Ey kaş
Ölümün qarşısını pul, qızıl alaydı kaş,Satardım var-yoxumu, hər nəyim var satardım.Sənə ömür alardım, tükənməz, uzun ömür,Üstəlik ömrümü də mən ömrünə qatardım.
Çəkinməzdim, gözlərim, qolum getsəydi belə,Təki sən bu dünyadan getməyəydin belə tez.Faciəli ölümün düşmüşdür dildən-dilə,Niyə tərk etdin məni belə tez, ey vəfasız!
Arzular karvanımı sən özünlə apardın,Ömrün qönçə çağında qəlbin borana düşdü.Arzum bir yana dursun, ürəyimi qopardın,Sən tufana düşəndən ömrüm tufana düşdü.
Sən gözəl, sən ağıllı, sən təmkinli, mehriban,Sənin gözəl günlərin qabaqdaydı, qabaqda.Ey Leylam, ey ömürlük qəlbimdə yatıb qalan,Özün gəl təsəlli ver, durma, durma uzaqda.
Ölümün qarşısını pul, qızıl alaydı kaş,Satardım var-yoxumu, hər nəyim var satardım.Sənə ömür alardım, tükənməz, uzun ömür.Üstəlik ömrümü də mən ömrünə qatardım.Ey insanlar, qızıla, pula nədir bu həvəs?!Pulla ala bilməmiş ömrü dünyada heç kəs.
Kitabxana.az · https://kitabxana.az/en/works/hekime-billuri-ey-kas
Use ← → keys to move, R for a random poem