Ruh
Körpə doğuldumu, hazır dayanıb,Cana İlahidən calaq olur ruh.Bədən dediyimiz zindana düşür,Bir ömür boyunca dustaq olur ruh.
Göydən gəldiyindən yerlə barışmaz,Yiyəsi neyləsə görər, qarışmaz.Yumular-açılar, amma danışmaz,Qeybətdən, tənədən uzaq olur ruh.
İnsan təbiətən azaddı – mərddi,Amma azadlığı saxlamaq dərddi.Yiyəsi comərdsə – ruh da comərddi,Yiyəsi qorxaqsa – qorxaq olur ruh.
Ruhsuz qara daşdı dünyada xilqət,Ruh – qanad, ruh – həyat, eşq-məhəbbət.Ruhu olmayana kar eləməz dərd,Yaxşıya, yamana ortaq olur ruh.
İnsan nədir – ruhla can qarışığı,Ruhdur gözün nuru, qəlbin işığı.Ruhdur sözümüzün yar-yaraşığı,Arzuya, ümidə çıraq olur ruh.
Görən bəs nə üçün enibdir göydən?İnsanı küfürdən qorumur nədən?Vədəsi gələndə suçlu bədəndən,Baş götürüb qaçır, qaçaq olur ruh.
Ruh göyə qayıdır, göydə qorunur,Billur buludlardan keçib yuyunur.Nur idi, təzədən dönüb olur nur,Günəşdən sallanan saçaq olur ruh.
Noyabr, 1996
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-sadiq-ruh
Use ← → keys to move, R for a random poem
More by this author
Günəşin bir zərrəsiyəm,İşıqdan gəlmişəm, gəlirəm, gələcəyəm.
Qoy başını çiynimə, gülümQoy başını çiynimə, gülüm,Qoy uzansın bu qatarın yolu.
YaxşılıqYaxşılıq eləməkçün gəlib dünyaya insan,Bu məqamda bilinir, bizim fərqimiz daşdan.
Qapı gözlüyüDar günümdə getdim dost qapısına,Hirslə yanıb-söndü qapı gözlüyü.