Boz rəng
Gün əyilmişdi. Payız günəşi tala-tala boz buludların arasında gah itir, gah görünürdü. Bir azdan Ağrı dağının arxasına enəcəkdi, üfüqdə ancaq bir parça qızartısı qalacaqdı. Bu parça da sonra bir qırığa dönəcəkdi...
Dağlara yavaş-yavaş qaranlıq düşəcəkdi... Keçmə payızın axşamından: qəmli-qüssəli, hüznlü-kədərli, səssiz-səmirsiz...
Əcəminin cavan vaxtlarından xoşu gəlməzdi. Sazaq qalxanda, sonra küləyə çevrilib rəbatın sümsük itləri kimi həyət bacaya soxulanda, ağacların sarı-qırmızı yarpaqlarını vaxtından əvvəl yoluşdurub tökəndə, qabağına qatıb ora-bura çırpanda hövsələsi bir tikə olardı, keçirdiyi nigarançılıqlar, gördüyü pis günlər çoxalardı. Belə vaxtlarda özünü doğma evində yad, doğulub böyüdüyü şəhərində qərib hiss edərdi.
Bu gün də beləcə hövsələsiz idi Əcəmi. Üstəlik, anasını xatırlamışdı. Badisəba arvadın belə bir payız günündə qəfil ölməyi onu hər dəfə odsuz-alovsuz yandırıb-yaxırdı. Bir dəfə Cəmilə demişdi: “Anam məni ikiqat yetim qoyub getdi: həm anasız qaldım, həm də tənha...”
Uzaqdan yenə ud səsi eşidilirdi. Kor Əhsən bu dəfə də bütün dərdsərini, ağı-ağrısını udun simləri üstünə tökmüşdü. Səsi dinlədikcə Əcəmiyə elə gəlirdi ki, hardasa qayalardan tökülən bir şəlalənin suyu get-gedə azalır... Kor Əhsən yenə muğam çalırdı... qədim bir muğam...
Rəfdən səndəl ağacını götürüb evdən çıxdı.
Növbəti iş günü başa çatmışdı.
Cəmil də getmişdi, İbrahim də. Bənna şagirdlərini də, tikinti də işləyən şəhər əhlini də öz komalarına, evlərinə buraxmışdı. Tapşırmışdı ki, cümə axşamı olduğu üçün səhər işə gəlməsinlər. Yoxsa baş şeyx ibn Mübarəkin müridləri abır-həyamızı tökər, yediyimiz bir loğma çörəyi zəhər-zəqqum eləyərlər...
Hamı çəkilib gedəndən sonra dikdirə tərəf gəldi. Əvvəlcə nar yarpağı rənginə çalan buludlara baxdı, sonra gözlərini Araza dikdi. Birdən nə fikirləşdisə oturduğu daşın üstündə geri döndü. Bəlkə də birinci dəfəydi xatırladı ki, sərdabənin tikintisinə başladığı vaxtdan bir neçə il keçir. Gözəyarı ölçüb-biçdi... Ürəyi sakit oldu: təxminən hesabladı ki, işin yarısı görülüb...
Gözləri işıqlandı, sifətində qəribə bir əndişədən doğan sevinc qığılcımları peyda oldu, sinəsi tez-tez enib-qalxdı. Elə bil nəfəsi darıxdı. Durub bir də oturdu. Evə getmək istədi, fikrindən döndü. Axı onu evdə heç kim gözləmirdi... Fikirləşdi: yenə öz yaratdığıma baxıram burada, bəsimdi. Özü də, deyəsən, pis yaratmıram... möhtəşəm olacaq!
Keçən illər ərzində bəlkə də birinci dəfəydi ki, özü haqqında xoşgüman olurdu.
Birdən özü də bilmədən zümzümə etdi. Bir vaxtı anası Badisəbanın oxuduğu bayatını... Pəsdən, ancaq çox yanıqlı səslə etdiyi zümzümə elə bil özünün də xoşuna gəldi: “Bu qala, bizim qala, həmişə bizim qala. Tikmirəm özüm qalam, tikirəm izim qala...”
Bir az ara verib bayatını bir də zümzümə etdi. Anasının bir vaxtı oxuduğu bu bayatını elə bil onun üçünü qoşmuşdular. Burası onun daha çox xoşuna gəldi: “Tikirmə izim qala...”
Əcəmi diqqətlə əllərinə baxdı. Bu da birinci dəfəydi ki, əlləri xoşuna gəldi: yaraşıqlı idi, Dəryanuru xatırladı. Bir dəfə qız onun əllərinə xeyli baxandan sonra aparıb sinəsi üstünə qoymuşdu və “Ən qədər gözəl əllərin var, Əcəmi!.. – demişdi. Bir də niyə olmasın, elə incə, gözəl naxışları elə belə qəşəng əllər vura bilər...”
Birdən günəşin üfüqlə görünən qızartısı yoxa çəkildi. Ətraf da bozardı, sərdabənin bayaq əlvan görünən simasına da bir bozartı çökdü, Əcəminin üzündə də boz-boz cizgilər peyda oldu... Əcəmiyə elə gəldi ki, dünyanı – yeri də, göyü də, dağları da, qayaları da, dərələri də, düzləri də boz bir parçaya bürüdülər. Bağların üstünə boz örtük çəkdilər, çaylara, bulaqlara isə haradansa bulanıq sular axıb qarışdı, onları da boz rəngə boyadı.
Ayağa qalxdı, yavaş-yavaş sərdabəyə tərəf gəldi, səndəl ağacını qurşağına keçirdi, kənarda dayanıb diqqətlə sərdabəyə baxdı, baxdı... Elə bil içəridən səs gəldi: “əlin – qolun var olsun...” Əməlin yaxşı əməldi, xeyirxah əməldi... Burada bir ana yatsa da, dünyadan köçən bütün anaların ruhu sənə daim duaçı olacaq...” Fikirləşdi: “Olsun da... Anaların təkcə özləri yox, ruhları da bizdən razı qalmalıdı...Bu onların haqqıdı, bizimsə borcumuz... Həmin borcu ödəmək də bizim borcumuzdu... Belə olmasa yer üzündə övladlardan heç bir yadigar qalmaz... Təlatüm içrə biz, sükunətdə daim ruzgar..”
Fikrindən keçən sözlər içərisində qırılıb yarımçıq qaldı...
Bir dəstə sığırçın haray-həşirlə onun başının üstündən keçib qonşu həyətdəki çinar ağacına qondular, xeyli sarı yarpaq töküldü...
Əcəminin fikri dağıldı, sığırçınlar elə bil təzədən onun qulağına pıçıldadılar: ustad, payızdı ha!..
Əcəmi yenə əvvəlki yerinə qayıtdı, daşın üstündə əyləşdi. Əyləşən kimi də əvvəlki bayatı təzədən yanıqlı zümzüməyə çevrilib dodaqlarına axdı: “Bu qala, bizim qala...”
– Axşamın xeyir, qardaşoğlu!
Başını qaldırdı. Dostları idi: qoca kuzəçi, dəmirçi və zərgər... Əcəmi sağ əlini dizinə dayaq verib ayağa qalxdı. Ona elə gəldi ki, neçə illərdi tanış olduğu, bir yerdə çörək kəsdiyi bu ürəyi saf, zəhmət adamları da bu gün boz rəngdədirlər. Halbuki paltarları təzələnsə də, heç biri köhnə dəbə xəyanət etməmişdi. Dərgah kişi yenə ləbbadəsini geyib, hava soyuduğu üçün arxalığını çiyninə salmışdı. Nurməhəmməd yenə saqqallı idi və yay-qış geydiyi alt köynəyinin və qolsuz kürkün içində idi, Mustafa əynindəki Gəncə mahudundan tikilən ləbbadədə idi. Fərqi o idi ki, rəngi başqaydı, bu dəfə qara mahuddan tikilmişdi paltarı. Bu isə onun get-gedə sarılığı çoxalan sifətinin rəngini bir az da büruzə verirdi. Əcəmi isə onun sifətini sarıdan çox boz görürdü...
– Xoş gəlmisiz, Dərgah kişi. – Əvvəlcə qoca kuzəçinin əlini sıxdı, ona elə gəldi ki, beş-altı dənə iydə çubuğunu ovcuna alıb sonra yerə tökdü. Nurməhəmmədlə, Mustafa ilə də əl tutdu.
– Uzaqdan gördük bu həndəvərdəsən, dedik yenə bir baş çəkək. Əslini axtarsan, elə lap son aylarda bir neçə dəfə gəlmişik, amma kənardan durub tamaşa eləmişik. – Zərgər Mustafa dedi.
– Babam deyərdi, dağa gərək uzaqdan baxasan... uzaqdan baxanda dağ həm yaraşıqlı görünür, həm də əzəmətli... Yəni necə var, eləcə, olduğu kimi. – Bunu da dəmirçi Məcusi dedi.
– Dağlar da iki cür olur, Məcusi – Qoca kuzəçi başını yavaş-yavaş yırğaladı. – Mərd dağ, namərd dağ... mərd dağ razı olmur yağı onun bir çığırına da ayaq bassın, namərd dağ isə gələnə də, gedənə sinəsi üstündən yol verir...
Dəmirçi də geri çəkilmədi:
– Dağda təqsir yoxdur, ay Dərgah kişi! Onu da biz insanlar namərd eləyirik... Deyir “Avesta”da yazıblar: “Yalan, namərdlik dünyanı axırda kor qoya bilər..”
– Di yaxşı! – Zərgər Mustafa darıxdı. – Elə sizi də qoyasan mübahisə eləyəsiz. Sən palçığı tərif edəsən, sən də poladı... Qoyun görək bir kişinin işləri nə yerdədi, nə kömək lazımdı?.. Biz gərək ki, bura gələndə belə şərtləşmişik...
– Sağlığınıza işlərim pis getmir. – Əcəmi səndəl ağacını qurşağına keçirdi. – Hələlik işimin də öhdəsindən gəlirəm... namərdlərin, naxələflərin də qabağından hələ ki, qaçmıram.
– Rəhmətlik atana çəkmisən, qardaşoğlu!.. Elə halalxor kişinin ki, ad-sanını batırmırsan, Allah-təala səni heç vaxt xəcil eləməz. Dərgah kişi sərdabəyə yaxın gəlib onun başına hərlənə-hərlənə naxışlarına, rənglərinə diqqətlə baxmağa başladı. Zərgər də, dəmirçi də ona qoşuldular. Qoca kuzəçi get-gedə mərhum dostunun sənətkar oğlunun əlindən çıxan əmələ valeh-valeh baxır, gah zərgərə, gah dəmirçiyə müraciətlə deyirdi: – Zərgər işidi, vallah! Yoxsa səhv edirəm, Mustafa?.. Adam inana bilmir ki, bu naxışları insan əli vurub bu kitabələrə... Möcüzədi, billah!.. Mənlə razısan, Məcusi?
– Razıyam, Dərgah kişi... Yüz kərə, min kərə razıyam!..
Qoca kuzəçi dostlarının razılıqlarını alandan sonra yenə sərdabənin kitabələrinə baxa-baxa fırlanır, hərdən bir də qəddini düzəldib, hələ yarımçıq tikilinin yuxarısına diqqət kəsilir, sonra kənarda dayanan Əcəmiyə sarı çevrilib razı-razı gülümsəyirdi.
– Mərhəba! Əllərin var olsun, qardaşoğlu. – Kuzəçi dəmirçiyə, zərgərə üzünü tutub adəti üzrə yenə misal çəkdi: – Deyir, sarsaq bir xətib bir kəndə gələn kimi özünü, eşşəyini və palanının kəndirindən asdığı xoruzu göstərib deyir: “Acmışam, tez olun mənə təam gətirin, eşşəyimə də, xoruzuma da yeminən, dən..” Kəndlilərdən biri qoltuğundakı qovunu ona uzadıb deyir: “Al, sizin yeməyiniz budur. Qovunu özün ye, qabığını eşşəyin, toxumunu da xoruzun...Üçünüzə də bəs elər...” İndi də bu. – Dərgah kişi başı ilə sərdabəyə işarə elədi. – Qardaşoğlu elə tikir ki, üçünə də bəs eləsin...
Qoca kuzəçinin eyhamını ilkin zərgər Mustafa başa düşdü:
– Bərəkallah, Dərgah kişi! Qızıl kimi söz dedin!..
Birdən “qızlar bulağı” tərəfdən dikdirən bir oğlan uşağı qalxdı və onları görən kimi:
– Əcəmi dayı!.. Əcəmi dayı! – deyə-deyə təngənəfəs sərdabənin ətrafına yaxınlaşdı. Əcəmi cəld ona tərəf yeridi:
– Rəşid nə olub?.. Yoxsa nənə...
– Yox, Əcəmi dayı, evin yanır... – Uşaq hönkürdü.
– Ev yanır? – Əcəmini təşviş bürüdü.
– Hə keçirə, bilmirlər...
Qoca kuzəçi də, dəmirçi də, zərgər də uşağın son sözlərini eşidən kimi yaxın gəldilər. Onlar həyəcanla Əcəmigilə tələsdilər.
...Yanğın söndürülmüşdü. Əslini axtarsan, qonşular tökülüb gəlincə içəridə nə vardısa hamısı yanmışdı. Yerində boz-boz kül topaları qalmışdı. Həyətə də elə bil boz rəng çəkilmişdi... Bomboz rəng – kül rəngi...
Kənarda köhnə çəliyinə söykənib zorla ayaq üstə dayanan qonşu Xədicə qarı bir əlini də nəvəsi Rəşidin çiyninə qoyub vaysınırdı:
– Oğul, Əcəmi... bağışla... gücüm bircə səsimə çatdı... Haray təpdim... Car çəkdim... Üst-başım od almasaydı içəri girib heç olmasa pal-paltarını, yatacağını eşiyə çıxardardım... Amma gücüm çatmadı... Bağışla, oğul!.. Niyə mən heç nə eləyə bilmədim, ilahi? Bəs qonşu qonşuya hansı gündə lazımdı?..
– Elə sənə kömək ediblər, bu bəsdi, Xədicə xala. – Əcəmi səndəl ağacı ilə yanağını qaşıdı.
– Xədicə xalanı yerə girsin!.. Gözüm baxa-baxa koman yanıb külə döndü... – Xədicə qarı özünü saxlaya bilməyib ağladı. Əcəmi isə bircə şeylə təsəlli tapdı: yaxşı ki, rəhmətlik kişinin atasından qalan qılınc evdə olmayıb... Yoxsa yanıb korlanardı... Elə bu gün hər şey gözümə boz rəngdə görünürdü. Bomboz... kül rəngində...
– Çox sağ ol, Xədicə xala... Yanan ev-eşik olsun...Hamısı düzələcək...
– Çox çalışdım həyətdən çıxanın üzünü görəm, amma görə bilmədim çolax köpəkoğlunu!.. Evi yıxılsın baisin!.. Çırağı sönsün.
Xədicə qarı kiminsə qarasınca qarğış tökdü.
– Namərd oğlu namərd! – Dərgah kişi dedi.
– Biləm kimdi, basam körüyün ağzına! – Məcusi hədələdi. Mustafa dəmirçinin sözlərinə qüvvət verdi:
– Hə... Hə!..
Xədicə arvadın “çolax köpəkoğlu” sözü Əcəminin qulaqlarında xeyli müddət ilişib qaldı və ürəyinə şübhə saldı: “Bu Əbutahirli törəməsinin əməli olmaya?..”
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-ibrahimov-esrin-onda-biri-boz-reng
Use ← → keys to move, R for a random poem
More by this author
Birinci qəbul**Şəhər rəisi Eldəgəzlər dövlətinin ikinci hökmdarı şərəfinə böyük bir ziyafət düzəltmişdi. Cahan Pəhləvan cənublulara məxsus qanıqaynar naxçıvanlılardan arxayın olandan, atabəy-əzəm üçün elan etdiyi matəm günləri başa çatandan və Həmədandan Naxçıvana qədər uzanan yolların yorğunluğu yavaş-yavaş canından çıxandan sonra bu fikrə gəlmişdi. Bir də rəyasəti ələ keçirəndən, cavan bir dövlətin bütün qayğılarını, məmləkətin dərd-sərini çəkməyi boynuna götürəndən, iki ay içərisində iki əziz adamına – Anası Möminə xatuna və atası Atabəy Şəmsəddinə saxladığı matəm günlərindən ürəyinə dolan kədəri özündən uzaqlaşdırmaq üçün ova çıxmağa, dağ havası almağa, əylənməyə, kef etməyə nəsə bir ehtiyac duyurdu...
Hökmdarın qəzəbnak vaxtıQonşuluq barədə bədxahlığın, bədgümanlığın əsasını hələ neçə-neçə il əvvəl gürcü çarı dördüncü Baqrat qoymuşdu. O, heç bir əsası olmadan Arrana düşmən nəzərilə baxmışdı. Öz sələfinə xilaf olmayan dördüncü David isə Azərbaycan üzərinə qoşun yeritmiş, nahaq qanlar tökmüş, iki qədim qonşuları bir-birinin üstünə qılınc qaldırmağa məcbur etmişdi. David Gəncəni tutmuş, yerli əhalidən çoxlu əsir alıb aparmışdı.Onun ölümündən sonra taxt-taca sahib olan birinci Demetre qəflətən basqın edərək gəncəlilərin üstünə yenidən qılınc qaldırmış, onları talan etmiş, geri dönəndə isə çoxlu qənimət aparmışdı. Əsir götürdüyü on min gəncəlinin çoxunu qılıncdan keçirmişdi...
Dərban və mühafiz (yaz söhbəti)– Ə, nətərsən, ə?– Necə olacağam? Demək olar ki, pisdən pis.
Kuzəçi, dəmirçi, zərgərƏcəmi sübh tezdən durmuşdu. Həyətdə bir az qurdalandı... Ancaq heç nəyə əl vurmağa həvəsi yox idi, yeməyə də onun kimi. Buna baxmayaraq müxtəlif söyüd, iydə şivlərindən müxtəlif rənglər vurub toxuduğu səvərələrdən bir balacasını götürüb həyətə çıxdı. Elə bu vaxt kor Əhsənin udunun həzin sədaları səhərin mehinə qarışıb onun həyətinə doldu, qulaqlarına axdı. Kor Əhsən yenə muğam çalırdı, qədim bir muğam...Əcəmi gedə bilmədi, ağacın altındakı kötüyün üstündə əyləşib axıra kimi qulaq kəsildi. Muğam qurtarıb, ud susandan sonra səvərəni sol qulağına keçirdi, darvazanı kilidlədi və yola düzəlib bazara getdi.
Poems by other poets
Qalmışam pərvanə tək,Odlanə-odlanə mən.
Unut məniSaralan yarpaqlarısaxlamırsa budaqlar,
SərçələrAllahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,
Gəhi casusə üz tutdum, gəhi dildarə yalvardımGəhi casusə üz tutdum, gəhi dildarə yalvardım,Bulardan naümid oldum, dönüb əğyarə yalvardım.