Bir xeyli zaman tifl yatar həbsi-şikəmdə,
Ordan atılır dəhrə xilas olduğu dəmdə.

Bir gün şikəmi-müzlimi tərk eyləyor adəm,
Sonra oluyor məskəni bu aləmi-müzləm.

Ol gün ki çıxar pərdeyi-məsturi-şikəmdən,
Hürr oldu sanır kəndisini dərdü ələmdən.

Rəhyabi-nicat oldumu, eyvah, şu bədbəxt –
Tifl ilə bərabər doğuyor qeydi-əsarət.

Divanə kimi sürkələyir qeydi özilə,
Cinnət götürərdi bunu görsəydi gözilə.

Bilsəydi cahanə gəliyor silsiləcünban,
Razımı olurdu gələ dünyaya bir insan?

Bir qanlı şikəmdən düşər ağuşi-fənayə,
Bundan nərəyə? Lücceyi-xunini-bəlayə.

Aya bunu kim atdı, yuvarlatdı cahanə?
Yol tapmadın, ey əql, bu əsrari-nihanə!

Qanmış kimi bu aləmi, mənfayi-həyatı,
Biçarə çocuq doğdumu, başlar nəvahatı.

Guya ki, demək istəyir ol küdəki-nalan
Oldum bu doğulmaqlığıma şimdi peşiman.

Hürriyyətə mən istər idim dəhrdə, heyfa, –
Olmuş bu cahan cümlə yaranmışlara mənfa!

Zənn eylər idim aləmi rəxşəndə cahandır...
Mədar şikəmindən daha zülmətli məkandır!

Fikr eylər idim cənnəti-ülviyyətə düşdüm,
Nirani-aləmdir bura, süfliyyətə düşdüm.

Başlar nəvəhatə, nəvəhatə, nəvəhatə;
Bir növhəsi min nifrət edər sanki həyatə.

Sanki çocuğun ruhu duyub qəhri-həyati,
İyham ediyor dərdini xunin qətərati.

Hər qətreyi-suzəndəsi bir atəşi-qəmdir.
İnsan nə demək? Abideyi-dərdü aləmdir.

Tökməkdə çocuq çöhrəsinə gireyi-həsrət,
Eylər kimi tövlidinə izhari-nədamət.

Biçarəni qoymaz anası olmağa giryan,
Püstanın ucilə tıqayır ağzını hər an,

Püstanın ucilə çocuğun ağzı qapandı,
Məcbur olaraq ağlamadı tifl, dayandı.

Sərbəstcə qoymaz ki, bir az ağlasın övlad,
Bir möhri-əsarət vuruyor ağzına bidad.

Möhr ilə neçin ağzını tikdin şu səğirin?
Aya eşidilməzmi şikayəti fəqirin?

Azadəlisan dəhrə gəlir zadeyi-insan,
Həngami-təvəllüddə bunu tifl edir e'lan.

Dilli ikən ol tifli nəsıl lal ediyorlar,
Əxlaqi-təbiiyyəni ixlal ediyorlar.
Mahiyyəti-hürriyyəti pamal ediyorlar!

İnsan ki, mücərrəd doğuyor doğduğu dəmdə,
Guya yenə üryan yataçaq məhdi-ədəmdə.

Vəqta ki, düşər aləmə növzadi-lətafət,
Birlikdə doğar tifl ilə zənciri-əsarət.

Ol silsiləyi-fitrəti qət' eylədi mama,
Tədqiq edilən nöqtə budur, sırf müəmma!

Zənciri-təbiisi kəsildi, bələyorlar,
Bir iplə dəxi qundağı qat-qat sarıyorlar.

Zəncirə çəkirlər çocuğu doğduğu saət,
Aya nə günah etdi bu növbareyi-ismət?!

Mə'sum ikən bəs niyə zəncirə sarılsın?
Ey zalım, o dəsti-sitəmin bircə qırılsın!

Canimi, nəmi, söylə, edirsən onu məhbus?
Ey dəsti-sitəmkar, əya pənceyi-mənhus!

Ərbabi-cinayət görülür layiqi-zindan,
Şayistəmi dustaq ola qundaqlara sibyan?

Varmı günəhi? Yox! O ki, ismətli mələkdir.
Ol zadeyi-azadəyə layiqmi bələkdir?

İnsaf elə, yahu, belə bir işmi olur ya,
Bir kudəki-mə'sumə səzadırmı bu, mama?!

Həp əskiləyorlar, bələyorlar, səriyorlar,
Bir xaneyi-pürzəlzələdə ninniləyorlar.

Duyduqda bu zəncirləri etmədə fəryad,
Guya ki, apar kəndinə ətrafdən imdad.

Əfğanına, fəryadına imdad edən olmaz,
Bu dilsiz əsiri gəlib azad edən olmaz.

Mə'yus olaraq sanki der: “İmdadrəsim yox,
Əfkarımı izharə dilim yox, nəfəsim yox”.

Baxdıqca zavallı bu qüyudati-həyatə,
Bilməz ki, nə yapsın, veriyor güc nəvəhatə.

Bir qundağa razi olamaz cahilə mədər,
Nənniyə salır tifli, daha, bax, nələr eylər:

Bir iplə dəxi nənniyə bağlar şu səğiri,
Seyr eylə cinayətsiz olan tifli-əsiri!

Dünyayə qədəm qoyduğumu oldu cinayət?
Bundan ötürü tiflə verirlərmiş əziyyət!

Bir əl ilə təhrik edilir nənnidə hərdən,
Başı dönüyor, həp qusuyor südləri birdən.

Böylə böyüyor, bəsləniyor zadeyi-millət,
Ey mədəri-cahil, bumu qanuni-təbiət?

Bu tərz ilə bəslənmiş olan zadeyi-insan
Bazari-rəqabətdə olur sahibi-xüsran.

Bu qaideyi-tərbiyyətindən səmər olmaz.
Bundan sənə bir faidəpərvər pəsər olmaz.

Növzad ikən övlad ona, ey lövhi-cəhalət,
“Tə'lim” ediyor, öyrədiyorsan da əsarət!

Analara vəsiyyət

Canpareyi-hürriyyətə hürriyyəti qandır,
Hürriyyət ilə tərbiyət et, ruhun oyandır.

Hürriyyətə bənzər çocuğa vurma qüyudat,
Anlat ona, bilsin ki, nədir ədlü müsavat.

Əvvəl nəyi təlqin edəcəksən, onu sibyan –
Əlbəttə, edər nəqşi-kütübxaneyi-vicdan.

Ətfal nədir? Ayineyi-pakü müsəffa,
Eylər, nəyi göstərsən, o mə'kəsdə təcəlla.

Aylarla ki, bu “tərbiyət” ilə yaşar ətfal,
Böylə böyüyor, bəsləniyor, uf, nə əhval!..

Bir gün atılır guşeyi-nisyanə bələklər,
Sərbəstliyi daddımı, ahəstə iməklər.

Azadə çocuq anlamaz azadiyi-rəftar,
Gah yumbalanır, gah düşüyor, gahi də qalxar.

Ol rütbədə tə'sir qılıb tiflə əsarət,
Müxtəll olub ondakı hürriyyəti-fitrət.

Bir canlı həqiqət demək ol tifli-növazad,
Oynar, düşüyor, yumbalanır sevgili övlad.

Çeşmində təbəssümlər uçar, ləbləri xəndan,
İsmət kimi göyçək bu çocuq calibi-vicdan.

Bir mə'niyi-iffətmi girib ləfzi-vücuda,
Gəlməzmi mələik bunu gördükdə sücuda?!

Hər vəz'i-lətifi nigaharayi-məhəbbət,
Bir ruhi-mücəssəm kimi cəzzab təbiət,

Hər nə veriyorsan onun ilə güler, oynar,
Ətfal qədər sevgili dünyadə nə şey var?

Könlüm kimi lö'bətlərə məyyaldır ətfal,
Fikrim kimi birdən-birə, yerdən-yerə cəvval.

Oynar, atılır, yumbalanır başıbəlali,
Gör şəkli-həqiqətdə gəzən canlı xəyali.

Laqeyd sanır kəndini, məhkumdur amma,
Bir şe'rdir insan, həm açıq, həm də müəmma.

Nə lövheyi-riqqət, nə bədianə təmaşa!..
Bir canlı teatro, bunu kim eylədi inşa?

Ülviyyəti müş'ir, bütün əş'ardır imkan,
Kim oldu bunun şairi? Dərk etməyir insan.

Ey şairi-xilqət! Bu nə əş'ari-bədaye,
Bir hərfini inşad edəməz əhli-sənayə.

Əbkəm qalıyor şe'rinə baxdıqca ədiban,
Valeh oluyuor sirrinə əfkari-həkiman.

Əş'arın önündə qızarır ruyi-fəsahət,
Əsrarın önündə qararır nuri-zəkavət.

Bilməm ki, nəsən? Hər nəsən, ey şairi-fitrət,
Nə fəlsəfə bildi səni, nə fənn, nə hikmət.

Diqqətli baxılsa vələhəfzaydır aləm,
Sətrindəki ərvah bütün lövhi-mücəssəm.

Dağlar, təpələr, məşcərələr cümlə şüunat,
Başdan-başa aləm hikəmiyyat, ədəbiyyat.

Bir üqdədir “imkan” denilən səhneyi-fitrət,
Açdıqca düyün düşmədədir rişteyi-xilqət.

Məqsəd nərədə, biz nərədə, fikr nə yerdə?!
Yorma özünü, kəşf olunur sanma bu pərdə.

İstər nə qədər nurlu olsun da xəyalət,
Naqabili-idrakdır artıq bu həqiqət.

Çocuq yavaş-yavaş gəzməyə öyrənir. Üç-dörd yaşında olduğu əsnada oyuncaqlarla məşğul bulunur. Baxalım bu dövreyi-həyatında nə yapır?

Bir gün ayağı yer tutaraq gəzməyə başlar,
Baziçəsi saxsı sınığı, rəngli daşlar.

Yalınca ayaqlarla və bir kirli təsəklə
Məşğul oluryor oynamağa daşla, kəsəklə.

Baziçəyə mə'tuf bütün fikrü xəyalı,
Yox başqa düşünməkləri, yox özgə məalı.

Dünya nəzərində bir oyuncaqdan ibarət,
Bilmir ki, nədir keşməkeşi-kəsbi-məişət.

Mövqufi-səfadır bütün övqati-həyatı,
Bu rəhgüzəri-ömrdə bilməz üqəbatı.

Həp ləhvü ləəbdir çocuğa qayeyi-amal,
Yox fikri-məişət ki, qıla keyfini ixlal.

Sərbəst gəziyor, əyləniyor, məşğələsi xak,
Qandıqda əsir eyləyəcəkdir onu idrak.

Ey tifl, o sərbəstliyi bil də qənimət!
Bir seyli-xürüşan kimi gəlməkdə əsarət!

Bir gün səni qərq eyləyəcək seyli-qüyudat,
Bir də görəcəksənmi bu hürriyyəti? Heyhat!

Hürriyyəti-nazəndə bu gün olsa əsirin,
Qandınmı, bu səhhar olacaq onda əmirin.

Hürriyyət, o şahin deyil a hər kəsə mail,
Seyd etdiyi ərbabi-fəzaildir, əfazil.

Alçaqları seyd etməyə amadə deyildir,
Ülviyyətə məftundur, üftadə deyildir.

Hər fikrə tənəzzül edəcək nur deyildir,
Napak qucaqlarda yatan hur deyildir.

Ən şanlı xəyal ovlamaq istər bu həqiqət,
Kəndi kimi dilbər dil arar seydə bu afət.

Hər güzgüdə məşhud olamaz hüsnü cəmalı,
Mir'at dəxi olmalıdır pakü ziyalı.


Qurbani-xilasın olaq, ey dilbəri-lahut!
Qaç danə doğub sən bəyənən ərləri nasut?

Könlüm kimi dünyadə nə müşkül bəyənənsən?
Mən olmalıyam istədiyin, sən də mənimsən.

Gəl sevdiciyim, çək məni ağuşi-vüsalə,
Ey huri-həqiqət, bədənim döndü xəyalə.

Yandırdı məni, yaxdı məni narın, a qəddar!
Tə'sir edəməzmi sənə bu ahi-şərərbar?

Bilməm kimə mənkuhəsən, ey bakiri-ismət?
Ey aliheyi-ərşi-müəllayi-vəcahət!

Çıx, çıx, səhərim, mərhəmət et Hadiyi-zarə,
Qoyma düşə həsrətlə şəbistani-məzarə!


Sərbəst yaşar tifl beş-on sal bu minval,
Gündən-günə bir rəngə girir, başqalaşır hal.

Bu vəqtdə baziçələrin şəkli dəyişdi,
İndi aşığa, şişməyə, top-topa girişdi.

Artıq daha beşdaş oyunun vaxtı gedib ya,
Bir özgə oyuncaqlar olub şimdi mühəyya.

Bunlarla da övqatgüzar oldu, yoruldu,
Bir başqa oyuncaq yeni meydana qoyuldu.

Gəl, gəl də təməşayə bu tiflanə büsati,
Seyr eylə çocuqlardakı əzvaqü nişati.

Təşrihi-həyat eyləyərək anla, gözəl qan,
Hər dəmdə təbəddüldə, təcəddüddədir insan.

Bir hal ilə durmaz bu cahan, tazəlik istər,
Sən köhnəpəsənd ol, dur inadında, a bisər!

Ey zülmətə aludə olan mazipərəstan!
Bir ləhzeyi-ibrətdir o baziçeyi-tiflan.

Hər günlərinin, aylarının, illərinin var –
Bir başqa oyuncaqları, həp böylədir ə'sar.

Dolmuş bu həqaiqlə cahanın səfəhatı,
Məhkumi-ədəmdir pozan ayati-həyatı.

Bir vəqt hülul eyləyir əyyami-qiraət,
Lazım gəliyor tərbiyeyi-fikrü xəyalət.

Məktəblərə arayiş olur tifli-səbəqxan, –
Ta kim, terişə elm ilə qayati-məramə.

Olmaqda müdavim gecə-gündüz bu məqamə, –
Ta kim, erişə elm ilə qayati-məramə.

Məktəb nə demək? Tiflə görə həbsü əziyyət,
Hürriyyətə erməkliyə lazımdır əsarət.

Ta şişənişin olmasa güldən çəkilən su,
Bir qiyməti haiz olamaz, nəşr edəməz bu.

Rə'na çiçəyin gərçi solur rəngi-cəmalı,
Seyr eylə su şəklində o qiymətli məalı.

Əfkarı bütün mün'ətifi-ruyi-kəmalat,
İstər ki, ola haizi-övrəngi-füyuzat.

Hər gündə olur məktəbi-ürfanə şitaban.
Məktəb nə demək? Məşriqi-tabəndeyi-ürfan.

Məktəbdə keçər qaç sənə saati-həyati,
Zəhmət çəkiyor kəsb edə asayişi-ati.

Günlər oluyor dərsini bilməz mütəəllim,
Görməkdə onu layiqi-təkdir müəllim.

Təkdirlənir, incidilir, həm döyülür də,
Ustaddə gər tərbiyə yoxsa, söyülür də.

Şagirdlərin böyləcə təhsil zəmani
İmrar ediyor iştə bu məktəb güzərani –

Təkdir ilə, tə'zib ilə, min dürlü əməklə,
Bə'zən də döyülməklə, söyülməklə, kötəklə.

Bə'zi gecə ac yatmaq ilə ev bucağında,
Biçarə uyur sübhə qədər qəm qucağında.

Açmış qanadın üstünə kabusi-xəyalət,
Ruhu, beyini, fikri bütün qərqeyi-fikrət.

Şəb ta bəsəhər xabgəhi məhbəsi-əkdar,
Ataş saçıyor məğzinə əfkari-şərərbar.

Alamü mihən olmadı mehmani-xəyalı,
Bax, gör nə cəfalar çəkiyor başıbəlalı!

Təhsil yolunda bu cəfa eyni-səfadır,
Arayışı-ərbabi-ədəb dərdü bəladır.

Xilqətdə bu bir sirdir: ərbabi-zəkavət –
Daim oluyor qəhrkeşi-fəqrü səfalət.

Gah parəsi olmaz ala lazımlı kitabi,
Gör kim, nə məşəqqətlə oxur xanəxərabi.

Xamə pulu, xanə pulu, camə pulu məfqud,
Guya ki, məişət qapısı ruyuna məsdud.

Ən əngəli bu: ücrəti-tə'lim verilsin,
Verməzsə əgər, məktəbi tərk etməli olsun.

Ən doğrusu, məktəb pulunu verməsə şagird,
Əlbət edəcəklər onu ixrac və təb'id.

Təhsilini ikmal edəcək yerdə bir insan,
İnsaf edəlim bir, necə qoysun onu nöqsan?!

İxrac edilirsə yazığın zəhməti nolsun?
Ümmidləri canlanacaq yerdə boğulsun?

Göz nuru töküb, can çürüdüb, qəlbi püramal,
İstər ki, ola naili-işrətgəhi-iqbal.

Çox sə'y eləyir ücrəti-tə'limini tapsın.
Siz söyləyiniz çarə nə, biçarə nə yapsın?

Tabavər olur günlər ilə rəncü inayə,
Netsin, qoşar axır dəri-ərbabi-qinayə.

Ərbabi-qina məstimeyü dövlətü sərvət,
Könlündə nə şəfqət, nə tərəhhüm, nə mürüvvət!

Ümmani-təkəbbür duruyor sanki sərində,
Əmzaci-təməsxür coşuyor didələrində.

Zəhrabi-həqarət tökəcək, açsa dəhanın,
Ehraq edəcək əhli-süalın dilü canın.

Təlxab ilə məmzuc sözü cümlə kinayət,
Ümmidinə nail edəcək bu səni? Heyhat!

Sanki dili bir müz'ic olan canlı ilandır,
Bir parə ət, amma necə gör zəhrfəşandır!

Etsəydi təcəssüm dəhənindən tökülən söz,
Şəksiz ki, olurdu o sözün hər biri bir köz.

Acı, yaxıcı məsxərə oynar nigəhində,
Səxriyyədir insan balası pişgəhində.

Şagirdə ata eyləmək istərsə kifafi,
Şərtdir ki, gərək çak qıla cibi-ifafi.

Ol rütbə sıxıb tərlədəcək heykəli-qismət,
Ruyunda gərək qalmaya dürhaneyi-iffət.

İnci kimi çıxmış üzünə abi-həyası,
Üz suyu satır ta ala nanparə bəhası.

Əsbabi-sitəm, əldə qəni, istmətə ə'da,
Ariflərə canilər ədu, pərtövə – zülmə.

Bir parəyə min parə edər cibi-həyanı,
Xilqət belə xəlq eyləmiş ərbabi-qinanı,

Hər fərd birər şeydən alır dəhrdə ləzzət,
Ərbabi-qina: yırtmaq ilə daməni-ismət.

Fəqir və biçarə şagirdin ərbabi-qinanın məhzəri-kibriyapərvərində aldığı vəziyyəti-miskinanənin lövheyi-təsviridir

Şagird hüzurunda durur dəstbəsinə,
Amir qabağında necə mə'mur kəminə.

Can samiəsi əmri-qəniyə nigərandır,
Gizlin əməli və'zi-həzinində əyandır.

Bükmüş boyunun, gözləri mə'tuf zəminə,
Ey çeşmi-fərəh, ağla bu simayi-həzinə!

Bir oğru baxış da arabir nəsbi-qənidir,
Amma nə qəni, təb'də qayət də dənidir!

Şagirdin o qəmli nigəhi mə'kəsi-amal,
Vəchi, nəzəri, mənzərəsi mül'ini-filbal.

Ümmidlər ayinəsidir nəzreyi-insan,
Dildə nə olursa, olacaq gözdə nümayan.

İstərsə ki, bilsin mərəzi əhli-təbabət,
Əlbəttə, mərizin edəcək çeşminə diqqət.

Amillərin amalın oxu didələrində,
Hər bir kəsin ümmidi əyandır nəzərində.

Bu görnüşü gördün, keçəlim əhli-qinayə,
Gör kim, nə sitəmlər edəcəkdir füqərayə.

Sərvətli iki müskərəpərvər nəzər ilə,
Suraki-siməti ol mütəkəbbir bəsərilə,

Məğrur gözilə süzür ərbabi-süali,
San kim, baxışından duyulur kibr məali.

Qəsvətli dili saya salıb nasiyəsində,
Təhrir olunub “yə's” alını həşiyəsində.

Bu vəz'də durmuş görəcək olsa qənini,
Fikr et mütəəlimdə olan hali-həzini.

Şagirdə xitabən der o timsali-xüşunət:
“Bildim ki, sənə lazım imiş etmək ianət.

Hə, yaxşı, görüm... İndi mənim özgə işim var,
Söz söyləmə artıq, min işim, keşməkeşim var.

Sən get, baxaram, söyləməyə qalmadı hacət,
Lazımsa, sənə eyləyərəm mən də ianət.

Amma ki, deyir, eşidərəm cümlə xəlaiq
Əslə oxumursan və deyilsən işə layiq.

Gəh sirkə, kluba və teatroya gedirsən,
Hər nə biliyorsan, onu sərbəst edirsən”.

Vay, vay, nə qədər yandırıcı, qəlbşikən söz!
Ağla, bu acı sözləri tənzir eləyən göz!

Bu sözləri söylər, yönəlir başqa otağə,
Dalsın bu otaqda gözəl ağuşi-fərağə.

Ləzzətli yeməklər yeyərək işrətə dalsın,
Ərbabi-səfalət dilər isə yerə batsın.

Şagird, o qəmdidə, bu möhtaci-ianət –
Yə's ilə dönər. Of, zavallı!.. Bu nə halət!

Könlündəki ümmidlərin öldümü, övlad?
Yoxdurmu vətəndə sənə bir can edə imdad?

Sındırdımı yə'sin daşı şəhbalını? Bilməm –
Yoxmu elə doktor ki, qoya zəxminə məlhəm?

Balalərə pərvaz edəcək yerdə, qəzadən, –
Yə's oxları salıd səni torpağa fəzadən.

Tifli-əməlin səhdi-xəyalında boğuldu,
Ümmidin ölüb, yə'slərin şidi doğuldu.

Səndən vətənin gözlər ikən şö'leyi-xidmət,
Söndün niyə birdən-birə, ey şəm'i-zəkavət?

Sən sübh olacaqdın bu şəbistani-vətəndə,
Ey ruhi-münəvvər, gəzəcəkdin bu bədəndə.

Kəştisi sınan millətə imdad edəcəkdin,
Girdabi-fənadən onu azad edəcəkdin.

Yol göstərəcəkdin, onu irşad edəcəkdin,
Sən millətini güldürəcək, şad edəcəkdin.

Heyfa ki, qırıldı pəri-nazəndeyi-şövqün,
Artıq sənə bir ləzzəti yox aləmi-zövqün.

Çox şəxslərin yə's qırıb eşq qanadın,
Könlündə qoyub istədiyi cümlə muradın.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets