Şərq aləmində səbir – çox arzu olunan bir haldır: dayanmaq, təhəmmül etmək, tələsməmək – budur səbrin mənası.

Şərqin mədəniyyətcə Qərbdən geridə qalmağının filosofiyası elə haman səbirdir və inşallah-taala bir min il də səbrdən sonra Şərq Qərbi də ötüb keçəcək və bəlkə şimal və cənubu da geridə qoyacaq (inşallah!).

Biz də Şərqə baxıb bir neçə hallarda xeyli səbr və üstubluluq göstəririk. Məsələn:

Birinci hal: məktəblərin binalarını üç ay yayda təmirdən çıxarmaq olardı. Amma indi sentyabrın iyirmisidir, hələ dərsdən bir xəbər-ətər yoxdur.

Bu, birinci.

İkinci. İkinci söhbətimiz yenə maarif aləmindəndir: hanı birinci ilin dərs kitabları? Hələ mətbəədədir. Ancaq mənim xəyalıma belə gəlir ki, burada səbrin olmağı nəzərə alınıb; yoxsa alınmasaydı, kitablar indi şagirdlərin əlində idi.

Üçüncu: kəndlərdə şuranın aktiv üzvlərinin savadsızlığı nəticəsində kənd işlərimiz çox geridə qalırlar (Mərkəzi İcraiyyə Komitəsinin məruzəsindən).

Demək, kənd aktiv işçilərimizi hazırlamaqda da böyuk səbir və “inşallah” göstərilibdir.

Dördüncü halda səbir və “bu gün-sabahı” istemal edən Molla Nəsrəddin əminin qəzalarda vəkilləridir. Həftədə bir dəfə bir kağız yazarıq “Mən ölüm, borcunuzu göndərin, mətbəə pul istəyir, kağız pul istəyir, yoldaşlar pul istəyir”. Biz yazıb-yalvarınca vəkillərimiz “inşallah” deyərlər.

Bu da yaxşı deyil.

Allahın altında bu dörd fəqərə təxirin heç biri olmayaydı (ələlxüsus axırıncı).

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 19 sentyabr 1929, №38

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Erməni və müsəlman övrətləri

Biz Qafqaz müsəlmanları razı olmarıq ki, övrətlərimiz evdən eşiyə çıxsınlar və üzüaçıq gəzsinlər. Bu bir yaxşı adətdir.İndi baxıb görək ki, niyə buna razı olmuruq?

7 min
Gülmək

Birinin üstünə gülmək pis şeydir. Biz uşaqlıqda birinin üstünə güləndə anamız bizə deyərdi: “Balam, gülməyin, yoxsa axırda sizin də üstünüzə gülərlər”. Və anamız bizi öyrətmişdi: bir kəsin üstünə güləndə yapışardıq qulaqlarımızın ucundan çəkərdik ki, bizim də başımıza gəlməsin və üstümüzə gülməsinlər.Biz Qafqaz müsəlmanları indiyədək iranlıların üstünə gülərdik ki, yazıqlar dalı qalıblar.

1 min
Millət qurbanları

Ay Molla Nəsrəddin baba, sən axır bir təcrübəli qoca kişisən, sən Allah bir məni başa sal görüm, millət yolunda can və malı fəda eləmək nə sözdür?Məsələn, belə tutaq ki, birisi deyir “mən millət yolunda canımı və malımı fəda etmişəm”. Mən ha fikirləşirəm, heç bu sözlərin mənasını başa düşə bilmirəm.

3 min
Qafqaz şeyxülislamına iki dənə açıq məktub

Əvvəlinci məktubCənab şeyx! Mən indiyədək eşidərdim ki, bəzi dərs oxumuş müsəlman xanımları sizə görüşə gələndə siz onlar ilə oturub söhbət eləyirsiniz və o xanımlar da üzləri açıq siz ilə oturub adam kimi söhbət eləyirlər. Və bundan da əlavə mən eşidərdim ki, siz hərdənbir gedirsiniz qız məktəblərinə və orada oxuyan on beş-iyirmi yaşında müsəlman qızları ilə görüşüb danışırsınız; hətta düşəndə onlara dərs də oxudursunuz.

3 min

Poems by other poets · Satire