Page 2 of 2 · 50%

Zəbih gəhi xaki-məzəllətdə Mənsur tək aramyab olur və gahi Keyxosrov və Cəmşid tək təxtü taci-Kəyan tələb edir; gahi dərvişsifət azadəlik xahiş eləyir və gahi Ərdəşir Babəkan kimi cahü calal şövqünə düşür; gəh azəri, gəh qibti və gəh müsəlman olmaq fikrinə düşür; gəhi yerin altında zəm olunan qızıl öküzdən və zorba balıqdan söz açıb seyri-səfayi-asiman tələb edir; gəh bərzəxi və kahi də behişti-bərində hur, cinan təmənnalarına düşür və habelə şairin meylü könlü min cürə müxtəlif halətlərə düşüb cənnət və cəhənnəm misallı bir-birinə zidd, bərəks şeylər və təmənnalar arzu eləyir. Bu qisim rəngarəng halətlər ancaq həqiqi şair misilli qeyri-adi və ziyadə əsaslı vücudların təbiət va məzaclarında müşahidə oluna bilər.

Zəbih öz hali-dilini və müxtəlif təmənnalarını zikr etdikdən sonra zahidi-zahirpərəstin vəsfi-halına şüru edib deyir: Ey zahid, mənə tən etmə, sənin zöhdün həqiqi deyil, riyaidir. Siz zahidlər rümuzi-eşqə vaqif deyilsiniz, xərabət əhlinin eşqini zahirpərəst müfti və vaiz bilə bilməz. Bu yolu göstərmək üçün piri-muran lazımdır. Əgər sizdən təriqət məsələsindən sual olunsa, nəcasət fəslini söylərsiniz və həqiqət kəlməsinin mənasını dərk etməklə əcz göstərib, lal olub qalarsınız. Zira bu kəlməni şərhü bəyan etməyə başqa fəsahət və təlaqəti-lisan gərəkdir. O da ki, siz firqədə yoxdur.

Bu kəlamın axırkı beytində şair Azərbaycan vilayətini təmənna edib, sakin olduğu şəhərin qilü qalından şikayət edir:

Bu şəhrin qilü qalından qübari-qəm tutub könlüm,
Uçub könlüm quşu hər ləhzə Azərbaycan istər.

Burada Zəbih şikayət elədiyi şəhər yəqin ki, Gəncə şəhəridir. Aşağıda yazılan müxəmməsi-müstəzadında əgərçi şair bir növ Gəncəni başdan tərif və tövsif qılır, vəli onun əhalisinin eybü qüsuruna dəxi pərdə çəkmir, onları da nazik işarələr ilə göstərir və bundan masəva əsil Azərbaycan ki, Zəbihin könül quşu uçub onun tərəfinə meyil edir, qədim əsrdən İran dövlətinə tabe vəsi bir vilayətdir ki, onun mərkəzi Təbriz şəhəridir. Hər halda şair uzun müddət sakin olduğu şəhər əhlindən rəncidə və dilgir olub, başqa bir məhələ köçməyi arzu edir. Bu məhəl vətəni-məlufu Gəncədirmi, yoxsa Təbrizdirmi, allah bilir.

Gəncə şəhərində sükunət edən ruhanilərin və müxtəlif əsnafların və peşəkarların vəsfi-şənində istehza və kinayə təriqi ilə inşad etdiyi müxəmməsi-müstəzaddır:

Könlüm həvəs eylər ki, qılım bir neçə əşar,
Əşari-dürərbar.
Lal olmaya nitqim, edə tuti kimi göftar,

Ya bülbüli-gülzar.
Bu rəsmdir əşarə olub talib besyar,

Çün onda fərəh var.
Xəlqin görürəm əksərini mən kimi bikar,

Yüz dərdə giriftar.
Өvsafını bu şəhrin edəm mən sənə izhar,

Ey arifü huşyar!

Əvvəl sölərəm məscidi, çün rövzeyi-cənnət,

Çox var bu şəbahət.
Olmaz bu cahanda belə məbədgəhi-millət,

Mehrabi-ibadət.
Yox eyb ilə bir nəqsi onun həqq-həqiqət,

Banisinə rəhmət.
Memari onun tərhini çəkmiş nə qiyamət,

Çox rənc ilə zəhmət.
Gəlməz bu cahan içrə dəxi bir belə memar,

Bu elmə səzavar.

Mollalarının hər biri əllamədir əlhəq,

Elm onlara müştəq.
Qazisi qəzavətdə Şüreyh idi müvəssəq,

Fitvaları bərhəq.
Qanuni-şəriət tapıb onlar ilə rövnəq,

Sən söylə ki, səddəq.
Sübh olduğu tək əsrə kimi dərs de mütləq,

Təhsildir əlhəq.
İlkindidən axşama kimi bəhsi-səmavar,

Bir elmdi düşvar.

Düşdü güzərim hücreyi-axunda çü yeksər,

Gördüm neçə kəslər.
Dövründə oturmuş həmə əşxasi-müvəqqərö[1],

Xoşqamətü mənzər.
Təşbih elədim hər biri [bir] Buzərü Qənbər,

Salmanə bərabər.
Guya dirilib tazədən Əmmar ilə Yasər,
Əshabi-peyğəmbər.
Ricət olub aya ki, gəlib heydəri-kərrar,

Bu Cabiri-Ənsar.

[1]- Müvəqqər — möhtərəm, təzim və təkrim olunmuş olan.

Vəsf eylərəm əsnafları cümlə bu minval,

Məcmui xoşəhval.
Azdır buları mədh edə bir kimsə məhü sal

Yüz şairi-nəqqal.
Tacirlərini eyb edənin nitqi olur lal,

Mərdud olu filhal.
Bu şəhrdə kiçik yüz iyirmi iki baqqal,

Bir danədi qəssal.
Sahiblərinə söyləsə hər kimsə ribaxar,

Müşrik olu murdar.

Vəh, vəh, nə müəttər görünür firqeyi-dəbbağ,

Çün buyi-sərimsar.
Rövğən küpünə daxil olub cümleyi-səbbağ[2],

Guya ki, yeyib yağ.
Səllaxü[3] kirişçi ikisi oldular ortaq,

Sərmayə bağırsaq.
Ruxsarını əllafların gör nə olub ağ,

Çün pəşmi-Qarabağ.

[2]- Səbbağ — boyaqçı.

[3]- Sallax — qoyun və qaramal başı kəsib soyan adam.

Təbbaxləri gör nə edər təbxi-müləzzəz,

Çoxlar onu bilməz.
Pitipəz ilən paçəpəz, ustadi-həlimpəz,

Dükkanları məbrəz,
Kababçı əgərçi buların payinə gəlməz,

Bunları bəyənməz.
Halvaçıların mayəsidir quyruğü bəkməz,

Hər kim yeyə bilməz.
Biçarə sabunçu qalıb avarəvü bikar,
Өz halına ağlar.

Bu səfhəni gör kim, nə Gülüstani-İrəmdir,

Məxluqu sənəmdir.
Əfsus ki, bu şəhrin əhibbaları kəmdir,

Guya ki, ədəmdir.
Bəzi, görüpür, tatü cühud ilə əcəmdir,

Sərriştəsi kəmdir.
Dərd olsa əgər bircə bu dünyada, nə qəmdir?

Nə cövrü ələmdir?
Ya rəb, eləmə dəhrdə bir kimsəni bimar,

Ya qadirü qəffar!

Zakir ilə Vaiz o taydan gəli hər dəm,

Zakirliyə möhkəm.
Arşın yarım ağ ilə olub cümlə müəmməm,

Ol ömrləri kəm.
Sirab edə bilməz buları cud ilə Hatəm,

Dinar ilə dirhəm.
Eyvah, yaxın oldu yenə mahi-məhərrəm,

Tutmaqlığa matəm.
Məmlüvv edəcək mənbəri kirpilə ilanlar,

Bu mərsiyəxanlar.

Filcümlə İranın söləyim vəsfini mənqul,

Ta olmaya çox tul.
İranda məgər qəhtdi bir adəmi-məqul,

Həm layiqü məqbul?
Bir gövdənin adını qoyub nayibi-konsul,

Qılmış bunu mərsul.
Təzkirə bahası deyibən nahəq alır pul,

Bu zalimi-məxzul.
Birdir buna dərviş ilə əfsungərü tüccar,

Dəllakü cəmadar.

Zəbihin bu müstəzadı artıq məharətlə yazılıbdır. Bu kəlamda səbat, ciddiyyət və təmkinlik ilə istehza və kinayə, ağlamaq ilə gülmək, şadlıq ilə qəm biri-birinə qarışıbdır. Burada bilmək olmur ki, şair doğrudanmı Gəncənin ruhanilərini və sair sənət əhllərini tərif və mədh eləyir, yoxsa onların üstünə gülür, rişxənd eləyir. Doğrudanmı Gəncə mollaları əllamədirlər və Gəncə qaziləri ümuri-qəzavətdə müvəssəqdirlər? Doğrudanmı qanuni-şəriət onların mübarək vücudları sayəsində rövnəq tapıbdır və sübhdən əsrə kimi onlar əziz vaxtlarını dərsü bəhsdə, təlimü təəllümdə keçirirlər, yoxsa şair zərifanə onların üstünə gülüb kinayə edir?

Şairin sözünə inanmaq olardı, əgər samavar məsələsi araya gəlməsəydi. Hacıların vəsfinə dəxi hamı inanardı, əgər "ribaxarlıq" sözü açılmasaydı. Əgər şair möhtərəm hacıların ribaxar olmağını inkar edib deyir ki, onlara bir kəs ribaxar deyə bilməz, desələr "müşrik olur murdar", vəli bu sözlərin kinayətəriqi ilə söylənməsinə şübhə yoxdur. Çünki Gəncə tacirləri faiz və riba almasaydılar, onların bu sifəti hərgiz burada zikr olunmazdı.

Firqeyi-dabbağdan sarmısağın və bağırsağın "buyimüəttəri" gəlmək sözlərindən şairin rişxənd etməsi zahir olur.

Sonra şair təbbaxları, bitibişirənləri və paçapəzləri, həlimaşı bişirənləri, kababçı, halvaçı və sabunçuları öz sənətlərinə müxtəs sifətlər ilə tərif edib "pitipəz ilə paçapəz, ustadi-həlimpəzin" dükanlarını məbrəzə təşbih edir. Bundan sonra ətibba sinfinə keçir və onların kəmyablığından şikayət edir, tapılanları da ya tat olur və ya cuhud ki, təbabət elmində əsla sərriştələri olmur. Ancaq dərd üstünə dərd artırırlar. Ol cəhətdən şair deyir:

Ya rəb, eləmə dəhrdə bir kimsəni bimar,

Ya qadirü qəffar!

Xətmi-kəlamda şair məhərrəm ayında İrandan gələn əqrəbsənət və marsirət vaiz və mərsiyəxanları zikr edib, onların tamahkarlığından və biçarə fəhlələri, dərvişləri, əfsungərləri, dəllək və camədarları soyub çapovulçuluq edən nabəkar konsul nayiblərinin zülmü cövründən dadü fəryad edir. Bundan məlum olunur ki, İranın viran olmağı və onda əlan müşahidə olunan binizamlıq və ədalətsizlik xeyli zaman bundan müqəddəm başlanıbdır. Mərhum Zəbihin bu şeri müstəzadı "Molla Nəsrəddin" curnalına ən münasib və onun məsləkinə yaraşan mənzumələrdən birisidir.

Zəbih öz əsrinin Mirzə Ələkbər Sabiri olub. Əfsus ki, onun da qədri bilinməyibdir və əşarına rəvac verən olmayıbdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ədəbiyyatımıza dair məktub

Vaxtbavaxt "Şərqi-Rus"un səhifələrini əsr və zəmanəmizin şüəra və ədibləri öz gözəl və abdar əşar və kəlamları ilə müzəyyən qılırlar və müsəlman qardaşları elm və maarif kəsbinə dəvət edirlər. Bir millətin ədəbiyyatı, demək olar ki, onun məişətinin aynasıdır. Hər bir millətin dolanacağını, övzai-məişətini, dərəcəyi-tərəqqisini, mərtəbəyi-kamalını, qüdrət və cəlalını onun ədəbiyyatından bilmək olar. Şairi-kamil və ədibi-fazil öz əsrinin müsəvvir və nəqqaşı mənziləsindədir. Nə qədər şairin təbi səlim, zehni açıq, nitqi guya, daireyi-əqliyyəsi vəsi, əfkar və hissiyyatı təbii və ali olsa, bir o qədər onun qələmi-cavahirnisarından vüqua gələn nəqşələr və təsvirlər mərğub və dilaviz olacaqdır, bir o qədər onun asari-qələmi və məhsulati-fikri ali olacaqdır, bir o qədər o əsərlərin əzhan və vicdan üzərinə təsiratı külli, tərbiyəyi-əfkar və təhzibi-əxlaq yolunda faydası artıq, əhəmiyyəti böyük və məziyyəti ziyadə olacaqdır. Farsların Şeyx Sədisi və Xacə Hafizi, ingilislərin Şekspiri və Bayronu, frənglərin Jan Jak Russosu və Viktor Hüqosu, nemeslərin Götesi və Şilleri, rusların Puşkini, Dostoyevski və Tolstoyu öz əsrlərində millətlərinin ən böyük müəllimi və ən mahir və müqtədir mürəbbisi olub əsərləri ilə onların təhzibi-əxlaqına, rüfət və səadət tapmasına, şöhrət və qüvvət kəsb etməsinə hüsn-tədbirlər və salamat təriqlər göstəriblər. Bu zati-alilərin vücudu ilə fövqdə zikr olunan millətlər fəxr edirlər. Farslar nəzm aləminin soltanı dörd nəfərdən ibarət olmasını iddia edib, əvvəl məqamda Firdövsiyi-Tusini, sonra Ənvərini, sonra Şeyx Sədini və dördüncü məqamda Nizamiyi əleyhirrəhməni qoyublar. Frənglər Viktor Hüqo ilə və ruslar Puşkin ilə fəxr edən kimi, farslar dəxi bu dörd nəfər nəzm aləminin soltanları ilə fəxr edirlər. Sədinin haqqında ki, üçüncü məqamda qoyulubdur, şair belə deyibdir:Seyyum Sədi ke, ta dəm zəd zi Şiraz,

19047 min
Ədəbiyyatımıza dair

Molla Vəli Vidadinin, Molla Pənah Vaqifin və Qasım bəy Zakirin göy üzündə qatarlaşıb oxuya-oxuya uçan durnalara xitabən yazdığı mürəbbeatı möhtərəm "Rəhbər"in səhifələrinə təqdim etməklə belə məlum edirəm ki, bu əsərlər nə Adolf Berjenin Leypsiqdə çap olunan məcmuəsinə və nə də Yusif Qarabağinin kitabçasına daxil olmayıb, nüdrətən tapılan əsərlərdir.MOLLA VƏLİ VİDADİ

19065 min
Gürcü şairi Akaki Sereteli yubileyinə dair

Necə ki, ötən məqaləmizdə söz vermişdik, Akaki Sereteli cənablarının müxtəsər tərcümeyi-halını yazıb, əsərlərindən bəzi məlumat verməyə iqdam edirik.Akaki Sereteli məşhur İmeret knyazlarının nəslindəndir. Onun babaları sabiqdə İmeret padşahlarına müqərrib olub, vətənlərinə və millətlərinə böyük xidmətlər göstərmişlər.

190814 min
Həyata dəvət

"Dünya beş gündür, beşi də qara". Beş günlük ömürdən ötrü bu fəna dünyada səy və təlaş etməyin, mal və dövlət şövqünə düşməyin, kəsb və hörmət qeydinə qalmağın, ömrü bihudə çürütməyin lüzumu varmı? Hər nə etsək axırımız fənadır! Kişi gərək axirəti üçün çalışsın, onun üçün sərmayə qazansın, ölümünü yadından çıxarmasın, gözünü axirət guşəsinə tiksin.Ey əzizan! Bir baxın dünyayə--ibrətxanədir,

19116 min

Poems by other poets