Muradın söylədikləri
Möhnət qocanın söylədiyi bu misraların «Qızyetərlə çoban Mahmud» nağılına nə dəxli vardı? Nə üçün Möhnət qoca bu misraları heylə ürəkdən, heylə dərdli-dərdli deyirdi? Və bu sözləri söylərkən tamaşa elədiyi dağlarda nə görürdü? Kimləri görürdü? Yoxsa dağlardakı dumanda yox olub gedən cavanlığını, cavan sevgilisini görürdü?
Mən birinci dəfə olaraq Möhnət qocanın və dumanlı dağların nisgilini duyurdum, amma anlaya bilmirdim ki, bu nisgil, bu qəribə kədər nədən ibarətdir? Sonralar da bu nisgil, bu kədər həmişə mənimlə idi. Sonralar da mən uzaq dağlara baxanda, aşıqların sazına, xanəndələrin muğamına qulaq asanda o kədəri, o nisgili hiss edirdim, amma mənasını anlaya bilmirdim, doğrusu, heç anlamağa da cəhd eləmirdim. Axşamlar gün batıb çıraqlar yananda da, el bir yurddan o biri yurda köçəndə də mən eyni kədəri, eyni nisgili hiss edirdim.
Səhər gün çıxanda Altıntaxtanın lalələri sevinclə parıldaşırdı, gün batanda isə onlar sanki hər şeyə qarşı biganə olub, çox uzaq xatirəyə dalırdı, axşamın alatoranında dağlara duman gələndə sanki Yer üzünə qəm-qüssə çökürdü. Bəzən mənə elə gəlirdi ki, o dağlarda Altıntaxtanı bürüyən o qırmızı lalələr də, yosunlu qayadan çıxıb mərcan kimi rəngbərəng xırda daşların üzərilə axan Eşşək bulağı da canlıdırlar və nə üçünsə dinib danışmırlar. Xaynamazın, otlaya-otlaya, sakit halda məni üstündə gəzdirən kor madyanı da heç kəsə, heç nəyə fikir verməyən ən biganə məxluq idi. Onun heç bir qüssəsi, heç bir xatirəsi yox idi. Sanki igid oğlanlar, igid atlar görmüş dağlar ona acı bir kədərlə baxırdı. Və mənə elə gəlirdi ki, Qaracanın dərdini insanlar yox, dağlar, ayaqyalın gəzdiyi şehli çiçəkli otlaqlar, bir də axşam kədərlə qürub eləyən günəş hiss edir. Və bəlkə Qaracanın xəbəri yoxdur ki, onun insanlardan incimiş anası o uzaq dağlarla, o yiyəsiz çöllərlə ünsiyyət bağlayıb. Həqiqətən də, dünya durduqca yaşayıb, çoban Mahmud kimi namərd sevgililərdən intiqam alacaq?! Kaş bircə dəfə də olsa, o, xəlvətcə gəlib Qaracanı görəydi. Qaraca da inanaydı ki, anası sağdır və dünya durduqca yaşayacaqdır! Yəqin ki, onda Qaraca heç nəyin dərdini çəkməzdi və indiki kimi, adamlardan uzaq olmağa çalışmazdı.
Qaracanın anası qaçandan sonra dünya mənim gözümdə, elə bil, sarı, soyuq bir rəngə bürünmüşdü. Mən artıq nə sapand atmaqla maraqlanırdım, nə də cələ qurub quş tutmaqla.
... Daha dağların başından çən-duman çəkilmirdi. Çobanların cürcənəsi, igidlərin yapıncısı çiyinlərindən düşmürdü. Axşamlar alaçıqlarda, komalarda ocaq qalanırdı. Hər səhər otların üstünə şeh-qırov düşürdü. Nəhayət, bir axşam alaçıqlar, komalar söküldü. Keçələr, alaçıq çubuqları, dolu fərməşlər, motallar, yağ çirişləri dəvələrə yükləndi. Atlar yəhərlənib dayandılar. Ay doğanda el tərpəndi arana.
Mən axşamdan anama yalvardım ki, qoysun dəvəyə minim. Əhmədalı da anama dedi:
– Qoy gəlinlə otursun bizim dəvənin üstündə.
Əhmədalının gəlini mindiyi dəvə balaca güzgülərlə, əlvan qotazlı gözlüklərlə, mis zınqırovlarla bəzənmişdi, sinəbəndinə qırmızı, firuzə rəngli muncuqlar düzülmüşdü. Babam, atam, anam yəhərlənmiş atlarda gedirdilər. Dəvələr yırğalana-yırğalana yeridikcə boyunlarındakı zınqırovların səsləri, elə bil, Ayla, ulduzlarla işıqlanmış çöllərin sükutu içində uzaqlardan gələn, mənə məlum olmayan bir musiqiyə çevrilirdi. Əhmədalı tez-tez atını bizim dəvənin yanına sürüb məndən soruşurdu:
– Qaqaş, üşümürsən ki?
Cavan gəlin də Ay işığında gülümsəyib deyirdi:
– Xalasının qucağında niyə üşüyür.
Çox cavan olduğu üçün onun özünü xala adlandırması mənə gülməli görünürdü. Ondan təzə süd qoxusu gəlirdi.
Köç hündür dağın döşündən salınmış el yolu ilə getdikcə mənə elə gəlirdi ki, ulduzlu göyün bir parçası da aşağı dərədədir. Qaranlıq dərədə görünən işıqlar, elə bil, ulduzlar idi. Zınqırovların səsi, bizdən aşağıda görünən ulduzlu göy parçası, dəvənin yırğalana-yırğalana getməsi, fərməşin üstündə uzanıb başımı dizinin üstünə qoyduğum gəlindən gələn təzə süd qoxusu mənə yuxu gətirirdi, yarımürgü içində mənə elə gəlirdi ki, elə həmişə bu cür gedirik. Haradan gəlirik?.. Hara gedirik?.. Bilinmirdi... Biz elə hey gedirik... Həmişə də gedəcəyik... Həmişə də zınqırovlar belə eyni ahənglə səslənəcək. Bizdən aşağıdakı ulduzlar da göydəki ulduzlar kimi həmişə uzaqdan, qaranlıqdan işıq verəcək. Biz həmişə belə gedəcəyik.
Birdən köçün qabağınca nərin üstündə gedən Səkinə nənə bu ulduzlu göyün altında, bu ulduzlu dərənin üstündə uca səslə bayatı çağırdı:
Aşıq gecələr gələr,
Yatıb dincələr, gələr.
İllər mübah keçəndə,
Karvan gecələr gələr...
Səkinə nənə ilə yaşıd olan Mustafaoğlu da köçün arxa tərəfindən başqa bir bayatı çağırdı:
Ay doğdu pərli-pərli,
Qapılar qoşa nərli.
Girəydim yar qoynuna,
Çıxaydım tərli-tərli.
Sonra dərin sükut içində zınqırov səsləri sanki asta-asta Çahargah muğamına çevrilərək mənim xəyalımı çəkib dərk eləmədiyim, ancaq əsrarlı şirinliyini hiss elədiyim uzaqlara aparırdı və bu naməlum uzaqlarda, eynilə belə aylı-ulduzlu qaranlıqda gah çöllərlə gedən Qızyetəri, gah qızıl taxtda əyləşən, özü də mənim anam kimi gözəl olan pərilər padşahını və onun qabağında rəqs eləyən çılpaq qızları görürdüm. Mən Qızyetərin öz sevgilisi ilə həmşəri xan arvadını necə öldürdüyünü xəyalıma gətirmək istəmirdim, daha doğrusu, gətirməkdən qorxurdum, ancaq o dəhşətli mənzərə lap zehnimin yan-yörəsində hərlənirdi... Birdən gözümün qarşısında Qaraca dayandı və mən hövlnak başımı qaldırıb gəlindən soruşdum:
– Haradadı Qaraca?
Cavan gəlin Ay-ulduz işığında gülümsəyib yavaş səslə dedi:
– Qaraca qoyunla gəlir.
Mən eyni həyəcanla soruşdum:
– Piyada?
Gəlin arxayın, təbii bir ifadə ilə təsdiq etdi:
– Hə, əmisigilin çobanlarına kömək eləyir, inəkləri, buzovları gözləyir. Sən başını qoy yat, qaqaş!
Mən indi başımı onun dizinə deyil, fərməşin üstünə qoydum və Qızyetərin xəncəri öz namərd sevgilisinin sinəsinə necə endirdiyi bütün aydınlığı ilə xəyalımda zahir oldu və mən bu mənzərəyə tamaşa etdikcə elə bilirdim ki, Qaracanın dərdi azalır, elə bil ki, Qaraca yazıqlıqdan çıxıb güclü, zirək olur... Və birinci dəfə olaraq mən intiqamın ürək soyutmağını hiss edirdim, mühakiməsiz, təhtəlşüur olaraq hiss edirdim.
Qozlu çay dərəsində biz köçdən ayrılıb, atamgilin kəndi Güney Güzdəyə getdik. Anam getmək istəmirdi. Atam təkid elədi. Bayram babamla Fatma nənəm isə köçlə Kürdobaya getdilər. Qızılbaşoğlu da onlarla idi.
Atamgilin daşdan tikilmiş, üstü qırmızı dəmirli ikimərtəbə evlərinin geniş artırmasına çıxanda məni qabıqdan çıxmış təzə qoz iyi vurdu və bu iy məndə indiyəcən duymadığım xoş bir təsir doğurdu. Elə bil ki, mən tamam təzə bir aləmə daxil oldum.
Yaşı çoxdan səksəni keçmiş Xəlsə nənəm yel kimi artırmaya çıxıb:
– Ay qadanızı alım, nə yaxşı gəldiniz, – deyə mənimlə bacımın üzündən öpdü.
Xəlsə nənəmin həmişə quş kimi qıvraq olması, heç bir zaman ayaqqabı geyinməməsi, dabanlarının dərisinin gön kimi bərk olması, səhər ha eləyib biz durana qədər kəndin ayağından girərək başından çıxıb bütün xəbərləri toplayıb gətirməsi məni ən çox maraqlandıran işlərdəndi. Mən təəccüb edirdim ki, «niyə Xəlsə nənəmin ayağına tikan batmır?»
Xəlsə nənəmin əynində həmişə tünd parçadan uzun tuman, arxalıq, uzun döşlük olardı. Qış-yay başına qalın şal dolayardı. Mən ondan soruşdum ki:
– Nənə, niyə ayaqqabı geymirsən?
– Ay qadan alım, – dedi, – ayaqqabı geyəndə hövsələm daralır.
Sonra yaşca atamdan böyük olan Qubad əmim, onun arvadı Şahxanım gəlib bizə «xoş gəldin» elədilər. Şahxanım əmimin ikinci arvadı idi. Onun birinci arvadından olan oğlu Bəhlul da təxminən mən yaşda idi. Qubad əmimgil aşağı mərtəbədə olurdular. Üst mərtəbədəki evləri də döşəyib qonaq üçün saxlayırdılar. Üst mərtəbədə böyük bir zalı da barama qurutmaq üçün düzəltmişdilər ki, kənd arasında buna «barama maşını» deyirdilər. Qubad əmim ucaboylu, enlikürək, ayağı çarıqlı bir kəndli idi. Xəlsə nənəmin əri rəhmətə gedəndə uşaqları balaca imiş. Ancaq arvad mənim atamı bizim kənddən səkkiz kilometr aralıda, Qarğabazar kəndindəki beşillik rus-tatar məktəbində oxuda bilmişdi. Atam da çox zehinli imiş. Cəmi beş il oxusa da, rus dilini yaxşı öyrənə bilmişdi. Anamın qayınları ilə o qədər də arası yox idi, amma Xəlsə nənəmlə dost idi. Arvadın diribala olması, xüsusi əda ilə tez-tez danışması, bir saatın içində kəndin ayağından girib başından çıxması anamın xoşuna gəlirdi. Anam həmişə onunla danışanda gülümsəyirdi. Xəlsə nənə yeməklərin içində ən çox kələm dolmasını xoşladığı üçün bizə gələndə həmişə anam kələm dolması bişirərdi. Atamın, anamın ona çox hörmət eləmələrinə baxmayaraq, bizdə az qalardı. Üç-dörd gündən sonra deyərdi:
– Mənciyəz tay gedim.
Atam da ona paltarlıq parça, ayaqqabı alardı. Özünə də tapşırardı ki:
– Əşi, ana, bax, bu ayaqqabılarını geyin!
Nənəm də söz verərdi ki, «geyəcəyəm», amma geymazdı. Xəlsə nənəm Fatma nənəm kimi nağıl-zad bilən deyildi. Keçib-keçəcəkdən də danışmazdı. Onu kənddə olan gündəlik hadisələr, əhvalatlar maraqlandırardı.
Kitabxana.az · https://kitabxana.az/en/works/ilyas-efendiyev-muradin-soyledikleri-2
Use ← → keys to move, R for a random poem
More by this author
Dünyaya çox igidlər, nəcib atlar verən gözəl Qarabağın «Kirs» deyilən qalın meşələrində Alyanlı adlı bir oba vardı. Alyanlı obasında hamıdan çox sayılan bir adam vardı ki, onun da adı Bağdad bəy idi. Məlum deyildi ki, dünyanın qurtaracağında, bu qalın meşələrin, bu sıldırımlı dağların arasına «Bağdad» adı haradan gəlib çıxmışdı. Bağdada kim bəylik vermişdi? Ancaq onu da deyim ki, Bağdad bəylə rəiyyətin fərqi ancaq onda idi ki, onun (yəni Bağdad bəyin) içində su dəyirmanı olan «Damlıca» adlı bir mülkü vardı. Bağdad bəy də başqa kəndlilər kimi, patavalı çarıq geyib, uzuntüklü qoyun dərisindən basma papaq qoyardı, dəyirmanda şahıdı özü alardı, Damlıca mülkündəki torpaqları özü şumlardı, özü də qabağından yeməyən igid bir adam idi, mahalda ən yaxşı at onda olardı.Siz taleyin işinə baxın ki, Bağdad bəyin də Kərbəlayı İbixan kimi gözünün ağı-qarası bircə qızı vardı və onun adı Xanım idi.
Cavan Bayramla gözəl Fatmanın əhvalatıBu əhvalatdan üç il sonra Qara Əmrah Xanımın ən gözəl qızı Fatmaya elçi göndərdi. Qara Əmrah sayılan nəsildən deyildi. Özünün də bir qatırla, beş-on keçidən başqa heç nəyi yox idi. Ona görə də Xanımı od götürdü, elçiləri söyüb qapıdan qovdu, ancaq Qara Əmrah bir könüldən min könülə qıza aşiq idi, dedi öldü var, döndü yoxdu! Cavan tay-tuşlarını başına yığıb bir gün qız bulaqdan qayıtdığı zaman onu götürüb qaçdı. Bir ildən sonra Fatmanın bir oğlu oldu, adını qoydular Cəlil.Ancaq Xanım sakit olmurdu ki, olmurdu. Hər gün Fatmanı xəlvəti çağırtdırıb öyrədirdi ki, boşan o qara köpək oğlundan, gözəl-göyçək qızsan, yüz müştərin olacaq.
Nadiri taxtda görmüş Kamırxan qarının əhvalatı və Bayram bəyin Qarabulağa gəlməsiİndi sənə kimdən danışım, Kamırxan qarıdan...Qarabağda bir adamın çox yaşlı olduğunu bildirmək istəyəndə zarafatyana deyərdilər: «Filankəs Nadiri taxtda görüb». Amma Kamırxan qarı, doğrudan da, Nadiri taxtda görmüşdü, yəni Nadir şah Qarabağa hücum eləyəndə o, nişanlı qız imiş. Amma mən Kamırxanı görəndə qarı o qədər qocalmışdı ki, balacalaşıb olmuşdu bir tikə, gözləri də olmuşdu noxud boyda. Kamırxan qarıgil Güney Güzdək kəndində olurdular. Kənd Ərgünəş meşələrinin yaxınlığında idi. Kamırxan qarı nağıl eləyirdi ki: «Mən nişanlı qız idim, bir gün səs düşdü ki, İran şahı Nadir qoşun çəkib, gəlib Qarabağın üstünə, kəndləri dağıdır, adamları qılıncdan keçirir. Biz də ayın-oyunumuzu ata-eşşəyə yükləyib qaçdıq Ərgünəş meşəsinə. Mənim babam ağır xəstə idi. O bizə dedi ki, hamısı birdi, mən sizinlə gedə bilməyəcəm. Yanıma bir bardaq su, bir az da çörəkdən-zaddan qoyun, gedin.
Cavan tacirlə pristav qızının əhvalatıBayram bəyin qızı böyüyüb mina gərdənli, uzunsaçlı, bulaq suyu kimi şəffafgözlü bir gözəl olmuşdu. Qocası Səkinədən gələn bir xal qar kimi ağ boğazının yanına qonmuşdu. Müəllimlər gəlib ona evdə dərs vermişdilər. Kürdobalılarla yaylağa, arana köçəndə qız at minib oğlanlarla cıdıra çıxardı, nişana atardı, «Şahnamə»nin rəvayətlərini, Füzulinin, Natəvanın qəzəllərini oxuyardı. Anası Fatma xanımın tütünündən götürüb xəlvətcə çəkə-çəkə öyrənmişdi papirosa. Qulluqçularına o vaxtın ən bahalı papirosundan aldırıb atasından gizlədərdi, anası Fatma xanım qızının papiros çəkdiyini bilirdi, amma bir söz demirdi. Çünki özü də elə bu yaşlarında anası Xanımdan papiros çəkmək öyrənmişdi, özü də anası Xanım kimi əzazil deyildi, ürəyiyumşaq arvad idi. Bayram bəyin hər ay oğluna kifayət qədər pul göndərməsinə baxmayaraq, Fatma xanım da ərindən gizlin eyzən ona pul göndərərdi. Ucaboylu, alagözlü, Həzrət Yusif kimi gözəl bir oğlan olan Nuru bəy də pulları sağa-sola səpələyib kef çəkərdi. Şuşa qalasının ermənilər yaşayan hissəsində olan klublarda səhərəcən qızlarla rəqs edərdi...Yaquta hər tərəfdən elçilər gəlirdi, amma Bayram bəy anası Səkinənin, Kürdoba ağsaqqallarının məsləhətilə Muradxanlı obasından olan Hacı Hüseynin oğlu Məhərrəm üçün gələn elçilərə söz verdi. Hacı Hüseynin dörd-beş min qoyunu, neçə yüz atı, neçə dəvəsi var idi. Özü də tikanlı tayfadan idi. Obanın yarısı onun qohum-qardaşı olub, hamısı da sayılan, karlı adamlar idi. Hacı barmağını qaldırsaydı, yüz atlı, tüfəngli adam hazır olardı. Məhərrəm də at minib tüfəng tutan boy-buxunlu, yaraşıqlı bir oğlan idi. Neçə dəvə yükü yağ, motal, neçə qaradiş erkək, neçə mötəbər ağsaqqal gəldi, nə qədər qızıl, zinət, zərxara, parça gətirdilər. Yaquta nişan taxdılar.
Poems by other poets
Göz aldadan bir su kimiGah lal axar asta-asta,
TapmacalarMən Aşıq qan ayağı,Qan alı qan ayağı,
İrvanən və şərurəBir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm