Page 2 of 3 · 33%

BEŞİNCİ GƏLİŞ

Səs.

C a v a d. Nadir! Nadir!
N a d i r (tez gedib baxır). A! Dayı can, buyur, buyur. (Dişqarıda.) Ay gədə, gəl atı tut. (İkisi də içəri daxil olurlar.)
N a d i r. Xoş gəlibsən, dayı! Uşaqların kefi necədir?
C a v a d (oturur). Ey ... Ay balam! Bir tövr dolanırlar. Mən də dəxi qocalmışam. Əvvəlki tək işləyə bilmirəm, bu il hətta heç taxıl da əkmədim.
N a d i r. Heç fikir etmə. Allah kərimdir. Gətirdiyim qarətdən bir illik sənin təamın çıxar. Eşitdinmi, özbəklərə nə tufan etmişəm? Heç bilirsənmi başlarına nə işlər gətirmişəm!
C a v a d (başını yırğalayır). Ah! Ah, balam (Başını, tutub fikrə gedir.) Eşitmişəm, eşitmişəm!....
N a d i r. Dayı! Nə üçün ah-zar edirsən? Nə səbəbə qəmgin oldun? Gərəkdir şad olasan ki, mənim kimi bacın oğlu var. Onu bilmirsənmi, adımı eşitcək hamı titim-titim titrəyir, padşahlar mənim müqabilimdə davam etməyir, qoşunları qoyun kimi qaçırlar! Mən deyiləmmi özbəkləri dağa-daşa salan? Mən deyiləmmi İrana qan ağladan? Belə köməyi olan da ah-vay edərmi? Belə köməyi olan da dərd edərmi? Fəxr et! Könlün şad olsun!
C a v a d (başını qaldırıb). Bilirəm. İgidsən, aslan bərabərində cavansan, amma.... (Başını aşağı salır.)
N a d i r. Necə amma? Nə deyirsən?
C a v a d (başını tutub ağlayır). Heç balam, heç! Allah qüvvət versin!
N a d i r. Dayı, sənə nə olubdur? Nə üçün ağlayırsan! Ürəyində nə var, de!
C a v a d. Ay balam, nə deyim!.... Mən öz günümə ağlamıram. Bu gün-sabah öləcəyəm.... Məni fikrə salan vətənimizin qarışıq işləridir. Of, of! Heç bilirsənmi nə halda bulunuruq. Vətənimiz əldən gedir, ziyarətgahlarımız, yerlərimiz özgə tayfaların əllərinə keçirlər. Millətimiz günbəgün zəlil, məşəqqətdə bulunur: əkin yox, biçin yox, neçə kəndlərdə aclıq başlanıb. Xalq çəyirtkə kimi qırılır, mən buna ağlayıram.... Başını tutub ağlayır. Nadir fikirdə. Cavad yerindən qalxıb Nadirin əlindən tutur.) Nadir! Dünyada ad qazanmaq iki yol ilə olar: yamanlıqla və bir də yaxşılıqla. Yamanlıqla ad çıxartmaq hamıya mümkündür və bu ad həmişəlik deyil.... Yaxşılıqla ad qazanmaq hər şəxsin hünəri deyil. Yaxşılıq edən şəxsin adı nəinki öz sağlığında və hətta öləndən sonra da dillərdə zikr olunar. Bəs heç rəvadırmı ki, sənin kimi rəşid və şücaətli cavanın adı sağlığında min cürə söyüşlə və öləndən sonra lənət ilə zikr olunsun? Rəvadırmı ki, sənin ömrün, gücün və ağlın quldurluqda çürüsün? Rəvadırmı ki, insan bilə-bilə gözəl sifətlərini puç edib, yaman sifətləri qəbul edə? (Nadir fikirdə.) Heç eşidibsənmi ki, quldur öz əcəli ilə ölə? Qulduru həmişə ya asıblar, ya boğublar, ya güllələyiblər. Xülasə, quldur olan kəs belə yaman naqabil ölümlərdən uzaq deyil.... Dəxi nə deyim, balam.... (Fikrə gedir.)
N a d i r. Dayı, diqqətlə sözünüzə qulaq verirəm. Buyurun görüm.
C a v a d. Dəxi nə deyim, ay balam!.... Axır sözüm budur ki, sən gərək bu yaman peşədən əl çəkəsən. Fikrini, gücünü sərf edəsən millət və vətən yolunda. Bizim atadan-babadan qalan yerlərimizi düşmənin əlindən qurtar, qoyma ziyarətgahlarımız qeyri tayfaların əlində qala. Onda ümidvaram ki, Təhmas şah günahından keçə.
N a d i r (gülə-gülə). Ah! Ah! Təhmas şahda nə qalıbdır ki, mənim günahımdan keçə?
C a v a d. Neçə ki, nə qalıbdır? Təbrizdən xeyli qoşun yığıb Xorasanı türkmənlərin əlindən qurtarmağa gedir. Nadir! Dübarə səndən təvəqqe edirəm: at, bilmərrə bu yaman peşəni.... Dağılmış vətən, yurdu itmiş, ah-zarı ürək dağlayan millət
sənin kimi bir aslan gözləyir. Durma, oğlum! Minlərcə mənim kimi göz yaşlarını tökən var. Bu qan ağlayanlara kimdən cavab gözləmək?
N a d i r (əlini başına aparıb fikir edir. Birdən Cavadın yanına gedir.) Dayı! Sənin sözlərin məni ayıltdı, bu vaxtadək xabi-qəflətdə imişəm. (Fikrə.) İndi ... hə.... İndi başa düşürəm ki, atam da, mən də əbəs yerə qan tökürmüşük.... Bəsdir!
Bundan sonra vətənin fikrində olmalıyam.... (Fikrə.) O qanlı yaşlar tökənlər məndən cavab gözləsinlər....
C a v a d. Doğrumu deyirsən?
N a d i r. Dayı! And olsun yerlə göyü yaradana! And olsun Rzaqulunun canına ki, bu qılınc ancaq vətənin yolunda işlənəcəkdir!
C a v a d (əlini urəyinə qoyur.) İndi bir az sakit oldum.... Allah səndən razı olsun. (Alnından öpür.) Nadir! Vətən yolunda qılınc vurmaq müqəddəs və savab işdir; bir işdir ki, cəmi İran səndən razı qalar. Ata-babamızın sümükləri basdırılan yerləri düşmənlərin əlindən xilas edərsənsə, böyük bir müqəddəs iş etmiş olarsan.
N a d i r. Allahın köməkliyi ilə, bu qılıncın hünərinə qoymaram qeyri millət İran torpağında baş qaldırsın.... İndi dayı, sən evə get, bir az rahat ol, mən də bir neçə buyruq verəcəyəm.
C a v a d. Yaxşı, gözümün nuru! (Gedir.)
N a d i r (tək). Həqiqət, mən bu vaxtadək qəflət yuxusunda imişəm; ancaq günah məndə deyil, atam tərbiyəni belə vermişdi. Çox yaxşı ki, dayım məni ayıltdı, yoxsa məndən sonra Rzaqulu da nahaq yerə bu qanları tökəcək idi. Əcəba, nə üçün mən bir fikir etməyirdim. Atamdan artıq qoçaqlıq edə bilməyəcəkdim. Amma bununla belə bu dünyada nə qoydu getdi? Harada adı hörmətlə çəkilir? Quldurların məclislərində.... Bəli, on, ya iyirmi-otuz quldur atamın adı gələndə rəhmət oxuyursa, cəmi İran haman adı nifrətlə söyləyir.... (Fikrə gedir.) Yox, dəxi durmaq vaxtı deyil. (İstəyir getsin.)

ALTINCI GƏLİŞ

G ü l c a h a n (tez Nadirin qabağına çıxır). Nadir! Dayın deyən söz doğrudurmu?
N a d i r. Nə var? Nə olubdur?
G ü l c a h a n. Nə üçün gizləyirsən? Özün bilmirsənmi?
N a d i r (gülümsünür). Yox!
G ü l c a h a n. Sən mənim canım, doğrudurmu ki, yaman peşədən əl çəkirsən? Hə?
N a d i r (tərəfə). Binəva sevindiyindən bilmir nə etsin. (Gülcahana.) Doğrudur, Gülcahan, doğrudur. Mən yaman, nifrətli peşədən əl çəkdim. Fəqət indi lazım gəlir, müqəddəs yerlərimizi, zəlalətdə yaşayan millətimizi düşmənlərin zülmündən xilas edim.
G ü l c a h a n. Pərvərdigara! Çox şükür, çox şükür ki, mənim duamı müstəcab etdin. (Ağlayır.) Gecə-gündüz əlim sənin dərgahında öz-özümə deyirdim: nə vaxt canım qorxu çəkməkdən azad olacaqdır. Çox şükür ki, mətləbimə çatdım! (Nadir gedib qolundan tutur.)
N a d i r. Ağlama, get rahat ol! Dayım yoldan gəlibdir, qocadır, yorulmuş olar, onu rahat et. Onun sözləri məni yuxudan ayıltdı....
G ü l c a h a n (gedə-gedə). Allah səbəbə nicat versin!
N a d i r (tək). Biçarə övrət o qədər qorxudan gecələr yatmayıb ki, saralıb, muma dönübdür, indi sevindiyindən ağlayır. Həqiqət, Gülcahan məni çox istəyir, yoxsa mən hara, Birabil xanın qızı hara. Xülasə!.... Gedim görüm adamlar
yerlərindədirlərmi? (Çıxır.)

YEDDİNCİ GƏLİŞ

R z a q u l u (evin qənşərindən gəlir, qılıncı qınından çıxarır). Görüm, yaxşımı qayırıbdır. (Baxır.) Çox yaxşıdır! (Məşq edir.) Görüm, atamın xoşuna gələcəyəmmi? O, qoçaq adamları çox sevir. Hərçənd quldurluğa əvvəlinci dəfə gedəcəyəm, amma yanımda o qədər nəql ediblər ki, qulağım dolubdur. Bilmərrə qorxum yoxdur. Ürəyim belə tələsir ki, hər günüm bir il keçir, dəqiqələri sanıyıram. Dünən qaçaqlardan biri atamın qoçaqlığından danışırdı.... Deyir, qorxulu davada vaxta ki, Nadir qabağa düşür, elə bilirsən hamıya təzədən ürək verilir.... Deyir, qılıncı heç boş yerə çıxartmaz. Elə ki, çıxartdı, gərək düşmənin başı yerdə ola. Elə ki, deyir, Nadir qabağa düşür, nərəsindən düşmən tab gətirməyib qaçır.... Ah, hanı bir tez gedəydik, mən də qılıncı sıyırıb (qılıncı sıyırıb bərkdən), qorxma, vur! (Yüyürür.) Tərpənmə!

SƏKKİZİNCİ GƏLİŞ

G ü l c a h a n (tez qapıdan çıxıb Rzaquluya tərəf). Nə olub? Nə var? Rzaqulu, sənsən? (Əlini ürəyinə aparıb pilləkənin üstündə əyləşir.) Uf! Ay balam, sən məni qorxutdun, dedim görəsən nə olubdur. Nə üçün elə edirdin, oğlum? Dəli olmuyubsan ki?
R z a q u l u (anasının yanına gedib qolundan tutur). Ana, qorxma, heç şey yoxdur. (Gülür.) Ah! Ah!
G ü l c a h a n (yavaş-yavaş durur). Oğlum, bəs divanətək nə üçün qışqırırsan?
R z a q u l u. Heç, məşq edirdim. Deyirəm görüm, atamla gedəndə necə dava edəcəyəm.
G ü l c a h a n. Hara?
R z a q u l u. Qaçaqçılığa!
G ü l c a h a n. Axmaq-axmaq fikirləri başından çıxart.
R z a q u l u. Ana, vallah atam deyirdi səni də özümlə qaçaqçılığa aparacağam.
G ü l c a h a n (Rzaqulunun gözlərindən öpür). O çox da apardı, səni qoyan kimdir? Allahı sevirsən, elə şeyləri fikrindən çıxart.
R z a q u l u (əlindən tutur). Ana, sən mənim canım, mane olma, qoy gedim.
G ü l c a h a n (üzünə diqqətlə baxıb gözlərindən neçə dəfə öpür). Bircə de görüm, qaçaqçılığa nə üçün gedirsən?
R z a q u l u. Heç, ancaq istəyirəm atam kimi ad çıxardam. Qoyarsanmı? Hə? Mane olmazsan ki? Hə?
G ü l c a h a n (gülə-gülə). Atan quldurluğu, qaçaqçılığı dəxi tərk edibdir, dəxi getməyəcəkdir. Sən də ad çıxarda bilməyəcəksən.
Mən də bu gözlərə (gözlərindən öpür) həsrət qalmayacağam.
R z a q u l u. Nə deyirsən? Necə getməyəcəkdir? Mənə özü dedi ki, yaraq-əsbabını hazır et. İndi sən deyirsən getməyəcək? Görünür, səni aldadıbdır, çünki hər vaxt yola çıxanda sən ağlayırsan, ona görə deyibdir ki, dəxi ağlamayasan.
G ü l c a h a n. Bu günədək o fikirdə idi, fəqət bu gün fikrini dəyişibdir.
R z a q u l u. Nə üçün? Nə olubdur ki?
G ü l c a h a n (Nadiri görüb). Özü gəlir, soruş, özü deyər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Şeytan bazarda

Bilməyirəm, qeyri müsəlman məmləkətlərində varmı-yoxmu, fəqət Qafqazda müsəlman şəhərlərinin hamısında "Şeytan bazarı" namında bir uram və ya bir məhəllə olmağını bilirəm. Təəccüb burasıdır ki, Tiflis müsəlman şəhəri olmaya-olmaya müsəlmanlar olan məhəllədə də Şeytan bazarı məlum məşhur bir bazardır. Qeyri yerlərdə bu bazarlara nə üçün Şeytan bazarı deyirlər isə bilməyirəm, fəqət Tiflisdə Şeytan bazarının tarixi vardır. Qədimdən həmin Şeytan bazarı doğrudan da bir şeytan yuvası idi: adam öldürərdilər, harada? Şeytan bazarında. Cib kəsərdilər, harada? Şeytan bazarında. Filan hacının oğlu var-yoxunu qumara uduzardı, harada? Şeytan bazarında. Filan Sibirə göndərilən, sonra qaçıb gələn adamı harada tapardılar? Şeytan bazarında. Biçarə kəndçiləri (...) soyardılar, harada? Şeytan bazarında. Böylə bir tarixi olan bazara Şeytan bazarı deməyib nə deyəcəksiniz?Qədimdə, yadıma gəlir, bu bazarda bir adət də var idi: qəribə, adətdən dişqarı bir paltarda adam görsəydilər, Şeytan bazarının cavanları ona sataşardılar. Məsələn: allah eləməsin bir adam kürkünü tərsinə geyinə idi o saat görərdin bazardan keçəndə hay-huy səsi bazarı götürərdi. Hay-huy səsi cəhənnəm! Nə olacaqdır. Boğazlarını çox da yırtsınlar. Amma, allah göstərməsin, qarpız qabığından. Bir də gördün hər tərəfdən qarpız qabığı başına yağış kimi yağır. Doğrudur, bu qarpız qabığı qulağın yanında vız edib getsə, genə xoşbəxtlikdir, fəqət yaxşı nişana vuranların əllərindən (çıxan) qarpız qabığı vız etməyib lap peysərə yapışıb qalır. Bu yamandır!

4 min
Tənqid

"HİFZÜL-SƏHHƏT". DOKTOR KƏRİMBƏY SULTANOV(İdarənin təklifinə görə bu kitab tənqid olunur)

6 min
Bir kəndin sərgüzəşti

Keçənlərdə Qafqaz kəndlərindən birində bir neçə vaxt günlər keçirtdim. Bu kənd böyük, zəngin bir kənd idi. Hər kim bu kəndə təzə gəlmiş olsaydı, iki məhəllənin bir-birindən seçilməyini görərdi: məhəllənin biri dağ başında, küçələri toz, torpaq, dar, palçıq evləri bir-birinin içində; ikinci məhəlləyə gəlincə, küçələri enli, təmiz və evləri səliqə ilə tikilmişdi. Məhəllənin biri N. ikincisi isə İ. adı ilə məşhur idi.Ata-babadan bu məhəllələrə belə bir ad qoyulmuşdu.

191515 min
İdil kənarında

(Bir romanın başı)Nə gözəldir İdil çayı!

19133 min

Poems by other poets