Şükr olsun Allaha ki, şeytanların bərəkətindən Gəncə şəhəri bir elə hala düşüb ki, müsəlmanlar şəhərdən baş götürüb qaçmaq istəyirlər.

Əhvalat belədir ki, müsəlmanların bədxahları hökumətə danos veriblər ki, Gəncənin cənub tərəfindəki dağ kəndlərində müsəlmanlar çoxluca tüfəng və azuqə yığıblar ki, dava başlananda həmin tüfəngləri və azuqəni müsəlmanlar versinlər osmanlı qoşununa. Bu danosa görə hökumət qoşun götürüb, gedib haman müsəlman kəndlərini hətta qəbrlərinə kimi söküb axtarıb və bir şey tapmayıb.

Çox şükr olsun Allaha!

Biz qəlbən şükr edirik ki, müsəlmanların başına belə-belə işlər gətirirlər.

Şirin yuxunun xasiyyətidir: bərk yatanı çağırmaq ilə ayılmaz. Bir təpik vursan gərnəşər, ikinci təpikdə gözlərini açar, amma üçüncü təpikdə durar ayağa. Əgər tarixə nəzər etsək, baxıb görərik ki, yer üzündə millətlərin çoxunun ayılmağı “təpik” qanunu ilə əmələ gəlib.

Götürək Allahın “kitay” tayfasını.

Dörd min ildir ki, kitaylı qardaşlarımız şirin yuxuda idilər. Miladiyyə tarixindən iki yüz altı il qabaq, kitaylılar məmləkətlərinin ətrafına uca və enli divar çəkdilər ki, əcnəbi tayfalar gəlib bunları şirin yuxudan oyatmasınlar; çünki bilirdilər ki, həmişə duran öküz yatan öküzün başını ayaqlar.

Biz müsəlmanlar da ətrafımıza bir divar çəkmişik və bütün aləmi nəcis və özümüzü güldəstə reyhan hesab edib, istəmirik bu divarı aşıb keçək kənara və görək nə var, nə yox dünyada. Amma bunu hər dəqiqə və həmişə unuduruq ki, həmin divar məhz özümüzə bir hasardır. Unuduruq ki, bu divardan əcnəbi millətlər çox asanlıq ilə aşıb biz yatanları bastalayacaqlar.

Həmçinin Kitay divarı. Milyonlarla tikilmiş Kitay divarını əvvəl dəfə miladi tarixinin min iki yüz həştadıncı ilində Çingizxan aşıb qoşunu tökdü və yatmış kitaylıları əzdi. Bu əvvəlinci təpik idi ki, yatmışları gərnədirdi.

Min altı yüz qırx dördüncü tarixdə mancur tayfası tökülüb kitaylıları kötəklədi. İkinci təpikdə kitaylılar gözlərini açdılar.

Üçüncü təpiyi bunlara vuran yaponlar oldular ki, min səkkiz yüz doxsan altıncı ildə dava eləyib kitaylıları tapdaladılar. Üçuncu təpikdən sonra kitaylılar durdular ayağa. İndi bunlar bir dərəcədə tərəqqiyə üz qoyublar ki, Avropanın cəmi hökumətlərini qorxuya salıblar.

Və məhz bu səbəbə Gəncə şeytanlarının danoslarına və bu danosların ucundan başımıza gələn qəzavü qədərə biz sidq-dildən şükr edirik. Bəlkə belə-belə təpiklər bizim kor gözlərimizi açalar; açalar o gözlərimizi ki, indiyədək xumarlanmaqdadırlar. Bəlkə Gəncə düşmənlərimizin bərəkətindən gözümüzü açıb görək ki, ətrafımıza çəkdiyimiz divarın içində qoxumuş batlaqların üfunətindən əmələ gələn həşərat, min illərdir qanımızı sormaqdadır; bəlkə görək ki, hər kənddə və hər şəhərdə bir “peyğəmbər” zühur edib dərimizi soymaqdadır; bəlkə görək ki, Qaxayda hacı şeyx məhəmmədlər, Ərəşdə səmədlər, Şamaxı mahalında Həmid paşalar, kürdəmirli şeyx mustafalar, Süleyman ustalar, Gəncədə seyidlər, Qubada şeyx mahmudlar, Qazaxda, Şəkidə, Dağıstanda “müqəddəs” lotular özlərini “şeyx” adlandırıb, cəvanə övrətlərimizi elə salmaqda və kişilərimizin ciblərini boşaltmaqdadırlar.

Məhz bu səbəbdən Gəncə şeytanlarının müsəlmanlara etdikləri zülmlərinə minlərcə şükr edirik. Nə qədər ki, gözlər yuxudadırlar, heç bir şey görməzlər, amma açılandan sonra çox şey görərlər.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 6 aprel 1908, №14

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire