Təki səsin gəlsin
Səsin gəlməyəndə qəm dəryasıyam,İnsan olmağıma şübhə edirəm.Sən bütün ömrümün təmənnasısan,Səsinə, özünə qibtə edirəm.
Səsin gəlməyəndə pis günlər gəlir,Dərd dərdə söykənir, fikir fikirə.Nisgillər ardınca nisgillər gəlir,Həsrət göyərdirəm, hicran əkirəm.
Səsin gələn kimi açılır səsim,Qüssədən qəlbimdə qalmır bir əsər.Özümdən şübhəylə soruram özüm,Bu nikbin, bəxtəvər mənəm görəsən?
Səsin gəlməyəndə lal oluram mən,Sükuta qərq olur, evim, ürəyim…Qara bulud kimi tutuluram mən,Dadını itirir suyum, çörəyim.
Səsin gələn kimi varlığım əsir,Canıma elə bil təzə can gəlir.Səsin gəlməyəndə elə bil səsim,Bir zülmət qaranlıq quyudan gəlir.
Mən nəfəs alıram gül nəfəsinlə,Sən bunu bilirsən özün, əzizim…Lap acıla məni şirin səsinlə,Təkin səsin gəlsin, səsin, əzizim…
1993.
Kitabxana.az · https://kitabxana.az/en/works/cabir-novruz-teki-sesin-gelsin
Use ← → keys to move, R for a random poem