VI fəsil, 1
Kəndin aşağı tərəfində, dərədən qalxan yolda bir dəstə atlı göründü. Heç nəyə fikir vermədən birbaş məktəbin həyətinə gəldilər. Onlar əyinlərinə qoyun dərisindən tikilmiş yarımkürk geymişdilər. Bellərinə çiyni qayışlı enli kəmər bağlamışdılar. Bir yanlarından onaçılan asmışdılar, o biri yanlarında isə uzun qılıncları sallanırdı. Ayaqlarında dərisi bir qədər qalın, dabanları məhmizli çəkmə var idi. Başlarına kənd adamlarının indiyə qədər görmədikləri qəribə papaq qoymuşdular. Papaqların ortasından elə bil beyinlərini yarıb çıxan buynuz qalxmışdı. Hamısının papağı eyni cür idi: alın yerinə qırmızı parçadan iri ulduz tikilmiş züllə papaq!
Məktəbin həyətinə gələn kimi atdan endilər. Uzaq yol gəldiklərindən sinələri azacıq tərləyən və nəfəsləri buxar kimi burunlarından çıxan atların cilovlarından tutub azca gəzdirdilər.
Hava bozarmışdı. Axşamdan başlayan şaxta bir az da şiddətlənmişdi. Görünür qar yağacaqdı. Məktəb bomboş idi. İki gün idi qış tətili başlamışdı.
Atlılardan üç nəfəri pilləkəni qalxıb sinif otaqlarına, sonra da birinci mərtəbəyə baxdılar. Nəsə danışdılar, nəyisə ölçüb-biçdilər. Bir azdan kənd yolunun aşağısından yeni qaraltılar göründü. Onlar piyada idilər. Bölüklərə, dəstələrə ayrılaraq cərgə ilə dörd qatar düzülmüşdülər. Gələnlərin əvvəli məktəbin həyətinə çatmışdı. Amma qonşu kəndə qədər uzanan yoldakı əsgərlərin sonu görünmürdü; elə bir əldən daşlanıb gəlirdilər. Onların da əynində uzun boz şinel, başlarında züllə papaq var idi. Çoxunun üzünə ülgüc dəyməmişdi. Sarı murdar tükləri soyuqdan biz-biz olmuşdu.
Məktəbin həyətində dayandılar; cərgə-cərgə, bölük-bölük. Bir azdan yolda dörd at qoşulmuş toplar da göründü və onlar da məktəbin həyətinə buruldular. Hamıdan sonra isə turbasından tüstü qalxan səyyar mətbəx gəldi və aşpaz mətbəxi eyvanın altına, xəlvət bir yerə çəkdi. Əsgərlərin cərgəsi pozuldu. Qazançalar danqıldadı, qaşıqlar cingildədi, bərə bir tərəfə səpələnib aşpazdan aldıqları xörəyi yeməyə başladılar.
Qılıncları yernən sürünən komandirlər onları yenidən cərgəyə düzdülər, nə isə izah elədilər. Əsgərlər qarışqa kimi sinif otaqlarına doluşdular.
Partaları sürüyüb həyətə tökdülər. Sonradan məktəbin həndəvərindəki həyətlərə doluşdular. Heç kimdən heç nə soruşmadan ot tayalarına yaxınlaşdılar, qucaqlayıb məktəbə doğru gətirdilər. Sinif otaqlarının döşəməsinə tökdülər. Özləri üçün yatmağa rahat yer düzəltdilər. İri, buz kimi qar dənələri səpələməyə başladı. Bir azdan isə bu qar dənələri lopa-lopa oldu, yer ağardı.
Yoldaş Fətullayev kənd şura sədri Mustafa kişi ilə birlikdə başının dəstəsi ilə at belində gəldilər. Yoldaş Fətullayev komandirləri də götürüb sinif otaqlarını, əsgərlərin yatacağı yerləri, ot döşənmiş döşəmələri şəxsən özü yoxladı və razı qaldı. Sonra üzünü Mustafa kişiyə çevirdi:
– Yoldaş sədr, bu otaqlar azlıq edəcək. Kənddə boş otaqlar varmı?
– Yoxdur, yoldaş Fətullayev.
Fətullayev tərs-tərs onun üzünə baxdı.
– Yoxdur - tap, evləri boşaltdır.
Mustafa kişi onun zəhmli baxışlarından və sərtliyindən titrəsə də, dilləndi:
– Bu qışın soyuğunda evləri necə boşaldım, arvad-uşağı necə çölə atim?
– Deyəsən, başın bədəninə ağırlıq edir?!
Mustafa kişi həyətdə qaynaşan əsgərlərə, yoldaş Fətullayevin sərt üzünə baxıb, gödəkcəsinin içində büzüşdü. Fətullayev isə sözünə davam etdi:
– Rusiyadan ölkələr basa-basa gələn bu adamları çöldə qoyacayıq?
Mustafa kişi harasa getdi və bir azdan kəndin evlərindən ağlaşan arvad-uşaq səsi gəldi.
Kitabxana.az · https://kitabxana.az/en/works/ismayil-sixli-olen-dunyam-vi-fesil-1
Use ← → keys to move, R for a random poem
More by this author
Cahandar ağa bütün gecəni at belində yol gəldi. Qalın meşələrdən necə keçdiyini, köpüklü çayları nə vaxt adladığını, dolama cığırlarla bələnləri haçan aşdığını bilmədi. Qəmər arada addımlarını yavaşıdanda onu mahmızladı, atın yorulmasına fikir vermədi. Bütün yolu çaparaq gəldi. O, mənzilə yaxınlaşdıqca daha da həyəcanlanırdı. Ürəyi yumaq kimi bükülür, nəfəsi darıxırdı. Kişi qorxurdu. Yaylağa yetişən kimi binədə bədbəxt bir hadisə ilə qarşılaşa biləcəyini xəyalına gətirdikcə bədəni buz kimi soyuyur, alnına tor gətirdi. O, evdəkilərin birinin ölümünə, mal-qaranın oğurlanınasına dözə bilərdi. Ancaq arvad-uşağın namusuna sataşılmış olsaydı... Aman Allah, sən belə bir rüsvayçılıq eləmə!!!Cahandar ağa istəyirdi ki, lap tezdən binələr yuxudan ayılmamış özünü yaylağa yetirsin, heç kəsin gözünə görünmədən alaçığa girsin, əhvalatın nə yerdə olduğunu öyrənsin. Əgər bir bədbəxtlik üz veribsə, onun keçirdiyi iztirabları heç kəs görməsin. Camaatın gözü qabağında zərbə almaq və qovşurulub-qıvrılmaqdan dəhşətli nə ola bilərdi?
Üçüncü hissə, 18Cahandar ağa səhər tezdən atın örüyünü dəyişdirmək üçün dəyədən çıxdı. Tüfəngini əlinə alıb, binələrin aşağı tərəfindəki çəmənliyə getdi. Çisəkləyirdi. Hər yeri duman bürümüşdü. Beş-on addımlıqdakı qaraltılar güclə seçilirdi. Otlar yuyulub sürüşkənləşmişdi. Havanın soyuqluğunu adam nəfəs aldıqca ciyərlərində hiss edirdi. Dəyələrin ətrafında dolaşan itlər tənbəl-tənbəl hürürdü, xalxaldakı dana-buzov mələşirdi. Binə mürgüləyirdi.Cahandar ağa səksəkəli idi. Axşam, əl-ayaq yığışdırılandan sonra itlərin arasına çaxnaşma düşmüşdü. Sığırçılar kimi isə qıya basmışdılar. İtlər binələrin üstündəki yola qədər getmişdi. Nökərlər hər yeri, arxacı, xalxalı dönə-dönə yoxlamış, atın örüyünü dəyişmiş, hər şeyin yerində olduğunu söyləmişdilər. "Yəqin yol adamları imiş", – deyə kişini sakit etmişdilər.
Dördüncü hissə, 1Axşam qaranlığı qatı bir kölgə kimi Qorinin üzərinə çökmüşdü. Yarımca saat bundan əvvəl zirvəsində günəşin son sarılıqlarını əks etdirən dağlar boyun-boyuna verib mürgüləyirdi. Buranın təbiəti şimala bənzəmirdi, nə bəyaz gecələr, nə də uzun sürən yay axşamları var idi. Birdən-birə zil qaranlıq çökür, birdən-birə də dan yerində şəfəqlər oynaşırdı.Semyonov artıq bunlara vərdiş etmişdi. Əvvəllər Peterburqun bəyaz gecələrinə vurğun olan Dmitri Dmitriyeviç indi də cənub axşamlarına məftunluq göstərirdi. O hər axşam pəncərə qabağında dayanıb qüruba tamaşa etməyi sevirdi. Bu gün də adəti üzrə, həmişəki yerində durub üfüqlərə baxırdı, bağ-bağat içində itən Qorinin kiçik daxmalarında yanan çıraqlar qaranlıqda parıldayan yalqız qurdları kimi işıldayırdı.
Dördüncü hissə, 2Damların və çardaqların üstündə axşamdan təzək yandırmışdılar. Gecədən xeyli keçməsinə baxmayaraq, hava durğun olduğundan kəsif tüstü layları kəndin üstünə çökmüşdü. Bir yarpaq, bir ot belə tərpənmirdi. Ağcaqanad sürüsünün vızıltısı bir-birinə qarışıb kəndə züy tuturdu. Hər şey susmuşdu. Anası Osmana axşamdan damın üstündə yer salmışdı. O, yatıb yuxuya qalmamaq üçün tezdən yorğan-döşəyə girmişdi, ancaq gözünə yuxu getmirdi.Mina xala oğlunun yanında oturmuşdu. Arvad Osmanın köynəyini dizinin üstünə qoyub yamayırdı. Düz üç gün hər yeri gəzmiş, qonum-qonşuya ağız açmış, hətta şəhərə gedənlərə yalvarmışdı ki, ona beş-altı metr parça alsınlar, sonra əlinə pul düşən kimi borcu qaytarar. Ona əl tutan olmamışdı. Axırda hər yerdən əlacı kəsildiyindən, oğlundan xəlvət qapılarındakı yeganə xoruzu tutmuş, qonşu kənddəki dükana gedib parça istəmişdi. Dükançı bir arşından artıq parça verə bilməyəcəyini söylədikdə isə "ağrım ürəyinə, xoruzu sənə verməkdənsə, kəsərəm, uşağım yeyər" – demiş və birbaş evə qayıtmışdı. O, oğlunun əynini təzələməyə çalışmış, yoldaşlarının yanında Osmanın utanmasını istəməmişdi. İstəmişdi ki, Osman qərib yerə ürəyi sınqın, əyni çılpaq getməsin. Ancaq nə edəsən ki, yoxdan Allah da bezardır.