Mərdimazar
Hər kəs öz əməyinin məhsuluna baxıb həzz alır: neftçi göydə uçan təyyarənin səsindən fərəhlənir, pambıqçı top-top olan parçaları, paltarları görüb sevinir, aqronom kəhrəba taxılı ilə, bağban bol meyvəsi ilə, müəllim hünərli tələbəsi ilə, mühəndis tikdiyi əzəmətli binalarla fəxr edir. Azad, ictimai zəhmətdən doğan fərəh və iftixarı duymayan sovet adamı yoxdur.
Tarlada alaq otu olduğu kimi, içərimizdə köhnə dünyadan ilişib gələn çirkin niyyətli adamlar da vardır. Onlardan biri həmin Hacı Aslan oğludur. Ömrü boyu yazdığı iftira dolu ərizələri əskinas kimi büküb sığallayır, əzizləyir, dönə-dönə düzəldib ağardandan sonra paketə qoyur, marka vurur, axşamüstü, qaranlıq çökəndə şəhərin müxtəlif yerlərindəki poçt qutularından birinə salır. Böyük igidlik göstəribmiş kimi, sevincək əllərini ovuşdurub: "Hərifin atası yandı", – deyir.
Hacı oğlu çarpayısında uzanır. Müxtəlif adreslərə göndərdiyi imzasız yazıların hərəkətini, taleyini şirin-şirin düşünür: "Çox çəkməz səsi çıxar. Bu saat material mərkəzdədir. Dünən səhər poçta çatıb. Bu gün katib dəftərə salıb. Axşamacan sədrə çatar. Sədr də yorğun olmasa, bu gün, deyək ki, sabah üstünə yazar. Birigün komissiya təyin olunar. Sabah-birigün hərifin vayına oturarlar."
Hacı oğlu bu hünəri ilə hamıdan, acığı gələn hər kəsdən intiqam almağa çalışır.
Zahiri görkəminə, döşündəki cib qələminə, qəhvəyi çeşməyinin dik duruşuna baxan güman edir ki, görəsən, bu, hansı əsər, hansı ixtira sahibidir. Doğrudan da, Hacı oğlunun əsəri çoxdur. Savad öyrənəndən bəri yazdığı ərizə, şikayət, məktub, xəbərlərin sayı-hesabı yoxdur. Qoçular camaatı xəncər, bıçaq, tapança ilə qorxudurlar. Bu "qəhrəman" da qələmi ilə qorxudur. Bir xidmətçinin işdən kənar edildiyini eşitdimi, ördək kimi yırğalanır, qaz kimi səs salırdı.
– Lələşin qələm işlətmişdi, səsi indi çıxır.
Birisi Hacı oğlunun təşəxxüsünə toxundumu, döşünə döyür:
– Səni qələmin ucuna qoyub fələkin dəminə vermək mənə borc olsun! Dünya borc-xərc dünyasıdır...
Hacı oğlunun həyat mülahizələri, iş planları belədir.
Hacı oğlunu indi ən çox məşğul edən mantyor Cahangirdir. İki gün əvvəl Cahangir həyətdə çıraq yandırmışdı. Demə, onun istirahətini pozmuşdu. Hacı oğlunun arvadı etiraz etmişdi ki: "Kişi yatır, pəncərədən işıq içəri düşüb mane olur."
Cahangir cavab vermişdi ki: "Bacı, pəncərəni örtün, işıq düşməsin. Axı həyəti qaranlıq eləmək olmaz. Yaydır, biz burada otururuq, oxuyuruq, danışırıq, gələn-gedən olur."
Mantyorun cavabı Hacı oğluna çox ağır gəlmişdi. "Bu hərif, deyəsən, mənim materiallarımın duzunu dadmayıb. Yaxşı!.."
İki gün sonra Hacı oğlu portfel qoltuğunda qapıdan çıxıb neçə addım getmişdi ki, cahangiri gecə növbəsindən qayıdan gördü. Cahangir salam verib keçmək istəyəndə Hacı oğlu onu saxladı, başını dik qaldırıb yenicə meyvə verməyə başlayan cavan tut ağacına baxdı.
– Qonşu, – dedi, – bu ağacı, deyirlər, keçən il sən əkmişsən?
– Keçən il yox, dörd il əvvəl əkmişəm.
– Çox nahaq yerə əkmişsən!
– Ağac əkmək ki, xeyir iş sayılır.
Hacı oğlu Cahangirin sözünü lağa qoydu:
– "Xeyir iş sayılır..." Bu köhnə patriarxal sözlərdən əl çəkin, canım! Sabah-bugün meyvəsi töküləndə bayağılanacaq, milçək şirəyə yığılacaq, oradan da qalxıb qonacaq mənim süfrəmə. Milçəyin necə azar yaydığını bilmirsənmi, kitab oxuyursanmı?
Cahangiri söz tutdusa da, istehza ilə soruşdu:
– Qonşu, siz heç ağac əkmişsinizmi?
– Mən niyə ağac əkəm gərək?
– Bu niyyət ki sizdə var, əksəniz də bitməz!..
Cahangir bunu deyib qapıdan içəri girdi. Hacı oğlunun isə küçədə əsəbi səsi eşidilirdi: "M ənim əkdiyim bitməz? Mən Hacı oğluna deyirsən bu sözü? Görərsən, mən sənin o qulluq yerinə bir toxum əkim ki, səni yerindən dingildətsin."
Hacı oğlu dərhal evinə qayıdıb portfelini hirslə stolun üstünə atdı, güləşməyə gedən bir pəhlivan kimi, cəld soyundu, arvadını səslədi:
– Tez qaba mürəkkəb tök, yazacağam!
Arvadı ərinin peşəsindən xəbərdar idi. Pəncərələri örtdü, kağız-qələmi sahmana saldı. Hacı oğlu oturub mantyor haqqında dörd sürətli material yazdı: birini yerli milis şöbəsinə, birini elektrik idarəsinə, birini redaksiyaya, birini də Cahangirin işlədiyi idarəyə. Mal dili kimi uzun, ağ dili ilə paketləri yaşlayıb bərk-bərk yapışdırdı. Üstünü cızıqladı, sol əli ilə adresləri yazdı. Materialları üst-üstə qoyub qalın bir kitabla sıxdı. Var-dövlətinə baxan kimi, bir də diqqətlə baxıb fərəhləndi. Sonra özündən razı bir halda addımlayıb var-gəl elədi, gəlib divana uzandı, əllərini peysərində çataqladı, gözlərini paketlərdən ayırmadan yazdıqlarını zehnində təkrarladı:
"...Direktoruna məlumat,
Hörmətli direktor yoldaş, sizə məlum ola ki, cürbəcür fırıldaq yollarla idarənizə soxulmuş Cahangirin bizə yad bir ünsür olduğunu bütün şəhər bilir. Belə ki, bu adamın atası keçm işdə ikinci dərəcəli gildi sahibi ixlas baqqal olmuşdur. Deməli, yumurta da satmışdır. Tarixdən də bizə m əlumdur ki, 1918-19-cu illərdə im perialist qoşunları Qafqazdan keçəndə bu adamın atası baqqal dükanında şirin alış-verişlə xalqı istism ar edirmiş. Düşmən qoşunlarına yağ-yumurta satırmış. Həmin bu gördüyünüz Cahangirin əti, qanı o yumurtaların qazancı ilə maya tutub, xahiş edirəm adına da diqqət yetirəsiniz! Cahangir – xalis imperialist adıdır. Əlbəttə ki, təsadüfi deyildir! Farsca bilənlərdən soruşun. Əminəm ki, belə bir xəbis mayadan yoğrulmuş adamın nə fəsad sahibi olduğu, bizə necə ziyan verdiyi hər kəsə məlumdur və birinci növbədə sizə, necə ki bir sayıq yoldaş!"
Hacı oğlu yazdıqlarını sətir-sətir zehnindən keçirərək, ildırım vurmuş kimi, dik qalxdı: "Ədə, mən nə qayırmışam, çort vazmi!" – dedi. Tez paketin birini açdı. Diqqətlə oxudu: "Bu adamın atası... xalqı istismar edirmiş. Düşmən qoşunlarına yağ-yumurta satırmış..."
Hacı oğlu barmağını dişlədi: "Gör mən nələr yazmışam!"
Hacı oğlu yazısının bu yerini tamam qaraladı. Paketlərin hamısını cırıb, surətlərini də təzələdi, yeni paketlərə qoydu.
Hacı oğlu öz peşəsində stajlı və mahir idi. Ərizənin axırında bir hədə gəlməyi də unutmadı: "Siz lazımi ölçü götürməsəniz, biz sovet adamları məcburuq yuxarı təşkilatlara müraciət edək".
O, məktubların hər birini ayrı xətlə yazır, paketləri ayrı rəngdə götürür, ayrı-ayrı qutulara salırdı.
Gözləyirdi ki, Cahangiri işdən qovsunlar, heç olmazsa, ora-bura çəksinlər, o da yuxarı pilləkəndə, əli cibində dayanıb papirosunu fıs-qırtsın, öskürsün və öz-özünə desin: "İndi gör Hacı oğlu əkən toxum necə bitər!"
Doğrudur, onu bir-iki dəfə müstəntiq çağırdı, prokuror m araqlandı. Ancaq Hacı oğlu hər dəfə qonşusu haqqında "şahid" kimi danışdı, bəlkə də yazdıqlarına bir şey artırmağa çalışdı.
Hacı oğlunun hesabına görə materiallar öz təsirini gərək göstərəydi. Gərək bu günlər Cahangiri çağıraydılar, "mitilini bayıra ataydılar..."
Deyəsən, onun xəyalından da 'keçəni bilirmişlər. Həyət qapısı cırıldadı. Ucaboy bir milis nəfəri içəri girib, onun adını və familiyasını soruşdu, dəftərə qol çəkdirib bir vərəqə verdi.
– Bağışlayın, hardandır? – deyə Hacı oğlu soruşdu.
– Məhkəməyə çağırılırsınız.
– Necə yəni?
– Necəsi yoxdur, oxuyun!
Hacı oğlu vərəqəni oxuyanda gözü bərəldi. Vərəqədə yazılmışdı: "Sovet adam larına iftira atmaqda təqsirləndirilən Hacı oğlunun işinə ayın 4-də rayon xalq məhkəməsinin açıq iclasında baxılacaqdır."
Hacı oğlunun müşdüyü əlindən düşdü, dizi büküldü. O, elektrik vurmuş kimi, pilləkənlərdəcə yerə çökdü. Arvadı içəridən qışqırdı.
– Ay kişi, yaş yerdə oturma, rütubət çəkərsən!
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-merdimazar
Use ← → keys to move, R for a random poem
More by this author
Ünsiyyət insanlığın birinci şərtidir.*Atalar deyib: “Dağ-dağa qovuşmaz, adam adama qovuşar”.*
UlduzDirektorla əl verib tanış olandan sonra Qələndərov bir silisçi ədası ilə soruşdu:– Sizdə Ulduz Qələndərov adlı oğlan işləyirmi? – cavab gözləmədən əlavə etdi: – Qarayanız, arıq, uzun bir oğlan!
Yuxu və külək(El məsəlindən)*Mayil eyvanda kökə yeyirdi. Xallı pişik oturub ona baxırdı. Xallı qulağını şəklədi, gözünü bərəldib ha baxdı, Mayil kökədən pişiyə vermədi. Axırda Xallı dilləndi:
Anamın qeydləriMartın yeddisində qayğıkeş kişilərin çoxuna hədiyyə mağazalarında rast gəlmək olar. Axı, sabah 8 Mart Beynəlxalq Qadınlar Günüdür! Bu bayramı hökumət idarələri, təşkilatlar, qəzetlər qeyd edirlər. Necə ola bilər ki, bu ümumi bayramı hər kəs öz evində qeyd etməsin. Qadın olan evlərin hamısmda, qadm olmayan evlərin isə (belə evlər də vardır) çoxunda martın səkkizini qeyd edirlər.Bizim evdə bu bayram hər il vaxtında, qayda ilə qeyd olunur. Qadm cinsindən təkcə bir anam var ki, mən onun xatirini, demək olar, tanıdığım qadınların hamısından çox istəyirəm. Bu bayramın adını da, dəsgahını da, onun adı ilə - ailəmizin bünövrəsi olan ağsaçlı qadının adı ilə bağlayırıq. Özündən soruşsan, o, heç belə bir bayramda mənim zəhmətə düşməyimə, mağazaları gəzib hədiyyə almağıma razı olmaz. Ona görə yox ki, qadın bayramını əzizləmir, yox! O da bütün qadınlar kimi bu bayramın qədir-qiymətini yaxşıca bilir. Hələ yadımdadır, biz rayonda yaşayan zaman iclaslara həvəslə gedərdi. Klubda qadınlar yığıncağında tribunaya çıxıb ucadan nitq də deyərdi.