İdarənin geniş həyətində iki əzik-üzük olmuş «Moskviç», bir köhnə «Pobeda» vardı. Bəhruz maşını dolandırıb onların yanında saxladı. Aşağı düşüb Ziyadxanın yanına gəldi. Ziyadxan onun heç üzünə də baxmadı. Əlinin işarəsilə başa saldı ki, dalınca gəlsin. İkimərtəbəli binaya daxil olub sağa buruldular, sonra qədim, köhnə pillələrlə yuxarı qalxdılar. Ensiz, ancaq işıqlı dəhliz boyunca addımladılar.

Ziyadxan qapını yavaşca açıb, başını içəri uzatdı.

– Yoldaş polkovnik, olar?

– Buyurun, deyə içəridən mülayim bir səs eşidildi.

Onlar otağa girdilər.

– Yoldaş polkovnik, o adamı ki, siz tapşırmışdınız, tapıb gətirmişəm. Dünənki...

– Hə, hə. Çox yaxşı, çox yaxşı. Sən gedə bilərsən, – deyə polkovnik Ziyadxana işarə elədi. O, dabanı üstə fırlanıb çıxdı.

Polkovnik ortaboylu, arğaz bir kişi idi. Başının tükü ortadan tökülmüşdü, gicgahları ağarmışdı. Sol yanağında iri bir xalı vardı.

– Əvvəlcə tanış olaq, – deyə polkovnik ayağa qalxıb Bəhruzun üzünə gülümsədi və ona əl verdi, – Mehdi Əlixanlı.

Polkovnikin təbəssümünə bənd imiş kimi, Bəhruzun bütün acığı, hirsi yox olub getdi. İstər-istəməz qımışdı, tamamilə arxayın halda:

– Bəhruz Əlizadə, – deyə özünü təqdim etdi.

– Çox gözəl. Xahiş edirəm, əyləşin, – o, stul göstərdi. Bəhruz oturdu.

– Papiros çəkənsinizsə, buyurun.

– Xeyr, çəkən deyiləm.

Polkovnik təsvibedici nəzərlərlə ona baxıb başını tərpətdi. Gözlərini bir az da qıydı:

– Mən əhvalatı bilirəm, oğul. Sənin bu hərəkətin çox xoşuma gəldi. Mərdlik eləmisən. Öz adımdan sənə təşəkkür...

Bəhruz onun sözünü kəsib:

– Adicə işdir, – dedi.

O, Bəhruzun sözünü təkrar etdi. – Adicə işdir. Amma görək bunu hamı eləyirmi? Yox. Belə şeylərdən çox adam yan keçir, oğul. Dəvə məsələsini bilirsənmi?

Bəhruz güldü. Qulamı xatırladı:

– Elələrindən birini də mən tanıyıram, – dedi və əhvalatı polkovnikə danışdı. Mehdi Əlixanlı papirosunu tüstülədə-tüstülədə onun söhbətini dinlədi. Durub gəzindi.

– Deməli var, görürsənmi? İdris kimilərini, Qulam kimilərini qovmaq lazımdır, cəmiyyətdən qovmaq lazımdır.

– Onlar da əslində cinayətkardılar.

– Əlbəttə, düz deyirsən.

– Ancaq siz belələrini tuta bilmirsiniz. Çünki əlinizdə «əşyayi-dəlil» olmur. Kaş, əsəblər üzərində ciyəbazlıq edənləri, insan ürəyində gözəl, işıqlı duyğuları öldürənləri, onun inamını məhv edənləri dəlilsiz-əşyasız da tutmaq, cəzalandırmaq mümkün olaydı!..

Bəhruz özünü tamamilə sərbəst aparırdı. Polkovnikin gülərüzlüyü, mehribanlığı aradakı hər cür rəsmiyyəti götürmüşdü. O danışdıqca Mehdi Əlixanlı razılıqla gülümsünürdü.

– O cür adamlardan biri də heyif ki, sizin idarədə var, yoldaş polkovnik.

– Bizim idarədə?

– Bəli.

– Kimdir o elə?

– İndi məni bura gətirən adam, Ziyadxan.

– Ziyadxan?!

– Bəli. Dünən yolumu kəsib - məndən pul istəyib. Demişəm sənin boy-buxununa, sumbatına heç yaraşmır. Acığı gəlib. Bilmirəm niyə adamlara həqiqəti deyəndə dönüb səninlə düşmən olurlar. İndi bu gün əlinə fürsət duşüb, məndən intiqam almaq istəyir. Məni elə əsəbiləşdirdi ki,.. Deyir sən özün vurubsan, nə bilim filan-bəsməkan...

– Hm... belə... de, – Polkovnik əsəbi bir hərəkətlə gəzinməyə başladı. – Ziyadxan... hm. Yaxşı, mən onunla danışaram. Danışaram. Görüm bu nə məsələdir.

Araya ağır bir sükut çökdü. Polkovnik pərt olmuşdu. Bayaqdan Bəhruzun söhbətinə qulaq asıb razılıqla təsdiq eləyən Mehdi Əlixanlı indi söhbətin tez qurtarmasını istəyirdi. Sanki Ziyadxanın əvəzinə Bəhruzdan o utanırdı. «Lənətə gələsən, Ziyadxan!»

Sonra Mehdi Əlixanlı sözü dolandırıb əsil mətləb üstünə gətirdi:

– Sən, sözsüz ki, bizim qayda-qanunu bilirsən, Bəhruz.

– Əlbəttə bilirəm!!.

– Xahiş edirəm incimə, pravanı da, maşını da qoy burda qalsın. Ekspert üçün. Qanun belədir ki... biz gərək yoxlayaq... həqiqəti meydana çıxarmaq üçün..! Narahat olma. Onun özünün ifadəsi də... Fikrə getdiniz deyəsən?

– Fikrə getməyim budur ki, yoldaş polkovnik, üç-dörd gün işim tökülüb qalacaq.

– Yox, yox, söz verirəm, sənin maşınını tez, mümkün qədər tez ekspertdən keçirərik.

Yenə sükut oldu. Elə bil polkovnik daha bir söz tapıb deyə bilmədiyinə görə susdu. Bəhruz etiraz eləmək istədisə də, polkovnikin mülayim rəftarı onu razılaşmağa vadar elədi. Köynəyinin döş cibindən sənədi çıxarıb masanın üstünə qoydu.

– Bu prava, bu da açar. – Onun səsində nəsə bir qırıqlıq hiss olundu, ancaq gülümsəməsi bunun üstünü örtüb basdırdı.

Polkovnik ona əl verdi, qapıyacan ötürdü.

– Darıxma ha, Bəhruz! – dedi.

Bəhruz dinmədi. Mənalı-mənalı gülümsünməklə kifayətləndi.

Həyətə çıxdı. Sövq-təbiisi onu kənarda saxladığı maşına sarı sürüklədi. Əlini cibinə salanda yadına düşdü ki, iki dəqiqə bundan qabaq açarı da, sənədi də polkovnikə verib. Ürəyi qəribə bir titrəyişlə çırpındı. Geri boylandı. Qapıda dayanmış növbətçi milisionerdən başqa kimsə yoxdu.

Maşına baxdı. «Demək, səni burada qoyub gedirəm». O, könülsüz addımlarla uzaqlaşdı.

Üç-dörd addım getmişdi ki, oğlunun şəklini xatırladı. Elə bil, qulağına səs gəldi: «Ata, məni də apar!»

Bəhruz geri qayıtdı. Ayaq yerinə çıxıb oturacağın üstünə atdığı kitabı və Toğrulun şəklini götürdü. Şəkli «Qızıma məktublar»ın arasına qoyub yola düzəldi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü hissə, beşinci fəsil

Makinaçılar otağının qapısı açıldı, Gülalı arıq, uzun gövdəsilə makinaçının qarşısında zahir olub dişlərini ağartdı:—Əssəlamün-ələyküm, Elvira xanım — deyə o, sağ çiynini aşağı dartan iri qovluğunu boş stolun üstünə qoyub əllərini övkələdi.— Hə, necəsən?

7 min
Üçüncü hissə, altıncı fəsil

«15 dekabr 196...-cı il.Güllər, həqiqətən, qəşəng güllərdi. Gözəlliyinə, cazibədarlığına söz ola bilməzdi. Pəncərənin ağzındakı xırda dibçəklərdəki bu güllər küçədən keçənlərin, evimizə gəlib-gedənlərin diqqətini cəlb eləyirdi. Təbiəti az-çox sevən, onun azad və ətirli qoynunda böyümüş hər kəs qeyri-ixtiyari olaraq dibçəklərə yaxın gəlmək, qəddini əyib o güllərin qan daman ləçəklərini qoxulamaq, onların göz oxşayan gözəlliklərindən məst olmaq istəyirdi.

9 min
Üçüncü hissə, yeddinci fəsil

Öz iş otağına çəkilib Orxanın əlyazmalarını vərəqləyən, ona məlum çap olunmuş əsərlərini və işıq üzü görməmiş məqalələrini açıb bir yana yığan Salman o arıq, çəlimsiz vücudda nə qədər böyük qüvvə, qüdrət, tükənməz həvəs və şövq olduğunu sanki bu günlər başa düşür, möcüzə qarşısında dayanmış adam təki heyrətlənirdi. Elə bil, Orxan illərlə onun tələbəsi olmamışdı, illərlə onun şöbəsində gözünün qabağında işləməmişdi. Sanki Salman Orxanı təzədən — sağlığında yox, öləndən sonra tanımağa başlayırdı. Sağlığında o nə qədər sakit, az deyib, az danışan bir adam idi. Başqalarından nə gülüşü, nə danışığı, nə yerişi ilə seçilən, kölgə kimi gəzib dolanan Orxanın, sən demə, ürəyində od-alov varmış. Elə ona görə də ürəyindən ölmədimi?!Salman səliqə və səbirlə yazılıb nömrələnmiş, ayrı-ayrı qovluqlara yığılmış məqalələri, əsərləri heç bir çətinlik çəkmədən sahmana salırdı. Düşünə-düşünə, öz-özünə danışa-danışa. Salman etiraf eləyirdi ki, cavan olsa da, Orxanda öyrənməli şeylər çoxdu: hər gün işləmək, əlyazmasına məsuliyyət hissi ilə yanaşmaq, onu dönə-dönə köçürmək, tamam «bişiriləndən» sonra oxucunun hüzuruna çıxarmaq! Bunlar elə keyfiyyətlərdi ki, təkcə indi elm aləmində çalışan cavanların çoxunda deyil, hətta yaşlı, təcrübəli elm adamlarının da çoxunda yox idi.

13 min
Üçüncü hissə, səkkizinci fəsil

Aradakı incikliyi, giley-güzarı unudan Salman otağa girən kimi təzə xəbəri Nadirəyə birnəfəsə söylədi. Nadirə əlindəki qələmi yerə qoyub qulaqlarına inanmırmış təki Salmanın üzünə baxdı.– Heç nə başa düşmürəm, — dedi. Salman Orxanın gündəliyini Nadirəyə sarı uzatdı, vərəqləyib son səhifəsini açdı:

2 min

Poems by other poets