1875-ci il noyabrın 8-də Təbriz naibül-vəzarəsi cənab sərtip Mirzə Yusif xana yazdığım məktubun surəti

Əzəmətli ağam! Səadətiniz daimi olsun!

Əziz məktubunuz çatdı. Kitablar da poçtdan alındı. “Yek kəlmə”dən bir nüsxə Şeyxülislama verdim. Digər nüsxəni isə Berje Sahibə tapşırdım. Berje Sahibin özü, sizin Hcı Mirzə Ağası haqqında ikinci məktubunuz və rus Samsam xanın şəkli çatdıqdan sonra sizə məktub yazacaqdır. Xahiş edir ki, Samsam xanın şəklini tapmaq yolunda ciddi səy göstərib, bununla da onu sonsuz dərəcədə minnətdar edəsiniz.

Əziz qardaşım Mirzə Cəfər Qərəcədağinin hədiyyəsi də yetişdi. Razılığımı bildirib, ona afərinlər söyləyirəm. Türkcə “Təmsilat”ı çox yaxşı tərcümə etmişdir. Bunun hamısı Dərəvürd çayı suyunun bərəkətindəndir ki, o da mənim kimi ondan içmişdir. Ancaq kitabın çapı o qədər də xoşuma gəlmədi. “Yek kəlmə”nin çapı onun tərcüməsinin çapından yaxşıdır. Allahdan istəyim budur ki, əvvəla, Mirzə Cəfərə sağ-səlamətliklə keçən təbii ömür əta etsin! İkincisi, onu xoşbəxt və müvəffəq etsin ki, o, bu qiymətli sənətə xalqımız arasında şöhrət qazandırdı. Üçüncü isə, böyük ağam olan sizdən xahiş edirəm ki, ona kömək edəsiniz. Yəni öz dostlarınızdan və tanışlarınızdan xahiş edəsiniz ki, Mirzə Cəfərin tərcüməsini alsınlar ki, o da öz zəhməti müqabilində mükafatdan məhrum qalmasın.

Çox istəyirəm ki, savad və zövq sahibi olan gənclərimiz öz qələmlərini bu qiymətli fənn sahəsində işə salıb istedadlarını sınasınlar ki, bəlkə bu cür əsərlər get-gedə bizim xalqın içərisində də geniş yayılsın. Roman yazmaq da, avropalıların istilahınca, dram adlanan bu kimi əsərlər növündəndir. Təəssüf ki, bizim xalqımız bu fəndən hələ tamamilə xəbərsizdir.

Hətta “Cami-Cəm” kitabının mütərcimi şahzadə Fərhad Mirzə Məkkə ziyarətinə getdiyi zaman Tiflisdən keçərkən mənə dedi:

– Mirzə Fətəli, “Tarixi-Aləmara”da Yusif Sərracın hekayəsi sənin yazdığın qədər müfəssəl deyildir. Sən nə üçün o qədər təfsilatı əlavə etmişsən?

Mən ona dedim:

– Şahzadə! Mən məgər tarix yazmışam ki, təkcə baş verən hadisələri yazmaqla kifayətlənim. Mən kiçik bir məsələni əlimdə vasitə edib, öz təfəkkürümlə onu genişləndirərək, o dövrün nazirləri və dövlət başçılarının puçbeyinliyini açıb göstərmişəm ki, gələcək nəsillər üçün ibrət dərsi olsun və onlar səfeh münəccimlərin sözlərinə və xəbərlərinə inanmasınlar; özlərini bu kimi hərəkətlərlə əcnəbilərin nəzərində məsxərə hədəfi etməsinlər. Bu cür əsərlərə roman deyirlər ki, dram sənətinin ayrıca bir növüdür.

Bu cavabdan sonra Fərhad Mirzə susdu və məlum oldu ki, avropalıların ədəbi əsərlərinin qayda və üslubundan onun da xəbəri yoxdur.

Rühul-qüdsdən heç xəbərim yoxdur. Nə işdədir, vəziyyəti necədir? Heyif ki, o, Tehrandan uzaqlaşdı. Onun Londonda olmasından bizə və hətta onun özünə dünyəvi mənfəətdən başqa nə xeyir vardır? İranda tək bircə nəfər hikmət sahibi yazıçı meydana gəlmişdi, təəssüf ki, onun da qədrini bilməyib, Londonda həbs etdilər. Onun vəzifəsi məgər səfirlikdir? Onun vəzifəsi öz bilik və arzularını qələmə almaqdır. Əgər o, Tehranda qalsaydı, ehtimal etmək olardı ki, onun səyi nəticəsində bəlkə də islam əlifbasını dəyişdirmək mümkün olardı.

Əgər Ağa Seyid Həsən Təbrizdədirsə, məndən ona salam söyləyin! Əziz dostum Hacı Mehdiyə salam yetirirəm. Həmişə sizin və gözümüzün işığı Hüseyn xanın adını xeyir-dua ilə yad etməklə ağzımı şirinləşdirirəm.

Sizə ixlası olan Mirzə Fətəli Axundzadə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Mirzə Ağanın pyesləri haqqında kritika

Mehriban qardaşım, Mirzə Ağa! Allah ömrünüzü uzun eləsin.Sizin şirin məktubunuz gəlib yetişdi. Əsərinizi başdan-ayağa oxudum. Sizə min təhsin və afərin göndərirəm; sizin qeyrət və zövqünüzdən vəcdə gəlirəm. Ümid edirəm ki, həmişə vaxtınızı fransızların istilahınca “d r a m a” fənni adlanan bu şərəfli fənnə sərf edərək çox tərəqqi edəcəksiniz və bu fəndə qeyri vətəndaşlarınıza, həmməzhəblərinizə rəhbər olacaqsınız.

14 min
1872-ci il mart ayının sonlarında Tehrana gedərkən Tiflisə gəlmiş Ruhül-qüdsdən neçə məclisdə eşitdiklərim

Əvvələn – bir dövlətin, ixtira sahibi olan bir şəxsə öz ixtirasının nəticələrindən fayda görməsi üçün imtiyaz verməsi lütf sayılmamalıdır. Ona görə ki, imtiyaz ixtira sahibinin haqqını qorumaq üçün verilən bir şeydir və belə bir imtiyazı verən dövlət ixtira sahibinə mərhəmət etmir, onu öz minnət və ehsan yükünün altına almır, ancaq ədalətin şərtlərini yerinə yetirir.İkinci – dövlət ixtira sahibinin mə’nəviyyatını, səlahiyyətini, yaxşı və pis olmasını təhqiq və təsdiq edərsə və bu xüsusda öz fikrini bütün təbəələrinə e’lan edərsə, böyük bir səhvə yol vermiş olar. Çünki belə olarsa, iki məsələdən biri mütləq ortaya çıxa bilər. Ya dövlət öz təhqiq və təsdiq fəaliyyətində səhvə və xətaya yol verərək, xalqı həmin ixtira yolunda çaşbaş salar ki, bu da dəfələrlə müşahidə olunmuş və xalqın böyük zərərinə səbəb olmuşdur. Təcrübələr əsasında dəfələrlə belə hadisələrin baş verdiyi görünmüşdür. Məsələn, Fransa dövləti bir neçə il bundan qabaq bir nəfər bankirin ixtirasını təhqiq və təsdiq edib, onun düzgün olduğunu bütün təbəələrinə e’lan etmişdir. Xalq isə dövlətin sözünə inanaraq, qazanc təmənnası ilə həmin bankirə çoxlu pullar tapşırdılar. Lakin ixtiranı təcrübədən keçirmək məsələsi ortalığa gələrkən mə’lum oldu ki, ixtira düzgün deyildir, dövlət isə öz təhqiqatında yanlışlığa və səhvə yol vermişdir, bu səhv də xalqı böyük zərərə salmışdır.

14 min
Mürafiə vəkillərinin hekayəti

(ŞƏHRİ-TƏBRİZDƏ)*Təmsili-guzarişi-əcib ki, keyfiyyəti üç məclisdə

1 min
Əvvəlimci məclis

Əvvəlimci məclis vaqe olur Təbriz şəhərində, Bağmeşə küçəsində, Hacı Qafurun*imarətində. Onun bacısı Səkinə xanım pəncərə qabağında durub, qaravaşı Gülsəbani*

17 min

Poems by other poets