Kömürçü Muradın şəhərin kənar küçələrindən birində bir balaca daxması var idi. Cəmi mayəhtacı bir palaza, üç-dörd mis qaba və üç dəst rəxti-xaba münhəsir idi. Murad öləndən sonra haman daxmada qalan arvadı Fatmanisə və iki oğlu idi. Böyük oğlu Teymurun on yaşı tamam olmamışdı, kiçik oğlu Əmirin iki yaşı var idi. Fatmanisə qonşular üçün işləməklə balalarını dolandırırdı.

Bir gün böyük oğlu Teymur bərk xəstələndi, belə ki, dirilməsindən həkim mirzə Səttar da naümid idi. Fatmanisə istəkli oğlunu belə görüb, gecələr sübhədək yatmayıb ağlayırdı. Axırda nəzir etdi ki, oğlu sağalsa, var-yox palazını satıb, bir qurban alıb kəssin. İttifaqən Mirzə Səttarın dərmanları səbəb düşüb Teymur sağaldı. Neçə gündən sonra Fatmanisə palazı qonşusu dəllal qozbel Pirquluya satıb, bir qoyun alıb qurban kəsdi. Naxoşluqdan təzə durmuş Teymur qurbanın kababından çox yediyindən, heyzə olub, vəfat elədi.

Teymurdan sonra Fatmanisə cəmi məhəbbətini balaca Əmirə saldı. Bir gün uşağı durduğu yerdə uçunma tutdu. Fatmanisə çox qorxdu. Nəhayət, uçunma tez dəf oldu. Bir neçə gündən sonra uçunma uşağın üstünə dübarə gəldi. Fatmanisə qonşusu Hüri qarını çağırıb məsləhət elədi. Hüri qarı dedi ki, uşağın üstündən “şeşə quşu” addanıb, ona dua yazdırmaq lazımdır. Apararsan Molla Əlyarın yanına, dua yazar, uşağın sağalar.

Haman günü axşam Fatmanisə Molla Əlyarın evində oturub yalvarırdı.

– Molla Əlyar, atam-anam sənə qurban, qələminə mənim canım qurban olsun, əl mənim, ətək sənin. Ya ətəyini kəs, ya mənim əlimi.

Xülasə, mənim balamın dərdinə əlac elə.

Molla Əlyar bir kitab açıb qoydu qabağına. Kitabın içində bir dairə çəkilmişdi. Dairənin ortası və kənarları yazı və şəkillərdən ibarətdi.

Molla cibindən bir girdə mıncıq çıxardıb, dua oxuyub atdı dairənin üstünə.

Mıncıq düşən yerə baxandan sonra başqa bir kitab açıb, oxuyub dedi:

– Uşağa gərək dua yazılsın, özü də bu saat və duanın qiyməti də bir manatdır.

Bir manat sözünü eşidəndə Fatmanisənin boğazı qurudu, başladı yalvarmağa:

– Molla Əlyar, oxuduğuna qurban olum, bu saat cibimdə bircə abbası pulum var, manata gücüm çatmır.

Molla cavabında dedi ki, bir manatdan bir qəpik əskik olmaz. Gedə bilərsən.

Arvad yenə yalvardı:

– Ay molla, ayağının altında ölüm, bu bir abbasını al, qalan pulunu da sabah evdən bir şey satıb gətirərəm.

Molla sözünün üstündə möhkəm durdu.

– Bir manatdan əskik olmaz. Baş ağrısı vermə, dur get!

Fatmanisa mollanın evindən çıxıb, ağlaya-ağlaya yolla gedirdi.

Müamiləçi Zeynal evin qabağındakı iskəmyənin üstündə əyləşib, çırt çubuğu çəkməyə məşğul idi. Fatmanisəni ağlar gördükdə xəbər aldı:

– Bacı, nə olubdur sənə, niyə ağlayırsan?

– Necə ağlamayım, ay qardaş, uşağın üstündən “şeşə quşu” addayıbdır.

Aparmışam Molla Əlyarın yanına, o da məndən bir manat dua pulu istəyir. Mənim də bircə abbasım var.

– Ağlama, bacı, mən sənə bir manat verərəm, apar dua yazdır.

– Ömrün uzun olsun, cibin bərəkətli olsun. Bu canım sənə qurban!

Zeynal Fatmanisəyə bir üçlük verib dedi:

– Al bu üçlüyü apar, bir manatını mollaya ver, iki manatını qaytar gətir buraya. Mən burada əyləşib səni gözləyəcəyəm.

Fatmanisə üçlüyü alıb, dua-səna edərək mollanın evinə tərəf qayıtdı.

Bir az vaxt sonra qayıdıb Zeynala İki manat verib, çoxlu dua elədi.

Zeynal xəbər aldı:

– Bacı, məndən razı oldunmu?

– Necə razı olmayım, mən ölmüşdüm, məni diriltdin.

– Molla da ki, razı oldu?

– Necə razı olmadı? Pulu cibinə qoyub, neçə dəfə “Allah bərəkət versin” dedi.

– Mən də çox razı oldum, çünki üçlük qəlp idi. Gərək insan elə iş tutsun ki, hamının razılığı əmələ gəlsin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets