Əliheydər Qarayev yoldaşın “Pravda” qəzetində yazdığı məqaləsinə dair

Dünyada əksinqilabçılar iki qismdir:

  1. Bir qismi bədbəxt əksinqilabçılardır,

  2. Və bir qismi də xoşbəxt əksinqilabçılardır.

Bədbəxt əksinqilabçı biz o kəslərə deyirik ki, keçmiş zamanların geri qayıtmağını arzu edirlər və bu məqsədə çatmaq yolunda var qüvvələri ilə hökumətin qanun və qərardadlarını pozmağa çalışırlar və fırıldaqları açılanda da hökumətin müəyyən qanunları mövcibincə məhkəmə tərəfindən cəzalanırlar.


O ki qaldı, xoşbəxt əksinqilabçılar, o da o kəslərdir ki, hərçənd bunlar da bədbəxt əksinqilabçılar kimi geçə və gündüz köhnə əsrin geri qayıtmağı yolunda təbliğat və təşviqat vasitəsilə çalışmaqdadırlar, müntəzəm təşkilatlar yolu ilə apardıqları vəz və nəsihətlərlə qara camaatın nəzərində təzə inqilabi həyatı ləkələməyə ciddi-cəhd etməkdədirlər; ancaq bu qism əksinqilabçılar bilmirəm hansı meymənətli kəvakibin təhtində yaranıblar ki, bunların vücudu nəinki “biqanun”, bəlkə hələ qanuni hesab olunur.

Əliheydər Qarayev yoldaşın rəvayətinə görə, Dağıstanda, Qazaxıstanda, Türküstanda, Acarıstanda, Krımda, Tatarıstanda hələ ruhani mədrəsələr baqidirlər və hətta bir vaxt Rusiya Şura Cümhuriyyəti Mərkəzi İcraiyyə Komitəsi bu saydığımız mədrəsələrin varlığını təsdiq etmişdir.

Biz bu ruhani mədrəsələri əksinqilab yuvası hesab edirik; o səbəbə ki, biz öz vicdanımızla buna inanırıq ki, dünyada Şura üsuli-idarəsinin birinci qəddar düşməni ruhanilikdir və habelə ruhaniliyə ən qatı zərbə yetirən – Şura qanunları və kommunizmdir.

Onun üçün də Qarayev yoldaş müfəssəl məqaləsinin bir yerində həmin məktəblər, məscidlər və mədrəsələr barəsində deyir:

– Vaqiən, bu ruhani əksinqilabçıları xeyli xoşbəxt imişlər: o yerdə ki, Şura hökumətinin qiybətini eləyən bir şəxsi biz əksinqilabçı hesab edib, ona pis nəzərlə baxırıq və təhti-məsuliyyətə alırıq, eyni zamanda, özümüz öz əlimizlə sarıqlı müftəxorlara icazə veririk ki, çıxsınlar minbərə və oradan qara camaata moizə etsinlər ki, mülkədarlardan qəsb olunan torpaqlar – haramdır, üzüaçıq qadına baxmaq – haramdır, rəmazan günləri acanda çörək yemək – haramdır və tək bircə Allaha və bircə padşaha qail olmamaq – haramdır.


Ay xoşbəxt əksinqilabçılar!

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 14 iyun 1928, №24

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Həmidə! (8 iyun 1929)

İrəvan, çərşənbə*Çoxdan sənə müfəssəl məktub yazmıram. Odur ki, indi həyatımdakı bəzi yeniliklər haqqında İrəvandan sənə yazmaq istəyirəm. May ayında gürcü yazıçılarının nümayəndə heyəti Azərbaycan yazıçıları ilə tanış olmaq üçün Bakıya gəldilər. 18 nəfər idilər. Onlar burada bir həftə qaldılar və hər gün onların şərəfinə yığıncaqlar, hərdənbir də qonaqlıq düzəldildi. Söz yox, onlar da yola düşəndə bizi Tiflisə qonaq çağırdılar. Biz Tiflisə hazırlaşdığımız zaman erməni yazıçıları da teleqrafla bizi İrəvana dəvət etdilər. Mən heç getmək istəmirdim, amma Midhət çox təkid elədi ki, boyun qaçırmayıb gedim. Yoldaşlar da əl çəkmədilər. Razı oldum. Yola düşmək ərəfəsində Müzəffərlə Münəvvər Bakıya gəldilər. Mən onları qoyub getməli oldum. Müzəffər bir neçə həftədən sonra kəndə qayıtmaq istəyirdi. Münəvvər isə müalicə elətdirməyə hazırlaşırdı. Midhət hələ imtahan verir, fikri var ki, iyula qədər imtahanlarını verib dincəlmək üçün Şuşaya gəlsin.

1 min
Məmmədəli! (9 iyun 1929)

İrəvandan*Biz iki gün də İrəvanda qalandan sonra gəlirik Tiflisə, beş gün də orada qalıb gələcəyik Bakıya.

1 min
Münəvvər! (14 iyul 1929)

Bakı*Mən bu saat Borjoma yola düşürəm. İndi özümü bir az yaxşı hiss edirəm. Borjomdan ünvanımı yazacağam. Bu məktubu sənə yazmaqda məqsədim var. Sən qabaqlar Həmidə xanımla yola getmirdin. Ona görə mən bu məktubu sənə yazdım ki, sən ona qulaq asıb yola gedəsən. Əgər sən belə etsən, mən səndən razı qalacaq və səni əvvəlki kimi sevəcəyəm. Sən bunu yadında saxla və yadında saxlamağa da borclusan.

1 min
Teymur! (25 avqust 1929, Kislovodsk)

Avqustun axırı üçün mən Bakıda olacağam və ayın axırınacan Şuşaya Midhət, Ənvər və sənin üçün 60 manat yolpulu göndərəcəyəm. Hərçənd mən eşitmişəm ki, sən Şuşada qalmaq və orada hazırlaşmaq istəyirsən, mən buna razı ola bilmərəm, çünki oradakı hazırlaşmanın nə faydası? O biri tərəfdən sən gərək sentyabrın biri üçün Bakıda olasan ki, Əsgərxanın otağına köçüb onu həmişəlik bizim əlimizdə saxlayasan. Əgər sən möhkəm qət eləmisən ki, bu il Bakıya gəlməyəsən, onda, heç olmazsa, bunun xətrinə gərək müvəqqəti gələsən. Güman eləyirəm elə belə olacaq.Tiflisə həkim Yeritsyana Həmidə xanım barəsində məktub yazdım. Bilmirəm ondan bir cavab almışsınız, ya yox! Qoy Həmidə xanım avqustun axırlarında bu barədə mənə, Bakıya kağız yazsın (mən Bakıda olacağam). Uşaqlar avqustun axırından o yana yubanmasınlar.

1 min

Poems by other poets · Satire