Atabəy Məhəmmədin böyük bir ordu ilə Şimali Azərbaycana hücum etmək xəbəri hər tərəfi qorxu altına almışdı. Gürcüstan və Şirvan məmləkətləri bu hücumun pərdəsi altında iki qonşu əleyhinə siyasi məqsəd gizlənə bilər deyərək ciddi bir hazırlığa başlamışdı. Onlar öz sərhədlərinə güclü qoşun yığırdı. Bu xəbər Aranda və Şimali Azərbaycanın başqa tərəflərində təşviş və həyəcana səbəb olmuşdu.

Xüsusən aranlılar fars və ərəb qoşununun Azərbaycana gətirildiyini eşidən zaman Qızıl Arslana məktub göndərməyi və özlərinin onlara təslim olmayacaqlarını xəbər verməyi lazım bildilər.

Aranlılar tərəfindən Qızıl Arslana yazılan uzun məktubun qısa məzmunu bundan ibarət idi:

“Həşəmətli hökmdar!

Atabəy Məhəmmədin Şimali Azərbaycana böyük bir ordu gətirməsi xalqın həyəcanına səbəb olmuşdur. Şimali azərbaycanlılar ikinci kərə əlahəzrətlərə bildirir ki, hazırda hökumətə qarşı məmləkətdə heç bir üsyan yoxdur. Əlahəzrətlər məmləkətə adil və iş bilən bir hökmdar göndərərsə, məmləkətin mərkəzlə olan əlaqəsi əvvəlkindən daha artıq möhkəm olacaqdır. Böyük bir ordunu məmləkətə gətirmək, xüsusən əkin və biçin zamanı xalqın tarlalarını basdırmaq, məmləkəti böyük bir aclıq fəlakətinə sala bilər. Əlahəzrətlərin hər ikisinə məlumdur ki, Azərbaycan xalqının təbiəti bam-başqadır. Onlar heç bir zaman çətin vəziyyətin altından təslim və yalvarmaqla çıxmaq istəməzlər. Buna görə də əlahəzrətlər Azərbaycanda qan tökülməsinə razı olmasınlar”.

Qızıl Arslan bu məktubu aldığı zaman Atabəy Məhəmmədin ordusu Təbrizin səkkiz verstlik məsafəsində olan Ucan və Seyidabad şəhərlərində yerləşmişdi. Atabəy ordusunun Ucan və Seyidabad tərəflərində yerləşməsi Qızıl Arslanın paytaxtını arxadan mühasirəyə almaq nümayişi demək idi. Buna görə də Qızıl Arslan “Təbriz istidir” – deyə Azərbaycan qoşunlarını Atabəy Məhəmmədin Şimali Azərbaycana girmək istədiyi kimi yolun ətrafına yerləşdirmişdi.

Qızıl Arslanın on min nəfərdən ibarət atlı ordusu Səhənd dağının və Siyahuhun ətrafında və Mərənd ilə Xoy şəhərləri arasında yerləşmişdi. Bu qoşun Qızıl Arslanın qorxuya salacaq bir hadisə nəticəsində Atabəy Məhəmmədin Ziyaülmülk körpüsü vasitəsilə Araz çayından keçib Culfa və Naxçıvan şəhərlərini əldə etməsinə mane törədəcək idi.

On mindən ibarət başqa bir ordu da Atabəy Məhəmməd ordusunun arxasına keçmək və onun qayıdacaq yollarını kəsməkdən ötrü Dehxarqan, Ərğan və Marağa mahallarında yerləşmişdi.

Qızıl Arslanın böyük ordusu Atabəy Məhəmmədin Şimali Azərbaycanın Qarabağ ölkəsinə girə biləcəyi yolların arxasında idi. Bu yollar Araz çayının üstündəki Xudafərin körpüsünə gedəcək yollardan ibarət idi.

Qızıl Arslanın bu ordusu Kuleybər və Əhər şəhərlərində dayanmışdı. Bunlar istədiyi zaman körpünü kəsəcək və Atabəy ordusunun gedib-gəlməsinə imkan verməyəcək idi.

Qızıl Arslanın bu qədər böyük hazırlığına səbəb Atabəy Məhəmmədə inanmaması idi. Əvvələ o, Atabəy Məhəmmədin Qətibənin təsirinə düşməsindən şübhələnirdi. İkinci də, Atabəy Məhəmməd Gəncə üsyanının səbəblərini Qızıl Arslanın etinasızlığında görürdü. Atabəy Məhəmməd fürsət əldə etdiyi zaman qardaşı olduğuna baxmayaraq onu Azərbaycan hökumətindən götürər və bəlkə də onun gözlərinə mil çəkdirə bilərdi.

Qızıl Arslan hazırlığını görüb, özünü təmin etdikdən sonra dörd minlik bir atlı ordu ilə Atabəy Məhəmmədi Gavəkan şəhərində istiqbal edib Təbrizə gətirmək üçün yola düşdü.


Atabəy Məhəmməd yenə də Qızıl Arslanın Şimali Azərbaycan haqqındakı fikirləri ilə hesablaşmadı, hətta Qızıl Arslan aranlıların son məktubunu ona göstərdiyi zaman Atabəy gülərək dedi:

– Hüsaməddini min nəfər atlı ilə göndərərəm, Şimali Azərbaycanın altını üstünə çevirər. Sən ya azərbaycanlılardan qorxur və yainki məni qorxudursan. Yenə də deyirəm, sən istəsəydin, aranlılar bu cəsarəti etməzdilər. Əmir İnanc hər nə idi, biz bilirik. Lakin o mənim qayınatam idi. Həm də xəlifənin damadı idi. Üç günün içərisində Qarabağ ölkəsinə on min atlı tökə bilərdin. Görünür ki, mənim kiçik qardaşım müştərək iş yolundan boyun qaçırmaq istəyir.

Buna görə də mən Şimali Azərbaycana türk dilində danışan bir nəfər də qoşun aparmayacağam, sən də bu səfərdə iştirak etməyəcəksən. Mən rəiyyətin dikbaşını sevmərəm. Qoy şimali azərbaycanlılar öz Fəxrəddin və Əlaəddinlərinə güvənsinlər. Onların hər birisinin qabağına minlərcə Fəxrəddin və Əlaəddinlər qoyacağam. İki gündən sonra Araz çayının Şimal tərəfini odlar, tüstülər, dumanlar və at dırnaqlarının altında qoyacağam.

Qızıl Arslan etiraz edərək dedi:

– Bu yaramaz, əlahəzrət. Azərbaycan xalqını qarət etmək, yandırıb və öldürmək üçün fars və ərəbləri yığıb gətirmək sənin ədalətinə yaraşmaz. Bunlar hər cəhətcə bizimdir. Biz bunlara arxalanıb hökmdarlıq edə bilərik. Mən şimali azərbaycanlıları müdafiə etmirəm. Lakin üsyan edən hər bir məmləkətə əvvəlcə üsyançıların verilməsi, zərərlərin ödənməsi və başqa-başqa tələblər vermək lazımdır. Hərgah onlar bu tələbləri rədd edərlərsə, Atabəy ordu və qoşun qüvvətilə iş görməyə haqlıdır. Lakin mən heç bir zaman gələcəkdə idarə edəcəyim məmləkətin qarət edilməsinə imkan verə bilmərəm.

Qızıl Arslan son təklifi Atabəyə qəbul etdirə bildi. O, bu təklifin şimali azərbaycanlılar tərəfindən qəbul edilməyəcəyini, üsyançıların verilməyəcəyini yəqin edirdi. Lakin onun bu təşəbbüsü şimali azərbaycanlılara vaxt qazandırmaq üçün idi.

Atabəy Məhəmməd mirzəsini çağırıb bu məzmunda bir məktub yazdırdı:

“Azərbaycanlılar!

Xanədanımızın nemət və mərhəmətini hökmdarlığımızın rəiyyətpərvərliyini nəzərə almayaraq əleyhimizə üsyan edənləri cəzalandırmaq üçün gələn ordum, hər iki tərəfdən Araz çayına yaxınlaşıbdır. Bunun üçün sizə aşağıdakı tələbləri verirəm:

Birincisi – Üsyan başçılarını göndərilən siyahı üzrə həbsə alıb hüzuruma göndərəsiniz.

İkincisi – Dağılan malları bir dinarına qədər bir yerə yığıb göndərməlisiniz.

Üçüncüsü – Üsyan zamanında ölənlərin qan bahalarını verməlisiniz.

Dördüncüsü – Əmirin sarayından aparılan sərvəti qaytarmalısınız.

Beşincisi – Gətirdiyim ordunun bütün məsarifini ödəməlisiniz.

Bu şərtlər qəbul edilmədiyi təqdirdə ordum Şimali Azərbaycanın daşını daş üstündə qoymayacaqdır. Bu şərtlərin qəbul edilməsi üçün sizə on gün möhlət verirəm”.

Atabəy Məhəmmədin aranlılara verdiyi tələblərə müsbət cavab verilmədi. Məktubu aparan qasid cavabını gətirmişdi. Cavabda belə yazılırdı:

“Əvvəla, üsyan başçılarını vermək mümkün deyildir. O zaman bütün Şimali Azərbaycan xalqını həbsə alıb Atabəyin hüzuruna göndərmək lazımdır.

İkincisi – Əmirin sarayından aparılan mallar Əmirin özünə məxsus deyildi, xalqdan qamçı gücü ilə alınan mallar idi.

Üçüncüsü – Üsyanda ölənlərin qan bahasını üsyana səbəb olanlar verməlidir.

Dördüncüsü – Əmirin sarayından aparılan və hökumətə məxsus olan sərvətə əl vurulmamışdır, onu hər zaman Atabəyin hüzuruna təqdim edə bilərik.

Beşincisi – Gətirdiyiniz ordunun məsarifini sizin ölən qayınatanız Əmirin malikanələrini satıb ödəməlisiniz. Çünki gətirdiyiniz ordunu onun intiqamını almaq üçün gətirirsiniz. Bundan başqa cavab ola bilməz. Atabəy həzrətləri nə məqsədlə Şimali Azərbaycana gəlirsə, biz də haman məqsədlə əlahəzrəti qarşılamağa hazırıq”.

Atabəy Məhəmməd Şimali Azərbaycan xalqı tərəfindən göndərilən bu cavabı oxuduğu zaman başının tükləri qabardı. O, artıq şimali azərbaycanlıların qılınc və qüvvətə təslim olmaq istəmədiyini təyin etdi. O, tez-tez Qızıl Arslanın üzünə baxaraq:

“Atabəy həzrətləri nə məqsədlə Şimali Azərbaycana gəlirsə, biz də haman məqsədlə əlahəzrəti qarşılamağa hazırıq” – deyirdi.

Məktubu alan günün axşamı Atabəy Məhəmməd, Hüsaməddin və İbn-İddari yanına çağırıb əmr verdi:

– Sabahdan başlayaraq ordunun hərəkəti üçün hazırlıq aparmalısınız. Ən əvvəl dörd min nəfər atlı ilə Hüsaməddin Xudafərin körpüsünü keçib bir an dayanmadan Qarabağa hücum etməlidir.

İbn-İddar on min nəfərdən ibarət atlı qoşun ilə Sofiyan və Mərənd şəhərlərindən keçib Ziyaülmülk körpüsü vasitəsilə Naxçıvan və Culfa şəhərlərini işğal etməlidir. Silahla müqavimət göstərənləri qırıb ailələrini İrana köçürməlisiniz. Onların yerlərinə başqa yerin xalqını köçürəcəyəm.

Düz və çörəyə etina etməməlisiniz, təslim yalnız qılınclar və oxlar vasitəsilə olmalıdır. Evlər, tarlalar və xırmanlar yandırılmalıdır. Yanan kəndlərin və tüstüləyən binaların içərisindən keçib Gəncəyə girməlisiniz. Üsyanda iştirak etməyən şəhərlərə və kəndlərə toxunmamlısınız.

Təslim etdiyiniz yerlərdə hakimlər təyin edəndən sonra irəli hərəkət edərsiniz.

Atabəy hər nə ki, lazım idi tapşırdı. Bu tapşırıq üzərinə ordu iki tərəfdən Araz çayını keçmək üçün hərəkət etdi. Qarabağ və Gəncə üzərinə hücum edən ordu Xudafərin körpüsünü keçəndən sonra bir an belə dayanmayaraq Aranın birinci şəhəri olan Bacərəvan şəhərinə doğru at sürürdü. Ordu yorulmuşdu. Aranda şiddətli quraqlıq keçdiyi üçün hər yanda susuzluq idi. Düzlər, dərələr yanırdı. Muğandan əsən isti və isitməli ruzigar Atabəyin qələbə və intiqam ümidləri ilə yürüyən ordusunu istiqbal edirdi. Bunsuz da Hüsaməddinin ordusu süni cəhənnəmlər yaradırdı. Araz kənarından başlayaraq Bacərəvan şəhərinə qədər ev-eşiyini, tarlasını, əkinini buraxıb çəkilən kəndlər, xırmanlar, əkinlər, evlər yandırılırdı.

Hüsaməddinin atlıları Araz kənarından Bacərəvan şəhərinə qədər odlar, tüstülər, tozlar və dumanlar içərisi ilə irəliləyirdi.

Ordu yorulmuşdu. Bacərəvan altında qoşuna bir neçə gün rahatlıq verməklə birbaşa Arana girmək üçün Hüsaməddin orduya əmr vermişdi.

Ordunun çadırları kiçik çayın kənarında qurulmuşdu. Yüzlərcə qoç və qoyun boğazlayıb qoşuna ziyafət verilirdi. Hüsaməddin öz çadırında oturub iki gündən sonra böyük bir qələbə ilə Gəncəyə girəcəyini düşünürdü. Onun arzuları yenə də içmək üçün əlinə aldığı piyaləsində təcəssüm edirdi. Piyaləsində o, Fəxrəddinlə vuruşurdu. O, kəməndini atıb onu atından düşürür, onun qollarını bağlayıb Qətibənin hüzuruna gətirir və nəticədə bu qələbənin mükafatı olaraq Qətibə qollarını açıb Hüsaməddini qucaqlayır, Hüsaməddin dodaqlarını uzadıb Qətibənin yaxut kimi dodaqlarını dişləmək istərkən sərxoş sərkərdənin dişləri şüşə piyaləni qırır və dodaqlarından qan tökülür.

Hüsaməddinin ordusu iki gün istirahət etdi. Farslar, ərəblər və iraqlılar səbirsizliklə hücumu gözləyirdi. Onlar zəngin şəhərlərin və Gəncənin üstünə getməyə tələsirdilər. Onların qənimət daşımaq üçün yedəklərində gətirdikləri atlar və çuvallar boş-boşuna dururdu. Çünki köçüb gedən kəndlərdə əllərinə qənimət adına heç bir şey keçməmişdi.

Ordu başçıları bunun üçün də qoşunun adından Hüsaməddinə sifariş göndərib hücum əmri verilməsini rica etdilər. Sərkərdə razı oldu. Ordu bir gün sonra hərəkət edəcəkdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Böyük quruluşda

(Səkkiz pərdəli dram əsəri)*Əsərdə iştirak edənlər

1 min
Birinci pərdə

Səhnə. Kaspi dənizinin kənarıdır. Ay çıxır, pərdə açılmadan uzaqdan avtomobil motorunun səsi eşidilir. Pərdə qalxarkən bir maşın görünür.*Şofer** — *(Kabinədən düşərək qapını açır)* Möhtərəm vətəndaşlar, təəssüf edirəm ki, sizi burada buraxmalı olacağam. Zəhmət çəkib maşından düşün.

7 min
İkinci pərdə

Qoca mühəndis Mirzə Əhmədin mənzilidir. Onun qızı mühəndis Dilbər əlində portfel gəlir, üst libaslarını çıxarıb şkafdan asır, pəncərənin qarşısına gəlib dışarı baxır.*Dilbər** — İntizar çəkənlər xəyalpərəst olurmuş, çox doğru və yerində deyiblər. Dünən axşamdan bəri xəyalımdan nələr gəlib keçmədi? Bilmirəm onun başında nə hadisə var. *(Fikrə gedir)* Ah, heç bilmirəm nə üçün onun gəlməsilə maraqlanıram?! Kim bilir bəlkə də o öz Firəngizi ilə bərabər gəlir. *(Portfelindən telegram çıxarıb baxır).* Şübhəsiz ki, o tək gəlmir, telegramda yazır ki, «gəlirik» *(Başını tutub otağı dolaşır).* Ah, nə qədər acı təsəvvürlər. Altı ildir bu təsəvvürlər bir ilan kimi mənim qəlbimə sarılmış. *(Pəncərənin qarşısına gedir və öz-özünə danışır):* Yox, bu yaramaz, mən qısqanırmışam. Qoy onlar xoşbəxt yaşasınlar.

15 min
Üçüncü pərdə

Səhnə mühəndislərin ümumi iş salonudur. Divarlarda xəritələr və planlar vurulmuşdur. Kürsülər və stollar qoyulmuşdur.*Mirzə Teymur** — *(Mirzə Əhməd ilə bərabər gəlir)* Dünyanı yığıb töküblər bura, elə bilirlər ki, işi görən adamın çoxluğudur. Bilmirəm kimə arxalanıb işə başlamaq istəyirlər? Belə bir zavodu tikmək üçün yüzlərcə başını işdə ağartmış mütəxəssislər lazımdır.

10 min

Poems by other poets