Ordan-burdan 113
Qarabağ zəriflərindən birisi mənimlə söhbət edərkən həmişə belə deyərdi: hər kəs ki meydana çıxıb deyir ki, mən millətpərəstəm və döşünə döyür ki, milləti irəli aparıram, bil ki, bu sözü ya yalandan deyir, ya da ki doğrudan. Əgər bunun yalan və doğruluğunu bilmək istəsən, get lap əvvəl onun öz ev-eşiyinə bax. Əgər gördün ki, bunun öz ev-eşiyində bir səliqə, bir qayda, bir intizam var, onda bil ki, kişi doğrudan da milləti irəli apara bilər. Yox əgər gördün ki, bu heç öz evini dolandıra bilmir, onda ağzına vur, deyinən ki, qələt eləyirsən, səndən millət irəli aparan ola bilməz.
Mənim ağlım kəsir ki, zərifin bu sözü bir yana baxsan haqdır.
İndi keçək İran dövlət dumasına və dünən Tehrandan gəlmiş bir rəfiqimin sözünə qulaq asıb, görək oranın işləri necədir.
S ə d r i - m ə c l i s. Təbrizdən xəbər gəlibdir, camaat şurişi getdikcə artıb və hökumət əhli qaçıb gizlənibdir.
...A ğ a. Bu şurişin nə səbəb qalxmasını və nədən bir bu qədər artmasını və nə üçün hökumət əhlinin qaçmasımı...
...x a n. Hərgah biz istəyirik, hər tərəfdən gələn bu şuriş sədalarını kəsib...
...m ü l k. O kəslər ki bu hürriyyət və azadlıq yolunda camaata mümaniət edir və o kəslər ki...
...D ö v l ə. Mən bu saat istəyirəm ki, cənaban vəzirlərə burada bir sual verəm. Cənaban vəzirlər...
...S ə l t ə n ə. Bunlar hamısı keçəndən sonra mən heç qana bilmirəm ki, aya Təbriz əhli durub şurişi salmaqda...
...Ü l ə m a. Çün hər bir şeyin əsli və kökü və hər bir hadisənin əsas və bünövrəsi...
...M ə m a l i k. Mənim təsəvvürümə görə burada mətləbi iki qismə təqsim etmək lazımdır. Əvvəla, bir qism budur ki...
S ə d r i - m ə c l i s. Vəziri-daxiliyyənin sözlərinə görə bu şurişin əsil vüquinə səbəb...
...Ü m ə r a. Bəs, indi görək bizim vəzifəmiz...
...T ü c c a r....onun hamısını ələ gətirmək üçün...
...G i r a m....Təbrizdən, Həmədana, Həmədandan Qəzvinə, Qəzvindən Gilana çəkilib...
...M ə r d ü m....dörd dəfə, beş dəfə təkrar söyləmək.
...Ü d ə b a....gətirdilər. Və gətirəndən sonra da ortaya nəql edib...
S ə d r i - m ə c l i s....və onun cavabı bu oldu ki, mənim heç bir şeydən...
...A ğ a....dedim bəs, hara qaçırsan? Gördüm, başını buluyur ki...
...M ü l k....üstündən də su içmişəm. Hər kəs hər nə bacarır eləsin. Eləməsə...
...D ö v l ə....Allah ona rəhmət eləsin...
...Ü m ə r a....ingilislərin ağzı nədir ki, ondan sonra...
...S a h i b....dörd nəfər zənan xaylağı aparıbdırlar, bir sürü qoyun. Altı nəfər uşaq...
S ə d r i - m ə c l i s....Hərgah razı dəyilsə...
...İ k r a m....getsin Rusiyaya baxsın görsün...
...M ə m a l i k....atası Şümür ilə baş-başa yatsın...
Gu-o-o-o-o- bilmək olmaz. Gu-o-o-o-o- atası evdə yox idi. Guo-o-o- vəziri-xariciyə uzanmışdı. Gu-o-o-o- teleqraf gəldi, Gu-o-oo- rüşvətxor imiş, gu-o-o-o-... gu-o-o-o-...
Q ə z e t ə m ü x b i r i y o l d a ş ı n a. Mən ölüm, heç bir şey qana bildin?
Y o l d a ş ı. Atasının gorunu kaftar eşələsin yalan deyənin, əgər bir söz də başa düşdümsə!
M ü x b i r. Bunlara deməlidir ki, ay yazıqlar, əvvəl siz bu məclisi nizam və qaydaya salın, ondan sonra İranı düzəldin. Elə deyilmi, sən mənim canım?!
Y o l d a ş ı. Vuy, bunu kim danar ki, rəhmətliyin oğlu.
Sabir əfəndiyə
Məktubunuzu oxudum. Sözləriniz haqdır... Bizim borcumuzdur ki, bu adam öldürməyi müsəlman içində aradan götürmək üçün əlimizdən gələni müzayiqə eləməyək.
Mən müzayiqə eləmirəm və müzayiqə eləmədiyim üçündür ki, “birisi”lərə deyirdim və deyirəm:
Nə üçün xalqı qızışdırırsan? Tutalım ki, sənin keyfin gəlib və damağın da çox sazdır. Daha durub xalqın rahatlığını niyə pozmaq istəyirsən? Məgər sənin bütün müsəlman camaatı ilə qəsdin-qərəzin var ki, onları iki yerə bölüb birinə “köhnə” və birinə “tazə” deyirsən və özün də “köhnələrə” tərəfdar çıxıb, “tazə”lərin üstünə qızışdırırsan? Yox, əgər “tazə” şey sənin xoşuna gəlmirsə bəs, nə üçün həmişə “tazə” dirilik”dən dəm vurursan? Öz keyfin istəyən köhnə, nimdaş, paslanmış və kiflənmiş bir şey tapa bilmədinmi?
Bəs, cənab Sabir əfəndi, mənim “birisi”lərə dediyim söz budur. Özü də zarafat və duzsuz məzəlilik deyil, bəlkə siz arzu elədiyiniz niyyətə bir yol göstərməkdir.
Eşidirəm, Sizə deyirlər ki, “Filankəs” elə deməsin, mən də belə deməyim.
Burada bir şey yadıma düşdü.
Mən Haşım bəy Vəzirovun məktəbində oxuyan zaman bizim bir dələduz yoldaşımız var idi ki, heç kəsə dinclik verməyib, sənəti hər kəsi bizləmək idi. Bunun üstündə uşaqlar bəzi vaxt ona söyərdilər. O da başlayıb, uşaqlara ikiqat söyərdi. Haşım bəy ona tənbeh edib deyərdi ki, adə nə üçün söyüş söyürsən? O da cavab verərdi ki, onlar söyməsinlər, sonra mən də söyməyim.
İndi sizə “idarədən” verilən cavab haman dələduz uşağın cavabındandır.
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-ordan-burdan-113
Use ← → keys to move, R for a random poem
More by this author
Rusiyada hürriyyəti-mətbuat qatıq eyməsinin ağzı kimi getdikcə daralır.Qəzetə yazıçıları daha bilmirlər ki, nə yazsınlar, yəni nə tövr yazsınlar ki, nə qəzetələri bağlansın, nə iştiraf versinlər, nə də ki, gedib qazamatda yatsınlar.
Ordan-burdan 121ƏşarBəli, doğru deyirlər ki;
Ordan-burdan 122Məişətimizdən– Kərbəlayı Məmmədcəfər salaməleyküm!
Muğamat və xalq mahnılarının ifası haqqındaYoldaşlar, mənim bu məruzəm bir qədər tənqidi ruhda olacaq. Bu gün cəbhə üçün, vətənimizi müdafiə üçün görülən işlərə tənqidi bir nəzərlə baxmaq lazımdır; bu bizim borcumuzdur. Bu gün hər işimiz vətənimizin müdafiəsi, cəbhəyə qüvvət vermək və düşməni məhv etmək niyyətindədir. Bəziləri elə güman edirlər ki, müharibə zamanı musiqi yersiz bir şeydir; deyirlər ki, müharibə vaxtı ancaq top, tüfəng səsi eşidilməlidir. Bu, tamamilə yanlış fikirdir. Keçmişlərdə də müharibə zamanı musiqi xalqa kömək edibdir. Özünüz bilirsiniz ki, nəfəsli orkestr qoşun üçün nə qədər lazım olan vasitədir. Musiqi çalınan zaman əsgərlər nə qədər həvəslə, nizam-intizama tabe olaraq irəliləyirlər. Hərgah Azərbaycan tarixini nəzərdən keçirsəniz görərsiniz ki, vaxtilə qara zurna müharibə musiqi alətlərindən biri olmuşdur.Musiqinin müharibə edən əsgərlərə olduqca böyük təsiri vardır. İstər onun iradəsini qaldırmaqda, istərsə ona ürək verməkdə musiqinin təsiri çoxdur. Odur ki, hazırda da bizim musiqimiz cəbhəyə və müharibədən qalib çıxmağa kömək etməlidir və edir.