Duma yaxınlaşır

Bir “inteligentin” xəyalı

Pah-pah Duma yaxınlaşır! Görəsən bizlərdən kimi seçəcəklər! Allahın altında məni seçə idilər!. Nə tövr edim ki, məni seçsinlər?.. Nə kələk qurum? Kimi “padkupit” eyləyim...

Ox! Ölməzdim bir o günü görsəydim ki, mən dumaya deputat seçilib, Peterburq deyibən bir gedirəm!.. Deyirlər ki:

Dərin dərya kəsi biqəm nəbaşəd,

Əgər başəd bəniadəm nəbaşəd.

Amma yox: Mənciyəzi dumaya vəkil seçsinlər. Əgər desəm ki, bir qəmim var atam mənim şeytan olsun! Zarafat deyil, canım. Dumada vəkil olmağın bir gör necə ləzzəti var: əvvəla budur ki, bu murdar, zəhlətökən, nəhus vəhşi yerdən çıxıb gedib Peterburq kimi obrazovannı yerdə oturursan, qulaqların pis-pis müsəlman sözü eşitmir, gözlərin pis-pis müsəlman üzü görmür. Əşi bu xaraba qalmış yerdə mənim kimi adamlar bir az çox qalsa vallahı ki, çərlər, dərd, vərəm gətirər! Adam hər yerdə vəhşilik, qanmazlıq, gördükcə ermənilərin, rusların yanında lap əriyib yerə keçir! Gündə görürsən “iznakom”larım mənə deyirlər ki, “posluşay, Qasanbek Camaliç! bu müsəlmanlar qəribə vəhşidirlər! Deyirəm canım, doğrudur. Deyirlər ki, “Yeyboqu” sizin müsəlmanlardan adam olmayacaqdır. Nahaq yerə sairlərinə də “meşat” eyləyirlər. Yaxşı olardı ki, bunları Amerika zənciləri kimi qırıb qurtara idilər! Deyirəm vallahı onda mən çox sevinərdim və sizə də çox “balaqadarit” elərdim, hanı bir elə iş...

Qərəz... hə, bu belə! Bu bir ləzzət ki, bu xarabadan çıxıb bir az qulağı dinc olarsan.

İkincisi odur ki, böyük bir ad qazanarsan. Yevropada, Rusiyyətdə və hər bir abrazavannı yerdə sənə hörmət elərlər ki, dumaya çilensən, adını qəzetələrdə yazarlar, sənin barəndə hər yerdə danışarlar, xülasə, bilərlər ki, bəli, sən də dünyada varsan.

Üçüncüsü budur ki, sənə orada həmişə allahın verən günü on dana manat nəqd pul verəcəkdirlər ki, heç yatsan da “Yuxuna girməzdi! Bir vaxt var idi ki, mən ayda on manat pul alıb yazı yazmaqdan belim bükülmüşdü. Elə indi də gündə ikicə manat pul alıram. Amma orada mənə verəcəkdirlər gündə on manat pul! Özümün də işim bu olacaqdır ki, gedib padşah imarətində kəmali-istirahət ilə əyləşib, vəzir-vəkillərin danışığına qulaq asacaqam. Güni-yovmiyyədə on dana manatımı alıb, doludaracayam cibimə. İndi, iş buradadır ki, mən bu on manatdan hər gün xərcləyəcəyəm, ha çox xərcləsəm, manat yarım, nu, iki manat; cibimdə qalacaqdır düz səkkiz manat, gündə səkkiz manat, pul ayda eylər düz iki yüz qırx manat.

İndi fərz eyləyək ki, məsələn, altı aydan sonra genə “krayni partiyalar” dələduzluq edib, dumanı dağıtdırdılar. Onda iki yüz manat pul altı aydan sonra eylər neçə manat? Altı dəfə iki yüz, eyləsin min iki yüz, altı dəfə də qırx, eyləsin iki yüz qırx, o da min iki yüz – eylər düz min dörd yüz qırx manat! Bu məndən ötrü çox puldur. Allah bərəkət versin, min dörd yüz qırx manat az pul deyil! Mən bu pulu banka versəm ölənətən məni rahat görər!.. İndi bəlkə dumanı bir il qovmadılar, yainki lap tamam beş il qaldı! Əgər bir il olsa, bu min dörd yüz qırx manat eləyər, iki il olsa, iki min səkkiz yüz həştad manat, amma beş il olsa, vay Allahı! Bədənim tərləyir. On dörd min dörd yüz manat pul eylər!!! Onda di gəl, mənim keyfim gəl!!! “Sobstvenni dom”, “sobstvenni ekipaj”, “saderjanka”, “quvernanka”, “elektriçestvo”, “Yevropa”, “muzıka” pah atanla yeri, adam fikir elədikcə əndamı tərləyir! Yox, canım boğazıma gəlsə də gərək çalışam ki, dumaya məni seçsinlər, yoxsa vallahı ki, burada qalsam bağrım çatlar!”.

Doğrudur, kişinin bağrı çatlar!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Yenə üsuli-təbii haqqında bir neçə söz

Keçənlərdə mənim məktəblərimizdə rus dili təlimi haqqında yazmış olduğum məqaləyə cavab və yaxud bir haşiyə olaraq möhtərəm müəllim Rəşid bəy Əfəndizadə cənabları tərəfindən yazılmış bir məqalə gördüm. Rəşid bəy əfəndi məqaləsini “Mübadiləyi-əfkardan bariqəyi-həqiqət törəyir” sözlərilə başlayıb, əvvəlcə bir balaca müqəddimə yazırlar və o müqəddimədə əzcümlə belə deyirlər: “Mətləbimiz o məqalənin (yəni mən yazdığımın) ziddinə çıxmaq əsla deyildir”, yəni Rəşid bəy əfəndi oxucuları xəbərdar edir ki, onun məqsədi mənim ilə mübahisə və mücadiləyə qalxmaq deyildir. Ehtimal bu səbəbdəndir ki, Rəşid bəy əfəndi məşhur təbir olan “Müsadiməyi əfkardan” da hətta “müsadimə” sözünü bu yolda çox şiddətli bir təbir bilib, onun əvəzinə “mübadilə” yazıbdırlar və hərçənd “mübadilədən” “bariqə” törəmədiyini və “bariqə”nin ancaq “müsadimədən” törədiyini nəzərə alıbdırlarsa da, amma yenə də məni incitməmək üçün məntiqi qurbanedəcək dərəcədə fədakarlıqla bulunubdurlar. Mən də Rəşid bəy əfəndinin bu fədakarlığına qarşı təşəkkürlər edirəm. Ancaq burasını dəxi əlavə edirəm ki, böylə bir əhəmiyyətli məsələdə Rəşid bəy əfəndi həqiqəti mənə qandırmaq üçün başımı yarsa da incimərəm.Burada mən dəxi bir müqəddimə söyləyəcəyəm. 1-2 gün bundan əvvəl müəllim rəfiqlərimdən birisi yanıma gəlib mənə dedi:

26 min
Ordan-burdan 33

Üsuli-tərcüməMüəllim (şagirdə) – Qulaq as görüm, rusca dərs deyirəm: kniqa – kitab; lejit – uzanıbdır; na – üstündə; stole – stolun; nişiy – dilənçi; brodit – ora-bura dolanır; pod – altında; oknami – pəncərələrin; i – və; prosit – təvəqqe eyləyir; milostınyu – dilənçi payı.

3 min
Ordan-burdan 34

S u a l – Heç elə şey ola bilərmi ki, bir şeyin adı ola, amma özü yerli dibli olmaya?C a v a b – Bəli, olar! Məsələn, Bakı ilə Gəncənin “cəmiyyəti xeyriyyələri”nin adları var, amma özlərindən heç bir əsər yoxdur.

2 min
Ordan-burdan 35

Təəssüflər olsunHərgah millətlərin tərəqqisini, yəni qabağa getməsini əvvəlcə bilən bir ölçü olsa idi və o ölçü ilə biz müsəlman millətinin qabağa getməsi ölçülsə idi, onda məlum olardı ki, biz bir addım qabağa, iki addım dala, dörd addım qabağa, üç addım dala, iki addım dala, beş addım qabağa eyləyə-eyləyə qabağa gedirik. Bir kəlmə, bir tazə yerimək öyrənən uşağa oxşayırıq ki, bir addım atıb sonra yıxılır, durub bir addım daha atır, amma ayaqları bir-birinə dolaşıb yenə yıxılır, yenə durur, addım atır, bədəni ağırlıq edib yıxılır, durur və i.a.

3 min

Poems by other poets · Satire