İran parlamanına nümayəndə intixab eləmək bir ildir, fəqət yenə tamam olmamışdır. (İran qəzetlərindən)

Bir il oldu bitmədi hala ki, İran seçkisi,
Bir ticarət şəklin almışdır parlaman seçkisi.

Eyləmiş hər yer təmamən öz zükurun namizəd
Mollalar cənnətdəki qilmanü hurin namizəd
Etmiş ə’yanlar bütün əhli-quburun namizəd
Müctəhidlər intixabatı müsəlman seçkisi
Qeydkeşlər məclisi-millisi, iman seçkisi.

Seçmək olmur onca milyon xalqdan üç yüz nəfər
Hər kəs istər məclisi-millidə olsun müxtəsər
Öz səsin altı qran dinarə satsa rəncbər
Bəlkə tezlikdə yetə əncamə bəy, xan seçkisi
Bir neçə ildən sonra bitsin parlaman seçkisi.

Himmət etmişdir təmamən məmləkət ə’yanları
İntixab etmişlə molla, mülkədar, bəy, xanları
Hər biri bir səmtə bağlı məmləkət dehqanları
Yaxşı bir yarmarka olmuşdur, o saman seçkisi
Aləti-kəsbi-məişətdir parlaman seçkisi.

Bir ticarətkah olubdur məmləkət başdan-başa
Kimdə vicdan varsa satmış bir piyalə bozbaşa
Pul alır millət, satır öz varlığın bir tək daşa
İştə İranda budur ərbabi-vicdan seçkisi
Bir ticarət şəklin almışdır parlaman seçkisi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire