Süleyman padşahın xəzinəsi 3
Page 3 of 4 · 50%
Səməd buna inanmadı. Daha doğrusu, inanmaq istəmədi.
Eyvandan kabinetə qayıdanda Sultan əmi qapını çırpdı. Özü də elə çırpdı ki, bütün evdə pəncərələr cingildədi. Səməd isə, bu aşkar əsəbiliyə də inanmaq istəmədi. Əmisinin sevincində sevinc, xoşbəxtliyində xoşbəxtlik tapmaq, ötən illərin əzablarından birdəfəlik qurtarmaq arzusu necə güclü idisə, hətta qapı çırpılandan sonra elqızının birdən-birə qəmli göründüyünə də əhəmiyyət vermədi, evin gəlininə xəlvətdən tamaşa eləmək nə qədər xoş olsa da, əmisi tələsdiyinə görə o da tələsib, nəhayət, yaxınlaşıb “səlam” verdi və atası ilə əmisindən götürdüyü cənub ləhcəsilə: – Səlam verdim, səlam almaz, belə olmaz, belə olmaz, – deyib güldü. – Səlam, elqızı!.. Axşamın xeyir, gəlin bacı! Sən bu evə xoş gəlmisən! Səfa gətirmisən!
Hesabla, “gəlin bacı”, “doğma məhrəm elqızı” Qonaqlıda uşaqdan böyüyə, qarıya, qocaya qədər hamının tanıdığı bu sinədən gələn qalınaraq səsi dərhal tanımalı idi, Qudalı məhləsinin adamlarından başqa bütün kəndin ərköyünü, istəklisi “Dəli Səmədin”, “iki qardaşın bircə balası”, “Əmirli yeniyetməsi”nin qayıdıb gəlməyindən sevinib boynuna sarılmalı idi, o doğma elin bütün elqızları kimi mehriban, açıq, səmimi ürəklə o üz-bu üzündən, alnından öpməli idi, öz növbəsində “xoş gəlibsən, səfa gətiribsən” deyib, bəlkə iş-gücünü atıb, ərini də sevindirmək üçün evə yüyürməli və ya elə burdan qışqırıb, “Muştuluq, Səməd gəldi” – deməli idi. Səmədin ürəyindən keçən bu idi və hesabla, elə belə də olmalı idi. Əmma elqızı nəinki sevinmədi və boynuna sarılmadı, heç başını da qaldırmayıb, üzünə də baxmayıb, duruxub qaldı. Bu çox təəccüblü idi.
Qabırğaların yağı əriyib cızhacız töküldükcə ordan-burdan gur alov dilləri püskürüb, əti qarsalayıb korlayırdı. Bayaq alov püskürdükcə elqızı şişləri tezcə kənara çəkirdi, alov yapıxıb sönəndə yenidən yaxınlaşdırıb böyür-böyürə söykəyirdi. İndi isə heç əlini də tərpətmirdi. Qarşısında xoşagəlməz naməhrəm dayanmış kimi, başını endirib, elə bil hətta manqalı da unudub, qəribə gərgin, hərəkətsiz qalıb, naməhrəmin rədd olub getməsini gözləyirdi.
Səməd canında sıxıntı duydu. Hamanca xofun köksünü tutub yavaş-yavaş boğazına, xirtdəyinə yığıldığını, nəfəsinin daralmağa başladığını hiss etdi və əmisinin qismətinin göz qabağındaca yanıb qismətdən çıxdığına baxmayaraq, o da duruxub qaldı.
Elqızı anbaan uzaqlaşıb yadlaşsa da, bu qadının doğmalığını, əzizliyini Səməd indi daha aydın görürdü. Sadəcə elqızı yox, bu qadın Səmədin ürəyinin parçası idi. Elə ürək parçası ki, nəinki boyun-boğazının, çiyinlərinin yatımından, onu hətta qıymaçanın altından sallanan cığalarından da tanıya bilərdi və tanımışdı. Əmma gözünün gördüyünü beyni görmürdü, ağlı kəsmirdi.
Öz səsi əvəzində Səməd elə bil kənardan xırıltı eşitdi:
– Sən kimsən?! Niyə üzümə baxmırsan?!
Bu xırilti insan səsinə bənzəmirdi.
Elqızı bu xırıltıdan diksindi. Səmədin o bayaqkı gümrah, şən səsindən tutulmuşdu, indi isə diksinib titrəməyə başladı və elə titrəyə-titrəyə ayağa qalxdı. Alovun işığında qorxudan böyümüş gözləri parıldadı.
Səmədin çamadanı əlindən düşdü.
– Gülgəz!..
Daha heç nə deyə bilmədi.
Əslində, Səməd onu hələ bayaq darvazadan evə baxandaca tanımışdı. Əmma Gülgəzi Sultan əminin evində görmək başqa planetin adamını Yerdə görmək kimi bir şey idi. Buna görə də Səməd onu hansı əlamətləriləsə Qıymatı, Ayna bacını, Gülbənizi, hətta Məleykə bacını yada salan mücərrəd bir elqızına oxşatmışdı. İndi üçaddımlıqdan üzünə baxan “qaraçı gözəli”ni isə heç kəsə oxşatmaq mümkün deyildi.
Onların arasında qıpqırmızı alov fışıldayırda. Yağla, ətlə birgə alışmış közdən qəribə – mavi tüstü qalxıb tutun budaqlarını çulğalayırdı, durğun, bürkülü havada yayılıb enib bütün bağı götürürdü.
Yanan Sultan əminin qisməti idi, Səməd isə Gülgəzi alov içində görürdü və beynində Çax-çuxun sözləri səslənirdi: “Əcaib məsələ!.. Əcaib məsələ!..”, “Getmə o evə!.. Getmə o evə!..”
Alov gödəldi, yatdı. Qatı tüstü və yanıq iyi qaldı.
Gülgəz həmin yerdə, həmin qorxu içində, hələ də titrəyirdi. Əmma Səməd daha onu görmürdü. Tüstünün içində indi Çax-çux dayanıb, gümüşlü trubkasını tüstülədə-tüstülədə təkrar edirdi: “Getmə o evə!.. Getmə o evə!..”
Bu səsin arasında yenə qapı çırpıldı, yenə pəncərələr cingildədi. Həyətə enən taxta pillələrdə, sonra daş cığırda çəkmələr cırıldadı – Sultan əmi getdi. Sonra hardasa, deyəsən bağın hasarının dalında, raykomun qonaq evi səmtində Seyid kişi hay-küy saldı:
– Bu nə tüstüdü, a başına dönüm, bu nə iy-qoxudu belə?!
Hay-küy hasarın dalından bu üzə – bağa keçdi, yaxınlaşıb bəridə – həyətdə kəsildi. Tüstüdən qatılaşmış qaranlıqda Çin fənərinin mil işığı uzanıb manqalın dövrəsində, dəyirmi stolun, qarğı kresloların üzərində gəzdi, qalxıb, nəhayət, tutun budaqlarının altında dayandı. Orda Səməd yenə Gülgəzi gördü, Gülgəz də Səmədi gördü.
Seyid kişi fənəri döşü bərabərində tutub, asta-asta, addım-addım yaxınlaşırdı. Fənərin arxasında boyunun hədsiz uzunluğundan əyilmiş donqabel qaraltısı qaralırdı, qırxıq ağ başı ağarırdı. Səməd hər şeyi görürdü, hətta maxorkadan tutulmuş batıq sinənin yaxınlaşdıqca necə xışıldadığını eşidirdi, əmma buna nə görmək demək olardı, nə də eşitmək. Çünki dünyada Səməd üçün indi Gülgəzdən başqa heç kəs və heç nə yoxdu. Seyid kişini ancaq ona görə görürdü ki, bu kişinin hədsiz uzunluğu Gülgəzin atası Məmiş Əlləzoğlunun bircə metrlik boyunu xatırladırdı, maxorkadan tutulmuş sinənin astmatik-sinəgir xışıltısını isə ona görə eşidirdi ki, bu xışıltı vaxtilə Qonaqlının qəlyanlı qocalarından qəlyan çəkmək öyrənib indi gecələr yorğan-döşəkdə də qəlyanı damağından qoymayan Əlləzoğlunun sinəsinin xışıltısını xatırladırdı.
Bir vaxt vardı, çöldən evinə qayıdanda Əlləzoğlu hər axşam çiynində bir yaba qaratikan gətirib, il boyu çəpərini qalınlaşdırmağa çalışırdı, odur ki, həyət-bacasına həmişə sarı-qızılı iynəsayağı uzun-uzun tikan səpələnərdi. Günün nə vaxtı o tərəfə getsəydin, görərdin ki, bapbalaca, ayaqyalın, başıaçıq “Qaraçı gözəli” yerdə oturub, ayaqlarına dolmuş tikanları dırnaqları ilə dartışdıra-dartışdıra, yanaqları uzunu iri-iri damlalar axıdır. Elə o balacalıqda, başı qızıl əsgər papaqlı, ayaqları “əmisinin çəkməsi kimi” qara xrom çəkməli sədr oğlu da quru yerdə oturub, “Qaraçı gözəli”nin ayağını dizinin üstünə qoyardı, “Mənim dişim siçan dişidi”, – deyib ağzını o qarayanıq, toz-torpaqlı ayağa söykəyib, tikanları dilinin ucu ilə yaşlaya-yaşlaya bircə-bircə çıxarıb tüpürərdi: “Bu bir... bu iki... bu üç...” – on-on beş, bəzən iyirmi tikan çıxardardı və bu işdən usanmazdı. Çünki o bu işə başlayanda “Qaraçı gözəli” dərhal hıçqırtısını kəsərdi, başını azca yana əyib, ayaqlarından çiyrinməyən sədr oğluna mat-mat tamaşa edərdi... Sonralar Cığalı Gülgəzlə bir yerdə oturandı “Dəli Səməd” o balaca “Qaraçı gözəli”nin təqlidini çıxarmaq üçün başını yana əyərdi. “Avariya” gününə qədər belə idi. “Avariya” günü Səməd üzünü şeyx əmilərinin qəbirlərinin şəkillərinə söykəyib yatıb daha oyanmayan “Dəli Səməd”lə birgə “Qaraçı gözəli”lə vidalaşmışdı və bilmirdi ki, o balaca gözəlin təqlidini çıxara-çıxara özü də vərdişkar olub, kiməsə, nəyəsə tamaşa edəndə hökmən başını yana əyirdi. Bilmirdi ki, indicə fənərin işığı üzünə düşəndə də eynilə təqlid çıxaran “Dəli Səməd” kimi baxırdı və Gülgəz də elə bu baxışdan birdən-birə dəyişib, hamanca, ayaqları tikanlı qızcığaz kimi, yanaqları uzunu iri-iri damlalar axıtmağa başlamışdı.
Özündən xəbərsiz Səməd indi ancaq o göz yaşlarını görürdü.
– Mən inanmıram... İnana bilmirəm, Gülgəz. Dedilər, əmim başqasının istəklisini gətirib... arvad eləyib özünə... Ürəyimə nəsə damdı... Kim inanar belə şeyə?!
Bu sözləri ürəyindəmi deyirdi, dilindənmi? Nə fərqi vardı? Nə dediyini və nə üçün dediyini Səməd özü bir o qədər anlamadığı kimi, Gülgəz də bir şey anlayana oxşamırdı, yəqin buna görə də Səməd ondan heç nə soruşmurdu, izahat tələb eləmirdi.
Seyid kişi duruxa-duruxa, addım-addım gəlib dayandı. Bu evdə, bu ailədə baş verən hadisə lap ilk gündən ona məlum idi. “Başqasının istəklisi”ni məhz kimin istəklisi olduğunu Seyid kişi yaxşı bilirdi, odur ki, Səmədi tanıyar-tanımaz hay-küyünü kəsib, səsini içinə salmışdı və yaxına gəlsə də, nə isə demək-danışmaq fikrində deyildi. Arvadı Xeyrə arvad bağın hasarından o yana – qonaq evinin həyətinə açılan qapının arasında əli çıraqlı durub, dönə-dönə “Nədi, a kişi? Bir şey yoxdusa, mən gedim” desə də, kişi burda dillənməyi də münasib saymırdı. Əmma cavanların üzlərinə baxanda dözmədi, xışıldayıb-xırıldadı:
– Dağıl, ay dünya! – dedi.
– Niyə uçmursan, niyə dağılmırsan, ay dünya?! – dedi.
Özü də elə dedi ki, əgər dünya insan sözündən təsirlənə bilən bir şey olsaydı, “beş oğlunun beşi də müharibədə qalandan maxorkaya dəm verən” bu xışıltılı kişinin naləsindən sonra nə isə baş verməli idi.
Kitabxana.az · https://kitabxana.az/en/works/isa-huseynov-suleyman-padsahin-xezinesi-3
Use ← → keys to move, R for a random poem
More by this author
Bir nəhəng otaq solda idi, azı iki metr enində, taybatay açıq qapı arxasında – uzaq divar dibində şifonerlərdən və taxtlardan məlumdu ki, ora “spalni” – yataq otağı idi.Bir nəhəng otaq da sağda idi, azı iki metr enində, taybatay açıq qapı arxasında – uzaq divarda uca rəflərdəki kitablardan məlumdu ki, ora kabinetdi.
Xəzinə üstündə yatan ilan 3...Heç yerdə dayanmadan, dincəlmədən qayıtdılar.Səhərə yaxın maşını birbaş Əlləzoğlunun həyətinə sürdülər. Səməd, açıq qapı arasından içəriyə: – Mənəm! – dedi.
Xəzinə üstündə yatan ilan 4Pambıq sahələrinin ortasında, durğun havanın çimiltisi – ilğımı içində topa bir ot tayası kimi qaralan palıd ağacının dövrəsinə yığışmış döşləri önlüklü qadınlara, qızlara, məktəb uşaqlarına və heç kəsə, heç nəyə əhəmiyyət vermədən, Abının qabağında, sağ-solunda dayanıb işlərini görən dörd nəfər yoğun boyunlu, yoğun ortalı, zorba məhlə milisionerlərinə çatıb maşından yerə atılana qədər danışmadılar. Arada tək bir dəfə Təftiş öz-özünə:– Qulağım almışdı, – dedi.
Xəzinə üstündə yatan ilan 5– Təkrar eləyirəm: məni dinləyə bilərsən indi. Məhz bu gün çox-çox həqiqətlər deməliyəm sənə, qadası.Səməd fikrini toplamağa çalışdı.
Poems by other poets
Ey sevdiyim, məni astanəndənAyrı saldı sək sifətlü Qarabağ
TiflisinQazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,
BağışlaQul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.