər: çörək yeyəndi, Gətirdilər çörək açıban bəndi, Parça-parça dimdiyinə tutdular, Yemədi, götürüb çölə atdılar. Kişmişdən, badamdan, nanü həlvadən, Qovurmadan, bişmiş küftə, dolmadan. Yol tuşəsi nə var isə verdilər, Mütləqa dilinə vurmaz gördülər. Əyləşib bir yerdə, edib məsələhət, Zınğından taparıq, – dedilər, – əlbət. Zınq atdı birisi manəndi-pərqu, Sevindilər, qatıq yeyər imiş bu. Çapdılar obaya: ey qatıq satan, Hər eyməyə tökmüşdülər üç qazan. Dörd eymə aldılar çahar bazə, Mənişkarlar qoydu binayi-tazə. Dedilər: əl ilə içirmək olmaz, Dimdiyinə yüz yol sürtəsən doymaz. Yaxşı olur özün salaq eyməyə, Hər necə ki, çəksə xahişi yeyə. Elə ki, yetişdik darül-irşadə, Açarıq bəndini, olur küşadə. Basıban içəri oldular xürrəm, Bağladılar ağzın dürüstü möhkəm. Bir üştüri– xoşrəftarə çatdılar, Barxanə ulağına qatdılar. Eyliyə-eyliyə şirin hekayət, Qolları yanında getdilər rahət. Gecə-gündüz dincəlməyib sürdülər Bir-birinə təsəllilər verdilər. Dedilər: aparıq bu qədri sövqat, Xüsusən elçiyi-hakimi-Herat, Lütfii-pey-dər-peyi-şahi-Yəməni, Bişübhə, edəcək bizləri qəni. Əlqərəz, eyləyib təyyi-mərahil, Oldular məqsədi-məlumə daxil. Barxana açıldı karvansarayə, At-qatırı mehtər çəkdi tövləyə, Naməni götürüb oldular rəvan, Bərgahi-padişahə rusulan. Hüzuri-əşrəfə olub müşərrəf, Gördülər xəvanin düzülüb səf-səf, Uzandı vəziri-darüssəlamə Zərbəftü diybayə bükülşüm namə, Şərh oldu hədaya yeksər nam-bənam, Söz bazə yetişcək tutmayıb aram. Şah buyurdu: “hələ təngdir məcal, Deyin quşlar gəlsin filfövr, dərhal. Yazıblar quşları bimislü həmta, Nəzəri-zövq ilə edək təmaşa. Əgər layiq olsa şaha şahibaz, Səhldir xiraci-İraqü hicaz”. Çakəri-çabükə buyurdu rəsul: “Çap, de gətirsinlər xurcunu, tez ol!” Götürüb dalına zurmənd adəm, Yetirdi hüzurə dilşadü xürrəm. Sanırdı verəcək sərkari-əmir, Gətirmişəm, mənə bir şali-Kəşmir. Hər ey mədən çıxdı bir mürği-səfid, Alətü əsbabı yeksər napədid. Müşahidə qıldı şol bül-əcəbi, Cuşə gəldi qəhrəmanın qəzəbi. Hökm etdi cəlladi-siyasətkarə, Ol qövmi-bədkarı çəksinlər darə. Cürət edib bəzi əmiri-xoşbəxt, Dedilər ki, “ey sahibi-tacü təxt! Vacibül-qətldir hərçənd bunlar, Nəhayət, aləmdə bir qaidə var: Heç adətdə yoxdu elçiyə zəval, Ölümdən beşbetər oldur ki, dərhal Qatıqları sürtək balü porinə, Mabaqisin əndamına, sərinə. Münadi mindirib xəri-çiplağa, Çəksin yavaş-yavaş bazar aşağa. Car edib desin ki, ey əvamünnas, Mücrimi bunlardan eyləyin qiyas!”. Xoş düşüb təbinə şahın bu süxən, Dedi: “ey müslihan, əhsən, səd əhsən!”. Xərsüvar oldular əbrəş süvaran, Rusəfid oldular siyahkaran. Çox nəf hasildir bu hekayotdən, Guş edən ayınır xabi-qəflətdən. Təhəmmül etməsə padişah əgər, Peşimanlıq əlin dizinə dögər. Nəsihəti-naseh, pəndi-üqəla, Qəndi-mükəddərdir, şəhdi-müsəffa. Nəinki hakimi bəldeyi-Herat Göndərdiyi sövqat olub biisbat. Elçisinin yalü balı ağara, Oxşaya hər biri bir çal zağara. Əvvəl imtahandır, sonra fərmayiş, Yerinə qayıtmaz ta ki, düşdü diş. At hünərin ummaq olmaz eşşəkdən, Ov aparmaq bəiddir köpəkdən. İstəmədim verim dəxi nəzmə tul, Tuli-kəlam eylər məclisi məlul. * * * Həyasız Dərviş və İsmətli Qadın Bir dərvişi-biismətü bihəya, Mübtəlayi-şəhvət, talibi-zina Dağın damənindən keçərkən nagah Ol biruni səfid, dəruni siyah Gördü ki, bir gəlin yekkəvü tənha Su götürüb çaydan, çü sərvi-rəna Xuraman-xuraman gedər qışlağa Şəhdi-müsəffadır başdan ayağa. Kəsib qabağını dedi: “ey sənəm, Toşnəyəm, bir cürə su eylə kərəm”. Pürab edib camı verən tək gəlin Ol fasiqü facir bərk sıxdı əlin. Ta ki, gördü məhvəş şol bülacəbi, Cuşə gəldi dər-dəm qəhrü qəzəbi. Dəmani-pakizə çünki dəsti-qeyr Dəyməmişdi, munca eyləmişdi seyr. Görməmişdi hərgiz nazənin bədən Asibi-məzərrat becüz pirahən. Kuzəni atuban, özü xişmalud, Fəryadü fəğanla rəvan oldu zud. Qövmü qardaşına eyləyə izhar Öldürələr ol napaki xarü zar. Gördü iş özgədi dərvişi-nasaz, Yetirdi guşinə uca bir avaz. Dedi: “ey nazənin, sən ol xudavənd, Diki-xişmü kinin cuş edib hərçənd, Ayaq saxla əmma, bir neçə süxən Nəsihət yoluyla sənə deyim mən. Bəyənsən qayıt gəl, kuzəni apar, Bəyənməsən yenə ixtiyarın var. Ahuyi-tündrov dayandı əndək, Səyyadi-bihəya nə deyir görək. Dedi: “ey sahibi-həyavü ismət, Şeytani-məlulunun canına lənət, Həmkardır ona nəfsi-əmmarə, Qalıb təkü tənha əqli-biçarə. Çəkərlər nə yanə etsələr xaşı Bizim kimi... mərdi övbaşı. Yanacaq atəşi-duzəxə fərda, Mən sənin namına qıymazam əmma. Nə qədər ki, vardır təndə nəfəsin, Bir kəs ilə uca çıxanda səsin Oxşadıb özünə hər fahişə zən Deyəcəkdir sənə: “ey dərviş... Nə layiq sənin tək iffətşüara Gedib həmta ola hər zinəkara. Əfv eylə cürmümü, Allahı sevər, Mənim öz xiclətim özümə yetər. Qönçə razın dedi badi-səbayə, Beş günə varmayıb, getdi fənayə. Sərpuşluq əyər olmasaydı xub, Deməzlərdi həqə “Səttarül-üyub”. El ağzını tutmaq olmaz – məsəldi, Pərdəni götürmək yaman əməldi”. Nazənin bir əndək təfəkkür etdi, Qayıdıb, kuzəsin götürüb getdi. Övrətin əksəri olur mərdanə, Rugüşadə gedər getsə hər yanə. Ona görə güman eylər mərdü zən, Ayağı sürçəkdi, özü əlverən. Etibar eləmə xəyanət görcək, Soxulur adəmə şiri-jəyan tək. Bir parası, həqdi, zahidlik satar, Əl uzadan kimi ... yatar. * * * Həyasız Dərvişlər Haqqında Əyyami-sabiqdə bir dərvişi-pir, Götürüb təbərzin, kəşkül, şahnəfir. Şeydullah əzmilə düşüb dərbədər, Gəzərkən, bir evdə pakizə düxtər Gördü ki, əyləşib vahidü yekta, Mükəddərü məyus, qəmə mübtəla. Təbərzinin döyüb yerə, dedi: “dur! Məddahi-Əlinin payını gətür!” Biçarə çiyninə qoyub başını, Abi-niysan kimi tökdü yaşını. Tərəhhümə gəlib dedi qələndər, “Yox isə siminiz, zəriniz əyər, Qənaət eylərəm düyüdən, yağdan, Nə var isə əsirgəmə qonaqdan!” Qız dedi: “ey mövla, qəsəm xudayə, Nə düyüyə güman gəlir, nə yağə”. Hər iki mətləbdən əl çəkib talib, Düyü, yağ sarıdan əngi boşalıb, Dedi: “onlar yoxdu, barı un olsun, Ver, tökək torbanın başına dolsun”. Ərz elədi düxtər: “bəhəqqi-xalıq, Un tapılmaz bu xanədə urvalıq”. Labüd qalıb dərviş dedi: “bir çörək Bari gətir, yeyib himmət var deyək”. Dedi: “iki gündür, naharsızam mən, İnanmırsan əgər o təknə, o sən”. Xəbər aldı: “anan gedib nə yanə? Dedi: “yas yeri var, varıbdı anə”. Dedi: “təəccübəm əvamünnasə, Aləm gərək gələ bu evə yasə; Qonum, qonşu yeksər verib baş-başa, Gecə, gündüz sizin üçün ağlaşa. Nə yağı var, nə düyüsü, nə unu, Kim görüb aləmdə habelə günü?! Bilməzəm nə üçün o qəhbə, biar, Gedib biganələr evində ağlar. Ölüm yekdir belə zindəganlıqdan, Qaçmaq olmaz məşiyyəti-xalıqdan”. Təkəllümə gəlib düxtəri-aqil, Dedi: “ey sinni pir, əməli cahil! Qapı-qapı töküb abi-ruyunu, İfratə yetirib göftüguyunu, Gahi dəm urarsan şahi-nəfirə, Eylərsən aləmin əhvalın tirə. Qaraçılar kimi at basa-basa, Dərdi-sər yetirib mərdə, ünasa, Verməyənə qaş-qabağın tökərsən, Kiminin üstünə çomaq çəkərsən. Qoyubsuz adınız hərçəndi dərviş, Dərviş ona derlər ola nikəndiş. Qənaət eyləyə bir əlcə nanə, Göz tikə qisməti-ruzirəsənə. Nə ki, düşə dər-dər yasavullar tək, Kimidən un ala, kimidən əppək. Elə nanü nəmək dursun göznüzə, Biarsınız, yığılmazsız öznüzə. Həram olmasaydı dəryuzə əgər, Mübah buyursaydı əshabə sərvər. Bəs nə üçün Səlman, Bazəri-Boğdad Dəymədi ağzına bəqeyri-üç zad; Nani-xüşki-cövin, sirkəvü piyaz. Çox yetirdi xaliq, onlar yedi az. Onunçün buyurub cənabi-Əli Sinfi-qələndəri hərcayi, dəli. Oruc tutmaz, namaz qılmaz, üz yumaz, Qapıdan cantayı dolmamış durmaz. Bu hal ilə qəhbə dersən anamı, Tapılmazsız evdə bayram axşamı. Özgə ümmidinə qalır zənniniz, Övrətiniz bilməz təşxisü təmyiz. Yava iş dalınca daim gedərsiz, Demək olar sizə kim, bipədərsiz. Ol kəsin ki, xəmirəsi pak ola Mümkün deyil gedə bu tövr yola”. Əvvəl deyən bilsə sonki nə deyir, Dodağın tərpətməz, it ... yeyir. Dərvişi bağladı, həqqilə düxtər, Biçizlik yamandır, amma dərbədər. Düşüb gəzmək ondan daha yamandır, Həmi dinə, həmi cənə ziyandır. Bəndeyi-xudada gərək qənaət, Küfr nemətlərin zatına lənət! * * * Kitabxana.az · https://kitabxana.az/collections/zakir-mesneviler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1857). Public domain (author died 1857). Original text only.