Ey cahan dövlətinə səy qılan talibi-mal,Dövlətə səy eyləmə, axirəti yadına sal

Axirət axır dövlətdi, bəqavü əbədi,Dövləti-dari-cahan faniyədir, izmihlal

Görünür gərçi vücudunda vəli zaildir,Neçə kim murği-uçan dəmdə salar sayeyi-bal

Əsəri qeyri-səfadır, səməri eyni-fəna,Hünəri qeyri-vəfadır, səfəri eyni-zəval

Hər xətanın başıdır cifeyi-dünyayi-dəni,Hər günahın səbəbi rusiyəh pireyi-zal

Neçə abidləri yoldan çıxarıb qəddarə,Neçə şeyxanələri şifteyi-hüsni-cəmal

Nə qədər fitnələri hadis edib aləmdə,Nə qədər cəng ü sitəm, xun nihayətdə qital

Bax təvarixə, görünsün nə qədər fitnə olub,Qıl təmaşa, seyrə fəhm ola keyfiyyəti-hal

Neçə şahənşəhü şahzadə gəlib dünyayə,Neçə mərdanə igid hər biri bir Rüstəmi-Zal

Neçə aləm, neçə fazil, neçə Loğman və həkim,Neçə ərbab, neçə aşiq, neçə ərbabi-kəmal

Neçə ərbabi-düvəl, maliki-gənc ü dövlət,Neçə ərbabi-qina, sahibi-mülkü əmval

Bir-bəbir gəldi cahana, özünü göstərdi,Gənə tez getdi, ədəm guşəsinə sayə misal

Hanı Qarun ki, gəncinəsi varun oldu,Bərqeyi-qəhri-xuda qə'rə yetirdi fil-hal

Hanı Nəmrud, fürüzəndeyi-atəşgahi-zülm,Həzrəti-pak Xəlilullaha qıldı nə fəal

Hanı Şəddad ki, də'vayi-uluhiyyət edib,Hanı Firon ki, Musa ilə eylərdi cidal

Hanı tüğyan qılan zalimi-bidin Yezid,Əbədən həşrədək lənət olur sal bəsal

Hanı Həccac ki, sadatla lücac oldu,Neçə kor tar ləhəb saldı ona bir çəngal

Hanı ifrat qılan qövmi-bəni-Abbasi,Daima onlar üçün qaldı əzabilə nəkal

Hanı hər pərdə təmərrüd eyləyən zalimlər,Hərə bir növ müəzzəb olunub fil-əğlal

Neçə ma qəbl keçib fövtə, girib asarı,Elə mabəd olacaq qərqi-fəna dal-bədal

Müxtəsər gərdişi-tahuneyi-əflak bizin,Danə qoymayacaq, xak edəcək bil-icmal

Mehrü mahın əsəri ovci-fələkdən bilədir,Abü xakın hünəri ruyi-zəmində bu məqal

Qeyri-zati-əhədi cümlə fənadır, gedəcək,Əncümü çərxi-zəminü bəhrü nəbatatü cibal

Təf bu dünyaya, bu dünya nə yaman dünyadır,Of bu viranə, nə viranə qoyub mülkü mənal

Nə qədər bağü həşəm mülkü xərabat qoyub,Ayeyi-kəm tərəku mətləbimə istidlal

Qövmi-Adilə Səmuda edəsən nəzarə,Biləsən haləti-dünyaya nədir surəti-hal

Fövci-əshabi-rəqimlə əshabil-eykə,Surəti-maziyədir ayineyi-istiqbal

Biləsən ta neçədir haləti-qövmül-əxdud,Hali-əshabi-rəssi etməyəsən birdə sual

Köhnə dünyadı bu dünya, neçə viranə qoyub,Heç birin axirə cən eyləməyib istikmal

Hər biri şərh oluna çoxdu, hekayəti uzun,Hər biri ibrət edən dideyədir bir kühhal

Pəs gözüm eyləmə bavər bu fəna dünyaya,Bir nəfəs etmə həvəs, şövqünü kəs, olma zəlal

Belə fərz elə bu dünya sənin oldu küllən,Hər nə hökm eyləyəsən, hökmün ola raic hal

Yığasan ta nə qədər dövlətü mal istəyəsən,Di görüm axırın aya nədir ol dövlətü mal

Ta ki gəldi əcəlin çəngi, zamani-səkərat,Onda hökmün nə olur, göz yumula, nütq məhal

Sarı səfraya dönər cismi-nəhifin yeksər,Sərd meyyit düşünür təxtəyə, hazır qəssal

Sidrü kafur kəfən xeymeyi-qəssala gəlir,Bax bu əhvalə, o dövlət xəbərin eylə sual

Yat məzar içrə, nə qayət yatasan topraqda,Dadına çatmayacaq malü həşəm bir misqal

Zərrə yanına gəlməz yığılan dövlətdən,Məşriqü məğribə cən cəm edəsən malamal

Varisə dutma gələn dideyi-ümidini sən,Qəddimu ənfüsəkum ayəsini eylə xəyal

Sağ ikən öz-özünə eylə gələn ehsanı,Pişi-xud şəm'i-əməl qəbrinə eylə irsal

Eylə bil olmuş idin, birdə dirildin, gəldin,Gördüyün qorxuların dəf'inə qıl xoş ə'mal

Ta ki öldün, yığılur çürə-növrə mirasların,Hər biri özgə təhər nalə çəkər əhli-əyal

Bəli zahirdə bular matəm üçün ağlarlar,Vəli batində çoxu şadü vəsiül-əhval

Biri Şahnaz havasında çəkər naləsini,Birisi ovci-müxalif, biri bangi-qəzal

Biri səs ver deyib avazi-Hümayun çəkər,Biri göz cilvələyir sutunu çək, nəğməni çal

Hansına hissə ilə ərs ziyadə yetişə,Az qalur börkün ata, şura gəlib çala qaval

Hər biri hissəsini aldı, gedər işrətə,Varisa görünür mal yığan bir həmmal

Əlaman, eyləmə gəl özünü həmmali-hətəb,Olma bica yerə sən məzləmeyi-vizrü vəbal

Axirin qəbrü qara toprağ imiş zirü ləhəd,Binəva, pəs nə qürur, nə kürur, nə cəlal

Dəxi dilşad olur bir neçə kəs ölməyinə,Mürdəşu, qəbr qazan, xəlfə, dəxi bəzi rical

Mollalar eyd kimi bir-birinə müjdə verir,Yükürüşüb cərgə urar küçə dolu qiblə-şimal

Vəqti-isari-dəraxim di deyib cümlə gələr,Tökülər muru məgəs, arı görə kasəyi-bal

Nanü həlva həvəsi, nimçeyi-xeyrat plov,Nəfsi zəncirə çəkər cümlə gələr dal bədal

Bəli dövlətli olanda bu tədarük çox olur,Füqəra nəşini ancaq aparır dörd həmmal

Xövf qıl dövləti-dünyanı bu payə yığma,Həzər et çün olacaq ruzi-qiyamətdə sual

Sureyi-veylün-likülli buyurmuşdu Xuda,Görəcəkdir hütəmə mal sayan cami'-i mal

Va'ləmu ayəsinə eylə nəzər Qur'anə,Fitnədir mal ilə övlad, nə nəf'i-misqal

Ma kənəztum xəbərin görməmisən müshəfdə,Yovmə yuhma əsərin rə'şələnüb yadına sal

Nə deyirsən bu sözə qövli-hədisi-qüdsi,Gör nə e'lam qılıb Qadiri-Həyyi-Mütəal

Əhli-dövlət vükəladır, füqəra külfəti-Həq,İmdi üryan qalıb, ey vükəla, əhlü əyal

Sən yığırsan gələcək aləm üçün dünyalar,O deyir: kaş keçə hali-məaşım xoşhal

Sən deyirsən bu qədər dövlətü malım vardır,Ey ola ömri-müxəlləd, keçirəm eyşi-həlal

O görür ruzü şəbin zillətə keçməyini,Deyir: ölməyini, keçməyə gün bu minval

Nə xəbərdir, bu qədər dövlətinə faxirsən,Dəmbədəm kibrü qürurun ucalur mürğ-misal

Olsana Əbuzər miqdar kimi qane'i-rizq,Olsana Həzrəti-Salman kimi zibi-xisal

Salsana xatirinə ayeyi-mən kanə yürid,Görsənə mərcəini cəm' ileyhim ə'mal

Dəmbədəm eyləsənə zikrü dua vü övrad,Ruzü şəb eyləsənə taəti-Həqqi-Təala

İstərisən olasan bədri-fəzayi-ərəsat,Olgilən sahəti-dünyayi-riyazətdə hilal

Versənə əhli-fəqirə bu qədər dövlətdən,Qılsana mümkün ikən rəhmü ətavü ibdal

Bilsənə ləzzətini bəxş necə məşrəbdir,Görsənə şərbətini lütf nədir ya ifzal

Bu qədər söhbət edirsən dil ilə şövkətlə,Pəs səxa söhbətinə nütqin olubdur niyə lal

Zəxmi-xissət nə boğub həlqunu, çıxmaz nəfəsin,Təngi-himmət nə kəsub əllərin, etməz bir al

Füqəra cümlə baxır, ey gözü ac dövlətmənd,Sən yığırsan bu qədər mal, əcəb mala-mal

Aqil ol, dərk eylə bu şərh olunan sözlərimi,Hansı mərbut, müsəlləmdi, onu qəlbinə sal

Bu məcazi yeri tərk et, vətənin üqbadır,Tairi-qüds gərək qüdsdə açsun pər ü bal

Şurəzarə nə münasibdi qona tutilər,Tutinin məskənidir bağü çəməni şaxü nihal

Çəngi-şahinə zibabilə həvacir yaramaz,Seydi-şəhbazə gərək kəbk ola çalsın çəngal

Heyf, tərlanı edibsən nə yaman kərkəs gün,Cifə vadilərə daim edər istimal

Şani-sultana səza qəsrü səradiq döşənə,Pişi-dərgaha gərək səf çəkə ə'yani-cəlal

Nə rəva tərk edəsən səltənəti-üzmanı,Olasan guşeyi-viranədə müflis bəqqal

Rişteyi-silki-fəsahətdə misali-fiqərat,İstəsəm, nəzmi-qələm çoxdu, gühər bu minval

Qərəzim leyk mənim mövizədir, ləfz deyil,Mum məzmum deyil, kaş ola şanı dolu bal

Mahəsəli-ibrət ilə vaqieyi-dünyadan,Nəfsi incitmə dayan, axirətin fikrinə qal

Nə salursan özünü ruzü şəbin zəhmətinə,Nə yığursan bu qədər cifə haram ilə həlal

Şəbnəm ilə quyu dolmaz, təmə'in kəmtər eylə,Dəvəni təşnə ola, sir edə bilməz qirbal

Bir usan, tərk eylə bu şiveyi-Qarun işini,Bir yorul, işləmə, çox rahət olub dincini al

Sübhdən şamə dək çotkə hesabü dəftər,Şamdan sübhə dək nisyə ilə nəqd xəyal

Niyə pəs ruzi-hesabı ki hesab etməzsən,Bavücud onda olur cümlə hesabi-ə'mal

Nə qədər hirsdi bu səndə məgər, ey bədbəxt,Alsana axirəti ta olasan xoş iqbal

Axirət ruzi-cəzadı, verilər onda cəza,Hər kəsə xeyrü şərə zərrə yə'məl misqal

Əməli-saleh olan kimsəyə cənnət yetişər,Necə cənnət, nə deyim vəsfinə imkan məhal

Rövzeyi-aliyədir nuri-sərasər gülərin,Hər yeri bağü çəmən, tayirü zülalü səlsal

Neçə min qəsri-münəvvər tikilib qüdrətindən,Xişti hər qəsr cəvahir, dürrü yaqutü lə'al

Neçə min təxti-mürəssə qurulub gövhərdən,Tələti-payələri bir qədə xurşid-misal

Huru qılman ki ayineyi-sün'i-əzəli,Neçə pərvar verib hər birinə hüsnü cəmal

Şux tavus kimi taci-cəvahir sərdə,Rəngi-yaqut kimi nuri-bədən, yaşıl ü al

Tələti-sinələri nuri-səhərdən beyza,Lə'meyi-çöhrələri mehri-fürüzan kimi al

Qətreyi-şəhdi-ləabı düşə gər dəryayə,Təlxi-dəryanı edər ləzzətdə şəkkər ü bal

Rəbbəna varzuqna feyzi-nəimil-cənnə,Binnəbiyyi vəl-Ərəbiyyi və Əliyyin və Al

Pəs bu cənnəti qoyub dövləti-dünyanı sevən,Bir yerə bənd olub bi səbəb olmaz bu zəlal

Bəndini anlamışam, aşiqi-rüsvayi gərək,Xacə, əfv ilə deyim illətini, eyləmə qal

Rəxti-xab gecə çox nazik ola dibayi,Cismi-rə'nayi-nigarə nə gərək cameyi-al

Bəli, zir camənin xanım belə xahiş buyurur,Xəz gərək, əbrə gərək, ətləs və ya tirmə şal

Pənbuğun verdi yelə yıxdı evin həllacın,Qaldı həllac xəcil, pənbuğu yox, ağ saqqal

Belədir dövləti-dünya kişini müflis edər,Çoxları kəmərə edər təbli-xürüci Dəccal

Bu bəladır ki, bizi məhrəmi-taət eyləməz,Məhrəmi mücrim edər səfheyi-dilbərdəki xal

Nəfsi-əmmarəni qoyma çəkə üsyanə səni,Fili-sərməstə necə nacaq zərb gərəkdir həmə hal

Elm bir nöqtədir, ey Didə, bu nöqtə bəsdir,Hər kişi arif ola, gör nə yerə çəkdi məqal

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets