28
Gecədən xeyli keçmiş itlər hürüşdü. Doqqazdan səs gəldi. Axır günlər səksəkəli olan Kosaoğlu yerindən dik qalxdı, döyükmüş halda pəncərədən boylandı, səsə qulaq asdı. Bir azdan Sayalı içəri girdi.
– Kimdir?
– Pambıq məntəqəsinin müdiridir, səni görmək istəyir.
– Deynən evdə yoxdur.
Əl çəkmir. Qapını kəsdirib durur.
– Qoy cəhənnəm olub getsin! Xeyirliyə gəlməyib.
Lap qapının ağzında ayaq səsləri gəldi. Kosaoğlu tələsik paltarını geydi.
– Donuz oğlu əl çəkməz ki! - deyə donquldayıb həyətə çıxdı. Heç nə bilmirmiş kimi səsləndi:
– Aya, kimsən?
– Mənəm, ə.
Qonaq təklif gözləmədən içəri girdi. Stul çəkib oturdu, papiros yandırdı. Kosaoğlu qonağının həyəcanlı olduğunu duydu.
– Nə var, ə, xeyir ola, gecənin bu vaxtı niyə gəlibsən?
Qonaq başı ilə qapının ağzında dayanan Sayalıya işarə etdi.
– Eybi yoxdur, sözünü de, mənim ondan gizli sirrim yoxdur.
– İşimiz şuluqdur.
– Hay-küy salma görək.
– Nə vecinədir, çəkilib qıraqda durubsan, kəndir də mənim boğazıma keçib. Pambıq əskik gəlir.
Kasaoğlu çiynini çəkib gülümsündü.
– Mənə nə?
– Necə sənə nə? Yadından çıxıb?
– Əyə, nə sayıqlayırsan?
– Mən sayıqlamıram, yoxsa gəlib dil tökdüyün, yalvardığın yadından çıxıb?
– Mən sənə heç nə deməmişəm.
– Ay Kosaoğlu, məni uşaq yerinə qoyma. Ağlını başına yığ, söz danış. Mən səndən ötrü kəndçi-kündçü deyiləm ki, başımı aldadasan.
– A bala, məndən nə istəyirsən?
– Satın aldığın pambığın pulunu.
– Nə pambıq?
– Kişisən, ə, özünü qanmaz yerinə qoyma. Planı qabaqca doldurmaq üçün məndən otuz ton pambıq almadınmı? İndi işin üstü açılıb.
Ya pambığı qaytar, ya da pulunu ver ki, yaxamızı qurtaraq. Yoxsa gurultu ilə gedirik fələyin xərcinə. Başa düşdünmü?
– İndi neyləyək deyirsən?
– Nə qədər yığılmış pambığın var, gətir ver, otuz tonun yerini dolduraq.
– Ə, elə şey olarmı? Bu saat hər tərəfdən mənə min göz baxır. Heç qorxumdan başımı qaşıya bilmirəm.
– Onda pulları ver.
– Pul hardadır? Bu saat qəpiyə güllə atıram.
– Ay Kosaoğlu, gəl məni dolama.
– Ə, nə dolamaq? Birdən-ikidən səninlə zarafat eləmişəm? İşə düşübsən, get başına çarə qıl.
– Demək belə oldu?!
– Məni nə hədələyirsən? Əlində qəbzim-zadım var? Pambığı satıb yeyibsən, özün də cavabını ver.
Qonaq papirosu sümürüb kötüyü hirslə yerə çırpdı.
– Yaxşı, Kosaoğlu!.. Mən dedim köməkləşək, bu xatadan qurtaraq. İndi ki, belə oldu, məndən incimə.
– Neyləyəcəksən?
– Onu özüm bilərəm. Özümdən qabaq səni dama basdırmasam, atamın oğlu deyiləm.
Kosaoğlu qorxuya düşdü.
– Yaxşı, artıq-əskik danışma, kömək istəyirsən de, eləyim. Daha dünyanı başına niyə götürübsən? Sən get, mən özüm prokuroru görərəm.
Qonaq yola düşəndən sonra Kosaoğlu evdə xeyli gəzindi. İndi o, haraya, kimin yanına getməli idi? Dərdini kimə deməli idi? Onun indi pənah gətirəcəyi yeganə adam var idisə, o da Əsədov idi. Deyəsən, axır vaxtlar o da yaxasını kənara çəkirdi. Hətta Kosaoğlunun özüilədə ehtiyatla danışırdı.
Kosaoğlu papirosu papirosun oduna yandırırdı. İndi mən neyləyim. Adamın bir gəlhagəli olur, bir də gethagedi. Görünür, mənim gethagedimdir. Mənə deyən gərək, ay axmaq məntəqədən pambıq alanmı olubsan? Keçən il işlər ayrı cür idi, anbar da, kassa da əlimdəydi. İndi kimdi məni özbaşına buraxan? Səhv elədim, gərək pambıq məsələsinə başımı qatmayaydım. Bir yandan da ki, bu Şahnaz günü-qara adımızı batırdı.
Kosaoğlu qapını aralayıb Sayalını çağırdı.
– Arvad, gəl görüm.
Sayalı otağa girdi. Ərinin üz-gözündən zəhər töküldüyünü görüb özünü itirdi, ona yazığı gəldi. Kişi axır vaxtlar çox fağırlamışdı.
– Nə oldu, gədəni yola gətirə bildinizmi?
– Bir az yumşalan kimi olub, Şahnaz bütün günü dilə tutdu. Özüm qapının dalındakı pusurdum. Gədə əvvəlcə nəm-nüm elədi, qız əl çəkmədi. Dedi: "Gəl davasız-şavasız bu işi qurtaraq, yoxsa özümü öldürüb qanımı üstünə tökərəm". Kosaoğlunun səbri tükəndi:
– Yaxşı, axırı nə oldu?
– Nə olacaq, yalvar-yaxardan sonra gədə yumşaldı. Zaqsa gedəcəklər. Qurban dərindən nəfəs aldı.
– Onda üstlərinə düş. Mənim başım qarışıqdır. Elə isti-isti işi qurtarın. Sən qızın cehizlərini ona göstər. Tamahkar gədədir, geri durmaz.
– Yaxşı, ay kişi. Bəs özün heç onunla danışmayacaqsan?
– Sonra, sonra.-Siz işi qurtarın. Guya mənim xəbərim yoxdur. Bəs indi gədə hardadır?
– O biri otaqda.
– Çağır gəlsin...Deyinən "Qurban qağan rayona gedəcək, maşını sazla". Yarım saatdan sonra onlar yola düşdülər.
Kosaoğlu maşını prokurorun evinin qabağında saxladı. Asta-asta pilləkəni qalxdı. Ehtiyatla qapını döydü. Qapını açdılar. Kosaoğlu Əsədovun arvadı ilə üz- üzə dayandı. Heç biri dinmədi. Arvadın gözləri qızarmışdı, deyəsən, ağlamışdı.
– Nə istəyirsən?
– Gülzar bacı, niyə bikefsiniz? Yoldaş Əsədov evdədirmi?
– Əsədovun evini yıxdın, indi nə istəyirsən? Vaxtında sözümə baxmadı, sənə uydu.
– Nə olub ki?
– Nə olacaq, Bakıya çağırıblar, yəqin başında bir iş var.
Kosaoğlu dinməz-söyləməz qayıtdı. Tez bir papiros yandırdı. Şoferin yanında oturdu.
– Kəndə sür.
...Maşın qapıda görünəndə Sayalı özünü ərinin üstünə saldı.
– A kişi, sənsən?
– Mənəm. Nə olub, rəngin niyə qaçıb?
– Nə olacaq? Musanı tutub apardılar. Tiflisdən təzəcə qayıtmışdı.
İndicə sənin dalınca gəlmişdilər, soruşdular ki, hardadır?
– Kim?
– Naçalnik.
– Bəs necə oldu?
– Dedim evdə yoxdur, çıxıb getdi.
Lakin milis rəisi getməyibmiş. Kosaoğlu doqqazın o tərəfindən ağır-ağır yaxınlaşan rəislə milis nəfərini gördü. O, daim çiynində gəzdirdiyi kürkünü payız girəli ilk dəfə əyninə geydi, şaxtaya düşmüş kimi əllərini ciblərinə dürtüb, boynunu içinə qısdı. Canını titrəmə götürdü...
Kitabxana.az · https://kitabxana.az/en/works/ismayil-sixli-ayrilan-yollar-28
Use ← → keys to move, R for a random poem
More by this author
Zeynəb yarı arxı keçəndə diksinib dayandı. Ona elə gəldi ki, yarğanın dibindən qalxan kölgə sinəsinə ötüb qaratikan kolları arasında gizləndi. Hətta oradan şıqqıltı eşidildi.Zeynəb ayaq saxladı, ürəyi döyünə-döyünə qulaq asdı. Çöllər səssiz idi. Yalnız gecə böcəkləri qəmli-qəmli ötürdü. Elə bil onlar isti payız günündən sonra axşam sərinliyində dincələn çöllərə laylay çalırdılar. Cırcıramaların, çəyirtkələrin bu məhzun nəğmələri Zeynəbi darıxdırdı. Onun da qəlbini hüzn bürüdü. Ürəyində özünün də başa düşmədiyi hisslər oyandı. Tərəddüd içində dayanıb pıçıldadı: "Bu nə idi? Bu zaman yarğanda gizlənən kim ola? Düz adamdırsa, niyə yolla getmir?"
25Kosaoğlu dincələ bilmirdi. Gözünün yuxusu, ürəyinin rahatlığı yox olmuşdu. Axşamdan yer saldırıb yorğan-döşəyə girsə də, yata bilmir, o üz-bu üzə çevrilir, durub papiros çəkir. qaranlıqda gözlərini tavana zilləyirdi. Hər şıqqıltı onu diksindirir, hər səs yuxudan oyadırdı. Son günlər heç yata bilmirdi. Arvadı Sayalı bir neçə dəfə "a kişi, sənə nə olub?" - deyə soruşmuşdusa da, toxtadıcı cavab ala bilməmişdi.Kosaoğlu ürəyindəkiləri arvadına deməsə də, Sayalı kişinin gündən-günə əridiyini, daha da qaşqabaqlı olduğunu, evdə uşaqların üzünə baxmadığını görürdü. Sayalı da çox vaxt yatmır, ürəyində qarğış edirdi. "Allah bizə əyri baxanları dərdə salsın! Görüm o İmranın uğuru xeyrə çıxmasın! Mərdimazar oğlu kəndi çaxnaşdırıb, aləmi bir-birinə qatdı".
26Tez-tez göyün üzü tutulur, buludlar ətəyini sallayıb kəndin üstünə çökürdü. Çənli-çiskinli yağış başlamışdı. Yolların palçığı saqqız kimi olmuşdu. Yavaş- yavaş hava soyuyur, mal-qara örüşə çıxmırdı. Toyuqlar quru yer axtarır, itlər büzüşüb ocaq yerində yatırdı.Hava açılana oxşamırdı.
27Tükəzban gözünü açanda ətrafa boylandı. Harada olduğunu müəyyənləşdirə bilmədi. Sonra başının üstündə dayanmış Zeynəbi gördü:– Bura haradır, qızım?
Poems by other poets
Mənim tək hiç kim zarü pərişan olmasın, ya rəb!Əsiri-dərdi-eşqü daği-hicran olmasın, ya rəb!
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Qəzəl: Hərçənd bəzmi-vüsalə cananə yetmişəmHərçənd bəzmi-vüsalə cananə yetmişəm,Ta canı tapşıranca ona cana yetmişəm
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.