Qoşmalar Qasım bəy Zakir (1784–1857) Adətdir xublara başdan, binadan Adətdir xublara başdan, binadan, Bir müddət aşiqə hələ yağ çəkər. Elə ki, yandırdı dürüst ayağın, Görərsən ki, yavaş-yavaş dağ çəkər. Beş gün, üç gün duzlar tərəsin əvvəl, Aralıqda olur filcümlə get-gəl, Sonra deyər çoxdur yanımda əngəl, Biçarə eşikdə iştiyaq çəkər. Aldadıban alar əlindən varın, Elə ki, keyfincə, saf gördü karın, Xəlvətdə öyrədər motalçıların, Kimi qapaz salar, kim çomaq çəkər. Əzəldən deyər ki, bəri dur, bəri, İrəli gedərsən o durar geri. Səni görcək özün soxar içəri, Tünd olub, qapını bidamağ çəkər. Lənət olsun bədəsilə, gövdənə, İstəmə, əgərçi can verə sənə; Şikəstə Zakirəm, gərəkməz mənə, Bu xiffəti hansı qurumsaq çəkər! * * * A ləbləri badə, ağzı piyalə! A ləbləri badə, ağzı piyalə! Bir söz desəm olma bidəmaq, sənə. Yetişibsən, indən belə yaraşmaz Yadlar ilə deyib-danışmaq sənə. Əcəb bihəyadır çərxi-kəcrəftar, Hər ayda bir hilal eylər aşikar; Şəksiz sənin ilə ədavəti var, Göstərir düşəndə qaş-qabaq sənə. Mədənisən felin, nazü qəmzənin, Bərabərin yoxdu aləmdə sənin; Təhrik eləməsə səba, qönçənin Ağzı nədir aça dil-dodaq sənə? Cəvahir qolbaqlar bəyaz biləyi Gahi qucar, gahi eylər hənəyi, Behiştin hurisi, göyün mələyi Yetişməz, yüz çala əl-ayaq, sənə. Zakirəm, eylədin əqlimi zayil, Olmaz belə surət, belə şəmayil; Elə mən deyiləm hüsnünə mayil, Göz dikibdir tamam Qarabağ sənə. * * * Bir bax Həddən aşıb bu viladə şərarət, Hər kim bir iş görə puluna minnət. Mu qədəri yoxdur ədlü ədalət, Və lakin şöhrəti birayə bir bax. Həramilər kimi yol üstə yatar, Tamojnada növkər olub mal tutar. Dünbək çalar, şərab içər ... atar, Feli-bəyzadeyi-tərsayə bir bax! Dolanır bazarı darğa, kvartal, Döyülür sifətlər, yolunur saqqal; Gecə get cibinə beş-on manat sal, Gündüz gəlib nırxi-bahəyə bir bax! * * * Aralıda meyü məhbub olmasa Aralıda meyü məhbub olmasa, Bahar zimistandan betərdir mənə. Gül görmək dəxi də dərdim artırır, Tamaşayi-gülşən zərərdir mənə. Saqi, xoş hekayət istərsən əgər, Bir cam ilə eylə damağımı tər. Keyfiyyəti-badə, nəşəyi-sağər, O Cəmşidi-Cəmdən xəbərdir mənə. Bu qədər ki, vardı dildə iztirab, Ləli-ləbdən özgə söyləmə cavab; Mən özüm bilirəm şərbəti-innab Dəfi-hərarəti-cigərdir, mənə. Ruzi-qiyamətdə var çox əlamət, Ehtiyatım yoxdur ondan nəhayət. Görməsəm, başıma qopar qiyamət, Sərvi-qədin məddi-nəzərdir mənə. Ey Nəbiyyi-Mürsəl, ey kani-kərəm, Zakirəm, şəfaət səndən istərəm. Bir əməlim yoxdur, onda neylərəm Deyələr tuşeyi-səfərdir mənə. * * * Badi-səba, mənim dərdi-dilimi Badi-səba, mənim dərdi-dilimi Ol büti-zibayə dedin, nə dedi? Ahü naləm asimana yetdiyin Gərdəni minayə dedin, nə dedi? Düşüb ayağına sən o zalımın Söylədinmi necəliyin halımın? Onun həsrətindən rəngi-alımın Döndüyün heyvayə dedin, nə dedi? Görsə idin, varmı məni bimarə Nüsxeyi-hüsnündə onun bir çarə; Dildə iztirabə, təndə buxarə, Sərimdə sevdayə dedin, nə dedi? Qəm əlindən payi-bəstə olduğum, Halpərişan, dil şikəstə olduğum, Bəstəri-möhnətdə xəstə olduğum, Gözləri şəhlayə dedin, nə dedi? Sərasər fələyin şəmsü mahına, Tamam yer üzünün qiblegahına, Zakirin əhvalın xublar şahına Ağlaya-ağlaya dedin, nə dedi? * * * Badi-səba, söylə mənim yarıma Badi-səba, söylə mənim yarıma Gözəllər çıxıbdı seyranə, gəlsin! Təğafül etməsin, işrət çağıdır, İçilir hər yerdə peymanə, gəlsin! Bənövşələr salsın başın aşağa, Nərgiz olsun gözlərinə sadağa, Gül camalın görüb düşsün torpağa, Bülbülü gətirsin əfğanə, gəlsin! Siyah zülfü tər buxaqda dənlənib, Sonalar yerişi ondan öyrənib. Ovçu görmüş maral kimi səksənib, Oğrun baxa-baxa hər yanə, gəlsin! Barmağında xatəm, belində kəmər, Telində cüşvarə, düymə tamam zər, Qərq olsun yaşıla, ala sərasər, Naz ilə sallana-sallana gəlsin! Sürmə çəksin gözlərinə, qaşına, Gündə yüz yol mən dolanım başına. Zakir tək yanmağa eşq ataşına, Cürəti var isə pərvanə gəlsin! * * * Bağrım şan-şan olur zənbur evi tək Bağrım şan-şan olur zənbur evi tək, Gözüm tək, sən gəzən otağa düşər. Necə ağlamayım, bəs ağlamazmı Bir kəs ki, yanından irağa düşər? Əyyami-xəzanə dönüb baharım, Kəsilməz sübhədən naləvü zarım. Sən gedəndən bəri bir yol güzarım Nə suyi-gülşənə, nə bağa düşər. Qəsdin aşiq canı almaqdı əgər, Göz ucilə qıya baxmağın yetər. Dəxi nə lazımdı tiri-müjələr Səf çəkib, yay qaşın qabağa düşər. Üzünü görməyə məh avarədi, Gahi müdəvvərdi, gahi parədi; Gün sənin əlindən cünüqarədi, Zülfün kimi daim ayağa düşər. Nə müddətdi bizdən kəsibdi ara, Bir deyən yox o zalimü xunxara: Ver hüsnün zəkatın Zakiri-zara, Binəvadır, ona sədağa düşər. * * * Bil ki, bədəsildən yoxdu fayidə Bil ki, bədəsildən yoxdu fayidə, Üzəsən canını yüz qabağında. O ki, hal əhlidir, unutmaz yarın, Əyri dolan istər düz, qabağında. Çox dedim, kuyinə rəqib dolmasın, Qapını, bacanı bədxah almasın. Müşküldür götürmək, yarəb, olmasın Heç kimin yarası göz qabağında. Dərdü qəmü möhnət kəsib yanımı, Qoymaz yerə düşə, içər qanımı. Qürbətdə alınca hicran canımı, Öləydim dilbərin öz qabağında. Mən çox dedim: ey gün, olma rubəru, Zalımdır, sən deyən dilbər deyil bu. Tutmayıb pəndimi, etdin cüstcu, Hünərin var isə döz qabağında. Dəyibdir Zakirə eşqin əsəri, Kimi dəli deyir, kimi sərsəri, Lal olmuşdur onu sevəndən bəri, Yoxsa qalmaz idi söz qabağında. * * * Bir laçın gözlünün sultani-eşqi Bir laçın gözlünün sultani-eşqi Könül şəhrin alıb xeyli zamandı. Sori kuyi Kəbəm, qaşı mehrabım, Müshəfi-hüsnüdür dilimin andı. Nə üz ilə əl çəkməyim vətəndən, Biganələr kimi baxaram gendən, Ədavət yolilə səg rəqib məndən Bimürvətə hər nə dedi, inandı. Əmanətim budur, ey badi-səhər, Dolanıb seyr elə aləmi yeksər, O üzüdönmüşdən mənə bir xəbər Tezlik ilə yetir, cigərim yandı. Hər yerdə bir təbib eşitdim, vardım, Tapmadım dərdimə dərman, axtardım, Nə mən öldüm bu möhnətdən qurtardım, Nə cövrü cəfadən dilbər usandı. Cünun olur görən məstanə gözün, Nəməki söhbətin, məzəli sözün; Zakir neçə gündür itirib özün, Əvvəldən bir müddət yaxşı dayandı. * * * Bir saat havada qanad saxlayın Bir saat havada qanad saxlayın, Nizam ilə gedən qoşa durnalar! Qatarlanıb nə diyardan gəlirsiz! Qaqqıldaşa-qaqqıldaşa, durnalar? Mən sevmişəm yarın ala gözünü, Nəsib ola bir dəm görəm üzünü; Yoxsa danışırsız dilbər sözünü, Veribsiniz nə baş-başa durnalar?! Diyari-qürbətdə müddətdi varam, Gecə-gündüz canan deyib ağlaram, Mən də sizin kimi qəribü zaram, Eyləməyin məndən haşa, durnalar! Laçın yatağıdı bizim məkanlar, Yavaş-yavaş gedin, sosiniz anlar, Qorxuram toxuna ötən zamanlar, Sürbəniz dağılıb çaşa, durnalar! Zakirəm, od tutub, alışdı cigər, Var isə canandan sizdə bir xəbər, Təğafül etməyin, Allahı sevər, Dönməsin bağrınız daşa, durnalar! * * * Bu bahar fəslində, mürüvvətdirmi Bu bahar fəslində, mürüvvətdirmi, Sevgili yarından göz iraq olsun? Baxıb hər tərəfə, gülüzarını Görməyib sənəti ağlamaq olsun? O gedəndən bəri bir məhrəmim yox, Ləzzətim yox, söhbətim yox, dəmim yox; Tamam aləm viran olsa qəmim yox, Tək canan mənimlə ittifaq olsun. Ey könül, səbr eylə, Allahı sevər, Gəzib dolanacaq aləmi yeksər; Bəlkə yardan bizə verə bir xəbər, Demişəm səbayə göz-qulaq olsun. Fələk qoymadı ki, görəm rüxsarı, Unutma gahbəgah, yar, səni tarı; Qasid pəyamilə, düşəndə barı, Aralıqda deyib danışmaq olsun. Dərdü möhnət hücum edibdir mənə, Yetirə gör özün, qulunam gənə. Qorxuram tən edib deyələr sənə Zakirin ölübdür, başın sağ olsun! * * * Bu bahar fəslində, gül mövsümündə Bu bahar fəslində, gül mövsümündə Hər kimin ki, ola yarı yanında, Bürci-Əsəddədir kövkəbi-bəxti, Bil ki, bəxtəvərdi tarı yanında. Dolanım başına, ey sərvqamət, Qonaq kafir olsa, lazımdır hörmət. Bir kimsəsi yoxdur, eylə məhəbbət, Qoyub getdim dili-zarı yanında. Baxma firibinə hərzəguların, Aralıq vurmaqdı işi buların. Adətdir ki, olur xubruların Sevgisinin yadigarı yanında. Onun kimi baş aşağı, üftadə, Tapılmaz, gəzəsən dari-dünyadə. Gümanım budur ki, ola ziyadə Günbəgündən etibarı yanında. Gətirmişdi saf Zakiri amanə, Derdi gedəcəyəm kuyi-cananə, Xeyir görsün, istər düşsün ziyanə, Yaman-yaxşı saxla, barı yanında. * * * Bu dövri-fanidə beş gün kişinin Bu dövri-fanidə beş gün kişinin Bir yaxşı, vəfalı yarı gərəkdir. Aralığa rəqib girə bilməyə, Bir-birinə etibarı gərəkdir. Əhdi dürüst ola, iqrarı möhkəm, Gözündən irağa düşəndə bir dəm Nə könlü açıla, nə ola xürrəm, Fikri, zikri sənin sarı gərəkdir. Yadlar ilə danışmaya, gülməyə, Namünasib yerə gedib-gəlməyə, Hər sözü şəninə layiq bilməyə, Namusu qeyrəti, arı gərəkdir. Naməhrəmə görünməyə, yan gəzə, Bihəya olmaya, adü san gəzə, Amma öz evində alişan gəzə, Ala, verə, ixtiyarı gərəkdir. Cahillik zamanı keçibdir əgər, Geno yüz naxələf oğlana dəyər: Piranəsərlikdə bir belə dilbər Yetirə Zakirə tarı, gərəkdir. * * * Məni Rahi-müsibətdə keçmişəm candan, Müxənnətdir qorxan bir qaşıq qandan! Ehtiyatım yoxdur paşadan, xandan, Analar doğubdur şiri-nər məni. * * * Bu gün – bayram günü səhni-çəməndə Bu gün – bayram günü səhni-çəməndə Gördüm nazəninlər xürrəm oturmuş. Mənim yarım nə danışır, nə dinir, Oların içində əbsəm oturmuş. Oturub tək-tənha, qarışmır cəmə, Nə söhbətə qulaq asır, nə dəmə, Bənzəyir aşiqi ölən sənəmə, Əlləri qoynunda, pürğəm oturmuş. Seyğəlsiz, sürməsiz gözlər ilə qaş, Dağınıqlı geysu, pozunuqlu baş, Çöhreyi-alında qətrə-qətrə yaş, Sanasan, gül üzrə şəbnəm oturmuş. Soruşdum qızlardan, Allahı sevən, Neçin mükəddərdi o qönçədəhən? Dedilər: eşidib, ey bivəfa, sən Olmusan özgəyə həmdəm, oturmuş. Sürünüb payinə, eylədim əfğan: İnanma bu sözə, yalandır, yalan! Şikəstə Zakirəm, hüsnünə heyran, Oxların sinəmdə möhkəm oturmuş. * * * Qadir Allah bir də səbəb salaydı Qadir Allah bir də səbəb salaydı, Bəyaz cəbinində tağı görəydim. Sürtəydim üzümü gülgəz yanağa, Siyah zülfü, tər buxağı görəydim. Səs-səsə verəydi həzarə, bülbül; Xuraman-xuraman, əllərində gül, Gəzəydin hər tərəf bağı, görəydim. Bu dövran dolanıb, zəmanə dönə, Tarının kərəmi olaydı mənə, Oturub səninlə dizbədiz gənə Deyib, gülüb, danışmağı görəydim. Dərdü qəm çəkməkdən qan olub cigər, Gətirən yox nazlı yardan bir xəbər. O qədər ölməyəydim mən, müxtəsər, Gənə o gördüyüm çağı görəydim. Zakirəm, çəkərəm cövrü cəfanı, Yadlar ilə sürər zövqü səfanı; Nə gərək sevəydim ol bivəfanı, Nə də belə hicran dağı görəydim. * * * Qadir Allah səbəb sala araya Qadir Allah səbəb sala araya, Gənə dost kuyinə yollar açıla. Sərəndaz pozula, bəzək dağıla, Əfşan ola siyah tellər, açıla. Diyari-qürbətdə qalmışam həsrət, Bir zaman olmadı didarın qismət, Mürüvvətdir el şad ola, bimürvət, Mənim gözlərimdən sellər açıla?! Sən ol öz Allahın, dinmənəm mən də, İnsafa layiq iş hansıdır səndə? Sevgi gərək sevgisinə yetəndə Qucaqlaşa, qulac qollar açıla. Sən gedəndən bəri hərgiz gülmənəm, Nə yaxşı ki, bu hal ilə ölmənəm; Qış, üzün qəmindən belə ki, mənəm, Vay odur yaz ola, güllər açıla. Yüz ilin xidməti gəlmədi karə, Təqdiri-qəzayə olmadı çarə; Zakir, yarın yar olmağın əğyarə Gələ gör eşidə ellər, açıla. * * * Qadir Allah səbəb salıb araya Qadir Allah səbəb salıb araya, Sevdiyim, ixtilat qatmaq çağıdı. Dur qolboyun olaq, fürsət var ikən, Nə qəmə, qüssəyə batmaq çağıdı? Götür qoy bir səmtə bəzəyin, sərin, Qorxuram dağıla zəru zivərin. Başın qüllabəsin, belin kəmərin Hər birin bir yana atmaq çağıdı. Üz bürüməz yar yarını görəndə, Bu xasiyyət nədir bilmərəm səndə? Biganələr kimi oturma gendə, Gəl sarmaşaq, alıb-satmaq çağıdı. Qul xətasız olmaz, ey çeşmi xumar! Öldürsən də sonra ixtiyarın var. Bu gündən sabaha yoxdur etibar, Soyun, gecə keçdi, yatmaq çağıdı. Canım qurban qaşlarının tağına, Pərvanə tək dolan solü sağına. Zakir, dön başına, düş ayağına, Nə danışıb söz uzatmaq çağıdı?! * * * Dərdbilməzlər qınar məni, heç deməz Dərdbilməzlər qınar məni, heç deməz Dərd ilən doludur döşüm, ağlaram. Çərxin sitəmindən, dövrün zülmündən Tökülür dəmbədəm yaşım, ağlaram. Nə qədər könlümə verrəm nəsihət, Bir zaman eşqdən olmaz fərağət; Nə onda mürvət var, nə məndə taqət, Yaman yerə yetib imiş, ağlaram. Hər kimsənin olsa bir xeyrü şəri, Gəlib məndən alır idi xəbəri; O qaşları yayı görəndən bəri Dağılıbdır əqlü huşum, ağlaram. Diyari-qürbətdə binamü nişan Qalmışam, tapılmaz halım soruşan; Nə bir gələn, nə bir əhval danışan; Yollardadı gözüm, guşum, ağlaram. Düşəndə yadıma vəfalı dilbər, Sərasər od tutub alışır cigər. Qəm tünlüq, mən yalqız, yüz yana çəkər, Zakirəm, böyüyüb başım, ağlaram. * * * Dilbər, neyləmişəm, nədir günahım Dilbər, neyləmişəm, nədir günahım, Baxar mənə özgə sayaq gözlərin. Bir quru qəfəsəm, yetişən kimi Alıbdı canımı bayaq gözlərin. Dəlik-dəlik eyləmişdi sinəmi, Dedilər ki, gəlir sala mərhəmi; Dəxi də artırdı qəm üstən qəmi, Nə yaxşı yoxladı naçaq gözlərin. Qəmzən həramidi, qəddin qiyamət, Aşiqlər içində salıbdır afət. Yay tutmaqda, ox atmaqda, nəhayət, Hamıdan mahirdi qoçaq gözlərin. Hər kim yana onun iştiyağına, Gərəkdir əl qata cigər yağına; Gördü ki, əyilib qaşın tağına, Tez verdi müjdədən dayaq gözlərin. Həzər eylə, bir bax pərvərdigarə, İncitmə aşiqi bir də dübrə; Ver hüsnün zəkatın Zakiri-zarə, Olsun bəlalərdən iraq gözlərin. * * * Dilbər sən gedəndən bəri könlümün Dilbər sən gedəndən bəri könlümün Nə səbri, sükunu, nə qərarı var. Kimdir mənim kimi ellər dəlisi? Hər kimsənin öz boyuna karı var. Yar məgər yarını yadına salmaz? Arayıb axtarmaz, qəminə qalmaz? Haçan can dilədin, mən dedim: – olmaz? Yalan demə, üstümüzdə tarı var! Həmdəmi olmayan pərişan gəzər, Əlləri qoynunda, bu nişan gəzər, Əgər gəda olsa, alişan gəzər Hər kimin ki, bir vəfalı yarı var. Gəzəsən aləmi, cümlə-cahanı, Mənim tək tapılmaz binəva, hanı? Vamiqin Əzra tək canı yananı, Məcnunun Leyla tək qəmküsarı var. Zakir, başdan bəxtin qaradır sənin, Göz tikmə yollara, kimdir gələnin? Bəxtəvər başına o kimsənənin, Gözəllər yanında etibarı var. * * * Dilbər, sən gedəli xəstə düşmüşəm Dilbər, sən gedəli xəstə düşmüşəm, Gəl gör ki, intizardı can sənə. Ruzigarım qara keçdiyin məgər Söyləməyib zülfi-pərişan sənə? Müjganların salıb bağrıma zədə, Dözmək olmaz münca dərdi-bihədə. Çəkibsən özünü bürci-Əsədə, Nə nalə yetişir, nə fəğan sənə. Həsrətin çəkməkdən qan olub cigər, Tərk eylə cəfanı, Allahı sevər! Ahi-səhərimdən asibü zərrə, Qorxuram yetişə, növcavan, sənə. Görməseydim əgər mehrü məhəbbət, Haşa eylər idim səninlə ülfət! Varə-varə oldun, zalim bimürvət, Əzəldən yox idi bu güman sənə. Götürüb xublardan dəstəbədəstə, Barı gəl öləndə qəbrimin üstə, Çünki sağlığında Zakiri-xəstə Qulluq edib axşam sənə, dan sənə. * * * Dilbər, səni tarı, günəş camalın Dilbər, səni tarı, günəş camalın, At bürqəni, al yanağı görünsün. Bəyaz cəbinində qövsi-qüzeh tək, Hərami qaşların tağı görünsün. Gizləmə gəncini süni-hudanın, Qoy olsun aşikar, sən ol öz canın; Sal ağızdan yaşmaq, sədəf dəhanın Şirin-şirin danışmağı görünsün. Susayıb qanıma bimar gözlərin, Xəstədir, gördüyün umar gözlərin, Eşq əhlinə iki xumar gözlərin Kaman çəkib, ox atmağı görünsün. Çəkibsən sədrinə qara çarqatı, Bulud kimi alan ara çarqatı. Götür tulla, bir kənara çarqatı, Giribandan sinən ağı görünsün. Sevgi gərək ola sevgisilə düz, Əylənə bir yerdə gecəvü gündüz; Bir dəm Zakir ilə otur üzbəüz, Üzarının solu, sağı görünsün, * * * Dilbər, tər sinədən götür çarqatı Dilbər, tər sinədən götür çarqatı, Qoy bir də görünsün göyçək məmələr, Həsrətin çəkməkdən cana yetmişəm, Açsın könlümüzü çiçək məmələr. Örtüb basdırırsan gül pirəhəndə, Bu xasiyyət nədir, bilməzəm, səndə? Qar deyil əriyə nəfəs dəyəndə, Bir şey deyil yeyək, içək, məmələr. Eşq əhlinə olsa xoş iltifatın, Gətirmə adını abi-həyatın; Şirinlikdə balın, qəndü nəbatın Tamamı yalandı, gerçək-məmələr. Zakir, hamı dərddən bu dərddi yaman – Bir kəs ahıl ola sevə növcavan; Qorxuram diş düşə, tökülə dəndən, Durmaya ağzında sürçək məmələr. * * * Dostu kuyindən bir gələn yox soruşaq Dostu kuyindən bir gələn yox soruşaq, Görək həmdəm indi o yarə kimdi? Oturub üzbəüz edən tamaşa Doyunca çöhrəvü üzarə kimdi? Adətdir, baxarlar qaşları yayə, Nəzzarə edərlər rüxi-zibayə. Mən düşmüşəm nahaq dami-bəlayə, Baxmayan türreyi-tərrarə kimdi? Yanaram şəm tək gecə sübhdən, Karü şüğlüm olub naləvü şiyvon. Bu qədər dərində sızıldaram mən, Bir yol deməz; “görün biçarə kimdi??” Gizlədim bir müddət, infial etdim, Nə bir söz danışdım, nə də qal etdim. Qan olmadı bir gün şərhi-hal etdim, Deməyən dərdini dildarə kimdi? Kuhkəənin ev tikməkdi binası, Həyat verir Qeysə seyri-səhrası; Hər kəsin var bir mənzilü məvası, Aləmdə Zakir tək avarə kimdi? * * * Dost yolu bağlandı, ümid kəsildi Dost yolu bağlandı, ümid kəsildi Qasidin dəmbədəm kitabətindən. Çərxi-sitəmgərin, dövri-zalımın Ölüb qurtarmadıq ədavətindən. O mehrabü minbər qaşlara mail Olmayanın olmaz imanı kamil; Yüz il başın yerə döyə, nə hasil, Zahidin bihudə ibadətindən. Saxladığım bəsdi canı bədəndə, Bundan artıq yoxdu təvanə məndə. Sizi tarı, deyin yara düşəndə, Məgər əl götürüb əmanətindən? Nə xoşdur cananə canı yetirmək, Doyunca nəzarə eyləyib ölmək. Aşiqə məşuqun didarın görmək Ziyadədi Kəbə ziyarətindən. Qoyubdu Zakiri qəm məkanında, İntizar gözündə, qüssə canında; Gözəllər içində, xublar yanında Üzə çıxa bilməz xəcalətindən. * * * Dost yolunda cəfa çəkdim, can üzdüm Dost yolunda cəfa çəkdim, can üzdüm, Yetişmədim bir məkanə, ay mədəd! Sərasər əndamım mum tək əridi. Eşq atəşi düşüb cana, ay mədəd! Muradımız şükufəsi bitmədi, Bəlalı sərimdən sövda getmədi, Yetər oldu ömür başə, yetmədi Əlim zülfi-pərişanə, ay mədəd! Qalmışam göz yolda, könül intizar, Qəm tutub yaxamı hər yana dartar, Mən bilmənəm necə bağlanıb yollar Bir gələn yox bu viranə, ay mədəd! Ayrı düşmək vətənindən yamandı, Diyari-qürbətdə öldüm, amandı! İtirmişəm yarı xeyli zamandı, Axtarıram yanə-yanə, ay mədəd! Bir kimsənin yoxdu məndən xəbəri O qaşları yayı sevəndən bəri, Şikəstə Zakirəm, ahım əsəri Od salıbdı asimanə, ay mədəd! * * * Dur sallan, dur sallan, boyun qurbanı Dur sallan, dur sallan, boyun qurbanı, Tamaşalar etsin sənəmlər sənə. Doğrasın əllərin turunc yerinə, Baxa-baxa qalsın hərəmlər sənə. Kimin ki, güzarı düşsə kuyinə, İlişir yüz yerdən tari-muyinə, Qoymazsan doyunca baxa ruyinə, Aşiq olan adam vərəmlər, sənə. Bari-möhnət əyib qəddi-dalımı, Xəzanə döndərib rəngi-alımı; Sifariş eylərəm keçən halımı, Bir gedən olmadı bu dəmlər, sənə. Hər sənəm ki verə yarına zəhmət, Oxunur ölüncə zatına lənət; Dolanım başına, olma bimürvət, Yaraşır ehsanü kərəmlər sənə. Səbəb nədir əl çəkibsən vəfadən, Usanmazsan bir dəm cövrü cəfadən; Zakirin naləsi keçdi səmadən, Məgər əsər etməz bu qəmlər sənə? * * * Dün düşdü güzarım yarın kuyinə Dün düşdü güzarım yarın kuyinə, Dərdü qəm çevrəsin alıbdı, gördüm. Soruşdum əhvalın, cavab vermədi, Gözləri yaş ilə dolubdu, gördüm. Ahü zar çəkməkdən yox olub varı, Ayinəsin tutmuş möhnət qubarı. Əyyami-xəzana dönüb baharı, Saralıb gül rəngi solubdu gördüm. Kamana dönübdü qaməti-mövzün, Əhvalını fələk edib digərgün. Gecə-gündüz ağlamaqdan əşki-xun Almas kiprikləri yolubdu gördüm. Hanı mən gördüyüm əhmər yanaqlar, Müsəlsəl geysular, nəsrin buxaqlar? Təravətdən düşüb qönçə dodaqlar, Deyib-danışmaqdan qalıbdı, gördüm. Zakir, xərab olsun belə zəmanə, Həmişə yaxşılıq verib yamanə, Yar ilə qolboyun gəzdiyim xanə Dağılıbdı, bərbad olubdu, gördüm. * * * Düşmüşəm çöllərə, ey Leylicəmal Düşmüşəm çöllərə, ey Leylicəmal, Məcnun kimi səni gördəndən bəri. Cəm olmaz sərimə əqlü kəmalım, Könlümü zülfünə verəndən bəri. Şirin göftarından ayrı lalam mən, Ümid yoxdu gələn ilə qalam mən; And olsun Kəbəyə, xəstəhalam mən Kəbəyi-kuyindən gələndən bəri. Bir aşiq can ver cananə əgər, Bişübhə behişti-bərinə gedər, Nə könlüm açılar, nə üzüm gülər Səg rəqib dərində öləndən bəri. Mən deyirdim desəm dildarə qəmi, Əlbət mənə olur lütfü kərəmi; Birə yüz artıbdır cövrü sitəmi Dəxi də dərdimi biləndən bəri. Zakirəm, kəmanə dönüb qamətim, Nə xurdü, nə xabım, nə də rahətim. Gələ gör ki, kəsilibdi taqətim, Yay qışın taqini görəndən bəri. * * * Ey bimürvət, məni cana yetirdin Ey bimürvət, məni cana yetirdin, Bunca cövrü cəfa birdən olurmu? De görüm ki, neyləmişəm sənə mən, Azürdəlik əbəs yerdən olurmu? Gözlərin nərgizə verib ozabı, Ləbin xəcil eylər şərabi-nabı, Üzarın ərəqi, hüsnün gülabı Yasəməndən, güli-tərdən olurmu? Bəstəri-möhnətdə xəstəhalam mən, Təbiblərdə yoxdu dərdimi bilən; Göz yaşilə namə yazsam, görəsən, Bizə çarə o dilbərdən olurmu? Yeridikcə eylər o şuxi-şəhbaz Al çarqatın ucu havada pərvaz; Belə işvə, belə qəmzə, belə naz, Belə qamət, belə gərdən olurmu? Gözəl olan gərək dünyadə möhkəm, Unutmaya yarın bir saat, bir dəm, Səg rəqib sözilə, sevdiyim adəm, Zakir kimi süxənvərdən olurmu? * * * Ey qönçədəhanım, tazə-tərlikdə Ey qönçədəhanım, tazə-tərlikdə Nə gül həmta olub, nə lalə sənə. Gərək gözlərinə millər çəkilə Hər kim desə vəhşi qəzalə sənə. Məclisi-şahanə edəndə bərpa, Düşər əl-ayağa sağərü səhba, Dərgahına saqi eylər iltica, Baş əyər sürahi, piyalə sənə. Qan tökər sübhü şam gözüm mərdümi, Al eylər dəmbədəm ruyi-zərdimi, Yalvarıb yapışa, deyə dərdimi, Tapşırmışam badi-şimalə, sənə. Açanda zülfündən bəndü bağı sən, Porişan eylərsən ittifaqı sən. Can alansan, həramisən, yağısan, Heç kafər olmasın həvalə sənə. Zakir, nə çəkirsən münca intizar, Yad eyləyə səni mümkün deyil yar; Nə qədər ki, sağdır qoyarımı əğyar Yetişə ol şahdan növalə sənə? * * * Ey əndəlib, səndə bu nə qanundu Ey əndəlib, səndə bu nə qanundu – Fəğan çəkmək növbaharı görəndə? Əgər ki, mətləbin gül görmək isə, Kirisnə gülüzarı görəndə. Bu necə adətdir, bu necə ərkan, Əyyami-vəsldə çeşmin tökər qan; Firqətdə vacibdir aşiqə əfğan, Sakit olmaq gərək yarı görəndə. Pərvanə də sən tək şəmə maildi, Hər necə ki, zülm eyləsə qaildi; Nalən bihudədi, əqlin zaildi, Günah yoxdu səni karı görəndə. Nalə çəkib bülbül dedi: ey pesər, Ərkani-eşqdən olan bixəbər; Mümkündür aşiqə dincəlmək məgər Gül ilə həmsöhbət xarı görəndə? Ey dilbəri-sadə, şuxi-növrəstə, Başın üçün, gəzmə qeyri hovəsdə; Qədimi qulundur Zakiri-xəstə, Məhəbbət et ona, barı, görəndə. * * * Ey yığılan canlar, minnət eyləyin Ey yığılan canlar, minnət eyləyin, Dursun, o gözəllər şahı oynasın. Dəst tutsun Ütarid, Zöhrə, Müştəri, Fələgin şəms ilə mahı oynasın. Sərasər əlvanə batsın gül bədən, Siyah zülfün töksün qamətilə tən. Demənəm oynasın ta axşamadən, Gah otursun, gahi-gahi oynasın. Salıban piləkduz cuna başına, Sürmə çəksin həm gözünə, qaşına; Can nəqdini verək biz şabaşına, Eşq əhlinin qibləgahı oynasın. Odur bizim sultanımız, xanımız, Yolunda qoymuşuq din-imanımız; İntizar çəkməkdən çıxdı canımız, Bəsdi bu nəzakət, dahı oynasın. Şikəstə Zakirəm, görüb karımı, Dağıtdım yolunda yoxü varımı; Aparıb əqlimi, ixtiyarımı, Xahi oynamasın, xahi oynasın. * * * Ey yığılan canlar, siz olun tarı Ey yığılan canlar, siz olun tarı, Amandı, qoymayın, yar oynamasın. Bir belə adamın içində, yəqin, Əlbəttə, bədnəzər var, oynamasın. Vüqarla otursun o gülbədənim, Bu yığnağa çoxdur gəlib-gedənim; O, oynasa olur, bilsin ki, mənim Gen dünya başıma dar, oynamasın. Xəlq içində xəcil etməsin bizi, Müştaqdır gözünə aləmin gözü; Yel atar çarqatın, açılar üzü, Badə gedər namus-ar oynamasın. Oynamağa həvəs eyləsə, barı, Oynasın gecə saf olanda yarı; Günün hərarəti, yerin buxarı Tər bədənə eylər kar, oynamasın. İltimas eyləsə qızlar, gəlinlər, Dabanı çatdaqlar, ayaqyalınlar, Oynasa oynasın gönüqalınlar, Zakir, ol məməsi nar oynamasın. * * * Ey sevdiyim, ləli-ləbinə nisbət Ey sevdiyim, ləli-ləbinə nisbət, Meyxanələr içrə badə tapılmaz. Çox ali-şan nazəninlər görmüşəm, Sənin kimi şahzadə tapılmaz. Müştəridir sana Zöhrə fələkdə, Gecə-gündüz övsafını deməkdə, Bərabərin olsa olsun mələkdə, Amma bizim bu aradə tapılmaz. Tamam adın eşitdiyin gözəllər Gecədən də durub sürtük edəllər, Cəm olsa xəlayiq, yığılsa ellər Sənin tək dilbəri-sadə tapılmaz. İnsaf olmaq gərək gədadə, bayda, Heç olmazsa yarın yoxlaya ayda, Vilayətdə gözəl çoxdu, nə fayda, Dərd bilən, yetişən dadə tapılmaz. Sərf eyləyib həyatına həyatın, Tərk edib vəhdətin, eyşü nişatın; Əgər verməlisən hüsnün zəkatın, Zakir kimi bir üftadə tapılmaz. * * * Ey sevdiyim, səndən cüda düşəli Ey sevdiyim, səndən cüda düşəli, Mənəm gecə-gündüz əzab içində. Qan-yaş töküb sızıldaram, yanaram, Necə ki, atəşin kəbab içində. Tək yaradıb səni vahidi-yekta, Şəhdi-müsəffadır cismin sərapa; Tər sinədə bəyaz püstanın guya Çeşmeyi-kafurun hübab içində. Çeşmin keyfiyyəti, ey qədri ali, Salıb meyxanəyə yüz qiylü qalı; Qara çarqat içrə rüxsari-ali Görən der: günəşdir səhab içində. Görməmişəm sənin kimi məhvəşi, Gözləri afəti, hüsni dilkeşi, Bənzər ləbin üzrə xali həbəşi Daneyi-əngurə şərab içində. Kuyindi Zakirin Darüssəlamı, Heç kimsənin yoxdu belə məqamı. Kakilin hədisi, zülfün kəlamı Şərhi-Mütəvvəldi kitab içində. * * * Ey sevdiyim, səndən cüda düşəli Ey sevdiyim, səndən cüda düşəli, Nə səbrü sükunun, nə taqətim var. Sənsən sözüm, fikrim, zikrim, xəyalım, Sanma ki, bir özgə hekayətim var. İkisi birləşib zülm edib mana, Güvah yox arada, qorxuram dana; Üz görmə, sultanım, gəlmişəm sana Mərdümi-çeşmindən şikayətim var. Eyib yoxdur ətvarında, xuyində, Şirin söhbətində, göftüguyində, Qoyuban getmədim canı kuyində, Şərməndəyəm, səndən xəcalətim var. Badi-səba, dəymə yarın zülfünə, Pərişan eyləmə xatirim yenə. Bəlkə nəsib ola yetişə mənə, Onda könül adlı əmanətim var. Tab etməyib keşa-keşi-sövdayə, Fərhad dağa qaçdı, Məcnun səhrayə, Şikəstə Zakirəm, cövrü cəfayə, Onlar tək deyiləm, dəyanətim var. * * * Ey cismimin canı, gözümün nuru Ey cismimin canı, gözümün nuru, Eylədiyin əhdü vəfadən utan! Gecə-gündüz çakər kimi dərində Çəkdiyim cövr ilə cəfadən utan! Əbəs yerdə xəcil oldum arada, Əqlü huşu verdim fənayə, bada... Gözüyaşlı məni qoyub burada, Qeyr ilə sürdüyün səfadən utan! Eylədin həvalə eşq odun cana, Gördün ki, yanıram, çəkildin yana; Canın nisar edən Şeyx Sənana, Vəfadə düxtəri-tərsadən utan! Ey bimürvət, neyləmişdim sənə mən, Rahi-ümmidimə döşədin tikən. Məhəbbət yolunda bəlalər çəkən Züleyxadan, Şirin, Leyladan utan! Şikəstə Zakirəm, sevmişdim səni, Atəşi-fəraqə yandırdın məni; Həq dost tutmaz iqrarından dönəni, Bəndeyi-xudasən, xudadən utan! * * * Eşitdim gözəllər seyrə çıxıbdır Eşitdim gözəllər seyrə çıxıbdır, Getdim, gördüm canlar alan gəlməmiş. And verib soruşdum bir-bir, dedilər: Fəqir, səni dərdə salan gəlməmiş! Əyyami-zimistan keçib, gələ yaz, Mükoddər xatirim bir dəm açılmaz; Yüz min təbib olsa yaram sağalmaz, Özü məni dərdə salan gəlməmiş. O sərvəri-xuban, o şahi-sənəm Mübarək əlilə etməsə mərhəm, Gözümün qan-yaşı qurumaz bir dəm, Oxu sınıb dildə qalan gəlməmiş. Müsəlsəl geysusun töküb rüxsarə, Siyah sürmə çəkib çəşmi-xumarə; Dəli könül, gör başına bir çarə, Gözü sərxoş, zülfü ilan gəlməmiş. Zakir ilə yoxdur ülfəti əgər, Cəm imiş dərində eşq əhli yeksər; Təkəllümə gəlib vəfalı dilbər, Soruşub: “bəs neçin filan gəlməmiş?” * * * Əyyami-zimistan keçdi, sevdiyim! Əyyami-zimistan keçdi, sevdiyim! Dur seyr elə, işrət baharıdır bu! Rəna qamətinə baxıb xəlayiq Desinlər ki, kimin nigarıdır bu? Sübhədən qol-boyun yatmaq çağıdı, Dərdü qəmi kənar atmaq çağıdı, Gəl savaşma, alıb satmaq çağıdı, Keçirmə, məhəbbət bazarıdır bu. Can quşun, ey əcəl, arasan təndə, Onun hökmü nə səndədir, nə məndə; Qaçıb daldalanıb künci-bədəndə, Bir laçın gözlünün şikarıdır bu. Hər aşiq ki, gəlsə səri-kuyinə, İlişir yüz yerdən tari-muyinə. Könül çox dolanır dövri-ruyinə, Heç deməz, harami güzarıdır bu. Əmanətim budur, Aallahı sevər, Nəşimi yol üstə dəfn eyləsinlər. Ötəndə, keçəndə vəfalı dilbər, Desin Zakirimin məzarıdır bu! * * * Əsib badi-səba, gül pirəhənin Əsib badi-səba, gül pirəhənin Çak edəndə, bəyaz sinənədən öpüm. “Səlli əla” deyim, sürtüm üzümü, Kəbə qəndili tək məməndən öpüm. Gəzib-gəzib gəlib oturub gəndə, Kin, küdurət ortalıqda gedəndə, Təkəllümə gəlib söhbət edəndə “Bəri bax, bəri bax” deməndən öpüm. İşim yoxdur sultan ilə, xan ilə, Yolunda qoymuşam başı can ilə; Oturub bir neçə növcavan ilə Şirin-şirin içib-yeməkdən öpüm. Müddətdi həsrətəm, eyləmə haşa, Ay qabağa, xumar gözə, yay qaşa, Durub pərvanə tək dolanıb başa, Siyah zülfün tutum, çənəndən öpüm. Kəsilib könlümün səbrü qərarı, Al canımı qurtar barı, sən tarı. Öldürən zamanda Zakiri-zarı, Əl saxla bir, qanlı qəməndən öpüm. * * * Əsib badi-səba, nümayan oldu Əsib badi-səba, nümayan oldu Çaki-giribandan bir bəyaz məmə; Şüai-şəms tək göz qamaşdırır, Mən görmüşəm bunun kimi az məmə. Hər ikisi biri birindən göyçək, Nə öpmək mümkündü, nə də dişləmək; Təxt üstündə qoşa şahzadələr tək Şəklənib, oturub şahibaz məmə. Gül qönçəsi kimi gülşən içində, Behişti-bərin tək məskən içində, Pirahən altında, çəpgən içində Hər dəm edər bir-birinə naz məmə. Könül nə çəkərsən munca intizar? Sev bir ala gözlü, tər buxaqlı yar! Ömri-dübarədir, xoş səfası var, Gərəkdir kişiyə qışü yaz, məmə. Aşiqlik cahilin ağzına gəndi, O kəsə meyl et ki, qədir biləndi. Nə qaim sorandı, nə dişləyəndi, Eyləmə Zakirdən etiraz, məmə! * * * İllər ayrısıyam, gəl qucaqlaşaq İllər ayrısıyam, gəl qucaqlaşaq, Sevdiyim, şikayət zamanı deyil. Sənin gileyin çox, mənim günahım, Onların nəhayət zamanı deyil. Acı söz yaraşmaz belə bazara, Şirin-şirin gəl danışaq bir para; Keçən sərgüzəşti tulla kənara, Bihudə hekayət zamanı deyil. Qonum-qonşu gəlib şənlik olmamış, Bizim üçün qara gündük olmamış, Əngəl yığılmamış, tünlük olmamış Oturmaq, fərağət zamanı deyil. Sevgi sevgisinin ləbindən əmə, – Bir ləzzəti dəyər iki aləmə. Aç giriban bəndin, görünsün məmə, Gizləmə, xəyanət zamanı deyil. * * * İstərəm ki, varım yarın kuyinə İstərəm ki, varım yarın kuyinə, Şikvə edəm qəmi-pünhan əlindən. Bilirəm ki, mənə fürsət tapılmaz Dərində aşiqi-nalan əlindən. Badi-səba, söylə ol sitəmkara, Ölürəm, eyləsin dərdimə çara, Yoxsa məhşər günü pərvərdigara Dad edib, çəkərəm aman əlindən. Salıbdır könlümü zülfün əzaba Gecələr sübhədən yüz piçü taba; Bir kimsə tapılmaz yetə səvaba, Qurtara fəqiri ilan əlindən. Atarsan, yıxarsan xeyli zamandı, Usanmazsan, elə haman-hamandı; Gözün mərdümünün işləri qandı, Nə ox düşər, nə də kaman əlindən. Kimsənin Zakirdən yoxdu xəbəri, Qalmayıbdır hərgiz şənlik əsəri. Hüsnünə xiridar olandan bəri, Saf cana yetişib ziyan əlindən. * * * Yalvardım səbayə: şərh et halımı Yalvardım səbayə: şərh et halımı, Yolun düşsə, çeşmi-xumar yanında. Dedi: sənin dərdin yen ziyadədir, Çox danışmaq olmaz bimar yanında. Can quşu mayildi daneyi-xalə, Təmənnası budur yetə vüsalə; Mən bilirəm gedəcəkdir zəvalə, Zənəxdan dövründə, üzar yanında. Gəl fərağət otur, dili-bədəməl, Gəncineyi-hüsnə tapmaq olmaz əl, Əfi kimi daim zülfi-müsəlsəl Qıvrım-qıvrım olub yatar yanında. Bilir ləli-ləbə çoxlardı mayil, Bəlkə təmə edə bir əqli zayil, Peyvəstə ox-yayın qəmzeyi-qatil Çilləyə mindirib asar yanında. Ol keçən dəmləri hanı Zakirin, İtkin olub adı-sanı Zakirin, Qürbətdə çıxacaq canı Zakirin, Yoxdu xeyirxahı o yar yanında. * * * Yar demişdi gələn bayrama gəlləm Yar demişdi gələn bayrama gəlləm, Ömür başa yetdi il arasında. Tutub səri-zülfün, dönüb başına, Şanə tək gəzəsən tel arasında. Qaydasıdır, qara çarqat bürünür, Siyah zülfün ucu yerdən sürünür. Nə göyçək yaraşır, nə xoş görünür Mina, inci kəmər bel arasında. Gözümün yaşına qərq oldu tənim, Bu hal ilə işim müşküldür mənim. Səndən ayrılandan, ey gülbədənim, Həq bilir, qalmışam sel arasında. Piranəsər könül hər kimə yetər, Uşaqtəbiətdir, gördüyün istər. Onun sözlərinə qatışma, dilbər, Dəli yola gedər el arasında. Zakir, etibarı yoxdu dünyanın, Aldanma xeyrinə, şərrinə anın. Qoygilən başını bəyaz püstanın Can ver şirin-şirin, öl arasında. * * * Yenə bizdən küsüb bivəfa dilbər Yenə bizdən küsüb bivəfa dilbər, Kəsibdi ülfətin neçə müddətdi. Sog rəqib sözünə etibar etmək, – Bilməzəm, – xublarda bu nə adətdi. Gədasını şah nəzərdən salınca, Qəriblikdə hicran canın alınca, Gözü yolda, boynu buruq qalınca, Ölüm aşiqlərə xoş səadətdi. Deyirlər ki, sabah gələcək yarım, Şərməndəyəm, artıb dərdü qubarım; Candan qeyri yoxdur özgə nisarım, O da ki, ziyadə biləyaqətdi. Yadlar ilə sürdün zövqü səfanı, Tərk etdin iqranı, əhdi-vəfanı; Barı bizdən əsirgəmə cəfanı, Nə qədər çox olsa canə minnətdi. Mən demənəm dərdü qəmim az eylə, Daim meylin meylim ilə saz eylə, Düşəndə gah, gah sərfraz eylə, Saf unutma bu Zakiri, mürvətdi! * * * Yeri, ey bivəfa, həq varsın işin Yeri, ey bivəfa, həq varsın işin, Ömrümüzə xələl qatdığın yetər. Yadlar ilə xəlvət aşina olub, Aşikar boynundan atdığın yetər. Dərdü qəm çəkməkdən cana yetdim mən, İnsafü mürüvvət eyləmədin sən; Yandırıb şəm tək bizi sübhədən, Özün rahət ilə yatdığın yetər. Gah küsülü olub, gahi barışıb, Bir saat keçməmiş ara qarışıb, Tənəli-tənəli sözlər danışıb, Əlini dizinə çatdığın yetər. Nə cəfa çəkərik, nə can üzərik, Bu gündən belə də yarsız gəzərik; Daş basarıq bağrımıza, dözərik, Bu qədər özünü satdığın yetər. Adam gərək bir üz qoya arada, İqrarı, imanı verməyə bada; İncitmə Zakiri bundan ziyada, Bir usan, günaha batdığın yetər. * * * Kəman əbrulərin, ox kipriklərin Kəman əbrulərin, ox kipriklərin Mən olmuşam rovzən-rovzən içində. O qədər ha peykan vurub sinəmə, İtibdir bədənim ahən içində. Badi-səba getdi könüldən xəbər, Sölər nəşiməni zülfi-müəttər; Əlbəttə ki, bir gün zəvalə gedər, O əfi yatağı məskən içində. Müsəlsəl geysunun xətadır işi, Sübhün tüluinə bənzər gülüşi, Sədəf dəhanında sərasər dişi Dürri-bihəmtadır mədən içində. Təəccüb eylərəm, Allahü-əkbər! Limu yetiribdir sərvü sənubər; Qorxuram inciyə bəyaz məmələr, Pirahən altında, çəpkən içində. Bu nə mürüvvətdi, ey şahi-xuban! Əl-ələ tutuşub xürrəmü xəndan, Edəsən qeyr ilə seyri-gülüstan, Xəstə Zakir qala külxən içində. * * * Könül, əbəs yerə üzmə canını Könül, əbəs yerə üzmə canını, Xubların əhdində olmaz vəfası. Avarə qoyarlar aşinalərin, Yadlar ilə olur zövqü səfası. Əqlü huşum gedib bir Leylivəşdə, Məcnuni-şeyda tək düşmüşəm dəştə, Gecə-gündüz dolanıram sərgəştə, Vurubdur başıma kakil həvası. Müddətdir dərdindən avarəyəm mən, Karü şüğlüm olub naləvü şiyvən; Rəhmə gəlib, padişahim deməzsən, Harda qalıb bu dərgəhin gədası. Hicrində gecələr kəsilib xabım, Günbəgün artırır cövrü əzabım. Nə fəraqə səbrim, nə vəslə tabım, Bilməzəm bu dərdin nədir dəvası. Zakirəm, kuyində eylərəm fəryad, Məgər eşitməzsən, ey sərvi-azad? Bidar eylər idi çalanda Fərhad Şirini yuxudan, tişə sədası. * * * Kilki-qüdrət ilə katibi-qəza Kilki-qüdrət ilə katibi-qəza Lövhi-cəbinində iki tağ çəkib. Elə ki, yetişib ala gözlərə, Hər birisin qaynar bir bulaq çəkib. Olan səyin verib ləbü dəndana, Onun üçün munca nəfi var cana. Əzib ləli, qatıb abi-heyvana, Qənd ilə yoğurub dil-dodaq çəkib. Xubları çəkibdir şəhbazi-qəşəng, Cilvəsində afət, qəmzəsində cəng, Qaşü gözü xəttü xalı siyəhrəng, Gərdəni, sinəni, üzü ağ çəkib. Düzübdü səfheyi-rüxsarına dən, Damü-geysulərə ilişir görən. Xubları çoxbilən, məkkarü pürfən, Aşiqi miskini sadə-saq çəkib. Zakirinəm, ey bavəfa dilborim, İntizar çəkməkdən yanıb cigərim; Qoy baxsın üzünə həsrət gözlərim, Müddətdir yolunda iştiyaq çəkib. * * * Kilki-qüdrət ilə katibi-qəza Kilki-qüdrət ilə katibi-qəza, Maşallah, əcəb gözü qaş çəkib! Xəttü xalə verib xeyli nəzakət, Siyəh zülfü hamısından baş çəkib. Gərdənin, qamətin qiyaməti var. Harami qəmzənin yüz afəti var, Həqdir, tər buxağın lətafəti var, Amma rüxi-alı çox qumaş çəkib. Tərhi bir özgədir incə miyanın, O mərmər sinənin, bəyaz püstanın, Ədən dəryasında dürci-dohanın İçində dürləri xoş təraş çəkib. Məşuqun işidir cəng ilə cədəl, Bilir rəsmü rahı, eyləməz əməl, Çəkəndə aşiqi noqqaşi-əzəl, Dilində ah, gözlərin yaş çəkib. Ol zalimü bədxu, şuxü sitəmkar Zakirin halından deyil xəbərdar. Eşq əhlini edən dərdə giriftar, Heyf ki, xubları bağrı daş çəkib. * * * Gecə-gündüz həsrət çəkən gözlərim! Gecə-gündüz həsrət çəkən gözlərim! Səbr eylə, yetirrəm dildarə səni. Necolsa sürtərəm xaki-payinə O şuxun, yalvara-yalvarə səni. Müddətdi görünməz ol cəmalı gün, Çəkilib köksümə yüz dağü dügün. Ya ölərəm, ya da yetirrəm bu gün O iki nərgisi-bimarə səni. Qan tökərsən birdən ayrı düşəndə, Xəlq içrə abi-ru qoymadın məndə; Dəxi bir də gətirmərəm gələndə, Tapşırram türreyi-tərrarə səni. Hər yerdə ki, görsən bir səhi gərdən, Əqlini, huşunu aparır sərdən; Bir adam yoxdu ki, bu bəlalərdən Çıxarıb bir kərrə qurtara səni. Baxa-baxa xalü xəttə, üzarə, Zakirin gününü eylədin qarə; Bir dərdə salıbsan, tapılmaz çarə, Görüm ki, olasan biçarə səni. * * * Gecə-gündüz canan deyib ağlaram Gecə-gündüz canan deyib ağlaram, Yarəb, belə bilirmola yar məni? Mən ki, anı çıxarmazam yadımdan? Yadına salırmı ol nigar məni? Sevgi-sevgisinə halın bildürür, Həsrətin çəkdiyim neçə ildürür, Ənqəribdir, bu gün, sabah öldürür, Deyin bimürvətə intizar, məni. Hazır olsa bir məclisə yüz adəm, Dərlərdi filani burdadır, əbsəm! Axır elə oldum rüsvayi-aləm, Düşmən tənə eylər, dost qınar məni. Əhd ilə iqranı qoyub kənara, Eşitdim ki, həmdəm olub əğyara, Eyləməsin – deyin o sitəmkara, – Tay-tuş arasında şərmsar məni. Zakirəm od tutdu, alışdı cigər, Təğafül etməsin, Allahı sevər; Bundan sonra danmaq nə yana yetər, Qəmi-hicran aldı aşikar məni. * * * Gəzmişəm cahanı mən, görməmişəm Gəzmişəm cahanı mən, görməmişəm Sənin kimi gözəl ellər içində. Bərabərin yoxdu hurü paridə, Tək düşübsən mələk-mənzər içində. Fətilə-fətilə tökülüb telin, Aparır ləzzəti o incə belin. Sədəf dəhanında nisbətdir dilin Müqəşşər badama şəkkər içində. Zərrocə eyib yox ay yanağında, Qaşında, gözündə, tər buxağında; Sənəmlər oturmuş solu sağında, Sən məhi-tabansan ülkər içində. Şuai-şəmsdir cəsədin, canın, Aparıbsan əqlin şahü gədanın; Tər sinədə guya bəyaz püstanın Hübabdır eyni kövsər içində. Ey səxa mədəni, ey kərəm kanı! Neçün tanımazsan yaxşı-yamanı! Bu qədər qulun var dərində, hanı Zakir tək vəfalı çəkər, içində? * * * Gözüm yolda qaldı, könül intizar Gözüm yolda qaldı, könül intizar, Gəlmədi canandan bir xəbər mənə. Qəm tutub yaxamı, hər yana dartar, Nə həmdəm tapılır, nə yavər, mənə. Qəhbə fələk xub susayıb qanıma, Bir kimsənə yoxdur gələ yanıma, Eşq atəşi bir od salıb canıma, Yanmaqda yetişməz səməndər mənə. Necə ki, onunla həmzəbən idim, Xəlq içində sultan idim, xan idim, Bir müddət yar ilə mehriban idim, Gör nə oyun tutdu bədnəzər mənə. Hərcayi sözünə etibar olmaz, Bihəyadə namus olmaz, ar olmaz. Cəfa çəkmə, məndən sənə yar olmaz – Dönə-dönə dedi o dilbər mənə. Zakirəm, sızlaram misli-əndəlib, Tapmayıb dərdimi, çəkildi təbib. Bəxtəvər başına sənin, ey rəqib, Xeyir sənə qismət oldu, şər mənə! * * * Gül üzün həmdəmdi müəttər zülfə Gül üzün həmdəmdi müəttər zülfə, Öz nəkhəti bəsdir, gülab istəməz. Anı sevən gedər həşt-behiştə, Divanədən kimsə hesab istəməz. Harami qaşların fitnədir karı, Anı pənahında saxlaya tarı, Ləblərin sərməsti, gözün xumarı Sağər tələb etməz, şərab istəməz. Dözə bilməz tənhalığın qəhrinə, Saqiyi-dövranın cami-zəhrinə; Dərdü-qəmin göndər könül şəhrinə, Heç sultan mülkünü xərab istəməz. Hər yerdə aşiqi-binəva tapar, Əqlini, huşunu çalıban çapar, Nə kami-dil verər, nə könül yapar, Məgər xubirulər səvab istəməz? Zakirəm mən sana ey padişahım, Yetirmə fələyə naləvü ahım; Vur boynumu, gör var isə günahım, Sevdiyim, bu qədər əzab istəməz. * * * Günəş rüxsarına töküb zülflərin Günəş rüxsarına töküb zülflərin, Yalvarıram, yapışıram yüz olmaz. Heç bilməzəm mənim bəxti-siyahım Nə şami-tirədir ki, gündüz olmaz. Aralıqda bədxah olmasa əgər, Sevgi sevgisindən olmaz mükəddər; Nə qədər ki, rəqib sağdır, o dilbər, Bilirəm ki, bizim ilə düz olmaz. Bir qul sultanına etsə xəyanət, Yaşınır görəndə, çəkir xəcalət, Gün səri-kuyinə düşər, nəhayət, Dayanıb bir saat üzbəüz olmaz. Siyah zülfün dal gərdəndə bir qulac, Sona çıqqası tək ucları qıyqac, Belə türə, belə geysu, belə saç, Belə işvə, belə qaşü göz olmaz. Ayağına düşüb sərvi-qamətin, Gərdəni minanın, boyu afətin, Dedim: Zakir ilə varmı ülfətin? Dedi: gözəllərdə doğru söz olmaz. * * * Ləbin şərabından məst olan aşiq Ləbin şərabından məst olan aşiq, İnanma, sağərü səhbayə baxar. Rüxsari-alının həsrətin çəkən Nə günə göz açar, nə ayə baxar. Rövnəqi pozulub otağımızın, Ziyası qalmayıb çırağımızın; Nəkhəti-zülfündən dimağımın Müəttər olmağı sobayə baxar. Əvvəl aldın əqlü huşü kəmalım, Quru nəfəs qalıb, əyandı halım. Dəxi nə istərsən, bimürvət, zalım, Şah olan əhvali-gədaya baxar. Səngdil sənəmin nə binası var, Deməz aşiqimdi, müddəası var, Cəfanın da həddi, intəhası var, Bəndeyi-xuda bir xudaye baxar. Eşq ucundan oldum günü qarə mən, Dönə-dönə yandım alovlarə mən. Zakir deyər, nedim o nigarə mən, Nə dadə, nə ahü sədaya baxar? * * * Ləli-ləbin kimi sağəri-səhba Ləli-ləbin kimi sağəri-səhba Bulunmaz, sormuşam meyxanələrdən. Sədəf dəhanından çıxan sözlərin Qiyməti artıqdır dürdanələrdən. Həsrətinəm, görmək istərəm səni, Dolanım başına, incitmə məni! Günəş camalından götür bürqəni, Xubilər yaşınmaz divanələrdən. Həq bilir, bilməzəm eşqi danmağı, Bülbül tək yaz sevib, qış usanmağı; Məndən öyrəniblər oda yanmağı, Düşəndə xəbər al pərvanələrdən. Xədəngin cismimi covşan eyləmiş, Dəlik-dəlik, rövzən-rövzən eyləmiş. Can quşu zülfündə məsgən eyləmiş, Onunçün qorxuram mən şanələrdən. Zakir, həzər eylə, bu çərxi-fani Yola salmış Vamiq lə Sən'ani; Fərhadü Məcnunun keçib dövrani, Sənsən qalan ancaq mərdanələrdən. * * * Lövhi-cəbinində katibi-qəza Lövhi-cəbinində katibi-qəza İki "nun" çəkibdir ağın üstünə; Müjganın sayəsi yırtıb üzünü, Qan tökülüb gül yanağın üstünə. Müsəlsəl geysulər ruxi-al üzrə, Bir buluda bənzər məhcəmal üzrə, Pərtövi-hüsnündür xəttü xal üzrə, Yoxsa gün düşübdür dağın üstünə? Ey dil, həzər eylə, zənəx çahından, Keçmək olmaz zülfün güzərgahından, İqdi-şəbnəm deyil, bülbül-ahından Şərarələr yağmış bağın üstünə. Hicran ləşkərinə könül divanı Olubdur bir möhkəm qələvü barı, Hüsnün sər-əsgəri, vəslin sərdarı Haçan gələ bu sığnağın üstünə. Nə qədər var idi təndə ixtiyar, Gəlmədin, ta oldum zarü biqərar, Bari ölən dəmdə, ey lalə-üzar, Gəl Zakiri-sinədağın üstünə! * * * Mən öləndən sonra, deyin dildara Mən öləndən sonra, deyin dildara, Yadlar ilə deyib-gülməsin barı! Xəstəliyim görməyə ki, gəlmədi, Dəxi məzarıma gəlməsin barı! İqrarının üstə möhkəm olmadı, Dövründə könlümüz xürrəm olmadı, Çünki bizim ilən həmdəm olmadı, Canımızı oda salmasın barı! O gözləri nərgiz, zülfləri sünbül, Xətti-tər bənövşə, yanaqları gül, Dərdimə ki, dərman eyləyən döğül, Əhvalımı xəbər almasın barı! Nə müddətdən bəri ol padişahım, Üz döndərib məndən ümmidgahım; Ya öldürsün, ya da cürmü günahım Gündə bir üzümə çalmasın barı! Adəm idi məkanında, yerində, Əqlü huşu qalmayıbdır sərində, Kəminə çəkərdi Zakir dərində, Onun təqsirinə qalmasın barı! * * * Məşşatə gözünə sürmə çəkəndə Məşşatə gözünə sürmə çəkəndə Sanasan, gözümə bıçağı çəkər, Sərasər üzülür riştəyi-canım, Eylə ki, zülfünə darağı çəkər. Bilmədim qədrini günəş camalın, Sürahi gərdənin, çöhreyi-alın. O aşiq bilir ki, qədrin vüsalın, Bir müddət möhnəti-fərağı çəkər. Xumar-xumar o baxmağı gözlərin, Yəğmaləyib solu, sağı gözlərin. Hərami qaşların, yağı gözlərin Yay silkər, ox atar, sədağı çəkər. Xubların yaxşısı olmaz kəmməhəl, İşarı edən tək gələr əlbəəl; Bir para əhli-hal olmayan gözəl Zənəxdanı gizlər, qabağı çəkər. Mənsur tək çəkələr dara Zakiri, Yandıralar alovlara Zakiri, Eyləsələr para-para Zakiri Necə dost kuyindən ayağı çəkər?! * * * Müddətdir həsrətəm, bir gəz, bəri bax Müddətdir həsrətəm, bir gəz, bəri bax, O xan gözlərinin sədqəsi canım. Könül şikarına şahibaz kimi Çıxan gözlərinin sədqəsi canım. Rüxsarına qoşa xallar düzülüb, Yoluna baxmaqdan canım üzülüb; Yuxusuz maral tək hərdəm süzülüb, Axan gözlərinin sədqəsi canım. Eşq əhlini qoymaz gələ yaxına, Göz işləyən yerdən istər toxuna. Sərasər bağrımı müjgan oxuna Taxan gözlərinin sədqəsi canım. Təsəlli verirdim mən öz-özümə, Nazlı dilbər inanacaq sözümə; Niqab altdan oğrun-oğrun üzümə Baxan gözlərinin sədqəsi canım. Şikəstə Zakiri gah şad eləyib, Gahi bəndə, gahi azad eyləyib, Könül xanimanın bərbad eyləyib, Yıxan gözlərinin sədqəsi canım. * * * Müəttər zülfünün həsrətin çəkən Müəttər zülfünün həsrətin çəkən Gül iyləməz, müşkü ənbər istəməz. Camalın müştaqı baxmaz günəşə, Üzün sevən bədri-ənvər istəməz. Canü dili bəslər idim, sevərdim, Tapşırıb cananə azala dərdim; Qoşub bir-birinə bu gün göndərdim, Bilməzəm, o bədxu istər, istəməz. O şahibaz gözlərini görəndə, Uçar mürği-ruhum, durmaz bədəndə; Dilin soran baxmaz nabatə, qəndə, Ləbin əmən şəhdü şəkkər istəməz. Əlhəzər yay qaşın şux peykanından, Vurar, yıxar, etmək olmaz yanından; Gözəl sevən gərək keçə canından, Canını istəyən dilbər istəməz. Həddi yoxdur məndə cürmü günahın, Həm müqəssirinəm, həmi güvahın, Zakirin qətlinə bəsdir nigahın, Əl vurma, qəbzei-xəncər istəməz. * * * Nə zülmlər qaldı mənim həqqimdə Nə zülmlər qaldı mənim həqqimdə Eyləməmiş o bivəfa, görəsən? Yandığına görə alovlarına, Hələ, barı beş gün səfa görəsən. Yaslandım dərində bir neçə müddət, Bir zaman müyəssər olmadı xəlvət; Vüsalında mümkün olsa fərağət Səhldir hicrində cəfa görəsən. Qəm evində paybəstə olduğum, Halpərişan, dilşikəstə olduğum; Bəstəri-möhnətdə xəstə olduğum, Deyən varmı biinsafa, görəsən? Nazlı dilbər özgələrə ad olsa, İşim, gücüm nalə olsa, dad olsa, Dəli könül dost kuyindən yad olsa, Kəsilərmi bu qafqafa, görəsən? Zakir, hər yetənə özün uduzma, Dərdü qəm çərisin dövranə düzmə, Əbəs yerə cəfa çəkmə, can üzmə, İnanma, xublardan vəfa görəsən. * * * Nə yaraşır sana, divanə könül Nə yaraşır sana, divanə könül, Həmdəm olmaq yarə bu gündən belə? Vədə yaxınlaşıb, köçmək çağıdır Bir özgə diyarə bu gündən belə. Sərvqamotlərə su kimi axma, İnani-məqsədi əldən buraxma; Mürüvvət eylə, bax tanrıya, baxma Çöhrəvü rüxsarə bu gündən belə. Sal yadına keşa-keşin məhşərin, Qafilsən, özündən yoxdur xəbərin; Ənqəribdir ola cimsi-pərvərin Tömə murü marə bu gündən belə. Yüyürüb, yortmaqdan abü ələfə, Ovqati-əzizi verdin tələfə; Yıx özünü xaki-dəri-Nəcəfə, Çox gəzmə avarə bu gündən belə. Şərm eylə nəbidən, utan xudadən, Usan təməşadən, zövqü səfadən; Dəxi bəsdir, bu vərtəyi-bəladən Çəkil bir kənarə bu gündən belə. Zəbt edə bilmədin çıxmış gözünü, Xəlq içində rüsva etdin özünü; Bu rahi-xətadən döndər üzünü Qadirü qəffarə bu gündən belə. Ömür keçib, az qalıbdır həyatın, Ləhvü ləəb ilə keçdi ovqatın; Dosta layiq yoxdu, Zakir, sovqatın, Gör başına çarə bu gündən belə. * * * Nə müddətdi iştiyağın çəkirdim Nə müddətdi iştiyağın çəkirdim, Şükür həqqə, pərizadə gedirəm. Çərxin sitəmindən, dövrün zülmündən, Gözəllər şahına dada gedirəm. Mən ona çəkərəm, o mənə sultan, Hər nə hökm eyləsə-bəndeyi-fərman. Möhnətimə çarə, dərdimə dərman Edən yoxdu bu arada, gedirəm. Gecə-gündüz qan tökülür didəmdən, Yarımadım hərgiz yarü həmdəmdən; Ya öldürsün məni, qurtarsın qəmdən, Versin muradımı, ya da gedirəm. Baş ağardı, ömür keçdi yarıdan, Qurtarmadıq hərgiz ahü zarıdan. Bu gün neçə gündü canan sarıdan Yetibdi guşuma səda, gedirəm. Zakirəm, sızlaram misli-əndəlib, Görüm, ya görməyim üzün, ya nəsib? Hal-pərişan, dil-nigaran, müztərib, Sərdarıma bir murada gedirəm. * * * O qədər gəlmədi intizar öldüm O qədər gəlmədi intizar öldüm, Deyin, indən belə yara gəlməsin. Gözü yolda natəvanım var, - deyən, Zəhmət çəkib bu diyara gəlməsin. Əgər ağlamağa olsa həvəsi, Səd əmanət, uca çıxmasın səsi, Deməsinlər yoxdu bir kimsənəsi, Xəlq üzünə geysin qara, gəlməsin. Biganələr sarayına varmasın, Dırnaq çalıb gül üzarı yarmasın, Amandı, baş açıb, əl aparmasın Siyah zülfi-tabdara, gəlməsin. Yar olan gərəkdir yana yarına, Qəmü möhnət çəkə qəmküsarına. Səbr etməkdən qeyri qəza karına, Yoxdu dəxi özgə çara, gəlməsin. Həsrət ilə getdi Zakiri-xəstə, Badi-səba, yetir ol çəşmi məstə, İşdir, yolu düşsə məzarım üstə, Pünhan gəlsin, aşikarə gəlməsin. * * * Ömür keçdi, insaf elə, sevdiyim Ömür keçdi, insaf elə, sevdiyim, Nə müddətdi dərdü möhnət çəkərəm. Hər kəs öz yarını çəkib yanına, O ki mənəm, elə həsrət çəkərəm. Bahar fəsli el şad olur sərasər, Hərgiz məndən özgə yoxdu mükəddər. Nəkhəti-zülfünü nəsimi-səhər Gətirsə, ziyadə minət çəkərəm. Gül ilə həmzəban olubdu bülbül, Açılıb bənövşə, yasəmən, sünbül. Dolanıb başına, mürüvvət degül Bu qədər ki, sonsuz xiffət çəkərəm. Mey içir gülşəndə məşuqə aşiq, Mən qalmışam təkü tənha, nə layiq? Bir para dərdimi bilir xəlayiq, O ki, bir parasın xəlvət çəkərəm. Qoyubsan könlümü cövrü cəfadə, Gözüm yollardadır, əlim duadə. Şikəstə Zakirəm, ruzi-cəzadə Bu qisası səndən, əlbət, çəkərəm. * * * Piranəsərlikdə bir növcavanın Piranəsərlikdə bir növcavanın Oxları sinəmə kargər olmuş. Atdı, vurdu, yıxdı, keçdi çəpəndaz, Könül əqəbincə dərbədər olmuş. Yetişən zamanda başa sinnü sal, Didarını görcək rəf oldu məlal; Gəlib təravətə gülşəni-xəyal, Şükufələr açıb barvər olmuş. Həvavü hovəsi sanmayın asan, Şiri-nəri eşq eyləyər bəndivan. Görmədinmi, necə o Şeyx-Sənan Düxtəri-tərsaya xidmətgar olmuş! Pirlik etmişdi məni sərsəri, Qalmamışdı zövqü səfa əsəri; Ol qönçədəhanı görəndən bəri Nəzmi-təbim yenə pürgühər olmuş. Yüz huriyü qılman olaydı hazır, Mu qədəri ülfət etməzdi xatir; Bu gün neçə gündür qocaman Zakir Tazə-təri sevmiş, tazə-tor olmuş. * * * Piranəsərlikdə bir növcavanın Piranəsərlikdə bir növcavanın Piyalə çeşminin məstanəsiyəm. Dolanıb başına şam ta səhər, Şəmi-camalının pərvanəsiyəm. Eşq əhlinin işin məndən al xəbər, Hər aşiq olurmu sahibi-hünər? Yanmağa kahildir, odda səməndər, Mən özüm bu yolun mərdanəsiyəm. Sərasər sövdayi-eşqi tərsanın Apardı əqlini Şeyx-Sənanın, Fərhad - Şirinin, Qeys - Leylanın, Mən də bir pərinin divanəsiyəm. Qurbanam özünə, həm yoldaşına, O xumar gözünə, hilal qaşına. Nə olur pinhani bir sirdaşına Deyə: "filaninin cananəsiyəm". Mən Zakirəm, budur sözüm, söhbətim, Nadan ilə yoxdur hərgiz ülfətim, Hanı bir xiridar, bilə qiymətim? Mərifət gəncinin dürdanəsiyəm. * * * Piranəsərlikdə hərcayi könül Piranəsərlikdə hərcayi könül Bir tazə cavanın bəndivanıdı. Tərk eləyib olan şüğlü karını, Kəbeyi-kuyinin pasibanıdı. Fərar eləmişdi dili-sərsəri, Bu gün badi-səba gətdi xəbəri; Söylər ki, məskəni gedəndən bəri, Bir pərinin zülfi-pərişanıdı. Sərasər sinəmi oxları dəlib, Bu gün sabah köçməliyəm, ənqərib, Cəfa çəkmə, dur üstümdən, ey təbib, Tökülən didəmdən cigər qanıdı. Müddətdti düşmüşəm qürbət diyara, Kimsədən olmadı dərdimə çara, Gecə-gündüz baxar gözüm yollara, Bir laçın gözlünün nigaranıdı. Demə ki, çıxıbdır xeyirdən, şərdən, Bədöv at ölünçə qalmaz hünərdən, Sevdiyim, Zakiri salma nəzərdən Qədr eylə ki, ləlü guhər kanıdı * * * Piranəsərlikdə hərcayi könül Piranəsərlikdə hərcayi könül Hər zaman bir çeşmi-məstanə sevər. Məgər heç düşünməz qobahətini, Gedib növrəsidə cavanə sevər. Qəm deyildi sevsə idi əzəllər, Eşidən tən edib indi bəzəllər; Deməz, mənə qədr eyləməz gözəllər, Əbəs yerə olub divanə, sevər. Aşiqlik işində xeyli pürfənəm, Fərhada, Vamiqə, Məcnuna tənəm; Hər gözəl sevənə aşiq demənəm, Sevən mənim kimi mərdanə sevər. O gündən ki, göz evindən gedibsən. Gülüstana gülzar etməmişəm mən. Ləblərin sərməsti, ey qönsçədəhan. Nə mey istər, nə də meyxanə sevər. Müddətdir çəkərəm qalmaqalımı, Heyf ki, görmədim gül camalımı. Zakirəm, sevmişəm rüxi-alını, Necə ki, ateşi pərvanə sevər. * * * Sevdiyim, bir yerə cəm eyləsələr Sevdiyim, bir yerə cəm eyləsələr, Məhvoşi-dövranı, sənə yetişməz. Çıxarıban gətirsələr Misirdən Yusifi-Kənanı, sənə yetişməz. Sanasan içində gül pirəhənin Bir bərgü-səməndir cəsədin sənin. Quzu quyruğundan tərdir bədənin, Şərayi-Yəmani sənə yetişməz. Həqdi, gözəl çoxdu bu vilayətdə, Hərgiz ola bilməz son məlahətdə; Ey dürri-nasüftə, qədrü qiymətdə Yaquti-rummani sənə yetişməz. Müştəridir sənə Zöhrə fələkdə, Gecə-gündüz ovsafını deməkdə; Bərabərin yoxdu göydə, mələkdə, Behiştin qilmani sənə yetişməz. Vəsfin demək üçün sənin tək şahın, O çöhreyi-alın, zülfi-siyahın, Firdovsi, Cami tək gərək məddahın, Zakirin hədyanı sənə yetişməz. * * * Sevdiyim, dimədən sellər açılır Sevdiyim, dimədən sellər açılır, Hər zaman düşəndə iraq gözlərin. Gəlmədi söndürə cigər atəşin, Hər biri bir qaynar bulaq gözlərin. Kimin yolu düşsə xaki-dərinə, Ox vurar köksünə mərhəm yerinə. Belə kafər olmaz, aşiqlərinə Qan uddurur çanaq-çanaq gözlərin. Bir zaman var idi, görəndə məndən, Ahuyi-xütən tək qaçardı gəndən. Bildi xərəbədi, ey qönçədəhən, Elədi könlümü yataq, gözlərin. Yığılıb bir yerə el qınar səni, Deyər çox incitdi gedib-gələni. Təəccüb eylərəm, neçin müjəni Pilto tək yandırmaz çıraq gözlərin. Səlibsan Zakiri cövrü cəfayə, Yolunda canını verdi fənayə; Ömür başa yetdi, ol binəvayə Olmadı bir gecə qonaq gözlərin. * * * Sevdiyim, gələ-gör bahar fəslidir Sevdiyim, gələ-gör bahar fəslidir, Könül istər gəzə bağı səninlə. Gecə qucaqlaşıb yataq qol boyun, Bir də duraq səhər çağı səninlə. Nə xoş səadətdir dodaq-dodaqda, Məzə müqabildə, badə qabaqda. Vermənəm aləmə xəlvət otaqda Deyib, gülüb, danışmağı səninlə. Xahi aqil olam, xahi divanə, Yoxdur ehtiyacım hürü qılmanə, Gedərəm duzəxə mənıdü mərdanə, Əsli budur sözün sağı səninlə. Aşiqələr bağrını şan-şan elərsən, Gündə birin kəsib qurban elərsən; Hər qiya baxanda yüz qan elərsən, Müşküldür dolanmaq, yağı, səninlə! Ləbindir Zakirin abi-həyatı, Dirildir ölünü hər ixtilatı; Neylərəm şəkkəri, qəndi, nəbatı, Xoşdu mənə içmək ağu səninlə. * * * Sən gedəndən bəri, ey üzü dönmüş Sən gedəndən bəri, ey üzü dönmüş, Gözlərəm oturub yol qabağında; Soruşdum zülfünü səbadən, dedi: Baş çəkər kəmərə bel qabağında Dad eylərəm, yetişməzsən harayə, Neçün rəhmin gəlməz binəvayə; Eşqin çox aşiqi verib fənayə, Çör-çöp dayanarmı sel qabağında? Müddətdi könlümü qəmzən alıbdı, Gəlmədi, gözlərim yolda qalıbdı; İndi deyirlər ki, çahə salıbdı, Zənəx kənarında, tel qabağında. Çin ləşkərin çəkib zülfi-çəlipa, Həstimi-nistimi eylədi yəğma. Kimsə qınamasın, mən təkü tənha Necə durum ağır el qabağında! Olubdur vətəndən avarə Zakir, Düşüb səhralərə, dağlərə Zakir, Hicranın yanında biçarə Zakir Keyitkən koludu yel qabağında. * * * Sən gedəndən bəri, ey çeşmi xumar Sən gedəndən bəri, ey çeşmi xumar, Əzəl gözlərimin xabı çəkildi. Nə dil qərar tutdu iştiyaqından, Nə gönlümün iztirabı çəkildi. Səru-kuyin məhşər, qəddin qiyamət, Qiyamət edərsən saətbəsaət; Hüsnün günəşindən çəkib xəcalət, Çərxin məhi, afitabı çəkildi. Dün naz ilə qədəm basanda bağa, Şümşadü sənubər düşdü ayağa, Süsən, sünbül, lalə üz qoydu dağa, Bərgi-gülün rəngü abı çəkildi. Harada düşsə ləli-ləbin sözündən, Camü badə çox deyərdi özündən. Axır elə düşdü xəlqin gözündən, Saqi götdü meyi-nabı, çəkildi. Zakirəm, sinəmi sipər bəlayə Tikmişəm, at oxun, pənah xudayə! Fərhad ilə Məcnun cövrü cəfayə Beş gün gətirməyib tabı, çəkildi. * * * Sən sadə gözəlsən, qoyma, sevdiyim Sən sadə gözəlsən, qoyma, sevdiyim, Məşşatələr bəzək taxta üzünə, Bərgi-gülə bənzər üzari-alın, Nə lazımdı ənlik yaxa üzünə. İşləri xətadır çeşmi-məstanın, Çalar, çapar, xərab elər dörd yanın; Əmanət, əmanət, növki-müjganın Toxunmasın, qanar, yuxa üzünə. Çıxıb aralıqdan küduratü qəm, İxtilat qatışıb qızışanda dəm, Bəyaz cəbinindən gül kimi şəbnəm Dumurcuq-dumurcuq axa üzünə. Gözlərindi nərgiz, qaşlarındı yay, Heç növcavan ola bilməz sənə tay; Camalın görəndə daldalanır ay, Günün nə həddi var çıxa üzünə? Gələ gör Zakirin özün üstünə, Sənin payəndazın gözün üstünə, Götür qoy başımı dizin üstünə, Can verəyim baxa-baxa üzünə. * * * Səri-zülfün kimi titrər ürəyim Səri-zülfün kimi titrər ürəyim, Gələ-gör ki, səri- muyin istərəm. Duzlu hekayətin, nəməki sözün, Pəsəndidə xülqü xuyin istərəm. Bir otaqda oturuban biz ilən, Könlümü aldığın şirin söz ilən, Eyhamü işarə, qaşu göz ilən, Gahi həzin göftiguyin istərəm. Səndən ayrılandan bəri lalam mən, Ümüd yoxdu gələn ilə qalam mən; And olsun Kəbəyə xəstəhalam mən, Can verməyə səru-kuyin istərəm. Kəsibsən bizimlə aramı nədən, Nə müddətdən bəri yox gəlib-gedən, İntizar çəkirəm ta ki, sübhədən Ol badi-səbadan buyin istərəm. Mən Zakirəm səni görəndən bəri Düşmüşəm çöllərə dəli, sərsəri; Neylərəm günəşi, mahi-ənvəri, Üzarın anaram, ruyin istərəm. * * * Sifariş eyləsəm badi-səbadən Sifariş eyləsəm badi-səbadən, Gərən, dərdim o cananə deyərmi? Dolanıb başına misli-pərvanə, Od tutuban yanə-yanə deyərmi? Bu sitəmlər dili-zarə keçdiyin, Əl çəkməyib varə-varə keçdiyin, Uzun illər günüm qarə keçdiyin, Siyah zülfi pərişanə deyərmi? Səğ rəqibdən məclis olanda xali, Çəkib bir kənara çeşmi-qəzəli, Üzün təmənnası, ləbin xəyalı Salıb binəvanı qanə, deyərmi? Səbadən olmasa əgər bir çarə, Cürət eyləməsə deməyə yarə, Bu əhvalı o türreyi-tərrarə, Məhrəmdi, görəsən şanə deyərmi? Zakirəm, kuyindən avarəyəm mən, Karü şüğlüm olub nəlavü şiyvən, Yad eyləyib bir yol, yarəb, görəsən, Harda qaldı o divanə deyərmi? * * * Soruşdum dibərdən: yoxsa bərgi-gül Soruşdum dibərdən: yoxsa bərgi-gül Lətafəti tər bədəndən öyrənib? Dedi: təqərrübü yoxdur o qədər, Varsa da, eşidib gəndən, öyrənib. Məhəbbət damını yırtıb çıxmağı, Səyyadının xanimanın yıxmağı, Yeriyəndə dönüb dalı baxmağı Ahunun balası səndən öyrənib. Zahirdi qəmzənin cigər sökməyi, Can almağı, nahaq qanlar tökməyi; Gözündə ox atıb, kaman çəkməyi, Belə billəm, o pürfəndən öyrənib. Ay, gün camalını görəndən bəri Sənsən dillərinin zikri, əzbəri. Naqisdi vəsfində Zöhrə, Müştəri, Çünki onlar özgəsindən öyrənib. Görəndə Zakirdən istər yaşına, Bimürüvvət qoymaz dönəm başına, Deməz ki, pərvanə eşq ataşına Yanmağı binadən məndən öyrənib. * * * Təğafül eyləmə, ey badi-səba Təğafül eyləmə, ey badi-səba, Tezlik ilə yetir yarə dərdimi. Tutub səri-zülfün, dolan başına, Söylə şuxi-sitəmkarə dərdimi. Alıbdı sinəmi möhnətü vərəm, Sübhü şam Allahdan ölüm istərəm, Nə yar yazı bilir, yazam göndərəm, Nə deyən var o dildarə dərdimi. Səg rəqib bilməsin, düşərik qana, Sərzəniş yetişər bəlkə canana. Qorxuram cismü can alışıb yana, Tapşırmışam dili-zarə dərdimi. Üz qoyub üstümə küduretü qəm, Yaş tökülür gözlərimdən dəmbədəm; Alov tutar kağız, alışar qələm Səbt etsələr hər tumarə dərdimi. Mən Zakirəm, bu fələyə neylədim, Vermədi muradım, dedim, söylədim, Nə qədər ki, fikrü xəyal eylədim, Çıxartmadı bir kənarə dərdimi. * * * Təğafül eyləmə, ey badi-səba Təğafül eyləmə, ey badi-səba, Bəlkə o gül üzlü yarı görəsən. Şərh edəsən ona dərdi-dilimi, Bir vosilə sala tarı görəsən. Dolanıb başına sərvi-rəvanın, Döşən ayağına qaşı kamanın. Xəbər alsa səndən: o binəvanın Necə keçir ruzigarı görəsən? Söylə ki, göz yolda könül, intizar, Şəm tək oturub sübhədən ağlar, Bu gün-sabah ölər, ixtiyarın var, Nə olur gedəsən, barı, görəsən. Əmanətim budur, bir kənanrə çək, Yalvarıb, yapışıb, eylə əl-ətək; Gəlməkdə təğafül eyləsə, gərək Məzəmmət edəsən, karı görəsən. Zakir der: eybi yox xülqi xuyində, Şirin söhbətində, göftiguyində. Biz yad olduq, indi səri-kuyində Kimin vardır etibarı görəsən? * * * Tökər səndən ayrı, ey çeşmi xumar Tökər səndən ayrı, ey çeşmi xumar, Gecə-cündüz əşki-ali gözlərim. Nə deyir-dincəlir, nə qərar tapır, Dəmbədəm yadına salı gözəlerim. Başadək olmadı didarın qismət, Qorxuram ki, ala canımı həsrət; O qədər çıxmadı, gördü aqibət Sən gəzən yerləri xali gözlərim. Firqət odu məni yandırıb yaxar, Sübhü şam didəmdən qanlı yaş axar; Viran olmuş bağda dolanıb baxar Gah irəli, gahi dalı gözlərim. Nə bilsin düşəcək qürbət diyarə, Sanırdı mümkündür daim nəzarə; Baxmaz idi zülfə, xalə, üzarə, Belə bilsə idi halı gözlərim. Mən Zakirəm, nələr düşər xaşıma, Çərxi-fələk ağu qatdı aşıma. Bilirdim ki, əvvəl-axır başıma Gətirəcək qalmaqalı gözlərim. * * * Xuraman-xuraman seyri-gülşənə Xuraman-xuraman seyri-gülşənə Al geyinib çıxma, Allahı sevər; Sən bəşər deyilsən, suni-xudasan, Yıxarlar evimi, çoxdu bədnəzər. Tək yaradıb səni xaliqi-əşya, Mahi-bədrə bənzər rüxsari-ziba; Arasında bini-siminin guya Əngüşti-nəbidən şəqq olub qəmər. Hər kəs gedib öz şüğlünə, karına, Mənəm düşən eşqin girü darına; Bilməzəm əbrudur, can şikarına, Ya şahbaz gözlərin açıb balü pər. Diyarü-qürbətdə dili-divanə, Necə tab edərdi qəmi-hicrano; Nəkhəti-zülfünü məşami-canə Gətirməsə gündə nəsimi-səhər. Zakirəm, mən sənə olmuşam mail, Danışığım hədyan, kəlamım zail; Divanə sözünə qatmışam aqil, Dolanım başına, olma mükəddər. * * * Heç bilirsən nə cəfalər çəkmişəm Heç bilirsən nə cəfalər çəkmişəm, Uzun müddət yollarında, yar, sənin? Nə olur danmaqdan, daldalanmaqdan, Düşgününəm aləm-aşikar sənin. Nə qədər ki, gəlir təndə nəfəsim, Bülbüli-şeyda tək kəsilməz səsim; Mənim səndən özgə yoxdur bir kəsim, Yüz kimin-kimsənən o ki var, sənin. Ayırmışdı məni bəxti-siyahım, Gəlmişəm dərinə, ey padişahım; Çək tiğini, gər var isə günahım, Öldür, gərdən mənim, ixtiyar sənin. Tutmuş idim səri-kuyində mənzil, Gecə-gündüz danışırdım dilbədil; İndi qəm evində sərparə könül Əzəlki lütfünü arzular sənin. Ayrı düşüb obasından, elindən, Yenə əl götürməz xublar telindən; Zakir, məgər usanmazsan əlindən Saf canə yetişdi dili-zar, sənin. * * * Həqdi, gözəl çoxdu cahan içində Həqdi, gözəl çoxdu cahan içində, Gözəldə bir neçə nişanə gərək. Əvvəl aşiqinə mehriban ola, Ondan qeyrilərə biganə gərək. Gözəlin billur tək gərək bədəni, Eyləyə özünə heyran görəni, Yarlı-yaraşıqlı boyu, gərdəni, Nə uzun, nə gödək, miyanə gərək. Ənbər xəcil ola zülfü buyundən, Qəmər-rüxsarından, şəms-ruyundən; Canlar təzələnə göftü kuyundən, Sözünün hər biri dürdanə gərək. Mərifətdə kamil, sinndə uşaq, Qədir bilən, özü doğru, sözü sar. Quzu quyruğu tək nazikü yumşaq, Lərzə verə cismi hər yanə gərək. Zakir nə yamandır halı dünyanın, Əksik olmaz qalmaqalı dünyanın, Dərdü sərdi mülkü malı dünyanın, Can üçün bir belə cananə gərək. * * * Həqdi, gözəl çoxdu cahan içində Həqdi, gözəl çoxdu cahan içində, Ola bilməz sənə nisbət hər gözəl. Zərrəcə eybin yox başdan ayğa, Ola bilməz son tək sərasər gözəl. Müdrik ola, aqil ola əhli-hal, Bilməyə ki, nədir hərgiz məkrü al, Dişi gövhər, ağzı şəkər, dili bal, Dodaqları qəndi-mükərrər gözəl. Gözəlin bəzisi bədniyyət olur, Qədrbilməz olur, bihörmət olur, O ki, bir parası kəmcürət olur, Çətin ələ düşər dilavər gözəl. Gözəl olan gərək bizar olmasın, Təmiz-tariq olsun, yassar olmasın, Heç kafər bəndəyə düçar olmasın Ev-eşiyi murdar, bihünər gözəl. Şikəstə Zakirin varı var idi, Öz boynuna şüğlü karı var idi, Xəlq içində etibarı var idi, Əbəs-əbəs saldı dərbədər gözəl. * * * Kitabxana.az · https://kitabxana.az/collections/zakir-qosmalar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1857). Public domain (author died 1857). Original text only.