Mən necə həkimlik öyrəndim
Qəzetçilər demişkən, bunu həyat özü mənə öyrətdi. Başağrısı olsa da, əhvalatı başdan danışım.
Mənim Tağı deyilən bir yaxşı qonşum var, sizdən uzaq olmasın, aramız lap yaxındır. Bu da qohumluq, dostluq mənasında yox, tarixi yaxınlıqdır.
Təzə evlər paylananda ərizə çox idi. Mümkün olmadı, bizim ikimizə bir mənzildə otaq verdilər. Dörd otağın ikisi Tağıdadı, ikisi məndə. Köçüb oturmuşuq, bir qonşu kimi biz pis də dolanmırıq. Mətbəx, vanna, filan, doğrudur, şəriklidir. Amma çalışırıq ki, narazılıq, ixtilaf olmasın. Arvad-uşağı da öyrətmişik. İndiyəcən bu barədə nə qonşumun, nə mənim ailəmdən şikayət çıxmayıb. Hətta, deyirlər, ev idarəsi bizim mehriban yaşamağımızı çoxlarına misal çəkir, bəzi mənzillərə təzədən qonşu salmaq istəyir.
Mən dərziyəm, qonşum hesabdar. Mehriban qonşu olsaq da, nə mən onun süfrəsində, nə o mənim süfrəmdə oturur. Nahar vaxtı hər kəs öz otağına çəkilib olandan, olmayandan yeyir, içir, qalxır ayağa.
Ancaq dünyada hərənin bir işi, bir arzusu, bir dərdi olur. Hesabdarlıq peşəsi elədir ki, qonşumun qabağından çötkə, kağız-kuğuz əskik olmur. İşdən gələndən sonra da evdə görürsən, hey yazır, pozur. Adamı görəndə başı ilə salam işarəsindən başqa bir şey demir. Kənardan baxan güman edər ki, bu kişi çox nəcib, bir az da məxfi işlərlə məşğuldur, çalışır ki, sirlərini bilən olmasın.
Məxfi deyəndə, bəlkə, mən səhv edirəm. Göyərti artelinin hesabdarında nə məxfilik, nə sirr olacaq?
Amma Tağını görən adam elə düşünməz. Onun gözlərindəki iri gözlüyü, qaşqabağındakı tünd ifadəni, yerişində, baxışındakı ehtiyatı görəndə adamı vahimə basır.
Deyərsən, bu kişi lap sirr dağarcığıdır. Hərdən görürəm, Tağı işə getməyib. Evində qurdalanır. Arvadı bizə eşitdirir ki, "kişi xəstələnib".
Xəstə olanda da, şükür, bizim aləmdə dərhal həkim çağırırlar, dava-dərman eləyirlər.
Evdə telefon var, istədim xəstəxanaya zəng eləyim, Tağının xanımı razı olmadı:
– Həsən qardaş, lazım deyil, elə bir naxoşluğu yoxdur, hirslənib! Bir az sakitləşəndə keçib gedəcək, həkim-zad istəməz. Tağının xasiyyətidir.
Mən güman etdim ki, ər-arvad arasında, yəqin, söhbət olub, sözləşiblər, kişi əsəbiləşib. Daha üz vurmadım, zəng eləmək istəmədim.
Axşam yoldaşım mənə xəbər verdi ki, Tağının azarı nə imiş:
– Bilirsən Tağı niyə naxoşlayıb?
– Deyəsən, arvadla dalaşıb.
– Yox, dalaşmayıb, ayrı şeydir!
– Nədir, nə olub?
– Tağı sənə görə naxoşlayıb.
– Mən neyləmişəm ona?
– Səndən olub azarı.
– O nə deməkdir?
– Bəli, sənə görə kişi düşüb yorğan-döşəyə.
– Mən ona nə pislik eləmişəm?
– Pislik eləməmisən, eşidib ki, sənə mükafat veriblər.
– Kim danışıb?
– Bilmirəm kim danışıb.
– Yəqin oxuyub.
– Yəqin qəzetdən oxuyub, oxuyan kimi xəstələnib.
– Qəribə adamdır. Mənim mükafatımın ona nə ziyanı?
– Elə demə, Həsən, o yaman ürəyinə salır. Arvadına deyirmiş ki, mən bədbəxtəm. Adamım yox, yada salanım yox, amma gör allahın kostyum tikəninə hökumət mükafat verir.
Doğrusu, bu sözə inanmadım, inanmaq istəmədim.
Arvadım bunu görüb əhvalatı bir az müfəssəl danışdı:
– Sən bilsən ki, hesabdar necə paxıllıq çəkir, belə sözə inanarsan. İki ildir burada bizim yaşamağımız ona yekə bir dərd olub. Uşağa təzə kostyum alıram, görürəm damağı pozuldu. Mətbəxdə qazan asıb beş adam çağırıram, görürsən arvadı ilə dalaşır. Bu evə piano gələndə də Tağı yıxıldı, yorğan-döşəyə düşdü. Sən xəbər tutmadın, onda Mərdəkana getmişdin! Kişinin ah-ufu dəhlizə sığışmırdı.
Bu söhbətdən sonra mən Tağını yaxşı tanımağa, onun səhhətinə toxunmamağa çalışırdım. Amma, özümdən asılı olmayaraq, bəzən kefini pozurdum.
Növbəti məzuniyyət vaxtımda Kislovodskiyə putyovka almışdım. Dəhlizdə qabaq-qabağa gələndə Tağı hirslə məndən soruşdu:
– Qonşu, səfərin var, nədi?
Mən cavab verməmiş Tağı sualında davam elədi:
– Putyovkanı haradan almısan?
– Almamışam, Həmkarlar İttifaqından veriblər.
– Yəqin ittifaqın hesabına veriblər?
– Bəli, ittifaqın hesabına!
– Deməli, müftə?
– Pulsuz!
Bunu dediyimi gördüm. Tağı, başına yumruq dəymiş adamlar kimi tez geri qayıtdı, hirslə otağına təpildi.
O yatan, üç gün yatdı. Arvadı sağa keçib mənə qarğış eləyir, sola keçib Həmkarlar İttifaqını söyürdü.
Mən Tağıya kömək eləmək məqsədi ilə onun yanma gedib təsəlli verdim:
– Qonşu, sizə putyovka lazımsa, mən gedim danışım, xahiş eləyim?
Tağı düşmənini görən adam kimi cəld yatağından qalxıb oturdu, çeşməyini taxıb üzümə dik-dik baxdı:
– Yoldaş Həsən, çox sağ ol! Mənə putyovka-zad lazım deyil. Mən azarlasam da, yatağımda ölsəm də, özgələrə zəhmət vermərəm. Mən iyirmi ildir o sayuza vznos verirəm. Oradakı, haşa burdan, əclafa deyəndə mənə yalan satır. "Hələlik, deyir, Kislovodskiyə putyovka almamışıq." Yalan satır, gözüm görə-görə! Eybi yoxdur. Siz gedin, yaxşı yol. Biz hesabdarlara da yəqin Allah bir yol açar. Siz gedin sərinləyin, qonşu! Bizim barəmizdə narahat olmayın! Kasıbın da bir sahibi tapılar. Allah qoysa, işlər belə getməz! Niyə, bəyəm, bizim sayuz dərzilərin sayuzundan əskik oldu? Görsün, orada Əbilovdu, nə zibilovdu, onun başına bir iş gətirim, əlləzinəni əzbərdən oxusun. O mənim əlimin zərbişəstini görməyib. Eybi yoxdur, görər, görər, onda başa düşər ki, Tağıya yalan satmaq nə deməkdir.
Tağı gözünü yumub, ağzını açmışdı. Ürəyindəkiləri fəvvarə kimi çölə tökürdü. Həmkarlar komitəsini, idarəni, həkimləri, ailəni bir-birinə qatmışdı. Ən kəsərli söyüşlər axtarıb tapır, kimin ünvanına gəlsə baxmır, deyirdi. Hərdənbir məni də məsələyə qatıb-qarışdırırdı. Gördüm ki, Tağının yanında mümkün olmayacaq, ya gərək cavab verəsən, onda da mütləq dalaşacaqsan, qonşuluqda yaxşı olmayacaq. Məsələ böyüyəcək. Tez xudahafizləşib getdim.
İndi başa düşdüm ki, bu kişi doğrudan xəstədir. Xəstədir, özü də çoxdanın xəstəsidir. Görünür, içində saxlayır, bi'ıruzə vermirmiş. Möhkəmcə xəstədir, köhnə xəstəliyi də ictimai xəstəlikdir. Bəlkə də peşəsi ilə bağlıdır.
Bundan sonra evdə tapşırdım ki, mümkün qədər bizim ailədə baş verən sevincli hadisələri Tağıdan gizli saxlasınlar. Mükafatdır, təzə mebel, paltar alınması, qonaq çağırılması, toy-düyün, tədarük... belə şeyləri Tağı gərək bilməsin. Elə dolanın xəbər tutmasın.
– Tutanda nə olar, qoy neyləyir-eləsin!
– Yox, yazıqdır, naxoşdur, qoy bilməsin!
Həyat yoldaşım təklifimə razı olub dedi:
– Yəqin ki, Tağı bunu istəyir. Görsə ki, bizdə gün-güzəran çətindir, korluğumuz çoxdur, inan sevinəcək, sağlam adam olacaq.
Müşahidələrim də bunu təsdiq elədi. Tağı məni köhnə kostyumda, pərişan görəndə qaşqabağı açılırdı, üzünə gün doğurdu. Sanki ürəyində deyirdi: "Belə düşərsən, bax! Yoxsa qudurmuşdun, indi quş həddinə düşmüsən, mən deyən olmusan!"
Günlərin birində Tağını daha radikal və mütərəqqi bir üsulla müalicə etmək istədim.
İşdən iki aylıq növbəti məzuniyyət almışdım. Bir yerə getmək fikrim də yox idi. Qışın günündə kurort nədi, müalicə nədi. Evdə dincəlməkdən, ailə, uşaqlar ilə vaxt keçirməkdən yaxşı istirahət düşünmürdüm. Tağı ilə əylənməyə vaxtım da var idi.
Fikrimə gəldi ki, fürsətdi, Tağının da kefini açmaq lazımdır. Yazıqdı, qoy qüssə yükündən xilas olsun, qaşqabağı açılsın. Beş gün desin-gülsün, sevinsin, dərd-qəmdən uzaq olsun.
Axşam Tağı işdən gələn kimi salam verib kefini soruşandan sonra ona şad xəbər verdim:
– Qonşu, dedim, məni işdən qovdular!
Qonşum muştuluq xəbəri almış kimi, sevincdən dik atıldı.
– Doğrudanmı?
– Bəli, doğrudan!
– Qovdular?
– Bəli, qovdular!
– Nə əcəb?
– Kənar elədilər.
– Əmrini almısan?
– Sabah qol çəkiləcək!
– Çox yaxşı, çox əcəb!
Tağının gözləri parıldadı, cəld ayağa qalxıb qabağımda var-gəl eləməyə, dübarə kefimi soruşmağa, tanışları vasitəsilə mənə münasib yerdə qulluq təklif eləməyə başladı.
– Necə qulluqdur, yəni mənim əvvəlki yerimdən yaxşıdır?
– Yaxşı-pis, dolanarsan. Necə olsa, gözüm üstündə olacaq, dolanarsan. Yaxşı oldu, əvvəlki qulluğun bir qulluq deyildi. Dərzi babasan, nə var, uşaqlara çörək pulu çıxdı bəsdir.
– Nə deyirəm.
– Hələlik gözlə, adam var, danışaram, sənə xəbər verərəm, kefini pozma! Ancaq heç kəs bilməsin, elə belə, öz aramızda söhbətdir elədik.
– Nə deyirəm.
– Gözlə, səbir elə! Səbir ilə halva bişər, ey qora, səndən!
İki gün sonra Tağı arvadından soruşdu:
– Bu necə işdir, Həsən işdən çıxıb?
– Deyirlər, çıxıb!
– Ay arvad, heç o işdən qovulana oxşamır axı!
– Nədən deyirsən?
– İşdən qovulan elə olar? Kefi ulduza hürür, nə danışırsan? Görmürsən dik-dik dingildəyir!
– Nə bilim? Özün bilərsən, Tağı!
– Bir yaxşı öyrən görək, bu nə işdir! İşdən qovulanın qaşqabağı yer süpürər! Canım, heç belə də işsiz olar?
– Bəlkə süpürəcək.
– Təki olsun, amma hələ ki bir şey görünmür!
– Görünər, kefini kök elə!
– Təki olsun! Bu xəbər düz olsa, sənə bir yaxşı muncuq almaq mənə borc olsun.
Arvad Tağının yalan vədinə gülür, ərinin başına qaxmac tullayırdı.
Tağı nigaran, narahat, intizarlı görkəmini saxlayır, müsahibini inandırırdı:
– Xəbər doğru çıxsa, sənə istədiyin padarkanı almasam, məndən pis adam yoxdur!
– İnanıram, səsini qaldırma, inanıram!
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-men-nece-hekimlik-oyrendim
Use ← → keys to move, R for a random poem
More by this author
Ev idarəsindən bizə bir uşaq gətirdilər:– Buna da siz atalıq edin. Qərb vilayətlərindən çıxarılmış yetimlərdəndir. Valideyni müharibədə həlak olmuşdur.
BarxudarGetmək istəyirdim ki, bir ağpaltar qadın içəri girdi:– Barxudarın evi buradırmı?
Çıraqlar yandı1Bəlkə, bu ona görədir ki, Kübranın taleyi ilə mənim taleyim arasında bir yaxınlıq var. Mənim də Kübra kimi səkkiz yaşlı bir qardaşım var. Onu evdə tək qoyub, səngərlərə gəlmişəm. Mənim də Kübranınkı kimi səliqəli, üzəgülən bir həyətim, növraqlı bir mənzilim var. Eyvanımda lumu ağacı bəsləmişəm. Axırıncı dəfə onun meyvəsini üzməyə əlim gəlmədi. Dibinə su tökdüm, başına dolandım. Uşağa baxdım, ağaca baxdım. Deyəcək sözüm olmadı. Dilim tutuldu, nə dedisə, gözlərim dedi.
Dissertasiya– Həmin bu qaşıq dərmanını içərsən, həbləri atarsan, gündə iki dəfə yaş dəsmal qoyarsan, iki gün sonra yanıma gələrsən.Həkim deyənləri etmək çətin deyilsə, asan da deyil, belə tapşırıqlarla məşğul olmağa vaxt hanı, hövsələ, səliqə hanı? Ancaq mən dözən adamam. Hansı həkim nə deyib, eləmişəm. Xeyir görməsəm də, hörmət qoyub eləmişəm. Həkimlərin bir sözü mənə lap çətin gəlir. Elə ki, müayinəni qurtarır, dərmanı yazır, məsləhətlərini eləyir, axırda qayıdıb qəti tapşırırlar:
Poems by other poets
Gəl ey badi-səba, söylə dilimdən şəm tək yarə,Qıl əfğan, ağla, şərh elə ki bəsdir yandım odlarə
Deyişmə— Xurşid:Aman Çoban, mən yarımı ararəm,
NeylərQuzğunlar sürüsü dağları yıxmaz,Çirkablar çırpınan odlara neylər?!
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin