Təmsillər Qasım bəy Zakir (1784–1857) Aslan, qurd və çaqqal Görmüşəm nüsxədə bir türfə misal, Əyyami-sabiqdə bir qurd, bir çaqqal. Şiri-jəyan ilə tutmuşdu ülfət, Yedilər, içdilər bir neçə müddət. Təqdiri-qəzadən üç gün, üç gecə Ov keçmədi elə, oldusa necə. Aqibət, tapdılar səbahə yavuq Bir qoyun, bir quzu, bir də bir tovuq. Qalib olmuş idi şirə iştəha, Qurda dedi: “Bölgü sənindi, durma, Təqsim eylə, olaq yeməyə məşğul”. Anlamayıb fikrin gürgi-biüsul Dedi ki: “ey sərvər, cənabi-bari Öz əlinlə göydə bölüb buları. Qoyun sənin, quzu mənim, çəqqalə Göndərib tovuqu xaliq nəvalə”. Giran gəlib bu söz şirin xaşına, Bir tayança saldı qurdun başına. İki gözü ol biçarə fəqirin, Çıxıb yerə düşdü zərbindən Şirin. Ondan sonra üzün tutub çəqqalə Dedi: “Oldu bölgü sənə həvalə. Qismət eylə, məlum olsun əməlin Eşitmişəm vardır bölgüdə əlin”. Çaqqal zərbi-dəsti-şiri görmüşdü, Annamışdı karı, rəyin bilmişdi. Dedi: “ata-baba bölgü bizimdi, Sən gedib naəhlə buyurdun indi. Eylə qismət edim qəniməti mən Ta ruzi-qiyamət deyəsən əhsən! O ki, qoyun padşahın naharı, Quzunu saxlarıq axşam iftarı. Toyuq da sabahın qəlyanaltına, Əlbəttə ki, xaliq yetirir yenə”. Şir dedi: “afərin sənə, ey pürfən, Bu bölgünü kimdən öyrənibsən sən?” Dedi ki: “bilməzdim binadən, başdan, Öyrəndim o gözü çıxan qardaşdan”. Böyük əgər deyə gündüzə gecə, De ki, göydə ulduz səyrişir necə! Nisbət verə gər gündüzə gecəni, Söylə ki, yandırır afitab məni. Nəinki cənabi-Hacıqulu tək, Xanın bostanının növbarı gələcək, Üzləyib yaxşısın evə göndərə, Çarığın çürüyün təhvilə verə. Çubuğa saldıra fəqir rəyəti, Özü yeyib-içib sürə vəhdəti. Bu nə alış-veriş, bu nə ticarət? Bu nə haramxorluq, bu nə ziyarət? Elə iş baş verir yoğun qurşaqdan, Həq bilir ki, çıxmaz nadan uşaqdan. Satıbdır küllühüm dini dünyayə, Bu əhli-Şişədən pənah xudayə. * * * Dəvə və eşşək Görmüşəm nüsxədə bir şərhü bəyan, Yük tutub sabiqən tüccari-İran, Ticarət əzmilə hində gedirdi, Gecə-gündüz dincəlməyib sürürdi. Karvanda bir dəvə, bir də eşşək, Lağər düşmüş idi mənim yabım tək. Necə ki, qüdrəti var idi getdi, Aqibət işləri bir yerə yetdi, Sağrısına əgər vursan yüz şallaq, Götürməzdi ayaq üstündən ayaq. Sahibləri çulun, alığın soydu, Apara bilməyib, yol üstə qoydu. Ahəstə-ahəstə üftanü xizan, Çəkilib bir səmtə tutdular məkan. Basafa yer idi, ələfzar idi, Türfə-türfə nəbabatı var idi. Yedilər, içdilər bir neçə müddət, Apardılar ləzzət, sürdülər vəhdət. Xilas olub rənci-bəniadəmdən, Zülmi-peydər-peydən, cövrü sitəmdən, Ol qədər kökəldi hər iki heyvan, Guya ki, hər biri kuhi-Bağrıqan. Sağrısında, yəlpiyində ət qat-qat, Dönübən qaşına bilməzdi, heyhat! Bir gün eşşək dedi: “ey dəvə qardaş, İstərsən savaşma, istərsən savaş. Xatirimə düşüb ahəngi-tazə, Xahişim var qalxam şuri-şahnazə, Həvayi-zövq ilə bir neçə əfrad, Oxuyam sövt ilə hərçi badə-bad”. Dəvə dedi: “bu nə sözdür ay əhməq, Müsəmma imişsən isminə, əlhəqq! Güclən qurtarmışıq rəncü təəbdən, Növi-bəşər eylədiyi qəzəbdən. Ötüb keçən əgər eşidə səsin. Ol qədər yük çatar, çatlar nəfəsin. Əmanət, əmanət, keç bu sövdadən, Bihudə fikirdən, əbəs binadən”. Eyləməyib pəndi-dəvəni qəbul, Qulağın şəkləyib xəri-biüsul. Bir növ anqırmaq qoydu ki, bara, Səsi düşdü səhralara, dağlara. İttifaq, yol ilə keçirdi karvan, Eşidib çarvadar dağıldı hər yan. O kolu, bu kolu basıb tapdılar, Sevinə-sevinə minib çapdılar. Hər birinə bir ağır yük çatdılar, Bizləyə-bizləyə köçə qatdılar. Yeddi-səkkiz ayda xamlamışdı xər, Qolları çəng olub qaldı, müxtəsər. Yükünü dəvənin üstə yıxdılar, Yavaş-yavaş yol yuxarı çıxdılar. Yoxuşun başına qalmışdı əndək, Əlini böyrünə saf vurdu eşşək. Dedilər: qoymarıq burda qılsın xər, Aparsaq bir xeyli məbləğə dəyər. Onu da qoydular dəvə üstünə, Uçurum aşağı sürdülər yenə. Qatlayb boynu dedi: “ey həmdəm! Mənə səndən yetdi bu zülmü sitəm. Nəsihət elədim, annadın qərəz, Dedin: tərki-dət mücibi-mərəz. Dedim ki, anqırma, qalxdın həvayə, Nahaq yerə saldın bizi bəlayə. Əlavə, yükünü aparmadın sən, Barkeş deyildim sənə, qoduq, mən! O da hələ qalsın, quru, boş özün Yol ilə getməyə nə idi sözün? İndi ki, quyruğun basdın ilanın. Canı çıxsın gərək altda qalanın. Mənim də könlümə düşübdü təzə Tərənnümə gəlib duram canbazə. Bir zaman təvəkkül təala deyim. Qulağımı qarpıb bir az lökləyim”. Dedi: “ey sərxeyli-külli-heyvanat! Eyləmə bu işi heyhat, heyhat! Məsəli-məşhurdur – kiçikdən xəta Baş verib həmişə, böyükdən əta”. Dolmuşdu dəvənin qəlbi kin ilə, Var idi kədəri ol bidin ilə. Lökləməyin binasını qoyan tək İp, imlıq qırılıb uçqundu eşşək. Dəyib dağa, daşa dağıldı dər-dəm, Gərək ibrət edə bu işdən adəm. Ululər pəndinə baxmaya hər kəs, O kəsdən bilmərrə əlaqəni kəs. Guş etməyən nasehlərin sözünə, Toxunur aqibət bəla özünə. Bir dəxi danışsa hər kim bihəngam, Başı qiylü qaldan qurtarmaz müdam. Var isə kəmalın, söyləmə əfzun, Bu barədə şair yazıb bir məzmun: Kəbk əgər xəndeyi-bica nə zənəd, mən zamin, Ki giriftar be şəhbaz nə gərdəd hərgiz * * * Sədaqətli dostlar haqqında Bir tısbağa, bir kəsəyən, bir qarğa Yoldaş olmuş idi bundan sabiqa. Pakizə məkanda tutuban vətən, Asibi-dəhrdən asudə, ey mən. Övqat keçirirdi yazü yayü qış, Eyşü nuşə məşğul idi bitəşviş. Bir ahu şol yerə eyləyib güzar, Üç ikən həmdəmü həmrah oldu çar. Səhərdən dağılıb hərə bir yana, Günorta zamanı gəlib məkana, Başından keçəni eylərdi söhbət; Bu hal ilə dolandılar bir müddət. İttifaqən, bir gün gəlməyib ahu, Aldı yoldaşların canını qayğu. Qarğaya dedilər: “dur, aç pərü bal, Gətir biçarədən bizə bir əhval. Şayəd ki, fəqiri, xudanəkərdə, Damə salmış ola səyyad bir yerdə”. Biməksü təvəqqöf ovcə qalxıb zağ, Dolanıb hər təref edərkən soraq, Gördü ki, heyvanı səyyadi-birəhm, Üqubəti-həqdən eyləməyib vəhm, Tutub, əl-ayağın bağlayıb möhkəm, Atıb günə qarşı, özü gedib həm. Dami-təzvirini qurubdu genə, Şayəd özgə şikar sala cənginə. Ahuyi-pabəndə verib təsəlli, Qanadı on isə, eyləyib əlli. Gəlib həmrəhlərə gətirdi xəbər, Bir neçə naləvü şiyvən etdilər. Təkəllümə gəlib dedi kəsəyən: “Onun əncamını yaxşı billəm mən. Məni qanadının üstünə götür, O yer ki, ahunu görübsən, yetir. Be-hövli-qüvveyi-xaliqi-zülmən, Bir ləhzədə bəndin parə qıllam mən”. Bu tədbiri həmə eyləyib pəsənd, Oldular, filcümlə, dilşadü xürsənd.. Kəsəyəni qarğa alıb dalına, Olan gücün verib pərü balına, Bir zaman yetirdi ahuya muşi, Qalmamışdı səbrü qərarü huşi. Zərbi-dəndan ilə kəsib kəməndin, Bir əndək qalmışdı dəf edə bəndin, Gördülər tısbağa üftanü xiyzan, Özünü yetirdi şol yerə nalan. Zəbani-təərrüz etdilər diraz, Söylədilər: “bu nə işdi, anlamaz?! Nə fikr ilə gəldin burayə, görək, Səndən bizə olacaqdı nə kömək? Məgər ki, gələndə səyyadi-pürfən Biz qaçaq, qalasan aralıqda sən! O da bizə ola əlahiddə dağ, Gərəkdi dübarə çalaq əl-ayaq”. Dedi: “Ey yarani-ba-istiqamət, Ayini-dostluqda deyil mürüvvət – Aşinanın biri gəzə asudə, Şol birisi qala dami-qayğudə. Girəm ki, məsrəfim yoxdur bir karə, Necə dura billəm sizdən kənarə? Tanrı o yoldaşa eyləsin qəzəb, Kim, dari-dünyada ola xüdtələb! Üç həmrəhi-sadiq tək olsun azad, Mənimki səhldir, hərçi bada-bad!” Gövtüğunu bunlar etməmiş təmam Gördülər ki, gəlir mərdi-bədəncam. Həmrəhi-çarümdən əl çəkib naçar, Ahu, siçan, qarğa etdilər fərar. Səyyad gəlib ol məqamə yetişdi Kim, ahunu pabənd edib getmişdi. Baxıb hər tərəfə etdi nəzarə, Görmədi be-qeyr əz rismani-parə. Bir də bir tısbağa zarü sərgərdan, Yaşınmaq qəsdilə dolanır hər yan. Bəs ki, çox yüyürüb eniş-yoxuşa, Ov tapmayıb əli çıxmışdı boşa. Tısbağanın labüd torbaya saldı, Ağzını bağlayıb dalına aldı. Yornuq köpək kimi ovçu ahəstə Yol başladı, ixtiyarı güsəstə. Qarğa dövr eyləyib ovci-həvadə, Baxardı əməli-ibn-Ziyadə. Gətirdi həmrəhi-fərarə xəbər, Hali-binəvadən olub müstəhzər, Muşi-sahibi-huş tapıb bir tədbir, Dedi: “durmaq vəqti deyil, ey nəxcir! Sən eylə məkr ilə payını axsaq, Səyyadın önündə dolan bir səyaq. Fikr eyləsin asan tutacaq səni, Xəyali-xam ilə atıb kisəni. O olsun şikarın tutmağa məşğul, Mən ollam torbanı yırtmağa məşğul. Ol zaman ki, qarğa eylədi səda, Bil ki, tısbağanı etmişəm rəha. Səbr eylə bir qədər ta ki, biz qaçaq, Sən də sıçrayıb gəl yenə qarışaq”. Bu məkr ilə oldu dü məhbus azad, Qayıdıb gəldilər məsrurü dilşad. Bu məsəlin vardır ona nisbəti: Bir kəsin bir kəsə ola ülfəti, Gərək zar olanda, o da zar ola, Həmişə dostundan xəbərdar ola. Nəinki dost qala dami-bəladə, O gəzə arxayın dəştü səhradə. Həm dəxi həqarət gözilə, zinhar, Baxıb bir adəmə eyləmə inkar. Hər meşəyə güman aparma boşdur, Xudbinlik kişiyə nə kari-xoşdur. Yazıbdır Sədiyi-şirinkəlam Əmləhüş-şüara, arifi-əyyam: “Hər bişə güman məbər ki, xalist, Şayəd ki, pələng xüftə başəd” * * * Tülkü və qurd Bir rubəhi-kühənsalə gedirdi, Qismət üçün seyri-aləm edirdi. Obadan kənara gördü, ittifaq, Atıblar səhrayə bir dünbeyi-çaq. Diqqət ilə baxıb, tələni seçdi, Yavuğa düşməyib – uzaqdan keçdi. Gəzər ikən oldu bir qurda düçar, Dedi: “Filan yerdə yaxşı tömə var”. Biçarəni çəkə-çəkə gətirdi, Bir azca qalmışdı quyruğu gördi. Dedi: “Təəccübəm, sən belə şeyə Düçar oldun, özün yemədin niyə?” Dedi: “Boynumda var qəza orucum, Tutmuşam ki, saqit ola borucum. Soxuldu quyruğu yerdən götürə, Neçə gündü naharsızdı, ötürə, Çırtlayıb, payinə tələ oldu bənd, O yana, bu yana tullandı hərçənd, Tülkünün əlinə düşdü girəvə, Quyruğu yeyirdi çox sevə-sevə. Dedi: “sən deyirdin orucam, bayaq, Nədəndir yeyirsən indi bu sayaq? Dedi: “oruc idim, amma bu axşam Təzə ayı görüb, etmişəm bayram” Hiyləsinə o pürfənin inandı, – Bəs mənim bayramım, – dedi, – haçandı? – Sənin də bayramın sahibi-tələ Gələndədir, – dedi, – tələsmə hələ. Hər kimsədə ola əqlü fəhmü huş, Bu məsəli eyləməsin fəramuş: Əvvəl gərək suyu yoxlasın möhkəm, Boylayandan sonra soyunsun adəm. Nəinki etməyib fikir, əndişə, Sala canavar tək özünü işə. Həm özünün payın, həm onun payın Tülkü yeyə bidərd-sər, arxayın. * * * Tülkü və şir Əyyami-sabiqdən edim hekayət, Müstəme olanlar aparsın ləzzət. Çin bəhrində bir cəzirə var idi, Ziyadə basəfa ələfzar idi. Tən edərdi ol behişti-bərinə, Yox idi aləmdə ona qərinə. Tutmuşdu həşərat ol mülki vətən, Türfə canəverlər salmışdı məskən. Təqdiri qəzadan bir şir, ittifaq, Gözəl sərzəmini eylədi yataq. Sair heyvanata təng oldu məaş, İçlərinə düşdü aşubü pərxaş. Gündə üçün, dördün qovub tutardı, Yeyib, gəlib öz yerində yatardı. Yığılıb bir yerə oldu fərahəm Cəzirədə nə var isə bişü kəm. Binayi-məşvərəq etdilər ağaz, Axırda tutdular bu sözü mümtaz: “Bizdə yox onunla qüdrəti-cədəl, Ya gərəkdir çəkək bu vətəndən əl, Ya qoyaq onunla binayi-saziş, Dolanıb arxayın, edək cüzariş. Pərişan olmasın, barı sağımız, Yüyürməkdən saf əridi yağımız”. Çox keçdi arada dəlil, dəlail, Küllühüm bu əmrə oldular qail. Tülküyə dedilər: “ey yari-pürfən! Bu təklifi bizdən qəbul eylə sən. Çünki onlar ilə başdan, binadan Birevli kimisiz ata-babadan. Düşəndə eylərlər sizə məsləhət, Xahi aşikara, xahi də xəlvət. Dur, bu gün varid ol hüzuri-şirə, Rəhmin gəlsin binəvayə, fəqirə. De ki, ey sərhəngi-külli-dirrəndə! İnsafü mürüvvət yoxdurmu səndə? Güzarın düşübdür bizim vətənə, Cannisarıq həmə, həq bilir, sənə. Var xəlfəyə təəllüqü Bağdadın, Neçin yamanlığa çəkilsin adın? Sülhü səlah ilə düzələ bir kar, Bu qəhrü qəzəbin nə surəti var? Kimdir səndən edə müzayiqə can, Keç bu mərhələdən, aman, əlaman! Nə layiqdir sənin kimi sərvərə, Bais ola belə nahaq işlərə; Yol kəsə dəmbədəm həramilər tək; Vura, tuta, yıxa müxlisin görcək. Şah istəsə olsun rəiyyət abad, Gərək aralıqda bir qərardad. Sən ağa, biz sənə bəndeyi-fərman, Zilli-himayətdə qoy gəzək hər yan. Dəhyeki-divanə nədir sözümüz, Bu yolları yaxşı billik özümüz. İtaət etməsə malikə məmluk, Olmaz aralıqda təriqi-süluk. Gündə bir çarpa eylərik irsal, Yeyərsən, yatarsan bicürmü vəbal”. Göftü şeno ta ki, yetdi payinə, Görək tülkü nə gətirdi bəhanə! Dedi: “Əsirgəməm bir qaşıq qanı, Vəli laf uranlar gen gündə, hanı? Xırsi-qəviheykəl, xuki-pürğurur, Gürgi-şikarəfkən” çəqqali-məğrur. Yaxşı gündə mənəm-mənəm deyənlər, Ovu göydə alıb, göydə yeyənlər. Seyd edən zamanda salmazlar yada, Deməzlər bir parça verək ona da. Yaman gündə tamam durub kənara, İstər bir fənn ilə özün qurtara. Məni qətlgahə eylərlər rəvan, Mən rubahi-aciz, o şiri-jəyan. Əgər bir pəmbəçə vura sərimə, Xürdü xəmir olub dollam dərimə. Dinəndə deyirsiz əhli-tədbirik, Məsəldir: “güclüyə nə duz, nə çörək”. Göndərin laəqəl mərdi-hünərvər, Yetirsin ərziniz, gətirsin xəbər”. Yerbəyer dedilər: “ey tülkü qardaş, Bu sözü söyləməz əcamir, ovbaş. Küllühüm aləmi tuta qiylü qal, Heç adətdə yoxdur elçiyə zəval. El namusu elə düşər, əzizim, Yaman yerə yetib işimiz bizim. Doğrudur, gen gündə biz laf uranıq, Gərdən çəkib, yal qabardıb duranıq; Hanı bizdə şöylə adabü ədəb, Təqrirati-məlih ləfzi-müntəxəb; Böyük hüzurunda deyək, danışaq, Küreyə düşməyən olmaz yumuşaq. Bir ağaca çəkilməyə ta törpü, Nə dər olur, nə dərvazə, nə körpü. O ki, sənsən – hər elmdə mahirsən, Fəhmü fərasətdə xəlqə zahirsən. Yüz kari-müşkülə gər qoyasan əl, Göz yumub açınca səyin eylər həll. Xidmətində eyləmişik təğafül, Əfv eylə cürmümüz, ey piri-aqil! Hörmətin lazımdır bizlərə, əmma Axtarma keçəni, “məza ma məza”. Əgər ki, olmasa səndən bir çarə, Gərəkdir vətəndən olaq avarə”. Söylədilər əfzun, dedilər bihədd, Tülkü eyləməyib iltiması rədd, Yola düşüb getdi badi-sərsər tək, Təbəssüm elədi şir onu görcək. Çün özü bu əmrə minnətkar idi, Baş tutdu, dərzaman meyli var idi. Qayıdıb yetirdi xəlqə bəşarət; İndən belə dəxi gəzin fərağət. Bəs ki, hasil oldu bu müddəalar, Eylədilər şahə xeyrü dualar. Hər firqədən gündə bir fərbeh davar Göndərdilər, həm şam ola, həm nahar. Bu hal ilə dolandılar bir müddət, Ta inki tülküyə yetişdi növbət. İlk axşamdan çavuş eylədi izhar Kim: “rəsəd sizindir, olun xəbərdar. Göndərin gecədən bir rübahi-çağ, Məbadə ki, əmir ola bidamağ”. Var idi bir pürfən kədxudadəri, Çox yola salmışdı belə işləri. Əshabü əqranın yığıb səmtinə, Dedi: bu keyfiyyət ar gəlir mənə; Bizim hiyləmizdən çərxi-kəcrəftar Gecə-gündüz daim ölüm arzular. Behmü hərasından afitabü mah Çəkir üzlərinə pərdeyi-siyah. Əksimizi görsə suda divü dəd, İlim-ilim itər ta ruzi-əbəd. Yarım saat əgər bizi görsə ac, Özün kola soxar qırqovul, turac, Hər məkrdə ola ictihadımız, İndi ara yerdə itə adımız. Həq bilir, deyiləm mən ziyanlıqdan, Ölüm yeydir belə zindəganlıqdan; Əbəs-əbəs gələ bir şiri-həpənd, Dövləti-qədimə yetirə gəzənd. Bu əmrin olmasa bizdə çarəsi, Sağalmaz ölünçə bilin yarəsi”. Dedilər ki, ey sərxeyli-əqrəba, Xaliq edib səni bizə kədxuda. Olmasaydı səndə fəhmü fərasət, Bir məlcəü məva tapardıq, əlbət. İxtiyar sənindi, səlah sənindi, Nə isə, tədbirin işə sal indi. Kədxuda üstünə karı yıxdılar. Sözlərin danışıb, tez dızıxdılar. Sübhədən yatmayıb qoca kədxuda, Bəstəri-fikrdə çevrindi ol, ta Səhər oldu, ay gizləndi, gün doğdu, Ol qədər atının cilovun boğdu. Keçdi şirin naharının zamanı, Kəsildi acından tabü təvanı. Ahəstə-ahəstə üftanü xiyzan Yetişib hüzura çəkdi əlaman. Dedi: “ey sərvəri-külli cəzirə, Rəhmin gəlsin binəvayə, fəqirə. Bir ölkənin olmaz iki sərdarı, lazımdır ki, sən çəkəsən bu anı; Gətirirdim sizə bir fəhbeh şikar, Ərzi-rəhdə oldum bir şirə düçar. Bunca dedim, tüməsidir əmirin, Həddi nədir olsun hər yetən şirin? Pəndü nəsihətə olmayıb qail, Göndərdi bir neçə föhşü latail. Zor ilə şikarı əlimdən aldı, Özümə də bir yol pəmpəçə saldı. Koldan-kola qaçıb gəlmişəm naçar, Mundan sonra dəxi ixtiyarın var”. Bir tərəfdən aclıq, bir yandan söyüş Şir özün itirib, getdi əqlü hüş. Halü təbiətdən çıxdı bir babət, Sözün axırına verməyib fürsət, Yola düşüb dedi: “dayanma zinhar, O yer ki, görübsən, məni tez apar!” Sabiqən görmüşdü bir çarhi-pürab, Fil düşsəolurdu mədumü nayab. Çəkə-çəkə getdi quyu səmtinə, Dübarə başladı təzərrö yenə. Dedi: “yaxınlaşıb şirin məkanı, Məndə yoxdur dəxi getmək imkanı. Məgər ki, alasan püşti-sərinə, Görən dəmdə tullayasan girinə, Edəsən onunla cəngi-sultanı, Mən olam nüsrətin mədihəxanı”. Əhməq ol pürfəni alıb dalına, Hər kimin əqli var xoşa halına! Quyu kənarına ta kim, yetişdi, Nəzəri özünün əksinə düşdi. Eylə sandı şiri-peykardır bu, Sıçradı üstünə bivəhmü qayğu. Tülkü özün atmış idi kənarə, Qərqi-fəna oldu dər-dəm biçarə. Hiylə ilə xəlqi eylədi azad, Qayıtdı mənzilə xürrəmü dilşad. Çoxdur yolu bu məsəlin dünyadə, Mən özüm görmüşəm həddən ziyadə. Biri o kim, hər kəs xəlqə zülm edər, Aqibət ədl ilə fənayə gedər. Biri o kim, hakimani-bitədbir Çahi-intiqama qərq olur çün şir. Biri o kim, biməsləhət, biəndiş Bu dari-dünyadə düzəlməz heç iş. Biri o kim, sanma düşməni həqir, Eylər səni axır bəlayə əsir. Xətadır dolanmaq, xülasə-kəlam, Xətm oldu hekayət, baqi vəssəlam! * * * Xain yoldaşlar haqqında Bir dəvə, bir ilan, bir də tısbağa Yoldaş olmuşdular mundan sabiqa. Xanəyek müttəfiq, yekdil, yekcəhət, Yox idi arada bir sirri-xəlvət. İkisinin əkli rig ilə torpaq, Dəvənin töməsi giyahü yapraq. Gəzərkən tapdılar bir girdə çörək, Dedilər, aparıb mənzildə yeyək. Nəhayət, bunların kini var idi, Muzi idi, çünki hiyləkar idi. Bir-birinə dedi: “bizə nə lazım Kim, belə axmağa olaq mülazim. Həmi yerdən yeyir, həmi həvadən, Yalvarıb bir çörək alaq xudadən, Aparıb onunla üç yerə bölək, Aldadarıq, qalar özümüzə əppək”. Muzilər qoydular binayi-möhkəm, Dəvəyə dedilər: “ey yaru həmdəm”, Həqqi bu kim, üç gündü binaharıq, Görürsən nə gunə olmuşuq arıq. Tapdığımız həmin bir girdə nandı, Gər üç yerə bölək, haman hamandı. Məsəldir: bir paydan bir kişi doyar, Gər bölünə – ikisin də ac qoyar. Yaxşı odur, bunu yesin birimiz, Dost-düşmənə faş olmasın sirrimiz. Olsun şol yeyənin tabü təvanı, Ara yerdə nahəq çıxmasın canı. Əlbəttə yetirir qasimül-ərzaq, Qoymaz bizi acü susuz qınlaq”. Dedi: “nə desəniz mənis sözüm yox, Həq bilir ki, özgə payda gözüm yox. Püşk atsanız əgər, raziyəm püşgə, Qoy düşsün düşəcək hər kimə kişgə”. Dedilər: “nə lazım püşk alaq ələ, Şükr olsun xudaya, münsifik hələ. Hər kəs öz yaşını eyləsin izhar, Gördük birimizin artıq sinni var – Cahıllar əl çəksin o binəvadən, Nəsibin istəsin bari-xudadən. Şol qocaya olsun ta inki qüvvət, Bəlkə yol bacara bir neçə müddət”. Dəvə qaldı labüd laəlac, naçar, Dedi: “Özüz bilin, ixtiyarız var”. İlan tısbağaya dedi: “Ey rəfiq, Əvvəl de, sənindir həm yol, həm təriq”. Dedi: “daş başıma, küllər gözümə, Bavər edən olsa mənim sözümə. Ol xaliqi-yekta həyyü-ləmyəzəl İycadi-adəmə qoyan vəqt əl, On-on beş yaşında hazır idim mən, Bir əcəb məkanda tutmuşdum vətən. Gördüm ki, Adəmə can verdi Allah, Mən dedim qurtardım, indi bismillah!” Həqdi, dil-dodağın çeynədi üştür, Saribani-qəza dedi ki, diş dur! Ondan sonra növbət yetdi ilanə, Gətirdi siinnini şərhü bəyanə, Dedi: “ey biçarə, uşaq imişsən, Bəs neçün olubsan ha böylə kühən? Ol zaman ki, həyyü qadiri-muxtar İstədi ki, yer-göy ola bərqərar, Adəm harda idi, Həvva kim idi? Məlaiki-ərşi-əla kim idi? Bir xaliqin özü, bir mən var idim, İndi belə görmə, bir minar idim. Müruri-zəmanın evi yıxılsın, Mənim kimi xanimanı dağılsın. İndi mari-çubə həmtasiyəm mən, Həq bilir ki, mütləq tanımaz gören”. Dəvə zahir edib bir nimxəndə, Dedi: öz yaşımı deyərəm mən də”. Götürüb ağzına yerdən çörəyi, Başladı ahəstə tər göyşəməyi. Dedi: “ey mədəni-hədyanü kəzaf! Bu söz ilə dəvə uşaq imiş saf...” Lazımdır şol yerdə bu növ misal Nəsihət eyləsin xəlqə əhli-hal. Özündən böyüyə etsə xəyanət, Ac qalır, etməsin, əlbət, səd əlbət. Bir adam ki, qoya hiylə binası, Aqibət özünə dəyər xətası. Yoldaş yoldaş ilə xədəng nisbət, Düz gərək ta ruzi-həşrü qiyamət. Əgər əyri ola dərüni, çün yay, Kirişi qırılıb axır olur zay. Müşküldü nəzm etmək hər belə nəsri, Əfv eyləsin arif gər olsa kəsri. * * * Kitabxana.az · https://kitabxana.az/collections/zakir-temsiller İctimai mülkiyyət (müəllifin vəfat ili: 1857). Public domain (author died 1857). Original text only.