Pul tapmışdım
Uşaqlıqda adamın yaddaşı iti, zehni açıq, marağı çox olur. Gördüyün, eşitdiyin, düşündüyün hər şey güzgüdəki kimi həkk olunub həmişəlik qalır.
Hər səhər anam məni məktəbə yola salanda dalanın axırına qədər aparır, köç yolundan ötürüb sonra qayıdırdı. Yolu hoppanandan sonra dükan qabağındakı səki ilə getmək asan idi, qorxulu deyildi. Çünki qabaqda nə at, nə fayton, nə maşın, nə də araba var idi. Başıaşağı səki ilə gedirdim. Bağça-bağa yaxınlaşmamışdım ki, gördüm ayağımın altında bir şey işıldayır. Əyilib baxanda bir abbasılığı gördüm və götürdüm. Xəyalıma gəldi ki, bu kimin cibindən düşüb. Sağıma-soluma baxdım, gedib-gələn görmədim. Pulu cibimə qoyub sevincək dərsə yollandım.
Dərsə getdim. Amma həmin gün neçə dəfə abbasını cibimdən çıxarıb baxdım, yenə cibimə qoydum. Tələsirdim ki, dərsdən sonra evə gəlim, pul tapmağımı anama danışım. Doğrudur, anam hər gün mənə iki, ya üç qəpik tum pulu, su pulu verirdi. Amma birdən 20 qəpik vermirdi.
Axşam evə gələn kimi pulu anama göstərdim:
– O nədir?
– 20 qəpik!
– Hardan almısan?
– Tapmışam!
Anam pulu alıb baxdı, təkrar mənə qaytardı və soruşdu:
– Hardan tapmısan?
– Küçədən?
– Düzünü de!
– Vallah, küçədən!
– Kiminsə cibindən düşüb.
– Adam çox idi sən tapanda?
– Yox!
– Kiminsə yırtıq cibindən düşüb, gərək sahibinə verəsən.
– Kimdi sahibi?
– Soruşsan, tapardın.
– Kimi tapacaqsan?
– Özgənin pulunu evə gətirərsən ev dağılar! Haram pul kibrit kimi şeydir. Düşdüyü yeri yandırar.
Anam diqqətlə mənim üzümə baxdı, abbasılığa işarə ilə təkid etdi:
– Haram pul ev dağıdar! Apar sahibinə ver!
Anamın sözləri məni çətin vəziyyətdə qoymuşdu.
– Nə bilim, sahibini necə tapım?
– Gəlib-gedən yox idi? Pul göydən düşməyib, hansı yazığınsa cibindən düşüb. Onu götürüb xərcləmək olar? Tap, sahibinə qaytar, bala! Bizə haram yapışmaz. Atan bilsə qiyamət qopardar!
Dərsdən qayıdanda nə düşünür, necə sevinirdim! İndi anamın sözlərini eşidəndə məni dəhşət götürdü: "haram pul ev dağıdar!" İndi mən pul tapan, sevinən adama yox, bir xəyanət işləmiş müqəssirə oxşayırdım: "Bu nə iş idi düşdüm, ilahi!"
Bəlkə bu abbasını tapdığım küçəyə atıb qayıtmalıyam! Bunu da eləməyə qorxurdum. Çünki anam soruşacaq idi.
Pulu gətirib anama verdim:
– Götür, nə eləyirsən elə!
Anam əlini pula vurmadı, siçan ölüsünü götürən kimi, maşa ilə götürüb evin aşağı başında külqabının içinə qoydu:
– At ora qalsın. Atan gələndə görək nə deyər.
Bu söz mənə daha ağır idi. Bilirdim ki, atam sorğu-suala tutacaqdır. Bəlkə də bərk danlayacaqdır.
– Atama demə, özün neyləyirsən elə!
Bunu demək istədim, cürətim çatmadı. Bilirdim ki, anam heç nəyi ondan gizlətməz. Bəlkə də mənim belə bir xahiş elədiyimi də ona deyəcək. Kişi mənə qarşı daha da hirslənəcəkdir.
Axşam şam yeməyindən sonra anam abbasılığı "mərəkə bəhanəsi" kimi ortalığa gətirdi:
– Oğlun, – dedi, – məktəbdən gələndə pul tapıb! Kişi abbasılığa, sonra mənim üzümə baxdı:
– Hardan tapmısan?
– Məktəb yolundan.
– Bəlkə, birinin əlindən düşüb?
– Bilmirəm.
– Adam-zad var idi, ya tək sən idin?
– Heç kəs yox idi.
– Apar at yerinə, kimsə itirib, gəlib axtaracaq!
Anam söhbətə qarışdı:
– Yerə atmaqdansa, bir fağıra ver. Ovsanaya düşər! Mən dedim:
– Nə eləyirsiniz özünüz eləyin, mən istəmirəm.
Səhər atam geyinib çıxanda məni də çağırdı:
– Məktəbdəkilər bilir sənin pul tapmağını?
– Məktəbdə deməmişəm.
– Gedək!
Məktəbə bir az qalmış, məhəllə məscidinin qabağına çatanda atam məndən soruşdu:
– Buradan tapmısan?
– Səkinin yanından, lap qapı ağzından.
– Mənə pulu!
Bir abbasılığı əlimdən aldı, həmin yerə atdı.
– Yeri, – dedi, – get məktəbinə!
Bunu dedi, uzun addımlarını yeyinlətdi.
Mən böyük bir qayğı, ya təhlükədən qurtarmış kimi hər şeyi unutdum. Sevinə-sevinə məktəbə yollandım.
Odu, budu, qarşıma çıxan heç bir şeyə tamah salmaram. Yolun ortasında bir kisə qızıl görsəm, onu küçədəki bir cındır parçası sanıb kənarından ötərəm.
Çünki anam mənə bərk tapşırmışdır ki, bir murdar damcı böyük hovuzu korlayar. Atan zəhmət ilə pul qazanıb ev dolandırır. Xanimanını alın təri ilə qurub, abad eləyən adamdır. Heç kəsin bir qəpiyini də bu halal əmlaka qatsan, hamısı dağılıb küllü-kuf olar, bala!
Məktəb günlərində tapılan bir abbasılığın macərası indi də yadımdan çıxmayıb.
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-pul-tapmisdim
Use ← → keys to move, R for a random poem
More by this author
Gəldiyev ehtiyatla, ağır-ağır yoxuşu çıxdı. Səkiyə ayaq basanda Vahidin evi gözü önündə dikəldi, rəngi getmiş, divardan çətin seçilən uca, taylı qapı Gəldiyevə tanışdı.İki ay yarım bundan qabaq, mülayim bir qış axşamında bu qapını "ziyarət" etməli olmuşdu. Ancaq o zaman Gəldiyevin iradəsi davamsız idi.
İkinci hissə, onuncu fəsilGəldiyev sağ-salamat gəlib, Vartaşenə çıxdı. Onun məqsədi burada qalmaq deyildi. Köhnə və sadiq dostu İsmiyevi görəcək, onun vasitəsilə Rusiya darülfünunlarından birinə ezamiyyət alacaq, yayınacaqdı. Əlbəttə, İsmiyev mühəndis olmuş dostunu asanlıqla buraxmayacaqdı: "Bəsdir oxudun, - deyəcəkdi, - qurtardın, gəl indi xalqa xeyir ver!"Amma Gəldiyev onu başa salacaqdı: "Hələ yarımçığam, Bakıda lazımi professorlar olmadığından dastatoçni bilik almadım. Moskvada oxumasam, özümə inciner demərəm. Təvəqqe edirəm boynuma qoyduğunuz haqq-sayı axıracan aparın. Mən də duz-çörək itirən oğul deyiləm, özün tanıyırsan!.." Gəldiyev axşam çıraqlar yananda rayona çatmışdı. Birbaşa dostunun evinə getmək, əziyyət vermək istəmirdi. Mehmanxanaya gəldi, orada ortayaşlı çopur bir kişi işləyirdi. Gəldiyevə bir köhnə çarpayı verdi. Gəldiyev ondan əhval soruşdu:
Həkim CinayətovGənc tələbə Ramazan Əlizadə səhiyyə şöbəsində ərizəsinə dərkənar qoydurub, tələsik müalicəxanaya yollandı, qırmızı mürəkkəblə və xırda xətlə yazılmış dərkənar bu məzmunda idi: "Təcili tibbi yardım göstərməli".Ramazan atasının başına gələn bədbəxt hadisədən təşvişə düşmüşdü. Atasız qalacağını təsəvvür etdikcə beyninə bir ağrı dolurdu.
İstifadə– Yolçu, oradan müəlliməni səslə, bir az söhbət eliyək...İdris bunu deyəndə, mən həm sevindim, həm də narazı qaldım. Sevindim, ona görə ki, bilikli, məlumatlı adamlar ilə həmsöhbət olmaq adamın məlumatını artırar. Belə adamlardan çox istifadə etmək olar. Narazı qaldım ona görə ki, yazın günündə, istirahətə çıxdığımız yerdə nə istifadə bazlıqdır.
Poems by other poets
ای گشته خجل پری و حور از رویتخورشید گرفته وام نور از رویت
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
EdəydiEy ağalar, bir yarın həsrətin çəkərəm,Nolaydı Tanrı nəsib edəydi.