İkinci hissə, birinci fəsil
Page 3 of 3 · 67%
Gəldiyev ağıla batan söz danışırdı. Raysovetin mühəndisi onun fıkrini bəyəndi, öz idarəsində ağız dolusu təriflədi:
– İnjener buna demişəm, bax, dünən qurtarıb, bu gün camaatın səhvini tutur. Elə səhvlər tapır, mat qalırsan.
Hərçənd bu barədə layihə sahibi ilə danışmaq lazım idi, ancaq Gəldiyev tikinti gecikməsin deyə, fəhləni töküb işlətdi. Bir ayın ərzində binanın divarları tikilib qurtardı. Təsadüfən Gəldiyevin bədbəxtliyindənmi, layihə çəkən mühəndisin xoşbəxtliyindənmi, Vəzirbəylinin yolu Bayıla düşdü (Verdiyev sonra Gəldiyevi inandırmışdı ki, Vəzirbəylinin baş qaşımağa macalı yoxdur, dərsin saatına yüz manat alır, nə düşmüşdü öz başına Bayıla gəlsin. Onu gətirən var). Vəzirbəyli qıraqdan dayanıb, bağça binasını nəzərdən keçirdi:
– Bunu sən tikirsən də?
Gəldiyev sinəsini irəli verdi, layihənin səhvini danışdı, ancaq Vəzirbəyli, deyəsən, ona qulaq asmırdı. Qolundan tutub kənara, binanın beş-on addımlığına çəkdi, dayandı. Fasadı göstərdi:
– Bir bax!
– Mən çox baxmışam, siz də baxın!
– Düzdür bu?
– Düzdür!
– Dəvənin boynu kimi düzdür!
Gəldiyev başa düşmədi. Vəzirbəyli bir də işarə elədi.
– Yaxşı bax!
Gəldiyev diqqət eləyəndə qızardı. Vəzirbəyli binanın sağ tərəfinin bir metroya qədər uzun olduğunu göstərib soruşdu:
– Başa düşürsənmi?
– Düşürəm, bəli düşürəm.
– Yaxşı oldu ki, düşdün, belə yerdə deyiblər, qaş qayırarkən göz çıxardırsan. Simmetriya hanı bəs?
Vəzirbəyli Gəldiyevin üzünə baxdı. Gəldiyev gözünü divarlardan ayırmadı. Vəzirbəyli dedi:
– Əminəm ki, axırıncı dəfə olacaq.
O oldu-bu oldu Vəzirbəylinin yanında Gəldiyevin dili gödək idi. Əlacı olsaydı, "Ürəy"i onun sərəncamına göndərməzdi. Lakin yaxşı bilirdi ki, tez- gec bu əsərə o baxmalıdır. Qabağa və tələsiyə salıb, sözə basmaq, ondan, miyanə də olsa, bir rəy almaq istəmişdi. İndi onun bu haqdakı sözlərini eşidəndə dinəcəyi olmadı.
Layihəni götürüb kənara qoydu, qan-tər içində Vahidin işini tapmağa cidd-cəhd elədi.
Gecənin birində Gəldiyev evə bir dəstə ağ, qırmızı, sarı, göy zərflər gətirdi. Ağca xanım təəccüblə soruşdu:
– Yoxsa bunlar hamısı sənə gəlib?
– Gəlib, hamısı mənim üstümə gəlib.
– Kimlərdən?
– Qızlardan!
Ağca xanım əyri-əyri baxdı:
– İnanmıram.
– Niyə inanmırsan?
– İnanmıram ki, bizim vilayətdə bu qədər axmaq qız ola.
– Deməli, sən axmaqsan ki, mənə gəlmisən?
– Mən sənə gəlməmişəm, sən mənə gəlmisən!
Gəldiyev söz tapmadı:
– Çox danışma, hamamxananı yandır, bir az buxar ver, bunları daşın üstünə qoy, nəm çəksin.
Ağca xanım bildi ki, Gəldiyev özgənin məktublarını açmaq istəyir.
– Niyə xalqın kağızını oxuyursan?
– Xalqın deyil, qulluq işidir. Dəyişik salmışıq, konvertlərə hayıfım gəlir. Gəldiyev əlindəki kibrit çöpünü nəm çəkmiş zərflərin böyründən salır, bura-bura açırdı. İstədiyini tapa bilməyəndə təkrar bağlayırdı. Yeddinci zərfdə Vahidin əsərini öyrənə bildi: "Açıq kitab!"
– A zalım oğlu, adını "Açıq kitab" qöyursan, daha niyə belə bərk-bərk bağlayıb, məni əziyyətə salırsan! Sevincdən qayıdıb Ağca xanıma qışqırdı: - Ağca, çay qoy, süfrə hazırla, işimiz işdi.
Ağca xanım qaçıb gəldi:
– Premyanı qazanırsan?
– Bu Vahid köpəkoğlu qoysa.
– Vahidə nə dəxli, əsər yazan sən.
– Bilmirsən, çəkişir də mənnən! Mən nə yazıram, o da gedir onu yazır. Ağca xanım irəli yeriyib, onun əlindəki zərfı aldı, başqa zərflərin üstünə qoydu.
– Qabağa sal, sən yazan qoy üstə dursun!
Gəldiyev onun əlindən aldı:
– Bu özgənindir, a qız.
– Bəs hansıdır səninki?
– Hələ hazır deyil.
– Necə hazır deyil? Altı aydır qurdalanırsan, nə qayırırsan? Özgə işiylə veyillənincə, oturub qurtarsana!
– Düz deyirsən, balam, oturum işləyim.
Gəldiyev çayını içəndən sonra, iki stolu birləşdirdi, pəncərələri örtüb, qapını bağladı. Vahidin layihəsini səliqəylə düyməçələdi, başladı üzünü köçürməyə:
– Ağca, buraya heç kəsi buraxmayacaqsan! Eşitdinmi?
Düz on yeddi gün qələm, xətkeş, pərgar, rezin əlindən düşmədi. Gündüz iki saat idarəyə qaçıb görünür, qayıdırdı. Surətini çıxarıb qurtarandan sonra bağladı, üstünə öz layihəsinin adını yazdı: "Ürək". İstədi Vahidin layihəsini puç eləsin. Heyfı gəldi, bir də "aydın olmayan yerləri öyrənməyə lazım olar" - deyə, büküb bir küncə qoydu. Ağcanı sayıq salmaq üçün əvvəlki tapşırığı təkrar etdi:
– Ağca, bu otağa heç kəsi buraxmayacaqsan! Sözüm sözdü!
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-aciq-kitab-ikinci-hisse-birinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Hər yaşın öz qayğısı, öz tələbi var. Doqquz aylıqda doğulasan, dünyaya gələsən gərək (tələsənlər yeddi aylıqda gəlirlər). Bir yaşa çatdın, yeriyəsən gərək. İki yaşda danışasan, üç yaşda bağçaya, yeddi yaşda məktəbə gedəsən gərək, on altıda işə gedə bilərsən, on səkkiz, iyirmi yaşda evlənsən yaxşıdır.Ad günümdə nənəm məni əzizləyər, aş bişirər, hədiyyə alar, yaraşığıma baxardı. Bu dəfə açıq dedi:
VarislərÇoxdanın, qırx ilə yaxın bir zamanın söhbətidir ki, sizə danışıram: onda mən cavan, gümrah, çevik bir tələbə idim. Yay tətilini vətən yaylaqlarında keçirməyi, fürsətdən istifadə edib qoca, təcrübəli kişilərin xatirələrini dinləməyi, vəzifəm ilə bağlı bir iş olan xalq ədəbiyyatı nümunələrini toplamağı sevərdim.Yayın isti günlərindən birində yerli tələbə yoldaşlarımdan biri məni müdrik bir kişinin, qoca bağbanın yanına, Dilican yaylağının mənzərəli bir dağ döşünə gətirdi.
Əziz kitabımƏziz dost, əziz qohum, qardaş, yoldaş, əziz sirdaş, məsləkdaş olar. Ancaq mən əziz kitab haqqında demək istəyirəm. Belə kitab bəlkə sizin hər birinizin varıdır.Əziz kitab!
Oxutmuram, əl çəkin!Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!*Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!*