Birinci hissə, birinci fəsil
Page 2 of 7 · 14%
Bu ağır və ağrıdıcı daxili həsbi-hal onu dünənki kimi, axşamkı kimi gündüz də ⎯ işdə olarkən də bir an belə rahat buraxmamışdı, idarədə bütün günü nə elədiyini, nə dediyini bilməmiş, hövsələsizlik göstərmiş, işçiləriylə, yanına gəlibgedənlərlə sərt, fikri dağınıq davranmışdı. Bunu hiss eləyən idarə əməkdaşları da mümkün qədər ona az müraciət eləməyə çalışmış, uzaq gəzib dolanmışdılar. Dünən də, bu gün də «şef»in qanının yamanca qara olduğunu hamıdan tez görən və duyan, təbii ki, Tanrıgül olmuşdu, çünki bir yerdə işlədikləri bu uzun illərdə, xüsusən taleyin hökmüyləmi, zərurət ya təsadüf üzündənmi (Tanrıgül indiyə qədər bunu hələ də aydınlaşdıra bilməmişdi, görünür, alın yazısıymış, belə olmalıymış», ⎯ deyərək barışıb oturmuşdu), onunla qaynayıb qarışaraq canbir qəlbdə olandan, o qüdrətli, ötkəm, məqsədinə çatmayınca yolundan dönməyən kişinin qəlbinin hakiminə çevrildiyini, onun hakimi-mütləqi olduğunu anlayandan sonra, hər xasiyyətinə, oturuşuna, duruşuna, nəylə, necə nəfəs almasına dərindən-dərinə bələd olmuşdu və adicə bir baxışla nə demək istədiyini, nə düşündüyünü və çox hallarda ürəyindən belə nə keçdiyini müəyyən eləyə bilirdi. Tanrıgül dünən də, bu gün də birində göz-qaş işarəsi ilə, ikincisində diliylə: «Nə olub?» ⎯ deyə xəbər almışdısa da, o, başını bulamaqla: «Heç nə» cavabını vermişdi və sonra da fikirləşmişdi ki, bu Leyla əhvalatını Tanrıgülə desinmi, deməsinmi? Desə, necə desin? Deməsə, necə deməsin? ⎯ çünki indiyəcən Tanrıgüldən heç bir şey gizləməmişdi: ən gizli, ən məhrəm sirlərini, dərdlərini belə ona açmışdı, hətta elə məsələlər də vardı ki, onlardan Leylanın xəbəri yox idi, amma Tanrıgül onun fikrincə, içində oturmuşdu, özüydü; adam da özündən söz gizləməz ki.
Bəli, Tanrıgül onu çoxdan tanıyırdı: əslində Tanrıgülü ora, yuxarı, aparata, Mərkəzi Komitəyə, öz yanına gətirən, çox əzab-əziyyətdən, gizli, gözəgörünməz cəngi-cidaldan, sonralar qadının yarıciddi, yarızarafatla dediyi kimi, «qan su yerinə axandan sonra», demək olar ki, zorla özünə təslim eləyən və illər boyu ətlə dırnaq kimi bir-birindən ayrılmadan yaşayan, can deyib, can eşidən və nəhayət, Bakıda adam bir-birinə dəyib dünya qarışarkən o uca zirvədən başı aşağı dığırlananda da Tanrıgülü özüylə bərabər bura ⎯ bu balaca idarəyə gətirən də o olmuşdu.
Tanrıgülün yadındadı; əvvəllər, hələ aparatda işlərkən, çəkişib bərkimiş münasibətlərinin, yerə-göyə sığışmayan məhəbbətlərinin qaynar-qızğın çağlarında hərdən səhərlər evdən işə qanıqara, dilxor gələndə dərhal, bir qadın sövqi-təbiisi ilə başa düşürdü ki, ər-arvadın arasında söz-həkət olub, Leyla onu zəhərləyib, qəlbinə dəyib, burnuna duzlu su qoyub (hansı ev-ailə söz-söhbətsiz olur ki?) küsüşüblər. Qəribəsi bu idi ki, belə olan günlərdə Tanrıgül yamanca, lap uşaq kimi sevinərdi və bundan daha qəribəsi buydu ki, istəyirdi onlar tez-tez, heçinpuçun üstündə dava-qalmaqal salıb bir-birini dindirməsinlər. Tanrıgül yaxşı bilirdi ki, bu cür olanda həmin gecə ər-arvad ayrı yatır və o, bundan anlaşılmaz bir sevinc duyurdu: bunu da bilirdi ki, o umu-küsü hələm-hələm keçib getməyəcək, ən azı üç-dörd gün, bəlkə lap bir həftə davam edəcək. Həmin gecələri Tanrıgül də öz evində, öz çarpayısında rahat-rahat yatardı, təbii ki, həmin gecələr Eynulla da ⎯ onun əri də öz halalca arvadının gözəl vücudundan həzz almaq imkanlarından hər hansı bir bəhanə ilə (qadının bəhanə tapmağına nə var ki, başım ağrıyır, kefim yoxdur, xəstələnmişəm və sair və sair) məhrum edilərdi. Tanrıgül bunu da ona ⎯ öz «gizli əzizinə» sədaqət sayırdı. Bəli, belə günlərdə onun necə «prinsipial» olduğunu yaxşı bilirdi Tanrıgül. Dəvə kimi kinliydi o; hələm-hələm hirsi soyumazdı, hətta Leyla peşiman olub ərindən üzr də istəsəydi, yalvarsaydı da, o, barışan deyildi, üzünü divara çevirib tək-tənha yatacaqdı və Leyla da öz yerində qıvrıla-qıvrıla qalacaqdı. Tanrıgül uzun illər boyu, lap bu yaxınlara qədər, onun «gizli əzizini» bunca sarsıdan o soyuqluq küləkləri əsənəcən bu gözəgörünməz qısqanclıq oyunlarından, bu qəribə «intiqamlardan» sonsuz, dillə deyiləsi mümkün olmayan bir ləzzət alardı. Bunu o da duyurdu və Tanrıgülün bu sehrli, doyulmaz, təkrarolunmaz və hardasa bir az da anlaşılmaz olan bu qadının belə pünhan nəşəsini onun böyük sevgisi sayaraq məst olurdu, yerə-göyə sığışmırdı, özünü dünyanın ən bəxtəvər kişisi sanırdı. Lakin son vaxtlar belə qanıqara hallarda o, Tanrıgülün qara, işıqlı gözlərində, ağ-əsmər sifətində o gizlin sevinci, fərəhi duymur və bundan yaman pərt olurdu. Ona axır zamanlar elə gəlirdi ki, indi belə şeylər, ümumiyyətlə, onun özü, Tanrıgülü az maraqlandırır, bəlkə də heç maraqlandırmırdı da. Son dərəcə həssas bir qadın olan Tanrı-gülün bu cür soyuqluğu, biganəliyi onu üşütməyə başlamışdı və hətta qəlbində şübhəli fikirlərin doğmasına səbəb olmuşdu. Tanrıgül deyəsən bunu da anlamırdı və ya anlamaq istəmirdi ki, son aylar onun belə pərişan gəzib-dolanmasının, arıqlamasının, açıq-aşkar qocalmasının iki-üç mühüm illəti vardısa, onların biri, bəlkə də birincisi Tanrıgülün beləcə dəyişməsi, ya da dönməsiydi. Bax, məhz bunu Tanrıgül başa düşürdü, bu da onu dəli olmaq dərəcəsinə gətirir, dirigözlü öldürürdü. Bəla burasındaydı ki, onun içini gəmirib dağıdan dərd ⎯ niyə belə eləməsi ⎯ Tanrıgülün özünə məlum idi, ancaq ona… yox.
Sol qolunu irəli uzadıb saata baxdı: beş idi, haramzada isə hələ də yox idi…
Hər gün bir qutu siqaret çəkərdi, bu gün isə ikinci qutu artıq qurtarmaq üzrə idi. Ağzının zəhər daddığını hiss eləyib, ağacın dibinə tüpürmək istədi, ancaq ayıb, ədəbsizlik sayıb zəhərini uddu. Maşının qabaq şüşəsi, damı xırda damcılarla örtülmüşdü, asfalt islanmışdı, keçib gedən maşınların təkərlərinin qəribə qıjıltısı əsəblərini cırmaqlayırdı. Sürücünün dalınca alıb-verdi, söyüb-söyləndi: «Küçük. Otur maşında, gözlə məni. Dayan, sənin başına bir oyun gətirim ki, adın da yadından çıxsın, vicdansız. Mənim çörəyimi ye, sonra da arvadımın üzünə baxıb, yabı kimi dişlərini ağart. Ay sən öləsən, köpək oğlu». Srağagünəcən çox istədiyi, hörmət elədiyi, həmkarlarının ədəbli, başıaşağı olması, dəqiqliyi ilə seçilən bu oğlan, dünəndən bəri gözünə ilançayan şəklində görünməyə başlamışdı və allah eləməmiş, ürəyinə damanlar düz çıxsa, onunla necə rəftar edəcəyini də ölçüb-biçməyə vaxt tapmışdı, hökmünü çıxartmışdı:
«Öldü…rə…cəyəmmi», ⎯ deyə əfi ilan kimi fıs-fıs fısıldamışdı.
Birdən yadına düşdü ki, saat altıda burda olmasını tapşırıb və yenə nigarançılıq içində saata baxdı: altıya yeddi dəqiqə işləmişdi. Kötüyünəcən sümürdüyü siqareti əsəbi bir hərəkətlə ağacın dibinə tullayıb, təzəsini yandırmaq istəyəndə elə bil qaibdən kimsə ona əmr elədi ki, baxışlarını qaldır yuxarıdan, kitabxana tərəfdən, küçə ilə üzüaşağı, sənə sarı gələn o qadına bax. Qəribə idi: məhz «qadına» bax, ⎯ söylədi kim idisə, «kişiyə» yox. Böht içində, qeybdən deyilmiş o sözlərin sahibinin kim olduğunu müəyyən etmək üçün, o, qanrılıb yan-yörəsinə ötəri bir nəzər saldı, lakin heç kəsi görməyib, özündən asılı olmayaraq söylənilən səmtə boylandı, siqaretini alışdırmağı belə unudaraq qaşlarını çatıb baxışlarını xiyabana zillədi. Və heyrət içində gördü ki, nəsə danışa-danışa addımlayan üç-dörd kişinin ardınca orta boylu, sadə, kasıbyana geyinmiş, şəhər xanımlarına, qızlarına əsla oxşamayan, çiynində zərli-zibalı çantası olmayan, sol əlində çox yüngül bir salafan zənbil tutmuş, sakit, xırda, arxayın addımlarla bir qadın gəlir. Hər şeydən əvvəl onun yaşıl, güllü, saya baş örpəyi diqqətini cəlb elədi. Sanki onun baxmağını gözləyirmiş: qadın yalnız bircə saniyəliyinə ayaq saxladı, baxdı ⎯ ona baxdı və elə o an da, qadının hələ rəngini belə seçə bilmədiyi gözlərindən elə bil iki qırmızı-mavi işıq seli nazik qoşa sap kimi axıb çox sürətlə ona sarı süzüldü, ba-yaqdan açıq havada, çiskin altında azca sərnimiş bədəni isinən kimi oldu, vücudunda anlaşılmaz bir gizilti gəzib dolaşdı, canı qızışdı. Bütün bunlar cəmi bircə saniyənin içində olmuşdu, ancaq nədənsə ona elə gəldi ki, o qadının göründüyü andan indiyəcən az qala bir ömür qədər vaxt keçib. Sonra qadın yerindən tərpəndi və eyni arxayın qədəmlərlə addımladı. Elə bil ayaqları yerə dəymirdi, uçurdu sanki, ya su üzərində yeriyirdi, gözləri isə ondaydı. Gəlirdi. O da sehrlənmiş kimi, baxışlarını ondan üzə bilmirdi və beynindən keçirirdi: «Mənə «o qadına bax» deyən kim idi, ilahi? Bəlkə qulağım səsə düşdü, hə? Axı burda məndən başqa heç kəs yoxdu. Yox, mən dəli oluram deyəsən». Qadın tuşuna çatdı, hə, budu, çatdı. Keçib getməliydi qanunla, ancaq… ancaq birdən, lap böyründə ikən dönüb ona sarı addımlayanda o, bir az da üşürgələndi, bədəninin hərarəti bir az da artdı və qəribə idi ki, birdən vücudu soyudu, üşüdü.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-mocuze-birinci-hisse-birinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Doğma kənd üçün, Ədnan üçün bu qədər bərk darıxdığını indiyəcən Elməddin belə dərindən hiss eləməmişdi. Əslində orda onun heç nəyi qalmamışdı. Boş, kimsəsiz evlərindən başqa heç nəyi... Bir də uşaqlığı, dərdsiz-qayğısız günləri qalmışdı orada, ilk eşqə düşdüyü o əzablı-şirinli günlər qalmışdı orada. Hərdən o kənd üçün, onun güllü-çiçəkli torpağı üçün burnunun ucu göynəyir, varlığını bir həsrət yandırırdı, ancaq işinin çoxluğu, vaxtının azlığı tezcə bu göynərtini, bu həsrəti yuyub aparır, unutdururdu.Ancaq bu gün, şəhərə, qardaşı Mümtazgilə gəzməyə gəlmiş, Ətiqullanın səyi nəticəsində tapışıb qabaq-qənşər oturmuş qəryədar Qulamla söhbət eləyəndə Elməddin bir daha dərk elədi ki, doğulub böyüdüyü, ömrünün iyirmi üç ilindən çoxunu qoynunda keçirtdiyi o Ədnandan ötrü nə qədər də möhkəm darıxıbmış! Qəryədar Qulamla görüşü az qala onun üçün toy-bayrama çevrilmişdi, üzü də, gözləri də gülürdü. Elə bil, ən doğma adamını tapmışdı bu yad şəhərdə, sevincək olmuşdu; bu iki ildə qəryədar Qulam elə bil heç dəyişməmişdi, ağ qaşları altında parıldayan xırda, qonur gözləri elə əvvəlki kimi sakit-sakit, nüfuzedici baxışlarla Elməddinə, evinin əşyalarına tamaşa eləyirdi. Təkcə o vaxt dəngil-düngül qara tükləri olan saqqalı dümağ ağarmışdı. Yerişi, hərəkətləri gümrah idi. Yenə məntiqlə, sərrast danışır, ağ sədəf təsbehini aramla çevirirdi. Elməddin neçə il əlinin altında işlədiyi, xasiyyətinə, rəftarına yaxşıca bələd olduğu qəryədar Qulama baxıb elə hey gülümsünür, kənddə ondan sonra baş vermiş hər şeyi mümkün qədər öyrənmək ümidilə gözünü onun ağzına dikib dururdu. Qəryədar Qulam isə, təbiətən azdanışan, daha çox ürəyində həsb-hal etməyi xoşlayan adam olduğundan, öz aləmində ən mühüm hesab elədiyi məsələləri Elməddinə çatdırırdı:
Birinci hissə, doqquzuncu fəsil«Baği-bala» restoranında, irilaylı pəncərənin qabağında qoyulmuş stol arxasında iki nəfər oturmuşdu — Ətiqulla ilə Elməddin. Qəryədar Qulama — əmisinə nə qədər demişdisə də, kişi boyun qaçırmış, «namazımın vaxtı keçir!» — deyə bəhanə edərək Ətiqulladan, Elməddindən aralanmışdı.Ətiqulla hündürlükdə, dağın ətəyində yerləşən, ətrafı yaşıllıqlar içində itib-batan, göz-könül oxşayan «Baği-bala» restoranına tez-tez gəlməyi xoşlayırdı. Bura səliqəli idi. Xidmətçilər abırlı-başlı idi. Yeməkləri də dadlı, ləzzətli olurdu. Üstünlüklərindən biri də bu idi ki, yaxşı xarici içkiləri, pivələri vardı. Xaricilər də gəlib-gedirdi bura, ona görə növbənöv şərab tapmaq olardı burda. Kababın xoş iyi adamın burnunu qıcıqlandırırdı. Tikə, döymə kababı xüsusən gözəl bişirirdilər.
Birinci hissə, onuncu fəsilDünya xanım az bir müddət içində təzə həyata, ev-eşiyə isinişmişdi, uyğunlaşmışdı. Elə sərbəst gəzib-dolanırdı ki, deyirdin bəs on ildi bu evdə, bu adamların arasında yaşayır. Deyib-gülən, dərd-qəm çəkməkdən uzaq, «bu gün varsan, gününü xoş keçir, sabah nə olacaq, olacaq» — deyə düşünən bir qadın təsiri bağışlayan Dünya xanım Nəcməddinin cah-calalını görüb az qala ağlını itirmişdi. Yatıb yuxuda da görə bilməyəcəyi, təsəvvürünə belə gətirə bilməyəcəyi bir səadət, bəxtiyarlıq onun cavan könlünü sehrli-sirli duyğularla doldurmuş, əvvəllər dörd divar arasında təklikdən, qüssədən solğunlaşmış sifəti indi çıraq kimi yanmağa başlamış, qara gözlərinə sanki nur seli axıb tökülmüşdü. Bəxtəvərlik onsuz da gözəl olan Dünyanı daha da gözəlləşdirmiş, sonalaşdırmışdı. O, nağıllardan, əfsanələrdən uça-uça gəlib bu həyət-bacaya, Nəcməddinin çiyninə qonmuş bir mələk kimi öz qoca ərinin ömrünü də nağıllaşdırmış, əfsanələşdirmişdi. Nəcməddin təzə eşqə düşən bir cavan oğlan təki xəyalpərvər olmuş, nikbinləşmiş, geyim-keciminə, yeməyinə xüsusi fikir verməyə başlamış, hərəkətlərində, yerişində-duruşunda çeviklik əmələ kəlmişdi. Taleyindən, yaradanından isə elə razı idi ki... «Yaradan var, vallah, var!—deyirdi öz-özünə. — Məni unutmadı o, səadət verdi mənə, ömrümü-könlümü işıqla-sevinclə doldurdu mənim. Səni tanımayana lənət, ya rəbbi!» Nəcməddin Dünyanın böyür-başında yenicə ailə qurmuş cavan ər kimi hərlənir, xəlvətə düşən kimi gəlini sonsuz bir həvəs və eşqlə bağrına basıb öpür, qucağına götürüb körpə uşaq sayağı fırladır, çarpayının üstünə atıb başını sinəsinin üstünə qoyub sevincindənmi, həyəcanındanmı titrəyə-titrəyə onu əzizləyir, nəvazişlər içində itirib-batırır, sonra ipək təki yumşaq saçlarından tutmuş ayaqlarına qədər duz kimi yalayırdı; yorulub qalxanda isə Dünya xanım kişinin gözlərindən axan yaşı görüb təəccüblənirdi. Bütün bu müddət ərzində sonsuz nəvaziş içində, əzizlənmələr içində əriyib yumşalmış, uşaqlaşmış, gülməkdən, qıdıqlanmaqdan uğunmaq dərəcəsinə gəlmiş Dünya xanım dünyada heç qadının heç bir kəs tərəfindən belə dəlicəsinə sevilə bilməyəcəyi hissindən sonsuz dərəcə biixtiyar olaraq Nəcməddnnin yaşarmış gözlərindən öpə-öpə, onun mirvari göz yaşlarını, demək olar ki, dili ilə qurudaquruda deyirdi:– Daha niyə ağlayırsan, ay dəli?
Birinci hissə, on birinci fəsilGecə saat onu keçmişdi. Divar saatının yeknəsəq çıqqıltısından başqa otaqda heç bir səs-səmir eşidilmirdi. Bəbir barmaqlarının yazmaqdan keyidiyini hiss eləyirdi, ancaq fikirlərini kağıza köçürmək, «Nə etmək lazımdır?» adlı nəzəri-siyasi məqaləsini qurtarmaq istəyirdi. Dörd sutka idi ki, yazırdı, həvəslə, şövqlə yazırdı, Söz üçün axtarmırdı, çünki hər şeyi ölçüb-biçmiş, demək olar ki, əvvəl beynində yazmışdı. Məmləkətin iqtisadi-ictimai vəziyyəti ona beş barmağı kimi bəlli olduğundan heç bir çətinlik çəkmir, faktları kəskin dillə qələmə alır və yazdığı çap olunandan sonra qopacaq hay-küyü, tufanı göz önünə gətirir, ürəyi həm fərəh, həm də kədər hissilə dolurdu. Ona görə sevinirdi ki, onu oxuyan nə qədər adamın gözü açılacaq, tərəfdarları, dostları çoxalacaqdı. Kədərlənirdi, ona görə ki, düşmənləri də çoxalacaqdı; özü də bunlar adi düşmənlər olmayacaqdı; pullu, vəzifəli adamlar olacaqdı, hökumət olacaqdı; şübhəsiz, şahənşahın da qəzəbinə səbəb olacaqdı bu məqalə. Amma çəkinmək lazım deyil, hücumu bir an da zəiflətmək olmaz, geri çəkilmək olmaz — Bəbir belə düşünürdü və yazırdı. Nəhayət, son cümləni yazıb nöqtəni qoydu. Sonsuz sevinc içində şirin-şirin gərnəşib keyimiş barmaqlarını açıb yumdu, qaraya baxmaqdan, yuxusuzluqdan şişib qızarmış gözlərini ovuclarının içi ilə ovxaladı...Yazılmış vərəqləri dəcləyib bir-birinin üstünə yığaraq fərəhlə baxıb gülümsündü... Xəyala getdi... Qəzet səhifələri... Sonra əl-əl gəzən qəzetləri... gördü...
Poems by other poets
Çıxa-çıxa çıxdım dağlar başına,Duman dağlara nə gözəl uymiş.
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,
Çay dəstgahıÇün nəsimi-səhəri-sübh, dili-heyrani,Et nəzər, gör necə təhrik qılıb dəryani,
Qəzəl: Aləmin məmurəsin hər gündə bir sultan tuturAləmin məmurəsin hər gündə bir sultan tutur,Nikbəxt ol kəs ki, ol məmurəni viran tutur