Page 1 of 4

Qeyr ilə hər dəm nədir seyri-gülüstan etdiyin?
Bəzm urub, xəlvət qılıb, yüz lütfü ehsan etdiyin?
Əhd bünyadın mürüvvətdirmi viran etdiyin,
Hanı, ey zalım, bizimlə əhdü-peyman etdiyin?

Cürümümüz noldu ki, bizdən eylədin bizarlıq?
Biz qəmin çəkdik, sən etdin özgəyə qəmxarlıq.
Sizdə adət bumudur? Böylə olurmu yarlıq?
Hanı, ey zalım, bizimlə əhdü-peyman etdiyin?!

Birdən-birə arıqlamış adam köhnə pencəyinin genliyini duyan təkin Zaur da sürdüyü maşının dəyişmiş ölçülərini hiss edirdi. Qarajdan həmişəki kimi “Moskviç”i deyil, təzə “Volqa”nı çıxararkən, maşının böyürləriylə qarajın qapısı arasındakı məsafəni elə ölçüb-biçməliydi ki, par-par parıldayan maşınını cızmasın. Odur ki, sol tərəfdən – sükan tərəfdən az, o biri tərəfdən isə çox məsafə saxlayırdı. Qarajın qapısı, doğrudan da, “Volqa” üçün bir az darısqal idi, metal çərçivəyə sürtülüb cızıla bilərdi maşın, amma bir yandan baxanda “Volqa” qarajın içinə elə bu qapıdan girmişdi də, özü də cızılıb-eləməmişdi. Görəsən kim salıb onu qaraja? Birdən ağlına gəldi: Spartak. Əlbəttə, Spartak. Axı anası deyirdi ki, Spartak köhnə “Moskviç”i satmağa (təbii ki, öz qiymətinə, mağaza vasitəsilə) kömək eləmişdi atasına. “Volqa”nı da gedib Spartakla birlikdə seçmişdi atası. Maşını həyətlərinə Spartak sürüb gətirmişdi, qaraja salmışdı, nömrə almaqda da fəal iştirak etmişdi.

Zaur şəhər küçələrini bir-bir keçdikcə böyük və güclü maşına get-gedə daha çox alışır, hətta, isinişirdi. Doğrudur, hələ tam ram etməmişdi bu maşını, “Moskviç”in vərdişi hələ hakim idi əllərinə, ayaqlarına. “Moskviç”dəki pedallara, sükanlara bənzəyən pedalları, sükanları “Moskviç”ə vərdişli ayaqları, əlləriylə idarə edirdi, amma eyni hərəkətlərdən daha sürətli, daha güclü nəticələr alınırdı. Zaur onu da bilirdi ki, qısa müddətdən sonra bu maşınına da tamamilə məhrəm olacaq, onun hər sirrinə, xüsusiyyətlərinə, hər cür cəhətinə bələd olacaq və gələcək həyatının ən böyük sevincləri də məhz bu “Volqa”yla bağlı olacaqdı.

“Moskviç”i sürərkən ona bu qədər tanış görünən küçələr indi elə bil birdən-birə darısqal və qısa olmuşdu və Zaur bilmirdi: bu tinə çəpəki, kəsə yolla burulsa “Volqa”nın quyruğu səkidəki qəzet köşkünə ilişməz ki görəsən? Şəhər küçələrinin, döngələrinin, dalanlarının torundan qurtulmağa can atırmış kimi, bivec piyadaların, xam sürücülərin, qırmızı işıqforların, qadağan işarələrinin hökmündən xilas olmağa çalışaraq maşını şəhər civarına tərəf yönəltdi. Get-gedə maşını daha çox öz iradəsinə tabe etdiyini böyük şövqlə duyur və açıqlığa, gediş-gəliş az olan geniş yollara çıxdıqca sürəti hey artırır, başqa maşınları bir-birinin ardınca ötüb keçirdi. Geniş, rahat aerodrom yoluyla sürdükcə fərəh və asudəlik hissi onu daha artıq çulğalayırdı və özü də hiss etmədən şəhərdən uzaqlaşdıqca uzaqlaşır, Abşeronun şimal sahillərinə tərəf üz tuturdu. Ağlına gəldi ki, çoxdandır – daha doğrusu, yay aylarında Təhminəylə birgə çimərliklərə getdiyi vaxtdan bəridir – bu yolla getməyib. Son həftə ərzində ilk dəfə idi ki, Təhminə haqqında sakit, həyəcansız, ağrısız düşünürdü. Dünənki müdrik qərarını bir də götür-qoy edir və bir də əmin olurdu ki, doğrudan da, çox ağıllı fikrə gəlib – Təhminəylə əlaqəni, münasibətləri tamam kəsmək lazım deyil, amma məbadə əvvəlki dəli-divanəliyə, məcnunluğa qayıdasan ha. Hər şey əndazəsində, dəqiq ölçülüb-biçilmiş olmalıdır; hərdən-birdən zəng eləyər Təhminəyə, arabir görüşərlər, hər ikisiyçün yaxşı olar belə bir əlaqə. Yəni əslində elə münasibətləri də bu cür başlanmışdı da – hər şey necə də xoş idi, sakit idi, ta o vaxtacan ki, Zaur özü öz axmaqlığı və əbləhliyi ucundan xam xəyallara düşdü, başını cürbəcür səfeh fikirlərlə doldurdu: nə bilim, əsil məhəbbətdir bu, həqiqətən sevirəm. Qısqandı, ağrıdı, başı daşdan-daşa dəydi, hardan axı beyninə batdı ki, səadətə çatıb? Və sonra da qorxmağa, əsməyə başladı ki, birdən bu səadət deyil, aldanmışam, ya aldadılmışam. Axı səadət yalnız tək bir xoş anlar deyil ki... Səadət həm də dəhşətli qorxu anlarıdır – həmin bu səadəti itirmək qorxusundan müc olub qaldığın dəqiqələr...

Bir neçə xoşbəxt dəqiqələrin qorxusunu, nigarançılığını saatlarla, günlərlə, həftələrlə, aylarla çəkməkdənsə tamam səadətsiz-filansız yaşamaq yaxşıdır. Əvvəllər elə-belə görüşəndə və bu görüşlərdən sonra ayrılanda, bir-biriləriyçün mövcud olmurdular artıq. Amma sonralar – bütün bu dolaşıq duyğular onun qəlbinə hakim kəsiləndə Təhminəni görmədiyi hər saat, Təhminənin harada olduğunu bilmədiyi hər dəqiqə min bir qara-qura şübhələrlə, bəd-bəd gümanlarla dolu olurdu.

Sahil qəsəbələrinin içiylə sürürdü maşını. Dəvə belinin donqarlığını xatırladan cütbacalı yastı damlar, yel dəyirmanları, kələ-kötür daşlardan hörülmüş hasarlar, tikan kollarından qurulmuş çəpərlər, talvarlara dırmaşdırılmış meynələr, küləyin süpürüb divar dibinə yığdığı qum təpəcikləri – bütün bu qərib, həzin payız mənzərələri keçib getmiş günləri xatırladırdı – onların ilk görüş çağlarını – közərmiş ehtiraslarsız, itkilərsiz, uçqunlarsız xoş günləri...

Uzaqda Murtuzovgilin bağları, evlərinin əyri eyvanı görünürdü. Bir dəfə Təhminəylə bura gəldikləri, içəri girdikləri yadına düşdü, hasarın yanından buruldu və dərhal əyləci basdı: az qala alaqapının ağzında dayanmış başqa bir maşınla – çəhrayı “Volqa”yla toqquşacaqdı. Bir an sonra Zaur dərk elədi ki, Murtuzovgilin qapıları qabağında dayanmış bu çəhrayı “Volqa” Spartakın maşınıdır... Zaur ehmallıca öz maşınını dar küçədə Spartakın “Volqa”sının yanından keçirtdi.

Dar dalandan burulub gen yola çıxandan sonra fikirləşdi ki, ilin bu vaxtında Spartakın bağda nə işi var, görəsən. Sonra ağlına gəldi ki, bəlkə Spartak tək gəlməyib bağa, saysız-hesabsız cananlarından biriylə gəlib... Zaur dəniz sahilinə çıxdı... Hava tutqun deyildi, amma dekabr dənizi, adamsız sahil payızın son nəfəsindən, qışın əvvəlindən xəbər verirdi. Haradasa sahilin bir tərəfində balıqçı komaları vardı və Zaur düşündü ki, indi bu komaların içində olmaq ayrı ləzzətdir – sahil soyuq olsa da, komalarda yəqin isti soba qalayıblar, pəncərələrdən baxırlar dənizə... Zaur maşınını sahil boyu sürəndən sonra yenidən şoseyə çıxdı. Qumlu sahilin təhlükəli yumşaqlığından sonra beton avtostradanın möhkəmliyi arxayınlıq hissi aşılayırdı, sürəti artdıqca artırmaq istəyi oyanırdı. Yol, demək olar ki, boş idi, təkdənbir maşınlar keçirdi. Yolun hər iki tərəfində plakatlar, çağırışlar, şəkilli diaqramalar vurulmuşdu. Şəkillərdən birinin üstündə eyni boylu, eyni biçimli, eyni cür ağaclar çəkilmiş, “Qəsəbəmiz nümunəvi olsun” sözləri yazılmışdı... Zaur qarşısında uzanmış geniş yolu seyr edir və get-gedə sürəti artırırdı – uzaqdan ona tərəf gələn maşına diqqət verdi, maşın get-gedə yaxınlaşırdı və bu andan etibarən elə bil hər şey Zaura yuxu kimi, ləng sürətli nümayiş etdirilən film kimi gəldi – elə bil vaxt başqa ölçülərlə, başqa sürətlə axmağa başladı, gerçəklik ayrı cür, ayrı rənglə, ayrı işıqda qavranıldı – qarşıdan gələn maşın Spartakın çəhrayı “Volqa”sı idi. Sükanın arxasında Spartak oturmuşdu, onun yanında qadın oturmuşdu və çəhrayı “Volqa” Zaurun maşınının yanından ötüb keçəndə Zaur bu qadının kim olduğunu da təyin etdi... Zaur bir müddət də getdiyi istiqamətdə getdi, ürəyi çırpınıb yerindən çıxacaqdı elə bil, hələ hər şeyi sanki axıracan dərk eləməmişdi və nə edəcəyini, nə etmək lazım olduğunu da bilmirdi hələ. Yalnız iki yüz-üç yüz metr keçəndən sonra kəskin saxladı maşını, döndərdi və geriyə sürdü – əks istiqamətə.

Çəhrayı “Volqa” xeyli uzaqlaşmışdı, dəmir yol keçidi həndəvərində idi. Zaur başa düşdü ki, Spartak da əlbəttə ki, onu tanıyıb və sürəti artırıb. Hər halda yarım dəqiqə ərzində Zaur onları haqlayardı, amma Spartak dəmir yol keçidini ötən kimi şlaqbaum bağlandı və Zaur uzun çoxvaqonlu qatarın keçib-getməsini gözləməli oldu. Artıq hər şey Zaur üçün aydın idi. Çəhrayı “Volqa”nın nə səbəbdən ilin bu vaxtında bağ qapısında dayanmasının səbəbini də bilirdi. Zauru görən kimi sürəti artırıb ondan qaçmasının səbəbini də bilirdi. Şlaqbaum düşhadüşdə altından keçib uzaqlaşmışdılar, niyyətləri, məqsədləri bir idi – qaçmaq, vaxtı udmaq, məsafəni udmaq, bir sözlə, hər şeyi udmaq. Həyat adlanan bu oyunda Zauru udmaq, ona qalib gəlmək. Qalib gəlmək və gülmək Zaura – sadəlövh, hər şeyə inanan axmaq Zauru doyunca lağa qoyub gülmək – onun sadədilliyinə gülmək – “ay nə bilim, Zaurik, sən bizə gələn gün oboylar çiçək açdı, ay Zaurik, səni belə sevirəm, sənə sadiqəm, mən nə bilim nə”. Hər şey, hər şey, hamısı, bütün sözləri, nəvazişləri, göz yaşları-hamısı yalan imiş, pozğun, əxlaqsız qadının mahir işvələri, fəndləri, tələləri və hiylələriymiş, vəssalam...

“Çərşənbə axşamı məşqdəyəm. Çərşənbə axşamıdır bu gün, bu imiş demə bunun məşqləri – Spartakla bağa getmək. Hər çərşənbə axşamı məşq adıyla bu bağa gəlirmiş yəqin, axmaq Zaur da divanın üstündə uzanıb onu gözləyirmiş, ay-hay... Əcəb olur sənin kimi axmağa. Sən orda divanda uzanıb siqaret çəkirdin, onlar isə burda, bu bağda həmin otaqda – ikisi... Təhminəylə Spartak... bu fikirlərdən, xəyalında canlanan bu səhnələrdən dəli olurdu Zaur və bu an maşınını qarşısından taqqataraqla ötən qatarın üstünə sürmək, toqquşmaq, əzilmək, parçalanmaq, həlak olmaq istəyirdi, amma eyni zamanda o iki nəfərdən hayıfını çıxmamış bu dünyadan köçmək də istəmirdi heç cür. Qatarın vaqonları qurtarmaq bilmirdi. Zaur bu vaqonlara baxıb, yenə də həmin o bağ otağını, Spartakın qolları arasında çırpınan Təhminəni görürdü və bilmirdi ki, bu qatar haçan keçib qurtaracaq, Zaur haçan bu keçidi adlayacaq, onları haqlayacaq. Hər şeyin, bütün yaralarının, təhqirlərin, ona elədikləri bütün yamanlıqlarının hayfını çıxacaq. Hiddəti, əsasən, Təhminəyə aid idi. Qəribədir ki, Spartak haqqında, hətta kinsiz düşünürdü. Spartak Zaurdan daha dünyagörmüş adam imiş, daha bic, daha fərasətli, daha təcrübəli imiş, vəssalam. Spartak kimisini hər cürə yağlı dillərlə aldatmaq olmaz. Zaur təki axmaq deyil ki, hər sözə inansın, hər saxta mehribançılığı həqiqət bilsin, hər hiyləni doğru saysın. Təhminənin bütün fəndlərinə, pişik tumarlarına, nəvazişli pıçıltılarına Spartak ancaq gülərdi, “mənə yox, mənə gəlmə” deyərdi və əcəb də edərdi, afərin Spartak. Spartak kimi olmaq lazımdır belə Təhminələrlə... İndi Zaur Təhminənin hər bir hərəkətini, hər sözünü, evdə olmadığı hər saatı – yalanla, fırıldaqla, saxtakarlıqla və riyakarlıqla bağlayırdı və yaddaşı qəsdən ona müxtəlif sübutlar, faktlar, xatirələr təqdim edirdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü

Siqareti siqaretə calayırdı: “Əgər dolamaq istəyirmişsə, çox mənasız zarafatdır”.“Bəlkə bağın o biri tərəfini deyib? Yox, orda maşın saxlamaq qadağandır. Sol tərəfi dedi. Sol tərəf buradır da”.

46 min
Zaurun Təhminəyə məktubu

Təhminə! Mən bu məktubu indi yazıram. Səndən ayrılandan bir saat sonra. Sənə qəribə gələcək ki, biz ayrılandan bir saat sonra, özü də gecə saat 4-də məktub yazmaq nə vacib düşüb. Bəlkə də səninçün bu vacib deyil. Amma mənimçün çox vacibdir. Məktubu niyə yazıram. Çünki məktubda deyəcəyim şeyləri elə-belə, sözlə, sənin üzünə deməyə, hətta telefonla deməyə belə heç vaxt cəsarət etməzdim. Heç bilmirəm, demək istədiklərimi məktubla deyə biləcəyəmmi. Demək istədiyim odur ki, Təhminə, mən bu gün çox şeyi başa düşdüm. Gülmə, Təhminə, yəqin ki, sən məni uşaq sayırsan, hissə qapılan sadəlövh bir uşaq. Nə olar, say. Hər halda mənimçün bu çox vacibdir. Heç bilmirəm nə yazıram. Elə hey yazıram vacibdir, vacibdir, nədir vacib? Heç özüm də bilmirəm. Bircə onu bilirəm ki, bu gün mənim gözüm açıldı, elə bil çox şeyi təzədən gördüm, anladım. Bir yandan Məmməd Nəsirin təkbaşına nərd oynaması, bir yandan bizim bugünkü səfərimiz, xüsusən sənin son sözlərin (həkimlərin sənə dediyi sözlər), bütün bunlar hamısı elə bil mənim varlığımı alt-üst etdi. Bilirsən, əgər mən yazıçı olsaydım, bütün bu hissləri, bu psixoloji incəlikləri daha dəqiq təsvir edə bilərdim. Ancaq məndə bu məharət yoxdur, odur ki, fikirlərimi, hisslərimi də belə dolaşıq ifadə edirəm. Nə isə mənə elə gəlir ki, mən indiyə qədər hamını və birinci növbədə də özümü aldatmışam. Həqiqətdən qorxmamaq, həqiqət nə qədər acı olsa da, onun düz gözünün içinə baxmaq lazımdır. Bunu mənə sən öyrətdin. Doğrudan da dünyada ən murdar şey riyakarlıqdır, ruslar buna xanjestvo deyirlər. Mən də başa düşdüm ki, bundan sonra mən heç bir vaxt nə heç kimi, nə də özümü aldatmamalıyam. Bilirsən, Təhminə, səndən ayrılandan sonra maşınla boş küçələri dolaşırdım və başıma min cür fikir gəlirdi. Bir istəyirdim gedib bu saatca Manafa teleqram vuram ki, bəsdir bu yalan, Təhminə səni sevmir, məni sevir, biz onunla bir-birimizi sevirik. Biz evlənəcəyik. Gəl Bakıya, məhkəməylə Təhminəylə boşanın... Sonra istədim təzədən Pirşağıya dəniz qırağına, həmin o yerə gedəm. Sonra istədim maşınımı divara vurub əzəm. Sonra qərara gəldim evə gedib ata-anamı oyadam. Hər şeyi onlara danışım, deyim ki, çox sağ olun, məni dünyaya gətirmisiniz. Ancaq adam gərək iki dəfə doğulsun. Bir dəfə onu ata-anası dünyaya gətirir. İkinci dəfə o özü-özünü dünyaya gətirir, özü özünə dünyada bir yer qazanır. İndi, əziz ata-anam, mən hələ bircə dəfə doğulmuşam. Mən hələ özüm yaranmamışam. Hələ ancaq sizin yaratdığınız kimi, sizin istədiyinizə uyğun olaraq yaşayıram. Çox sağ olun əziz ata-anam, məni böyüdüb boyabaşa çatdırmısınız, oxutmusunuz, saxlamısınız, geydirib-yedirtmisiniz, mənə maşın almısınız. Amma mən daha özüm yaşamalıyam. Götürün bu “Moskviç”i. O sizindir. Mənim onu öz maşınım hesab eləməyə haqqım yoxdur. Nə maşınımı, nə geyimimi, nə otağımı. Bundan sonra belə olmayacaq. Mən öz əlimin zəhmətiylə dolanmaq istəyirəm, öz iradəmlə, öz ağlımla yaşamaq istəyirəm. Yoxsa mən başdan-ayağa özümü kiminsə borcu hesab edirəm. Kiminsə qaytarılmamış borcu. Adımı siz qoymusunuz, məktəbimi, ixtisasımı, iş yerimi siz təyin etmisiniz. Bütün həvəslərim, işlərim də sizin razılığınızla olub. Bəs mən özüm nəyəm, kiməm, hardayam? İndi ilk dəfə mənim həyatıma elə bir adam daxil olub ki, o yalnız mənimdir, yəqin siz onu qəbul etməyəcəksiniz. Yəni bu keçəri bir həvəs olsaydı, siz qarışmazdınız. Siz heç vaxt mənim belə işlərimə qarışmırsınız. Ancaq biləndə ki, məsələ ciddidir, siz hay-haray qaldıracaqsınız. Ancaq mən də ondan keçməyəcəyəm. Çünki o mənim özlüyümdür, özlüyümün təsdiqidir, o mənim etirazımdır. Təhminə, gör mən nə səfeh-səfeh sözlər yazıram sənə. Oxuyub güləcəksən. Bilirsən, mən bütün bunları tamam başqa cür hiss eləyirəm, ancaq kağızda yazanda hər şey nə cürsə bayağılaşır, adiləşir, gülməli görünür. Gülmə, Təhminə, bəlkə mən bu məktubu heç sənə göndərmədim, cırıb atdım. Ancaq göndərsəm də, göndərməsəm də, mən artıq sənsiz yaşaya bilmərəm. Sən elə bilirsən mən kütəm, keyəm, heç nə başa düşmürəm. Mən sənin bütün dediklərini, duyduqlarını hiss eləyirəm. İnan mənə ki, hiss eləyirəm. Mən bilmirəm bizim uşağımız olacaq, ya yox, ancaq mən səninçün həm ər, həm də övlad olmaq istəyirəm. Sənin davamın olmaq istəyirəm, həyatının mənası olmaq istəyirəm. Mən səninçün həm İkinci, həm də Üçüncü, Dördüncü, Beşinci, Altıncı, Yeddinci, Səkkizinci, nə bilim neçənci, neçənci olmaq istəyirəm. Məktubumu qurtarıram. Son sözü yazıb kibrit çəkib bu məktubu yandırıram. Son söz... Təhminə...

4 min
Təklik tilsimi

Saat düz üç tamamda Səfdər dayı pilləkəni düşməyə başladı. Fərqinə varmadığı mexaniki bir vərdiş halını almış adəti üzrə, ürəyində pillələri saya-saya düşdü. Üçüncüdən ikinci mərtəbəyəcən on yeddi pillə idi. İkincidən birinciyəcən on səkkiz pillə...– 17, o da 18, 35 – deyə ürəyində təkrar edib idarənin qapısından küçəyə çıxdı. 35, o da 3719, elər... yox, 35-in 3719-a dəxli yoxdur. 3719 təxmini hesablamanın balansıdır. 4012 olmalıdır. Deməli, 293 manat çatmır. Görəsən harda səhv ediblər. Keçən kvartalda 145 manat səhv etmişdilər. 145, ya 147? Yox 147. Bəs niyə 145 dedi? hə, ev nömrəsiylə çaşdırır. Ev nömrəsi 45-dir. Mirzə Fətəli, 45.

18 min
Nərminənin atası Səfdərə və anası Minaya məktubu

Mənim əzizlərim! Ana və ata! Uzaq Qvineya diyarından sizə çoxlu-çoxlu salam göndərirəm. Sizinçün burnumun ucu göynəyir. Əvvəlcə, sizə bir şad xəbər vermək istəyirəm: hər ikiniz baba və nənə olmusunuz. Özüm qəsdən bu barədə sizə heç nə yazmırdım ki, anam nigaran qalmasın. Bilirəm axı, yaman vasvasıdır. İndi hər şey yaxşı qurtarıb və on gün bundan qabaq balaca bir oğlan nəvəniz dünyaya gəlib. Hüsü deyir ki, atama oxşayır, ancaq burnu lap səninkidir, ay ana. Adını hələ qoymamışıq. Ay ata, mən istəyirəm sənin adını qoyaq; ancaq Hüsü deyir ki, iraq-iraq, sağ olan adamın adını qoymazlar. Dedim, sizlərdə qoymurlar, amma bizlərdə qoyurlar. Dedim bizlərdə belə qayda var ki, birinci uşağa babasının adını qoyurlar. Heç özüm də bilmirəm belə qayda var, ya yox, ancaq hər halda Hüsünün başını tovlamaq üçün belə dedim. Çünki çox istəyirdim sənin adını qoyam, ay ata. Uşağın adını çağıranda elə bilərəm siz də yanımdasınız bu qərib yerdə. Qız olsaydı sənin adını qoyacaqdım, ay ana. Ay ana, qurbanın olum, səndən yaman nigaranam. Hər gecə səni yuxuda görürəm. Elə qatmaqarışıq yuxular görürəm ki, heç olmasa mənə bir əlcə kağız yazaydın. Atama bax, gözünə su ver, hər ay müntəzəm mənə məktub yazır. Bizim əhvalımızı xəbər alsanız, güzəranımız pis keçmir. Hüsünün burda yaman hörməti var. Burda həkimlərə çox ehtiyac var. Elə xəstələr, elə xəstəliklər var ki, Allah göstərməsin. Camaat çox mehribandır. Amma çox kasıbdırlar yazıqlar.Hə, balaca Səfdər oyandı, başladı bağırmağa. Yəqin acıb, köpəkoğlu yaman qarınquludur.

1 min

Poems by other poets