Bəli, İsanın mövludunun bayramı yavuqlaşır. Mən ümidvaram oluram ki, bu il keçən illər kimi bizim Şura məktəblərinin rəhbərləri inşallah və inşallah yenə qədim əsrlərdəki kimi məktəb şagirdlərini Xristiyan bayramlarının şərəfinə və hörmətinə dərsdən azad edəcəklər.

Hətta nəinki tək bircə xristiyan balalarını, bəlkə onlar ilə bərabər İslam və yəhudi uşaqlarını da bu nemətlə feyziyab edəcəklər.

Mən təvəqqe edirəm ki, bu sözlər heç kəsə gülünc və qəribə görünməsin. Çünki Şuralar vəziyyətinin on il davamı müddətində biz hər il qış mövsümü yavuqlaşanda buna şahid olmuşuq ki, İsa əleyhissalamın təvəllüdü xatirəsinə məktəblər iki həftə ərzində qapalı qalıblar.


Nədir bu? Qəflətdirmi, ya həqiqətdə peyğəmbərə ibadət və sitayişdir? Amma hamısından yamanı budur ki, həmin bu suala heç bir kəsdən və heç bir yerdən bir cavab ala bilmirik.

Biri deyir: Xeyr, bu ibadət deyil, bu ancaq uşaqların tənəffüsü üçün bir tətildir.

Vallah yalan deyirsən.

Əgər burada bir biclik yoxdursa, nə səbəbə sən bu dincəlmək tətilini köhnə dekabrın 25-nə salırsan? Nə səbəbə uşaqların buraxılmağını o günə salırsan ki, şagirdlər məktəblərdən şadlıqla evlərinə iki həftə müddətinə buraxılıb dağılanda, yolda kilsələrin bayram zəngini şirinşirin çalınan görürlər?


Yaxşısı budur ki, mərd-mərdanə danışaq: Gəl boynumuza alaq ki, indiyə kimi İsanın anadan olmağını filhəqiqə bayram saxlamışıq və bu bayrama ehtiramən məktəbləri də qapamışıq. Amma yaxşı olar ki, bundan sonra bir qərar çıxaraq ki, dəxi belə səfahəti bilmərrə tərgidək. O səbəbə tərgidək ki, bizim işimizə tamaşa edən və bizim səhvlərimizi həvəslə axtarıb, bizi tənqid edən həriflər doğrudan-doğruya bizim bu bayramlığımızı bəhanə tutub, bizi lağa qoysalar, min dəfə haqlı olarlar.

Qardaşım, onda daxi vallah-billah, daxi cavab verməyə aciz olarsan.


Sözümü qurtara-qurtara bizim Zəhmət komissarımızdan üzr istəyirəm. Qorxuram həmin komissar yoldaş bu barədə mənim səsimə səs verməyə. İndini bilmirəm, amma yadımdadır ki, keçən illər İsa bayramları nədir ki, hətta müsəlmanların çoxları yaddan çıxmış rəğayib bayramı ilə imam Musa Kazımın burnunda çöp qaldığı gününü müsəlmanlara nişan verən və bu günlərdə işləməyi və dərs oxumağı haram və qadağan edən Zəhmət komissarı yoldaş idi.

İndi baxaq görək.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 20 dekabr 1928, №51

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qız uşağı

Qədim ərəblərin içində bir belə adət var idi ki, qız uşağı anadan olan kimi tutub onu boğarmışlar.Amma şükür olsun Allaha, biz bu barədə ərəblərdən bir az yaxşıyıq. Biz qız uşağını boğmuruq.

3 min
Papaq

73-cü nömrəli cənab “Təzə həyat”ın xoşuna gəlmir ki, rus qızları bizim papaqlara gülürlər və papaqlı müsəlmanla bir yerdə gəzmək istəmirlər. Cənab “Təzə həyat” təəccüb edir ki, ruslar papağı bir verstlikdən görüb qaçırlar.“Təzə həyat”ın yazmağından mən belə başa düşdüm ki, cənab “Təzə həyat” burada rus qızlarını və xam rusları günahkar edir, nəinki papağı.

3 min
Bizim işlərimiz

Məlumdur ki, bu il çox yerlərdə quraqlıq keçir və əkinlər susuzluqdan yanıb puça çıxırlar. Və bir para yerlərdə camaat müsəllaya çıxıb Allahdan yağış istəyib. Və axırda bu da məlum oldu ki, Allahtaala müsəllaya çıxanların duasını qəbul eləməyib və heç bir yana yağış göndərməyib, necə ki, məsələn, Ağdamda və sair yerlərdə.Ədibi-biəvəz Mirzə Melkum xan “Qanun” ruznaməsində başdan belə yazır ki: “Mən sözümü o kəslərə yazıram ki, adamdırlar”.

4 min
Təbriz işləri

İndi şükür olsun Allaha, Təbriz sakitlikdir. Bir müddət bundan irəli, Allah göstərməsin, çox şüluğ idi. Amma indi, Allaha şükür olsun, bir qiylü qal-zad yoxdur. Allah bir də keçən günləri göstərməsin. Yəni məşrutənin xasiyyətindəndir: hər yerə ki, məşrutə gəlir, dünya guya ki, az qalır bir-birinə dəysin. Təbrizdə həmçinin, nə qədər ki, bu zəhrimar məşrutə yox idi, qoyunlar qurdlar ilə otlayırdılar və hərçənd ki, qurdlar acanda qoyunları tutub yeyirdilər, amma genə elə bir qarışıqlıq olmurdu. Amma bu məşrutə çıxan kimi əhali neçə tirə oldu: mollalar ayrılıb bir dəstə bağladılar, Ağa Seyid Haşım bir dəstə bağladı, Ağa Şeyx Səlim bir dəstə bağladı, bir dəstə Ağa Mirzə Əlinin dəstəsi, bir dəstə Xiyaban dəstəsi, bir dəstə Leylaabad dəstəsi, Sürxab dəstəsi, Dəvəçi dəstəsi, Bağmeşə dəstəsi, İsmayıl dəstəsi, Hacı Səməd dəstəsi, Qələbanbaşı dəstəsi, Kərbəlayı Həsən, nə bilim, qurd dəstəsi, meymun dəstəsi və genə bilmirəm nə dəstəsi.Hələ bunlar kifayət edər, sözüm burada deyil. Sözüm burasındadır ki, bu dəstələrin heç biri özgə arzuları və niyyətləri yox idi, məhz istədikləri bir-birini yox eləmək idi. Zalımların gözləri elə qızmışdı ki, ədavətlərinin şiddətindən məşrutə-flan yaddan çıxıb getmişdi Rusiya vilayətinə, yəni getmişdi orada verilən məşrutənin yanına.

2 min

Poems by other poets · Satire