Bir kəndin sərgüzəşti
Page 2 of 2 · 50%
Arvadın sözləri kəndxudanın beyninə batdı. O gündən kəndxuda N. məhəlləsinin camaatına qeyri bir nəzərlə baxardı. O məhəllədən bir adam şikayətlə gəlirdisə Əmidən soruşardı. Əmi də işə baxardı. Özünə xoş gələn adam olsaydı, deyərdi, gərəkdir kömək oluna, xoş gəlməyən adamı itirdirdi. Buna birəks İ. məhəlləsində bir ittifaq düşərdisə,tez özü gedərdi, işlərinə diqqətlə baxardı, sərəncam çəkərdi....
Nə isə Daşdəmir kəndxuda işlərini bir növ yola aparırdı. O, hamı kəndxudalardan bu kənddə artıq yaşadı. Hörməti də günbəgün naçalnik yanında artdı. Axırda bu payəyə çatdı ki, bir gün qubernator kəndə gələndə ağsaqqalların hüzurunda kəndxudaya dedi: "Mən sənin qulluqların əvəzinə böyük mənsəb verəcəyəm". Bu məclisdə Əmi də var idi, camaat isə öz tərəfindən kəndxudanın yaxşı adam olmasını qubernatora söylədi.
Bu gündən Əmi daha da Daşdəmirə yavıqlaşdı. Nə üçün də yavıqlaşmasın?! Gördü ki, kəndxudanın xatirini qubernator istəyir. Əmiyə də elə bu lazım idi.... Kəndin yavıqlığında bir bulaq var idi. Qədimdən adət üzrə bu bulağın suyunu həftədə üç gün bir məhəllə öz tərəfinə aparardı. Bir gün belə oldu ki, İ. məhəlləsi suyu dörd gün öz məhəllələrinə buraxdılar. N. məhəlləsinin adamları bu əhvalatı Əmiyə dedilər. Əmi dedi: "Yaxşı, mən danışaram". Doğrudan da Əmi kəndxuda ilə görüşüb bu əhvalatı dedi.
Kəndxuda Əmiyə dedi: "İ. məhəlləsi üçün bu həftə su çox lazım olduğuna görə məndən təvəqqe etmişdilər ki, bir gün artıq su götürsünlər. Sizdən təvəqqe edirəm kəndxudanın işinə qarışmayasınız". Əmi övqatı çox təlx evə gəldi. Amma bunu da bilməli ki, Əmini kəndxudanın sözləri qorxutmuşdu. Bu vaxtədək Əmi belə sərt söz eşitməmişdi.
Əmi fikir edərdi; görünür kəndxudanın beli bərkdir ki, Əmi kimi adamla belə cürətlə danışır, bununla belə Əmi məhəlləsinin adamlarına dedi:--Bəli, mən kəndxudaya əhvalatı dedim o, əfsus etdi ki, bir ittifaqdır düşüb daha olmaz dedi.
Məhəllə camaatı sakit oldu.
Bu əhvalat hər ikisini imtahan meydanına çəkdi: Əmi puluna, adına ümid bağlayıb fikir edərdi: "Əlbəttə, kəndxuda mənim sözlərimi yerə salmaz". Kəndxuda isə sərt cavab verib Əminin gücünü sınayırdı. Bu fikir edərdi: "Hərgah doğrudan Əmi sidq ürəklə camaatın tərəfini saxlayır isə, əlbəttə, bir iş meydana gələcəkdir.Yəni camaata düz-düzünə deyər, camaat isə öz hüququnu müdafiə etmək üçün yanıma gələr, dərdini söyləyər...."
Həqiqət, kəndxuda ağıllı bir adam idi. İki həftədən sonra İ. məhəlləsinin adamları yenə də bir gün artıq suyu öz məhəllərinə buraxdılar.... N. məhəlləsi yenə Əmiyə ricu etdilər. Əmi yenə söz verdi ki, kənxuda ilə danışar. Fəqət bu dəfə Əmi qorxusundan kəndxudaya heç bir söz demədi. Bununla belə məhəllə camaatına dedi ki:
Kəndxudaya olmayan sözləri dedim, kəndxuda isə cavab verdi, məni bağışlayın, daha belə şeylər olmaz.
Camaat Əmiyə inandı və sakit oldu.
Yenə bir gün belə bir ittifaq düşəndə N. məhəlləsinin bir neçə cavanları daha səbr edə bilməyib əllərində bel su başına getdilər. Bu vaxt İ. məhəlləsinin cavanlarından da bir neçəsi su başında oturmuşdular. İki məhəllə adamlarının arasında söz oldu. N. məhəlləsinin adamları istədilər suyu öz tərəflərinə buraxsınlar. İ. məhəlləsinin adamları bunlara mane oldular. Birə beş bir-birinə söyəndən sonra bellərə yapışdılar.... Bunların çığırtısına kənddən hər iki məhəllədən adamlar töküldülər. Kəndxuda gəldi. N. məhəlləsinin adamlarından bir neçəsini tutdurdu. İ. məhəlləsinin adamlarına bir söz də demədi. N. məhəlləsinin adamları Əminin yanına gəldilər, əhvalatı söylədilər.
Əmi çığır-bağır etdi: atdı, tutdu və axırda dedi:
"Heyif ki, mən hazırda naxoşam, siz gediniz rahat olunuz, görərsiniz, mən kəndxudanın başına nə oyunlar gətirəcəyəm."
Məhəllə adamı inanıb getdi, sabahı gün Əmi axşamçağı bir qoyun, bir motal kəndxudaya göndərdi, sonra özü də getdi.... Kəndxuda Əmini görüb dedi:
"Dünənki əhvalat mənim övqatımı təlx edibdir. Bu gün naçalnikə də, qubernatora da raport yazmışam. Bir-iki adam gərəkdir bu kənddən sürülə, özü də sizin məhəllədən." Əmi gülümsünüb dedi:
"Bəli, bəli, bizim məhəlləni xarab edənlər var. Bir-iki başlarına at təpmiş cavanlar gərəkdir bu kənddən sürülə...."
N. məhəlləsinin camaatı gözlədi, gözlədi, bir şey çıxmadı.
Kəndxuda öz-özünə fikir edirdi: "Doğrudan da bu məhəllənin camaatı heyvan qismi bir zaddılar. Bunların başlarınə nə gətirərsən yarar". Bununla belə İ. məhəlləsinin camaatı səhərnən açıq-açığına kəndxudanın evinin qabağına dəstə-dəstə yığıldılar, səs-küy etdilər və üç adamın kənddən sürülməyini tələb etdilər. Naməlsəm məhəlləsindən üç adamı əlli-ayaqlı göndərdilər.
Bu davadan sonra iki məhəllənin arası daha da yaman pozuldu: hər yerdə hər zaman əllərindən gələn pisliyi bir-birinə edərdilər. Bir gün N. məhəlləsinin arvad-uşaqları su başında olarkən İ. məhəlləsinin cavanları bu arvadlara sataşırlar. Hətta bir-iki qız-gəlin tutub öpürlər. Arvad-uşaq bir-birinə qarışıb kəndə qaçır, hərə öz evində bu əhvalatı söyləyir. Məhəllə adamı bilmir nə etsin. Çarə yoxdur, yenə gərəkdir. Əmiyə demək, onunla məsləhətləşmək! Əminin yanına gəlib əhvalatı söyləyirlər.
Əmi məhəllə qeyrətini göstərməkdən ötrü papağını qoyur yerə, yumruğu ilə stola vurub deyir:
"Siz bircə rahat olunuz, görərsiniz mən bu kəndxudanın başına nə işlər gətirəcəyəm. O nə adamdır ki, mən onunla danışım, bu günlərdə şəhərə gedəcəyəm, düz qubernatorun yanına gedib tamam əhvalatı söyləyəcəyəm."
Bir-iki gün bundan keçmiş kəndxuda Əminin yanına gəlir. Əmi tez xörək tədarük etdirir. Ancaq kəndxuda deyir:
"Cənab Əmi, sizin yanınıza xörək yeməyə gəlməmişəm. Mən gəlmişəm sizə bir neçə söz deyəm: Mən eşidirəm sizin məhəllədə bir neçə tədarüklər görülür, guya sizin məhəllə İ. məhəlləsinin üstə düşüb istəyirlər dava edələr. Mən yaxşı bilirəm ki, məhəllə adamı sizin sözünüzdən çıxmaz.... Bu, naçalnikə də məlumdur.... İndi özünüz bilirsiniz, hərgah belə bir əhvalat olsa siz cavab verməlisiniz...."
Əmi doğrudan doğru qorxdu və dedi:
"Cənab kəndxuda, mən hamının tərəfindən söz verirəm ki, belə şey heç kimin başında ola bilməz və camaatımız heç vaxt belə naqabil işlər etməz."
Kəndxuda durub gedəndə Əmi yüz manat da verdi ki, kəndin yetim uşaqlarına, dul arvadlarına paylasın ... kəndxuda gedəndən sonra Əmi tez məhəllədən bir adam çağırtdırıb dedi:
"İndi kəndxuda yanıma gəlmişdi. Eşidibdir ki, bizim məhəllə adamı istəyir dava etsin." Mən kəndxudaya dedim: Əlbəttə, bu biabırçılığı kim qəbul edər ki, biz edək. Mən dedim hələ qubernatora bu əhvalatı deyəcəyəm. Kəndxuda məndən təvəqqe etdi ki, mən bu adamın qabağını saxladım; çünki müqəssirlər öz cəzalarına çatarlar. Ancaq bir az səbr lazımdır. İşlər hamısı düzələr, barışıq düşər.... Bunun cavabında mən dedim: Yox, olmaz, bu işi belə qoymaq olmaz.
"Bu sözləri Əmi acıqlı deyib bir az fikrə getdi." Sonra başladı: hər halda belə bir əhvalat varsa siz qabağını saxlayın, çünki mən qubernatorun yanına gedib hamı işlər düzəldərəm və çalışacağam bu kəndxudanı buradan götürsünlər.
Əminin yanına yığılan adamlardan biri dedi:
"Əmi, sən bizim atamızsan, nə deyirsən qulaq asırıq. Ancaq belə də olmasın ki, bizim arvad-uşağımıza sataşsınlar. Biz, doğrusu, bunu qəbul edə bilmərik."
Onun cavabında Əmi dedi:
"Siz arxayın olun, mən özüm bilirəm. Ancaq siz uşaq-muşağın qabağını saxlayınız."
Doğrudan da sabahı gün Əmi şəhərə getdi. Alver edib kəndə qayıtdı. Qubernatoru nəinki görmədi hətta qorxusundan qubernator olan küçədən də keçmədi.... Məhəllə adamı Əminin şəhərdən gəldiyini eşidib bir-birinə dəydilər. Xalq Əminin evinə töküldü. Nə oldu? Nə dedi? Suallarını Əmiyə bir-bir verdilər. Əmi bunlara cavab verərək dedi:
"A kişilər, siz bilmirsinizmi mən ölənədək varımı, yoxumu sizin yolunuzda qoymağa hazıram. Pul görən işi heç bir şey görməz. Nə olacaq, lazımınca pul xərc etdim. Hamı işləri düzəltdim. İndi kəndxudanın atasına od vuracağam. Siz gediniz, arxayın yerinizdə oturunuz, işin aqibətini gözləyiniz." Biçarə məhəllə adamı da gözləyə-gözləyə qaldı. Axırda N. məhəlləsindən bir neçə adam qazamata düşdü....
İ. məhəlləsinin adamı bu ittifaqlardan sonra belə bir ayaq aldı ki, daha o məhəllənin qorxusundan, axşamçağı Naməlsəm məhəlləsinin adamı evdən çıxa bilməzdi.
Getdikcə, bu məhəllənin halı fənalaşdı. Kəndxuda isə N. məhəlləsinin hünərini görüb heç qorxmazdı və bacardığı yerədək İ. camaatına kömək edərdi, sözlərinə qulaq asardı, şikayətlərinə artıq dərəcədə diqqət edib lazımınca sərəncam çəkərdi. Nə üçün də etməyəydi? Kəndxuda dünyagörmüş, ağıllı bir adam idi.... Bilirdi ki, İ. camaatının şəhərdə yaxşı işbilən, oxumuş adamları vardır. Bunu da anlamışdı ki, bir iş olanda şəhərə xəbər gedir, adam göndərirlər və nə ki, lazımdır işlərini düzəldirlər.
Bilirdi ki, bunlara yavıqlıq etsə, qulluq işləri də yaxşı gedəcəkdir. Həqiqət kəndxuda olmayan işləri N. məhəlləsinin başına gətirdi, bununla belə şəhərdə naçalnik, qubernatorun yanında hörməti günbəgün artırdı.
Bəli, vaxt oldu ki, şəhərdə pristavlıq yeri açıldı. Daşdəmir koxanı oraya təyin etdilər. Bu xəbər kəndə çatdı. İ. camaatı nəhayət dərəcədə qəmgin oldu. N. camaatı isə əhvalatı eşidib şadlıq etdilər: atıldılar, düşdülər. Kəndxudanın getməyindən bir gün müqəddəm Əmi öz məhəlləsinin adamlarını yığıb gülə-gülə onları təbrik edib dedi: Ay camaat, sizə məlumdur ki, bu zalım balası başımıza nə oyunlar gətirdi. İndi biz gərək öz koxamıza göstərək tainki bilsin ki, biz ondan narazıyıq, ona görə də mən məsləhət edirəm: o yola düşəndə heç kim onu ötürməyə çıxmasın. Onunla salamlaşmasın. Fəqət bir mənim getməyim məsləhətdir. Tainki gedəndə bir neçə söz demək lazımdır: bilsin, düşünsün ki, biz də varıq....
Camaat buna razı oldu.
Səhər İ. camaatı hamılıqla kəndin kənarına çıxıb kəndxudanı ötürməyə hazırlaşdılar. N. məhəlləsindən isə Əmidən başqa bir adam yox idi. İ. məhəlləsindən vəkillər bir-bir qabağa yeriyib kəndxudanı alqışladılar, nitqlər söylədilər, hətta bir neçəsi ağladı.
Bu halda Əmi də qabağa yeriyib dedi:
"Sevgili, mehriban kəndxuda, sizi N. məhəlləsinin tərəfindən səmimi qəlbdən təbrik edirəm. Biz çox heyfsilənirik ki, sizi bizdən ayırdılar. Allah sizi bizə çox görməsin. Sizi özümüzə ata bilirdik.... "
Hətta yalandan dodağını da büzdü ki, guya ağlamaq istəyir....
Həqiqət, halda isə N. camaatının bu yığıncaqda olmamağını kəndxuda heç bilmədi və hiss etmədi. Çünki o heç vaxt camaatı görməmişdi. Camaatın əvəzinə həmişə Əmi söylərdi o da ki, burada.
Bəli, kəndxuda getdi. Kənddən ayrıldı. Ayrıldı, amma ürəyində açılmaz düyün qaldı. Kəndxuda gedə-gedə öz aləmində fikir edirdi: "N. məhəlləsinin camaatı qəribə bir camaatdır. Bunlar ya çox yaxşı adamlardır, ya da ki, çox axmaq. Mən əlimdən gələn yaxşılıqları onların düşmənlərinə etdim, onları hər vaxt düşmənlərinin ayaqlarına verdim, bununla belə yenə də Əmi kimi nüfuzlu bir şəxsi məni təbrik etmək üçün göndərdilər.
Kəndxuda doğrudan da bilmədi bu camaaat nəyə qulluq edir, hansı allaha səcdə edir, hansı ağlın, hansı qeyrətin sahibidir.
Kitabxana.az · https://kitabxana.az/en/works/nerimanov-bir-kendin-serguzesti
Use ← → keys to move, R for a random poem
More by this author
Vaqe olur Xorasan kəndlərinin birində. Əvvəlinci pərdə: bir tərəfdən Nadirin evi və yol. İkinci pərdə: çöl-biyaban.*ƏVVƏLİNCİ GƏLİŞ
Üçüncü məclisVaqe olur Xorasanın ətrafında. Bir tərəfdə Nadirin çadırı, o biri tərəfdə Xorasan qələsi.*ƏVVƏLİNCİ GƏLİŞ
Dördüncü məclisVaqe olur İsfahanda, Nadirin iş otağı: bir tərəfdə stol, üstündə kitablar. Otaq xalılarla döşənmiş; Mirzə Mehdi xan oturub yazır.*M i r z ə M e h d i x a n. Görəsən belə bir vücudu İran daha görəcəkmi? Çətin! Sözü bir, ürəyi saf, şir ürəkli, aslan qüvvətli, vətənini sevən, millət yolunda can qoyan, sahibsizlərə sahib, köməksizlərə kömək edən, yetimlərə pərvəriş verən
Şamdan bəyƏFRADİ-ƏHLİ-MƏCLİSY u s i f-- mədəniyyətli, qulluq edən cavan oğlan, Avropa libasında.
Poems by other poets
Gözəllər yola çıxandaYoluna qurban mən olum.
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Naxçıvandan bir nəfər dostumaÖzgələr dərs oxuyur, alimi-ferzane olur,Özünə, millətinə qövli-həkimanə olur,
QaldıKönül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı